Məhkəmə qərarları › İş №2-1(118)-668/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-668/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-668/2024 09.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Elşən oğlunun katibliyi, İddiaçı və cavabdehin nümyəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 17 aprel 2001-ci il tarixli 04 nömrəli qərarı ilə ayrılmış 100 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, imtinanın qanunsuz hesab edilməsi və cavabdehin üzərinə Xaçmaz rayonu, Qaraqurtlu kənd ərazidən ayrılan 100 kv metr torpaq sahəsini 17 aprel 2001-ci il tarixli, 04 saylı qərarına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 17 aprel 2001-ci il tarixli, 04 nömrəli qərarı ilə ayrılmış 100 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Qaraqurtlu kəndi ərazisindən fərdi yaşayış evi tikmək məqsədilə Xaçmaz bələdiyyəsinin 17 aprel 2001-ci il tarixli 04 nömrəli sərəncamına əsasən İddiaçı 0,01 ha torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Lakin mülkiyyət hüququnun qeydə alınması üçün müraciət etdikdə ona imtina cavabı verilmişdir. Cavabdeh imtinanın dəlili kimi həmin ərazidən 150 mm-lik yeraltı qaz xəttinin keçdiyinə istinad etmişdir. Halbuki, Xaçmaz rayon Qaz İstismar İdarəsinin podratçı xidməti evlərə çəkilən təbii qazı yeraltı yox, yerüstü və izolyasiyalı təhlükəsiz borular ilə qaz xətti çəkilməli idi. Ona görə də, iddiaçının obyekt sahibi olmağından və obyekti işlədərək işçi götürüb bir neçə ailəyə qazanc verdiyini və bir sahibkar kimi fəaliyyət göstərməyinə maneə yaratmaq məqsədiylə çıxarış verməkdən imtina verirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd olunanları müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı edilən müraciət edilən Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 04 saylı qərarı ilə bazar tikintisi üçün satılmış 100 kv m torpaq sahəsinə dair bələdiyyə tərəfindən tərtib edilmiş 10000 və 2000 miqyaslı sxemlər Xaçmaz RİHB-nın aparatının memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilməmişdir. Bundan başqa həmin torpaq sahəsi ərazisində 150 mm-lik yeraltı qaz xətti keçir. Bununla bağlı iddiaçıya imtina cavabı verilmişdir. İş materiallarında olan: - Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 04 saylı qərarından çıxarışdan görünür ki, Xaçmaz-Niyazabad yolunun sol tərəfində bazar tikmək üçün 100 kv m torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. -Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Xaçmaz bələdiyyəsi ərazisindən 100 kv.m torpaq sahəsi İddiaçı satılmışdır. - DT və XK-nin Xaçmaz rayon şöbəsi və Xaçmaz bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı ayrılmış 100 kv m torpaq sahəsinə dair tərtib edilmişdir. - Xaçmaz bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Xaçmaz bələdiyyəsi tərəfindən İddiaçı 17 aprel 2001-ci il tarixli, 04 saylı qərara əsasən sahibkarlıq məqsədi ilə Xaçmaz şəhəri ərazisində 100 kv m torpaq sahəsi ayrılmışdır. - 01 iyun 2001-ci il tarixli 11 saylı qəbzdən görünür ki, İddiaçı Xaçmaz bələdiyyəsinin hesabına 180,000 manat torpaq pulu ödəmişdir. -Məhkəmə sorğusuna əsasən Xaçmaz Rayon Dövlət Arxivi tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli cavab məktubundan görünür ki, Xaçmaz bələdiyyəsinin xx.xx.2001-ci il tarixli iclasının 04 saylı protokolunun surəti məhkəməyə təqdim edilmiş, protokola X2 aid torpaqayırma sənədləri əlavə edilmədiyi bildirilmişdir. - Xaçmaz şəhərinin baş planından sxematik çıxarışlardan görünür ki, həmin sənəd İddiaçı ayrılmış 100 kv m torpaq sahəsinə dair tərtib edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması bağlı müraciət edilən Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 04 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqısatqısına dair aktın qeydiyyata alınma tarixi tərtib edilmə tarixindən sonrakı tarixə təsədüf edir. Bundan əlavə 100 kv m torpaq sahəsindən 150 mm-lik yeraltı qaz xətti keçir. - “Azəriqaz” İB tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Xaçmaz rayonu Qaraqurtlu kəndi ərazisində yerləşən X2 ayrılan 100 kv metr torpaq sahəsinə (mövcud obyekt) baxış keçirilmişdir. Baxış zamanı qeyd olunan torpaq sahəsinin Xaçmaz RQİİ-nin Xaçmaz xidmət sahəsinə məxsus d108 mm-İik orta təzyiqli yürüstü qaz kəmərindən 1,5 metr aralı yerləşdiyi və kəmərin mühafizə mühafizə zonasının pozulduğu aşkarlanmışdır. Qeyd olunan qaz xətti 1983-cü ildə istismara verilmiş və mühafizə zonası 5 metr təşkil edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması və ya alqı-satqı aktınını sonradan bağlanması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Yuxarıda istinad olunan Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında da qeyd edildiyi kimi torpaq sahəsinin satılmasına dair qərar (inzibati akt) qüvvədədir, etibarsız hesab edilməmiş və ya ləğv edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinasının dəlilləri kimi göstərilmiş torpaqların alqı-satqısına dair aktın sonradan tərtib edilməsi iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Həmin sənədlərin tərtibatı müvafiq orqanların səlahiyyətlərinə aid olmuşdur. Hazırda iddiaçı bu səbəblərdən mülkiyyət hüququndan məhrum edilə bilməz. Məhkəmə tərəfindən Xaçmaz rayon Dövlət Arxivin müraciət edilərək müvafiq bələdiyyə qərarının arxiv əsasları tələb edilmişdir, lakin arxiv tərəfindən Xaçmaz bələdiyyəsinin xx.xx.2001-ci il tarixli iclasının 04 saylı protokolunun surəti məhkəməyə təqdim edilmiş, protokola X2 aid torpaqayırma sənədləri əlavə edilmədiyi bildirilmişdir. Bu hal iddiaçının məsuliyyətinə aid məsələ olmadığından məhkəmə hesab edir ki, bu əsasla da iddiaçının tələbinin təmin olunmasından imtina edilməməlidir. Cavabdehin imtina cavabında göstərdiyi iddiaçıya ayrılmış torpaq sahəsinin 100 kv m torpaq sahəsindən 150 mm-lik yeraltı qaz xətti keçməsi barədə dəlili ilə bağlı məhkəmə qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə görə xüsusi mülkiyyətdə yerləşən istənilən qaz kəmərini (xəttini) və qurğusunu yoxlamaq, verilən və istifadə olunan qazın miqdarını təyin etmək və ya qaz nəqli və təchizatı tələb olunmayan halda qaz qurğularını açmaq məqsədilə podratçının müvəkkil edilmiş əməkdaşları və qaz ekspertləri xüsusi mülkiyyətdə olan sahəyə daxil olmaq hüququna malikdirlər. Podratçı və qaz ekspertləri həmin fəaliyyəti iləmülkiyyətçiyə vurulan ziyanı ödəməlidir. Qaz xətlərinin (kəmərlərinin) çəkilməsi və qaz qurğularının yerləşdirilməsi məqsədilə podratçının xüsusi mülkiyyətdə olan sahəyə müdaxiləsinə əvvəlcədən həmin mülkiyyətçinin yazılı razılığı, vurulan ziyanın ödənilməsi və ya ehtiyac olduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilmə şərtlərilə icazə verilir. Lakin podratçılar mövcud qaz qurğularının və xətlərinin xüsusi mülkiyyətçiyəməxsus torpaqlarda yerləşdiyi yerlərdə yeni qaz kəmərlərinin və qurğularının yerləşdirilməsi fəaliyyətinə başlaya bilərlər. Onlar həmçinin eyni qayda ilə mövcud qaz qurğularını işçi vəziyyətdə saxlamaq, təmir etmək və qazıb çıxarmaq üçün işlər də görə bilərlər. Bu Qanunun 15-ci maddəsinin 2-ci və 3-cü hissələri eyni qaydada xüsusi mülkiyyət sahiblərinin işlərin uyğunlaşdırılmasında iştirakı məqsədilə də (planların əvvəlcədən təqdim olunmasını nəzərə almaqla) tətbiq edilir. Qəza halları istisna olmaqla, torpağın və ya binanın sahibi tərəfindən onun mülkiyyətində olan sahəyə müdaxiləyə və qaz fəaliyyəti göstərməyə icazə verilməyə bilər. Bu, qaz fəaliyyəti göstərmək istəyən şəxsin iş vaxtından kənar müdaxilə etmək istədiyi və ya podratçının və ya müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun ona mülkiyyətində olan sahəyə müdaxiləetmək icazəsi haqqında yazılı sənədin əslini təqdim etmədiyi və ya müdaxilə etmək istəyən şəxs öz şəxsiyyətini təsdiqləyə bilmədiyi hallarda baş verə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad edilən Qanunda qeyd edilən halın torpaq sahəsinə dair mülkiyyət hüququnun məhdudlaşdırılmasına və mövcud olan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas olan hal kimi müəyyən edilməsinə dair hər hansı imperativ norma öz əksini tapmamışdır. Həmçinin, qeyd edilən qanunvericilik normasının təhlilindən aydın olur ki, torpaq sahəsinin qaz xəttinin mühafizə zonasına düşməsi halı onun torpaq sahəsinə dair hüququndan məhrum etmir, sadəcə olaraq torpaq sahəsinin mülkiyyətçiləri, istifadəçiləri, icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Bu baxımından məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi həmin hala istinad edilməsi özlüyündə qanunvericilik normalarının tələbinə zidd olmaqla, mülkiyyət hüququnun əsassız yerə məhdudlaşdırılasına gətirib çıxarda bilər. Cavabdehin iddia ərizəsində göstərdiyi etiraz ərizəsində iddia müddəti ilə bağlı dəlilə münasibətdə məhkəmə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası növündə baxılan iddialara aiddir və inzibati prosessual qanunvericilikdə bu növ iddialar üçün iddia müddəti nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 17 aprel 2001-ci il tarixli 04 nömrəli qərarı ilə ayrılmış 100 kv m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 17 aprel 2001-ci il tarixli 04 nömrəli qərarı ilə ayrılmış 100 kv m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar