Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6662/2025 15.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: pensiyadan aparılan tutulmalarının dayandırılması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyadan aparılan tutulmalarının dayandırılması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 25 iyun 2025-ci il tarixli, 3-17-1/2-B-150641/2025 nömrəli İddiaçı göndərilmiş “Müraciətin cavablandırılması haqqında” məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1.1-ci maddəsinin 12 fevral 2024-cü il tarixdə qüvvədə olmuş tələblərinə əsasən həmin tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmiş və hazırda ödənişi 326,60 manat məbləğində olmaqla davam etdirilir. 1 mart 2023-cü il tarixli xidməti araşdırma zamanı əlilliyə görə əmək pensiyası hüququ olmadığı halda əlilliyə görə əmək pensiyasının təyin olunaraq ödənilməsi müəyyən edilmişdir. Belə ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən 31 may 2017-ci il tarixdə müəyyən edilmiş əlilliyi 17 dekabr 2019-cu il tarixdə etibarsız edilmişdir. Bu səbəbdən 31 iyun 2017-ci il tarixdən 29 fevral 2020-ci il tarixədək əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Müraciətilə əlaqədar olaraq bildirilmişdir ki, əlilliyin etibarsız edilməsi ilə bağlı müəyyən edilmiş artıqödəmə məbləğlərinə Qanunun 39.1-ci maddəsinin tətbiq edilməsi nəzərdə tutulmamışdır.
2. İddiaçı məxsus H3 seriyalı, ******* nömrəli “Hərbi bilet”in surəti.
3. 20 iyun 2017-ci il tarixli İddiaçı məxsus ИТ-İ seriyalı, ******* “Əmək kitabçası”nın surəti.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 24 iyul 2025-ci il tarixli, 3-17-1/2-173197/2025 nömrəli qərarından görünür ki, Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinin X2 (Sumqayıt şəhəri üzrə) audit yoxlaması nəticəsində İddiaçı əlilliyi etibarsız olunduğu üçün ona əlilliyə görə 31 may 2017-ci il tarixdən 29 fevral 2020-ci il tarixədək ödənilmiş pensiya məbləği əsassız ödənilmiş vəsait hesab edilmiş və 7.095,79 manat artıq ödəmə müəyyən olunmuşdur. Qeyd olunmuş artıq ödəmə məbləğindən 1 mart 2024-cü il tarixdən 31 iyul 2025-ci il tarixədək 678,10 manat tutulmuşdur. Qalıq 6.417,69 məbləğin tutulması 31 avqust 2044-cü il tarixədək davam etdiriləcəkdir. Qoşma şəklində aşağıdakı sənədlərin surəti göndərilmişdir: - 12 may 2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə İddiaçı “Müraciət vərəqəsi”. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” 19 iyun 2025-ci il tarixli, 3-17-1/1-B-132665/2025 nömrəli qərardan görünür ki, 1 mart 2023-cü il tarixli, 3- 17/3-2-498/2023 saylı “Xidməti Məruzə”yə əsasən Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinin X2 (Sumqayıt şəhəri üzrə) audit yoxlaması nəticəsində vətəndaşın əlilliyi etibarsız olunduğu üçün 7.095,79 manat artıq vermə müəyyən edilmişdir. Qanunun 39-cu maddəsinə edilən dəyişikliklərlə bağlı daxil olmuş Xidməti Məruzənin 4-cü bəndinə əsasən pensiya ödənişlərində əlilliyin etibarsız edilməsi ilə bağlı müəyyən olunan artıqödəmələr müvafiq pensiya ödənişinin dayandırılması ilə bağlı qərarın tarixindən 3 il geriyə olmaqla hesablanır. Əlilliyin etibarsız edilmə tarixi 17 dekabr 2019-cu ildir. Qeyd olunanlara əsasən artıq vermə məbləği dəyişmir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” 19 may 2025-ci il tarixli, 3-17-1/1-B-107221/2025 nömrəli qərarından görünür ki, İddiaçı 12 fevral 2024-cü il tarixdə təyin edilmiş hazırkı pensiya məbləği 320 manat, yenidən hesablanmış əmək pensiyasının məbləği 326,60 manat olaraq göstərilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat”dan görünür ki, İddiaçı 31 may 2017-ci il tarixdən 31 may 2022-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. - 19 iyun 2025-ci il tarixli, xxxxxxx0002 nömrəli “Əlilliyi qiymətləndirilən şəxs barədə məlumat”dan görünür ki, İddiaçı 31 may 2017-ci il tarixdə təyin edilmiş İİ qrup əlillik etibarsız hesab edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına göndərilmiş İddiaçı 11 mart 2024-cü il tarixli ərizəsindən görünür ki, maddi vəziyyəti nəzərə alınmaqla, tutulmanın 10% faizlə aparılmasını xahiş etmişdir. - Azərbaycan Respublikası Dövlət Müdafiə Fondunun İddiaçı dair 153482 nömrəli “Pensiyaçının uçot vərəqi”.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
5. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab edərək iddiaçıya yaşa görə təyin edilmiş pensiyasından 2024-cü ilin fevral ayından aparılan tutulmaların geri qaytarılması və bu tutulmaların dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2017-ci ildə 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmiş və həmin vaxt iddiaçıya 199 manat pensiya təyin edilmişdir. Lakin 2020-ci ildə təyin edilmiş pensiya dayandırılmış və 65 yaşı tamam olanda, yəni 2024-cü ildə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmiş və iddiaçı hazırda 326 manat pensiya alır. Lakin iddiaçının pensiyasından ilk olaraq 2024-cü ilin fevral-mart aylarında hər ay üçün pensiyasının 50 faizi tutulmuş və iddiaçı bundan sonra cavabdehə müraciət etmiş və orada bir kağıza imza atdırmaqla bildirdilər ki, tutmalar dayandırılacaqdır. Lakin yenə də pensiyasından tutmalar hər ay 28 manat olmaqla davam edir. İddiaçı bundan sonra yenidən müraciət edərək bunun səbəbini soruşmuş və ona verilmiş 5 iyun 2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, həmin tutulmalar iddiaçıya vaxtı ilə 2017-2020-ci illərdə verilmiş əlillik pensiyası ilə bağlıdır və bu səbəbdən də iddiamı pensiyanı az alır. Cavabdehin bu hərəkətləri tamamilə qanunsuzdur. Belə ki, həmin pensiya məbləği iddiaçıya 2-ci dərəcəli əlilliklə bağlı təyin edilmiş və 2020-ci ildə dayandırılmış, lakin iddiaçı pensiyaya çıxandan sonra cavabdeh orqan həmin dövrdə tutulan ödənilən pensiyanın son 3 il üzrə məbləğini aylara bölməklə iddiaçıdan tutması qanunsuzdur, çünki 4 il ərzində bu məbləğ tələb olunmamışdır.
7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 38, 71, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 9.8, 13, 37, 39.1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13, 14, 64, prosessual hüquqi əsası kimi isə İPM-in 2, 14, 35-ci maddələrinə istinad olunmuşdur.
8. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” 19 iyun 2025-ci il tarixli, 3-17-1/1-B-132665/2025 nömrəli qərarının ləğv edilməsi, tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 2 sentyabr 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.
9. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
10. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
11. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir.
12. Etiraz onunla əsaslandırılmışdır ki, 1 mart 2023-cü il tarixli xidməti araşdırma zamanı iddiaçının əlilliyə görə əmək pensiyası hüququnun olmadığı halda, ona əlilliyə görə əmək pensiyasının təyin olunaraq ödənilməsi müəyyən edilmişdir. Belə ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən 31 may 2017-ci il tarixdə müəyyən edilmiş əlilliyi 17 dekabr 2019-cu il tarixdə etibarsız hesab edilmişdir. Bu səbəbdən 31 may 2017-ci il tarixdən 29 fevral 2020-ci il tarixədək iddiaçıya əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Məlumat üçün bildirilmişdir ki, ərizəçinin əmək pensiyasından onun 11 mart 2024-cü il tarixli razılıq ərizəsinə əsasən tutulma aparılır.
13. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 7, 22-1.1, 21-1.4, 39.1, prosessual hüquqi əsası kimi İPM-in 47-ci maddələrinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
14. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
16. İrəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
17. İstər məhkəmənin sərəncamına münasibətdə təqdim olunmuş etirazda, istərsə də məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsinin izahatında iddia tələbinin məzmunu və mümkünlük şərtləri mübahisələndirilməmişdir. Bundan əlavə, İPM-in 13-cü maddəsinin tələbinə əsasən, tərəflərin iştirakı ilə iddia tələbinin məzmunu müzakirə edilmiş, tələbin hazırkı formada tərtib edilməsi məqsədəuyğun hesab edilmişdir.
18. Maddə “ne ultra petita” prinsipini nəzərdə tutur və inzibati prosesdə dispozitivlik prinsipinin qüvvədə olduğunu bir daha vurğulayır. Bu norma ilə məhkəməyə münasibətdə müəyyən edilir ki, o, prosesi iddia tələbi əsasında qursun və iddia tələbindən kənara çıxmadan mübahisənin həll edilməsini həyata keçirsin. İnzibati prosesdə məhkəmə bir tərəfdən işin hallarının araşdırılması (12-ci maddə) prinsipini, digər tərəfdən isə dispozitivlik prinsipini rəhbər tutmalıdır. Məhz iddia tələbinə bağlılıq məhkəmə üçün işin hallarının araşdırılması prinsipinin sərhədlərini müəyyən edir. İddia tələbinin həcmini isə iddiaçı müəyyən edir və iddia ərizəsində onu dəqiq, aydın ifadə edir. Ona görə də inzibati prosesdə “reformatio in peius” (lat. Reformation - dəyişiklik, peius-daha pis) yolverilməzdir. (Kərimov S., Vəliyeva G. Azərbaycan Respubliaksının İnzibati Prosessual Məcəlləsinin Kommentariyası. BAkı-2009)
19. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
21. Həmçinin, İPM-in 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.
22. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir.
Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)
24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-) 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinəke çiddir; (-)
Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. (-)
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-) 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; (-) 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt; 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt.
Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. (-) 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. (-)
Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (-)
Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 28.5. Bu Qanunun 28.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu Qanunun Vİİ fəslində müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu fəsildə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.
Maddə 35. İnzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. (-)
Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur.
Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
26. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
27. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.
28. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
29. Belə ki, iddia tələbinin əsasına görə, hazırda tutulan pensiya məbləği iddiaçıya 2-ci dərəcəli əlilliklə bağlı təyin edilmiş və 2020-ci ildə dayandırılmışdır. İddiaçı pensiyaya çıxandan, yəni 4 ildən sonra, həmin məbləğin qeyd edilən müddət dövrü üçün ondan tələb olunmadığı halda, cavabdeh orqanın həmin dövrdə ödənilən pensiyanın son 3 il üzrə məbləğini aylara bölməklə iddiaçıdan tutulması qanunsuzdur.
30. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçının 31 may 2017-ci il tarixdə müəyyən edilmiş əlilliyi 17 dekabr 2019-cu il tarixdə etibarsız hesab edilmişdir. Bu səbəbdən 31 may 2017-ci il tarixdən 29 fevral 2020-ci il tarixədək iddiaçıya əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir.
31. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçıya Tibbi-Sosial Ekspert Komissiyasının 31 may 2017-ci il tarixli qərarı ilə 31 may 2022-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmiş, 17 dekabr 2019-cu il tarixdə qəbul edilmiş qərar etibarsız hesab edilmişdir.
32. Cavabdeh orqan tərəfindən 19 iyun 2025-ci il tarixli, 3-17-1/1-B-132665/2025 nömrəli qərarı qəbul edilmiş, iddiaçının əlilliyi etibarsız olunduğu üçün 7.095,79 manat artıq vermə müəyyən edildiyindən, 31 may 2017-ci il tarixdən 29 fevral 2020-ci il tarixədək ödənilmiş pensiya məbləğinin 1 mart 2024-cü il tarixdən tutulması başlanılmış, məbləğin tutulmasının 31 avqust 2044-cü il tarixədək davam etdirilməsi nəzərdə tutulmuşdur.
33. Cavabdeh orqan hazırkı tutulmalarının aparılmasını qanunvericiliyin “əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulması” müddəası ilə əsaslandırır.
34. Lakin məhkəmə qeyd edilən müddəanın mahiyyətini nəzərə alaraq bildirir ki, iddiaçının son üç il üçün əlilliyə görə pensiyasının mövcud olmadığı təqdirdə, 31 may 2017-ci il - 29 fevral 2020-ci il müddət üçün tutulmalarının aparılması qanunamüvafiq deyil.
35. Göründüyü kimi, cavabdeh orqan tutulmaların aparılmasına dair hazırkı mübahisələndirilən qərarı verərək, qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir.
36. Cavabdeh orqanın istinad etdiyi tutulmaların aparılmasına dair iddiaçının razılığının mövcud olması ilə əlaqədar məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən iddiaçının “razı olduğu” deyil, pensiyasından artıq aparılan tutulmaların faizinin azalması ilə əlaqədar müraciətinin mövcud olduğu müəyyən edilmişdir.
37. Bundan əlavə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
38. Odur ki, iddiaçının tutulmalarının aparılmasına dair razılığı olub-olmamasından asılı olmayaraq, cavabdeh tərəfindən qəbul edilən akt ləğv edilməlidir.
39. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazını yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir.
NƏTİCƏVİ HİSSƏ
40. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” 19 may 2025-ci il tarixli, 3-17-1/1-B-107221/2025 nömrəli qərarı ləğv edilsin və tutulmuş pensiya məbləğinin geri qaytarılması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova