Məhkəmə qərarları › İş №2-1(118)-669/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-669/2021

11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-669/2021 11.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 (ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialında aparıcı mütəxəssis işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi filialına qarşı 04.06.1990-cı il tarixdən 01.12.2004-cü il tarixədək “Sumqayıtkauçuk təmirtikinti” trestinin “Mənzil-təmir-tikinti” idarəsində çilingər vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı iddiaçının 2006-cı ilin yanvarın 1-dək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün əmək fəaliyyəti barəsində əmək kitabçasında qeyd olunan 04.06.1990-cı il tarixindən 01.12.2004-cü il tarixədək “Sumqayıtkauçuk təmirtikinti” trestinin “Mənzil-təmirtikinti” idarəsində çilingər vəzifəsində işlədiyi müddəti əmək stajına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 04.06.1990cı il tarixdən 01.12.2004-cü il tarixədək “Sumqayıtkauçuk təmirtikinti” trestinin “Mənzil-təmirtikinti” idarəsində çilingər vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmənin 29.04.2021-ci il tarixli protokol qərardadı ilə cavabdeh DSMF-nin Sumqayıt şəhər şöbəsi prosessual hüquq varisi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi Filialı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar 18.02.2020-ci il tarixdə “Sumqayıt ASAN” xidmət vasitəsi ilə DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət etmiş və ərizəsinə 04 sentyabr 1973-cü il tarixdə onun adına açılmış əmək kitabçasının surətini əlavə etmişdir. Lakin DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən ona göndərilmiş cavabında bildirmişdir ki, pensiya təyin edilərkən şöbəyə təqdim edilən əmək kitabçasında qeyd olunan 04.06.1990-cı il tarixdən 01.12.2004-ci il tarixədək sosial sığorta stajının yoxlanılması zərurəti yaranmışdır. Lakin müəssisənin arxiv sənədlərinin olmaması səbəbindən qeyd edilən dövrlərin yoxlanılması mümkün olmamışdır. Qeyd olunan dövr ərzində işlədiyi "Sumqayıtkauçuk təmirtikinti" trestinin "Mənzil təmir-tikinti" idarəsinin dövlət arxivinə verilməli olan müvafiq maliyyə sənədlərindən ona aid hissəsinin surətlərinin verilməsi barədə xahişinə cavab olaraq Dövlət Arxivinin Sumqayıt filialının 19.03.2020-cu il tarixli məktubunda göstərilmişdir ki, həmin idarənin arxiv sənədləri dövlət mühafizəsinə təhvil verilməmişdir. Daha sonra o, 04.06.1990-cı il tarixdən 01.12.2004-ci il tarixədək çilingər işləməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Lakin onun ərizəsi baxılmamış saxlanılmış və nüvafiq iddia ilə inzibati məhkəməyə müraciət etmək hüququ izah eilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və izah etdi ki, İddiaçı 18.02.2021-ci il tarixdə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bununla bağlı iddiaçının əmək kitabçasında qeyd olunmuş 04.06.1990-ci il tarixdən 01.12.2004-cü il tarixədək sosial sığorta stajının yoxlanlıması zərurəti yaranmışdır. Lakin sənədlərin olmaması səbəbindən qeyd edilən dövrlərin yoxlanılması mümkün olmadığı qeyd edilərək yaşa görə pensiyanın təyin edilməsindən imtina edilmişdir. Belə ki, həmin müəssisə barəsində nə Milli Arxiv İdarəsinin Sumqayıt Filialında, nə də vergi orqanında məlumat aşkar edilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 29 iyun **********6 nömrəli cavab məktubunda da “Sumqayıtkauçuk təmirtikinti” trestinin Mənzil təmir-tikinti İdarəsi barədə hər hansı məlumatın aşkar edilmədiyi qeyd edilir. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan : - İddiaçı məxsus AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1955-ci il təvəllüdlüdür. - İddiaçının adına açılmış 04.09.1973-cü il tarixli əmək kitabçasından görünür ki, İddiaçı 08.09.1973-cü ildə əmək fəaliyyətinə başlamış, 01.12.2004-cü ilə tarixədək müxətlif işlərdə və vəzifələrdə, o cümlədən 04.06.1990-cı il tarixdən 01.12.2004-cü il tarixədək “Sumqayıtkauçuk təmirtikinti” trestinin “Mənzil-təmir-tikinti” idarəsində çilingər vəzifəsində işləmişdir. -Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş 19.03.2002-ci il tarixli 198 saylı məktubdan görünür ki, “Sumqayıtkauçuk təmirtikinti” trestinin “Mənzil-təmir-tikinti” idarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilməmişdir. - Əmlak Məsələləri Dövlət Xidmətinin DSMF–nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 29.06.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında Dövlət Əmlakının Registri haqqında Əsasnamə"yə əsasən, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır. “Sumqayıtkauçuk təmirtikinti” Trestinin “Mənzil-təmirtikinti” İdarəsi barədə dövlət əmlakının registrinə heç bir məlumat təqdim edilməmişdir. - DSMF-nin 1 saylı Regional Ərazi filialı tərəfindən verilmiş 19.01.2021-ci il tarixli, **********7 saylı imtina məktubundan görünür ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd olunan 04.06.1990-cı il tarixindən 01.12.2004-cü il tarixədək sosial sığorta stajının yoxlanılması zərurəti yaranmış, lakin müəssisənin arxiv sənədlərinin olmaması səbəbindən qeyd edilən dövlərin yoxlanılması mümkün olmamışdır. - Məhkəmənin sorğusuna cavab olaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən göndərilmiş 21.05.2021-ci il tarixli cavab məktubundan görünür ki, hüquqi şəxslərin dövlət reyestri məlumatlarında “Sumqayıtkauçuk təmirtikinti” tresti badə məlumat aşkar edilməmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş tərəfindən göndərilmiş 03.06.2021-ci il və 01.07.2021-ci il tarixli cavab məktublarından görünür ki, “Sumqayıtkauçuk təmirtikinti” trestinin “Mənzil-təmirtikinti” idarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, o, 05 sentyabr 1990-cı il tarixdə “Sumqayıtkauçuk təmirtikinti” trestinin “Mənzil-təmir-tikinti” idarəsində işə qəbul edilmişdir. İddiaçı ilə 1996-cı ilədək birlikdə işləmişdir. Hal hazırda pensiya alır. Digər şahid X5 ifadə verərək bidlirdi ki,15 avqust 1991-ci il tarixdə “Sumqayıtkauçuk təmirtikinti” trestinin “Mənzil-təmir-tikinti” idarəsində işə başlamışdır. İddiaçı ilə 1995-ci ilədək birlikdə işləmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun (01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyada) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, qanunvericiliyin tələblərinə görə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı və ya 25 il sosial sığorta stajı tələb olunur. İddiaçı 04.06.1990-cı il tarixdən 01.12.2004-cü il tarixədək “Sumqayıtkauçuk təmirtikinti” trestinin “Mənzil-təmir-tikinti” idarəsində işləməsini təsdiq edən sübut kimi əmək kitabçasını təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci maddəsinin tələbinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Məhkəmə hesab edir ki, iddiaçının 04.06.1990-cı il tarixindən 01.12.2004-cü il tarixədək “Sumqayıtkauçuk təmirtikinti” trestinin “Mənzil-təmir-tikinti” idarəsində işləməsinə dair əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyi iş materialları ilə sübuta yetirilmir. Belə ki, bu ziddiyyətin yoxlanılması üçün iddiaçının işə qəbul edilməsi, işdən azad edilməsi, əmək haqqı cədvəlləri və s.mötəbər sübutların təqdim edilməsi zəruri olmuşdur. Lakin həmin sənədlərin aşkar edilməməsi araşdırmanı imkansız etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iddia tələbində göğstərilən halların sübuta yetirilməsi üçün şahid ifadələri yetərli deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qeyd edir ki, iddiaçının 04.06.1990-cı il tarixindən 01.12.2004-cü il tarixədək “Sumqayıtkauçuk təmirtikinti” trestinin “Mənzil-təmir-tikinti” idarəsində işlədiyi dövr onun sosial sığorta stajına daxil edilmədən tələb olunan 25 il sosial sığorta stajı tamam olmadığından onun yaşa görə əmək pensiyası hüququ yaranmamış olur. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar