Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-667/2024 24.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı və vəkili X2, Üçüncü şəxs X6 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən X9 və X1 adına hazırlanmış JN-163 KOD 30124028 nömrəli dövlət aktının ləğv edilməsi və Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə ona və ailə üzvlərinə ayrılmış 1.27 ha torpaq sahəsinin 0.93 ha hissəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə Xaçmaz Rayonu Aqrar İslahatı Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə verilmiş və ailə üzvlərinin adına olan JN-0093 KOD 30214028 olan torpağa mülkiyvət hüququna dair Dövlət Aktında göstərilmiş ölçüdə, yəni 1.27 ha ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, bu barədə adına dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması vəzifəsinin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən X9 və X1 adına hazırlanmış JN-163 KOD 30124028 nömrəli dövlət aktının ləğv edilməsi və Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə ona və ailə üzvlərinə ayrılmış 1.27 ha torpaq sahəsinin 0.93 ha hissəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın və planölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-667/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X9 üçüncü şəxs qismində zəruri qaydada məhkəmə icraatına cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayonu Aqrar İslahatı Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə iddiaçı və dörd nəfərdən ibarət ailəsinə Xaçmaz rayonu, Mollaburhan kəndi ərazisində 1.27 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsi üzərində ailə üzvlərinin mülkiyyət hüququ JN-0093 KOD 30214028 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Torpaq sahəsinin planı (cizgisi) adlanan hissəsindən görünür ki, torpaq sahəsi 0.93 ha və 0.34 ha planşetlərdən ibarətdir. Hazırda kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mülkiyyətçilərinə dövlət tərəfindən ödənilən subsidiyaların verilməsi üçün həmin torpaq sahələrinə dair dövlət reyestrindən çıxarışın olması tələb olunur. Bu səbəbdən də ailəsinin mülkiyyətində olan 1.27 ha torpaq sahəsinə dair Dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq 02 may 2023-cü il tarixli, 3-21-3-34/2-M-0290- B/2023 nömrəli məktubda göstərilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdikləri JN-0093 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktf’nın 0093 nömrəli planşetində göstərilən 0.93 ha torpaq sahəsinin cizgisi torpaqların elektron kadastr uçotu informasiya sistemində naturada faktiki istifadə olunan torpaq sahəsinə uyğun deyil fərqlidir. Bundan əlavə, JN-0093 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı-nın 0093 nömrəli planşetində göstərilən 0.93 ha torpaq sahəsi elektron kadastr uçotu informasiya sistemində azalaraq 0.64 ha ölçüdə öz əksini tapmışdır. Hesab edir ki, cavabdehin imtina səbələri əsassızdır və iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İşlə bağlı təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili X3 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən X9 və X1 adına hazırlanmış JN- 163 KOD 30124028 nömrəli dövlət aktının ləğv edilməsinə etirazının olmadığını bildirərək, qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Xaçmaz rayonu, Mollaburhan kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2023-cü il tarixli 3-21-3-24/2-M-0290-B/2023 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz, JN-0093 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair “Dövlət Aktı”nın 0093 nömrəli planşetində göstərilən 0.93 ha torpaq sahəsinin cizgisi torpaqların elektron kadastr uçotu informasiya sistemində naturada faktiki istifadə olunan torpaq sahəsinə uyğun deyil fərqlidir. Bundan əlavə, JN-0093 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair “Dövlət Aktı”nın 0093 nömrəli planşetində göstərilən 0.93 ha torpaq sahəsi elektron kadastr uçotu informasiya sistemində azalaraq 0.64 ha ölçüdə öz əksini tapmışdır. Bu, səbəbdən də, müraciət etdiyiniz torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün və dövlət reyestrindən çıxarışın hazırlanması mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Bununla bağlı sizə xx.xx.2022-ci il tarixdə **********74 nömrəli məktubla münasibət bildirilmişdir”. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmiş, məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 16 saylı, 17 dekabr 1997-ci il tarixli qərarı və ona əlavə edilmiş adlı siyahı; JN-0093, KOD 30214028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”; JN-163, KOD 30214028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”; ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarış; 28 yanvar 2023-cü il tarixli və 18 mart 2023-cü il tarixli aktlar; mübahisəli torpaq sahəsinə baxış keçirilməsinə dair müayinə aktı; 8İ-14744 ryestr nömrəli, xx.xx.2023-cü il tarixli ərizə; cavabdehin 02 may 2023-cü il və 14 mart 2024-cü il tarixli tarixli imtina məktubları və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 02 may 2023-cü il və 14 mart 2024-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Quba rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 16 saylı, 17 dekabr 1997-ci il tarixli qərarı ilə Xaçmaz rayonu, Mollaburhan kəndində yerləşən 1.27 ha torpaq sahəsinin İddiaçı və ailə üzvlərinin mülkiyyətinə ayrılması qərara alınmışdır və həmin vaxtdan qeyd olunan torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyində olmuşdur. Buna dair iddiaçının və ailə üzvlərinin adına JN- 0093, KOD 30214028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan və yuxarıda sadalanan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 16 saylı, 17 dekabr 1997-ci il tarixli qərarı, o cümlədən JN-0093, KOD 30214028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə də təsdiq edilir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmçinin torpaq sahəsinin koordinatlarının üst-üstə düşdüyü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən X9 və X1 adına hazırlanmış JN- 163 KOD 30124028 nömrəli dövlət aktının ləğv edilməsi ilə bağlə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan imtinasının əsası kimi elektron kadastr uçotu informasiya sistemində naturada faktiki istifadə olunan torpaq sahəsinə uyğun olmamasını, JN-0093, KOD 30214028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın planşetində göstərilən 0.93 ha torpaq sahəsinin elektron kadastr uçotu informasiya sistemində azalaraq 0.64 ha ölçüdə öz əksini tapmasını göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız və formal olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.1, 1.2 və 1.3-cü bəndlərinə əsasən yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri və şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxildir. Məhkəmə cavabdeh orqanın qeyd edilən dəlilinin araşdırılması üçün Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 16 saylı, 17 dekabr 1997-ci il tarixli qərarının və adlı siyahının (tam adlı siyahının), iddiaçıya ayrılmış torpaq sahəsinə dair digər əlaqəli sənədlərin məhkəməyə təqdim edilməsi üçün aidiyyatı üzrə sorğular ünvanlanmış, yuxarıda qeyd olunan hüquqmüəyyənedici sənədlər sorğu əsasında əldə edilmişdir. Göründüyü kimi iddiaçıya torpaq sahəsinin ayrılmasına dair arxiv sənədləri mövcud olduğu təqdirdə, cavabdeh tərəfindən formal olaraq mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bundan əlavə məhkəmə cavabdeh orqanın dəlilini hərtərəfli araşdırmaq üçün mübahisəli torpaq sahəsinə baxış keçirilməsinə dair müayinə aktının məhkəməyə təqdim edilməsi üçün aidiyyatı üzrə sorğu ünvanlamışdır. Məhkəməyə sorğu əsasında daxil olmuş, cavabdeh orqanın mütəxəssisi tərəfindən tərtib edilmiş müayinə aktında qeyd edilmişdir ki, JN-0093, KOD 30214028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən Xaçmaz rayonu Mollaburhan kənd sakini olan İddiaçı mülkiyyətinə verilmiş Xaçmaz rayonu Mollaburhan kəndi ərazisində yerləşən 1.27 ha torpaq sahəsinə baxış keçirilmişdir, baxış zamanı məlum olmuşdur ki, JN-0093, KOD 30214028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən Xaçmaz rayonu Mollaburhan kənd sakini olan İddiaçı mülkiyyətinə verilmiş Xaçmaz rayonu Mollaburhan kəndi ərazisində yerləşən 1.27 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır, əkinə yararlıdır və tam olaraq 1.27 ha torpaq sahəsi istifadəsindədir, 1.27 ha torpaq sahəsi iki hissədən (planşetdən) ibarətdir, JN-93C nömrəli planşetdə 0.37 ha olan hissəsinə **********34 reyestr nömrəli çıxarış verilmişdir; bundan əlavə, JN-0093 nömrəli KOD 30214028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın JN-93 nömrəli planşetdə göstərilən 0.93 ha torpaq sahəsi elektron kadastr uçot informasiya sistemində azalaraq 0.64 ha ölçüdə öz əksini tapmışdır. Lakin Xaçmaz rayonu Mollaburhan kəndində yerləşən İddiaçı məxsus JN-0093 nömrəli KOD 30214028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın JN-93 nömrəli planşetdə göstərilən 0.93 ha torpaq sahəsi faktiki naturada dövlət aktında olan cizgilərinə uyğun istifadə olunur. İnzibati iş materiallarında olan 8İ-14744 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, mübahisə predmeti olan torpaq sahəsinin üst-üstə düşdüyü torpaq sahəsinin - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən X9 və X1 adına hazırlanmış JN-163 KOD 30124028 nömrəli dövlət aktının mülkiyyətçiləri həmin dövlət aktının ləğv edilməsinə etiraz etmirlər. Əlavə olaraq məhkəmə bildirir ki, araşdırma nəticəsində X9 və X1 adına hazırlanmış JN-163 KOD 30124028 nömrəli dövlət aktının verilməsinə əsas olan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarına əlavə edilmiş sənədlərdə X8 torpaq sahəsi ayrılması müəyyən edilmir. Belə ki, sorğu əsasında məhkəməyə təqdim edilmiş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarına əlavə edilmiş sənədlər yalnız “Ellada” kəndli-fermer təsərrüfatının üzvlərinin siyahısı və məlumatdan ibarətdir ki, həmin məlumatda da X9 təsisçi kimi qeyd edilmiş və adının üzərindən xətt çəkilmişdir. Bundan əlavə məhkəmə araşdıması zamanı müəyyən edilmişdir ki, JN-0093, KOD 30214028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin – yəni hazırki mübahisə predmeti olan torpaq sahəsinin digər hissəsi olan 0.34 ha torpaq sahəsi üzərinə iddiaçının və ailə üzvlərinin mülkiyyət hüququ ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışla rəsmiləşdirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. İnzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1- 24.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən X9 və X1 adına hazırlanmış JN-163 KOD 30124028 nömrəli dövlət aktı ləğv edilməli, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinə ayrılmış 1.27 ha torpaq sahəsinin 0.93 ha hissəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, adına çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən X9 və X1 adına hazırlanmış JN-163 KOD 30124028 nömrəli dövlət aktı ləğv edilsin. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinə ayrılmış 1.27 ha torpaq sahəsinin 0.93 ha hissəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, adına çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva