Məhkəmə qərarları › İş №2-1(118)-668/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-668/2021

09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-668/2021 09.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Aytəkin Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (“Ədalət” Vəkil Bürosunda vəkil işləyən, Bakı şəhəri, Yeni Yasamal 2, ev 6, mənzil 58-də yaşayan), İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı cavabdehin 31.05.2020-ci il tarixli 07/04-7 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh bələdiyyənin 31.05.2020-ci il tarixli 07/04-7 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək izah etdi ki, Abşeron rayon Xırdalan Bələdiyyəsinin 31.05.2020-ci il tarixli 07 protokolunun 04 saylı qərarına əsasən İddiaçı Bakı-Şamaxı şosesi MD-23 yerləşən 1.99058 ha torpaq və 0.3870,50 kv m əmlak sahəsinə görə 2012-ci il tarixdən başlayaraq 10450,35 manat əmlak, 21464,37 manat torpaq, 10354,55 manat faiz, ümumilikdə 42269,27 manat borcun tutulmasına dair qərar qəbul edilmişdir. Həmin qərarın icra olunması məqsədilə qərar Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Mübhisələndirilən qərar iddiaçıya rəsmi qaydada təqdim olunmamışdır. İddiaçı Abşeron rayon Məhkəməsində Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatı əsasına borclunun əmlakı üzərinə həbsin qoyulması ilə bağlı göndərdiyi təqdimata baxarkən məhkəmə tərəfindən məlumatlandırılmışdır. Sözügedən əmlak kompleksini İddiaçı 30.10.2007-ci il tarixdə Abşeron rayonu 1 saylı Dövlət notariat kontorunda (AN-İ ******* saylı müqavilə) alqı-satqı müqaviləsi əsasında Qasımov Şahin adlı şəxsə satmışdır. Cavabdeh Xırdalan bələdiyyəsi 31.05.2020-ci il tarixli 07/04-7 saylı qərarı qəbul etməklə iddiaçının hüquqlarını kobud surətdə pozmuşdur. Belə ki, qeyd edilən qərarda göstərilmişdir ki, 2012-ci il tarixdən hesablanaraq 16.06.2020-ci il tarixədək borc hesablanmışdır. Borcun tutulma tarixində artıq qərarda göstərilən əmlak İddiaçı mülkiyyətində olmamışdır. İddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qərar qəbul etməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsində qeyd edilmişdir ki, İddiaçı istinad etdiyi alqı-satqı müqaviləsinə əsasən əmlak kompleksini satmasını iddia etsə də, bu barədə Xırdalan Bələdiyyəsinə məlumat verməmiş, əmlakın özgəninkiləşdirilməsi ilə bağlı hüquqi sənəd təqdim etməmişdir. Eyni zamanda Xırdalan Bələdiyyəsində sözügedən əmlakın satılmasına dair heç bir məlumat yoxdur. İş materiallarında olan : -Xırdalan Bələdiyyəsinin 07/04-7 nömrəli 31.05.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı mülkiyyətində olan torpaq və əmlaka görə, əmlak və torpaq vergisinin ödənilməsi üçün ən son 16.06.2020-ci il tarixli tədiyyə bildirişi ünvanına göndərilmiş, lakin həmin şəxs qanunla müəyyən edilmiş müddət ərzində Xırdalan şəhəri, Bakı-Şamaxı şosesi MD-23, (Meşok dəri sexi) yerləşən 1.99058 ha torpaq və 3870,50 kv.m əmlak sahəsinə görə 2012-ci il tarixdən başlayaraq 10450,35 manat əmlak , 21464,37 manat torpaq , 10354,55 manat faiz, ümumilikdə 42269,27 manat ümumi borcunu ödəməmişdir. Bununla bağlı vergi ödəyicisi olan İddiaçı borc öhdəliklərinin icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi qərara alınmışdır. - AN-İ ******* saylı 30.10.2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki,. Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi 15-də istifadəsində olan 0.38705 ha torpaq sahəsində yerləşən 3775.4 kv.m ümumi, 3220.9 kv.m əsas, 554.5 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksi (Mexaniki Təmir Zavodu) İddiaçı tərəfindən X1. - daşınmaz əmlakın dövlət reyestrindən seriya MH № ******* çıxarışdan görünür ki, Xırdalan şəhəri, Şamaxı şosesi 15-də istifadədə olan 0.38705 ha torpaq sahəsində yerləşən 3775.4 kv.m ümumi, 3220.9 kv.m əsas, 554.5 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (Mexaniki təmir zavodu) tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. -DƏDRX Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş, 2007-ci il tarixdə tərtib olunmuş daşınmaz əmlakın texniki pasportundan görünür ki, 0,38705 ha torpaq sahəsi üzərində inşa edilmiş əmlak kompleksinin ölçüləri 3775,4 kv m təşkil edir. -Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş 16.06.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı mülkiyyətində və istifadəsində olan torpağın və mülkiyyətində olan əmlakın vergisini dövlət büdcəsinə ödəmədiyi təqdirdə vaxtı keçmiş vergi borcuna faiz hesablanmaqla məcburi qaydada alınması üçün məhkəmə qarşısında iddia qaldırılacağı bildirilmişdir. -Xırdalan bələdiyyəsinin əməkdaşları X8, X4 və paşazadə Bəxtiyar Rasim oğlu ttərəfindən tərtib edilmiş 16.06.2020-ci il tarixli aktdan görünür ki,bələdiyyə tərəfindən inzibati ərazidə səyyar vergi yoxlamaları zamanı İddiaçı məxsus əmlak kompleksi üzrə 10450 manat əmlak vergisi və 3390,558 manat hesablanmış fazi borcu , 21464,37 torpaq vergisi , 6963,9956 manat faiz borcu olduğu müəyyən edilmişdir. İddiaçı borcu ödəməkdən, eyni zamanda aktı imzalanmaqdan və surətini almaqdan imtina etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən yerli vergilərin müəyyən edilməsinin əsaslarından biri kimi vergitutma obyekti göstərilmişdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Qanunun 7.1-ci maddəsinə görə qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X5 mülkiyyətində olan Xırdalan şəhəri, Şamaxı şossesi 15-də istifadəində olan 0,38075 ha torpaq sahəsi üzərində yerləşən 3775,4 kv m ümumi, 3220,9 kv m əsas, 544,5 kv m köməkçi sahədən ibarət olan əmlak kompleksi 30.10.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2. Həmin vaxtdan göstərilən əmlak onun mülkiyyətindən çıxdığından bələdiyyə həmin əmlaka görə iddiaçıya əmlak və torpaq vergisi hesablamaqda haqlı olmamşdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə cavabdehin dəlilləri ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddiaçı mülkiyyətçi kimi mülkiyyətində olan əmlak üzərində sərəncam verərkən bələdiyyəyə məlumat vermək, bələdiyyənin razılığını almaq və ya əmlakın özgəninkiləşdirilməsi barədə məlumat vermək kimi öhdəlik daşımamışdır. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərar 31.05.2020-ciil tarixə aid olsa da, cavabdeh həmin qərarın iddiaçıya vaxtında göndərilməsi və ya elan edilməsini təsfdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı X3 əmlak və torpaq vergisinin tutulmasına dair Abşeron rayon Xırdalan bələdiyyəsinin 31.05.2020-ci il tarixli 07/04-7 saylı qərarı ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar