Məhkəmə qərarları › İş №2-1(118)-67/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-67/2022

11.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-67/2022 11.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin 11 dekabr 2012-ci il tarixli 12 saylı iclasının 06 saylı qərarı ilə sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin 14-cü və 29-cu məhəlləri ərazisində, Nəriman Nərimanov küçəsində yerləşən 114 kvadrat metr torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt Bələdiyyəsi Sumqayıt Bələdiyyəsinin 11 dekabr 2012-ci il tarixli 12 saylı iclasının 06 saylı qərarı ilə sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin 14-cü və 29-cu məhəlləri ərazisində, Nəriman Nərimanov küçəsində yerləşən 114 kvadrat metr torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 08 yanvar 2021-ci il tarixli, **********13 saylı məktubu il iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq, məhkəməyə müraciət etmişdir. X3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılır ki, X1 ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhərinin 14-cü və 29-cu məhəllələri ərazisində, Nəriman Nərimanov küçəsində yerləşən faktiki istifadəsində olan 114 kvadrat metr torpaq sahəsinin qüvvədə olan torpaq qanunvericiliyinə uyğun şəkildə adına sənədləşdirilməsini xahiş etmişdir. Sumqayıt Bələdiyyəsi tərəfindən aparılmış araşdırmalar nəticəsində ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı hər hansı məhdudiyyətlər və yüklülüklər müəyyən olunmadığından, bələdiyyənin 11 dekabr 2012- ci il tarixli 12 saylı iclasının 06 saylı qərarı ilə hərracın (müsabiqənin) keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasını məqsədəuyğun hesab edilmişdir. Sumqayıt Bələdiyyəsinin müvafiq müraciəti əsasında Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 18 may 2012-ci il tarixli, 69a saylı, Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən isə 02 iyul 2012-ci il tarixli, 02/554 saylı rəylər verilərək sözügedən torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Eyni zamanda,Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı Sumqayıt Bələdiyyəsinin adına “Torpaq sahəsinin planı və ölçüsü”nü hazırlamış və həmin sənəd 15 fevral 2013-cü il tarixdə 5802 nömrə ilə X11 kitabında uçota alınmışdır. Həmin sənədlər də əlavə edilməklə Sumqayıt Bələdiyyəsi tərəfindən rəsmi qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi idarəsinə müraciət edilərək qeyd olunan torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatından keçirilməsi və bunu təsdiq edən müvafiq hüquqmüəyyənedici sənədlərin verilməsi xahiş edilsə də, cavabdeh bugünədək bələdiyyənin torpaq sahəsi üzərində qeydiyyatını həyata keçirməmişdir. Sumqayıt Bələdiyyəsinin bununla bağlı 09 dekabr 2020-ci il tarixli, 3608 saylı sonuncu müraciətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 08 yanvar 2021-ci il tarixli, **********13 saylı cavab məktubunda bildirilmişdir ki, sənədləşdirilməsi nəzərdə tutulan torpaq sahəsi idarənin xidməti istifadəsində olan xəritə məlumatlarında dövlət mülkiyyətinə aid edilmiş torpaq sahəsi kimi qeydiyyata alındığından, həmin torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina edilir. Bu zaman cavabdeh inzibati orqan nə müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş və mübahisələndirilən torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətdə olduğunu təsdiq edən torpaqayırma sənədlərinə əhəmiyyət verməmiş, nə də torpağın dövlət mülkiyyətində olduğunu təsdiq edən hər hansı hüquq müəyyənedici sənədlərin surətlərini bələdiyyəyə təqdim etməmişdir. Halbuki, müvafiq qanunvericilik aktlarına uyğun olaraq bələdiyyə torpaqları, o cümlədən mübahisələndirilən torpaq sahəsi də 2001-ci ildə rəsmi şəkildə Sumqayıt şəhəri ərazisində bələdiyyə mülkiyyətinə aid edilmiş torpaq sahələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada təhvili işləri həyata keçirilərkən tərtib edilmiş protokol, akt və digər torpaqayırma sənədlərinə əsasən Sumqayıt Bələdiyyəsinə təhvil verilmiş və həmin dövrdə qüvvədə olmuş qanun normalarına əsasən müvafiq qaydada xəritələşdirilərək keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində dövlət torpaq reyestrində və X11nda dövlət qeydiyyatından keçmişdir.Bu səbəbdən cavabdehin mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olması barədə bildirdikləri tamamilə əsassız və qanunaziddir. Göründüyü kimi, sadalanan sənədlərə, o cümlədən Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin torpaq sahəsi ilə bağlı tərtib etdiyi və 15 fevral 2013-cü il tarixdə 5802 nömrə ilə X11 kitabında uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən mübahisələndirilən torpaq sahəsi “Torpaq islahatı haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanunlarının müddəalarına görə Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş və hal- hazırda da bələdiyyə mülkiyyətindədir. Bu səbəbdən cavabdehin Sumqayıt Bələdiyyəsinin torpaq üzərində mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməsini əsassız hesab edirək pozulmuş hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1- ci hissəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 2-ci maddələrinə əsasən bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə, bələdiyyə orqanlarına təhvil verirlər. “X11, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən X11-torpaq istifadəçiliyinin dövlət qeydiyyatı,torpaqların kəmiyyət və keyfiyyətcə uçotu bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 5-ci maddəsinə əsasən X11 torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Həmin Qanunun 6-cı maddəsinə əsasən X11na torpaq sahələrinin hüquqi statusu, torpaq üzərində mülkiyyət istifadə və icarə hüququ, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar daxildir.Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında.zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində X11nın məlumatları tətbiq olunur. X11nın məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmlərin qərar qəbul etməsi üçün əsasdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi,bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qanunvericliklə müəyyən edilmiş qaydada mülkiyyətə,istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Həmin Məcəllənin 47-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümldən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ,o cümlədən mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasında dövlət əmlakının Registri Respublikasının informasiya sisteminin ümumi prinsiplərinə əsaslanan daşınmaz dövlət əmlakının (torpaq sahəsi və ya torpaq sahəsi ilə bağlı olan müəssisə, tikili, qurğu və s.) qeydiyyatı, onun barəsində bağlanmış əqdlər (icarəyə və ya istifadəyə verilməsi, girov qoyulması və s.) haqqında məlumatların məcmusu olan informasiya sistemidir. Həmin Əsasnamənin 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində dövlət əmlakının mərkəzi registri, onun yerli qurumalarında dövlət əmlakının yerli registrləri aparılır. Həmin Əsasnamənin 7-ci bəndinin tələblərinə uyğun olaraq dövlət əmlakının mərkəzi registrində bu bəndin ikinci abazasında göstərilən əmlak istisna olmaqla, müvafiq dövlət hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin, konservlərinin, birliklərinin və onların tabeliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan, habelə Azərbaycan Respublikasının xaricində olan daşınmaz dövlət əmlakı qeydə alınır. Yerli registrlərdə yerli icra hakimiyyəti orqanlarının və onların tabeliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır. Adı çəkilən Əsasnamənin 17-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınan bütün qeydiyyat obyektlərinə registr nömrəsi verilir və sərəncamda həmin obyektlər olan subyektlərə bu barədə müvafiq “Registrdən çıxarış” təqdim edilir. Həmin Əsasnamənin 18-ci bəndinin müddəlarına görə sərəncamında olan daşınmaz dövlət əmlakı Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmadan və bunu təsdiq edən rəsmi sənəd (“Registrdən çıxarış”ı) olmadan müvafiq dövlət orqanları, dövlət şirkətləri, konservləri, birlikləri və onların tabeliyində olan müəssisə, idarə və təşkilatlar həmin əmlak barədə (balansdan silinməsi, balansdan balansa verilməsi, əqdlər bağlanması, o cümələdən icarəyə verilməsi, habelə girov qoyulması, digər öhdəliklərə yüklənməsi, özgəninkiləşdirilməsi və s. ) heç bir qərar qəbul edə bilməzlər. Həmin Əsasnamənin 19-cu bəndinin ikinci abzasına əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Regstrinə daxil edilmiş daşınmaz dövlət əmlakı sərəncamında olan bu Əsasnamənin 7-ci bəndində müəyyən edilmiş subyektlər hər il dekabr aynın 31-nə qədər müvafiq registrlərə daşınmaz əmlakın hərəkətinə dair balansların surətlərini təqdim etməlidirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.5-ci maddəsində müəyyən edilmişdir ki,bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində,o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri,fərdi yaşayış və bağ evləri,yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr,əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Sporring və Lonnort İsveçə qarşı” işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almışdır.Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1-ci Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Beləliklə, qeyd olunanlardan görünür ki,cavabdehin hərəkətləri qanunazidd və əsassızdır.Yuxarıda göstərilmiş maddi hüquq normalarından aydın olur ki,torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Bələdiyyənin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanları ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatının yaşayış məntəqəsinin baş planına,ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğunluğunu,həmçinin bələdiyyə mülkiyyətində olduğunu təsdiq etmişlər.Cavabdeh bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən imtina etməklə Sumqayıt Bələdiyyəsinin yuxarıda göstərilən hüquqlarının pozulmasına yol vermişdir. Belə ki, Sumqayıt şəhərində torpaq islahatı 2001-ci ildə həyata keçirilmiş,dövlət və bələdiyyə torpaqları müəyyənləşdirilərək müvafiq qaydada xəritələşdirilmişdir. Bugünədək cavabdehin eyni əsaslarla imtina verdiyi bir neçə torpaq sahəsi ilə bağlı çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur ki,həmin məhkəmə aktlarında “Torpaq sahəsinin planı və ölçüsü”nün mövcudluğuna istinad edilərək həmin sənədin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu sübuta yetirdiyi bildirilmişdir. Bu səbəbdən hesab edirlər ki,hazırda mübahisələndirilən torpaq sahəsinə dair cavabdehin gəldiyi nəticə ilə bununla eyni faktiki hallara malik işlərə dair məhkəmənin qanuni qüvvəyə minmiş aktlarında əks olunmuş mövqeyi arasında bu cür ziddiyyətlərin olması müvafiq qanun normalarının tələbləri ilə ziddiyyət təşkil edir. ’’Torpaq sahəsinin planı və ölçüsü” tərtib edildiyi halda həmin sənədi və X11nda qeydiyyatdan keçirilmiş məlumatları qəbul etməyən cavabdehin bu barədə mülahizəsini əsassız və qanunazidd hesab edirlər. Bu qəbildən olan bir neçə iş üzrə müvafiq məhkəmə prosesləri başa çatmış və çıxarılmış məhkəmə aktlarına əsasən torpaq sahələri üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və mülkiyyət hüququna dair müvafiq reyestr çıxarışlarının verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin işlər üzrə çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının hamısı icra edilərək çıxarışlar verilmişdir.Göründüyü kimi,eyni tərəflər arasında,eyni predmet barəsində və eyni əsaslarla bağlı mübahisələrə dair məhkəmələrin qanuni qüvvəyə minmiş aktları mövcud olduğu halda,cavabdeh yenə də əsassız şəkildə bələdiyyə torpaqlarının dövlət qeydiyyatından imtina etməkdə davam edir.Bu səbəbdən cavabdehin torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina etməsini qanunsuz və hüquqazidd saymaqla yanaşı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatından imtina olunmasının,yaxud da qeydiyyatın dayandırılmasının əsaslarına da zidd hesab edirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasında fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uygun hərəkət etməyə borcludur. Azərbaycan Respulikası İnzibati-Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia),inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) və sairə iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədənn xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, mübahisəli torpaq 2012-ci ildə Sumqayıt bələdiyyəsinin qərarı ilə ayrılmışdır. Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən rəy alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyi var. Rəydə torpaq sahəsinin bələdiyyə mülkiyyəti olduğu göstərilir. Həmin dövrdə topraq sahəsinin bələdiyyənin və ya dövlət mulkiyyətində olması barədə məlumatlar torpaq və xəritəçəkmə komitəsində olurdu. Rəyləri onlar verirdi. Rəyləri alandan sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bələdiyyənin adına plan ölçü sənədini tərtib edib, kadastrda qeydiyyatdan keçirmişdir. Bu həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını təsdiq edir. Torpaq sahəsinin Plan-ölçü sənədi hüquqi sənəddir. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Qanunun 6-cı maddəsində Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində X11nın məlumatları tətbiq olunur. X11nın məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. İddiaçı Məhkəmə suallarına cavabında bildirmişdir ki, torpaq sahəsi faktiki olaraq Əhmədov Bayraməlinin istifadəsində olmuşdur. Torpaq sahəsi Ləman şirkətinə ayrılmış olsaydı həmin torpaq sahəsinə rəy verilə bilməzdi. Torpağın şirkətə ayrılması barədə bələdiyyədə məlumat yoxdur. Şirkətin dövlətə bağlı olması halı mövcud deyil. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddiaçı Sumqayıt Bələdiyyəsi Sumqayıt şəhəri, 14-cü və 29-cu məhəllələr arası ərazidə, N.Nərimanov küçəsində yerləşən 114 kv.m torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına köməklik göstərilməsi barədə 10 dekabr 2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq Sumqayıt Bələdiyyəsinə bildirilmişdir ki, idarənin xidməti istifadəsində olan xəritə məlumatlarında qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin 92.56 kv.m hissəsi dövlət mülkiyyəti kimi qeydiyyata alınmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən Sumqayıt şəhəri, 14-cü və 29-cu məhəllələr arası ərazidə, N.Nərimanov küçəsində yerləşən 114 kv.m torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmiş və bu barədə Sumqayıt Bələdiyyəsinə 08 yanvar 2021-ci il tarixli **********13 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, etirazı müdafiə edərək bildirmişdir ki, torpaq sahəsi baza məlumatlarında dövlət torpağı kimi görsəndiyi üçün, N.Nərimanov küçəsində yerləşən 114 kv.m torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi əsaslı olmuşdur. onların bələdiyyə to əsasən “Ləman” və “Potensial” kooperativinə ayrılmışdır. Torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. Sonda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Xidmətinin nümayəndəsi X8 iştirak etmiş, bildirmişdir ki, iddiaçı torpaq sahəsinə dair sənədlərin mövcud olduğunu qeyd etsə də həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını təsdiq edən sənəd təqdim etmir. Yeni xəritə işlənmişdir. Həmin xəritəni bələdiyyədə təsdiq etmişdir. Xəritədə torpaq sahəsi dövlət torpağı kimi qeyd edilmişdir. Həmin xəritədən çıxarış məhkəməyə təqdim edilmişdir. Sonda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Digər üçüncü şəxs X3 məhkəmə iclasında iştirak etməmişsdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı Sumqayıt Bələdiyyəsinin 11 dekabr 2012-ci il tarixli 12 saylı iclasının 06 saylı qərarı ilə sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin 14-cü və 29-cu məhəlləri ərazisində, Nəriman Nərimanov küçəsində yerləşən 114 kvadrat metr torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının təqdim edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, İdarənin xidməti istifadəsində olan xəritə məlumatlarında qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin 92.56 kv.m hissəsi dövlət mülkiyyəti kimi qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsi torpaqların elektron kadast bazasında dövlət torpağı kimi qeydə alınmışdır. (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin 17 iyun 2021-ci il tarixli, **********14 saylı məktubu) Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi, “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2010-cu il tarixli Fərmanın 3-cü bəndinin və AR ƏMDK- nin yanında DƏDRX-nin 14 may 2010-cu il tarixli RX-23/06/866 nömrəli məktubunun icrası ilə bağlı idarəyə təqdim olunmuş dövlət əmlaklarının siyahısında "Ləman" şirkətinə məxsus obyektin yerləşdiyi torpaq sahəsi (iş kodu 63878, registr nömrəsi ********) kimi göstərilmiş və bunun əsasında daşınmaz əmlakın rəqəmli kadastr xəritəsində dövlət əmlakı kimi təsvir olunması məlum olmuşdur. (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 04 mart 2022ci il tarixli, **********75 saylı məktubu) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. kimi səlahiyyətləri vardır. Məcəllənin 46-cı maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları.

2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.

3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir.

4. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən:

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.

7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, habelə onlardan istifadə və onlara dair sərəncam verilməsi sahəsində idarəetmə mülki və torpaq qanunvericiliyinin tələblərinə və bələdiyyənin nizamnaməsinə uyğun həyata keçirilir. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi qanunvericiliyə əsasən bələdiyyələrə öz mülkiyyətlərində olan torpaq sahələrinə dair sərəncam verilməsi ilə bağlı hüquq verilsə də, onların mülkiyyətinə aid olmayan torpaq sahələri ilə bağlı sərəncam vermək səlahiyyəti verilməmişdir. Sumqayıt Bələdiyyəsi qeyd edir ki, tərəflərindən aparılmış araşdırmalar nəticəsində ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı hər hansı məhdudiyyətlər və yüklülüklər müəyyən olunmadığından, bələdiyyənin 11 dekabr 2012- ci il tarixli 12 saylı iclasının 06 saylı qərarı ilə hərracın (müsabiqənin) keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasını məqsədəuyğun hesab edilmişdir. Lakin bələdiyyənin nümayəndəsi bildirmişdir ki, torpaq sahəsi faktiki olaraq X2 istifadəsindədir. Bundan əlavə Sumqayıt Bələdiyyəsi qeyd edir ki, müvafiq müraciətləri əsasında Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 18 may 2012-ci il tarixli, 69a saylı, Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən isə 02 iyul 2012-ci il tarixli, 02/554 saylı rəylər verilərək sözügedən torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Eyni zamanda,Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı Sumqayıt Bələdiyyəsinin adına “Torpaq sahəsinin planı və ölçüsü”nü hazırlamış və həmin sənəd 15 fevral 2013-cü il tarixdə 5802 nömrə ilə X11 kitabında uçota alınmışdır. Məhkəmə qeyd edir ki, Sumqayıt Bələdiyyəsi sadalanan sənədləri 2012-ci ildə əldə etsədə öz hüquqlarını dövlət qeydiyyatına aldırmamış, ona 2012-ci ildə verilən səndələrin hazırda səlahiyyətli olan qurumda qeydiyyatının olması müəyyən edilmir. Hazırda səlahiyyətli olan qurumum baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin 92.56 kv.m hissəsi dövlət mülkiyyəti kimi qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, qeyd edilənlər cavabdeh inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir. Məhkəmə hesab edir ki, topaq sahəsinin bələdiyyə və ya dövlətə aid olmasının müəyyən edilməsi mahiyyəti etibarı ilə dövlət qurumları arasında olan icraat nəticəsində müəyyən olunan məsələdir və dövlət qurumları arasında olan mübahisələr inzibati məhkəmə icraatının araşdırması ola bilməz və bununla bağlı problemlər yuxarı inzibati orqan tərəfindən həll edilməlidir. Lakin hazırkı iddia mövcud hüququn qeydə alınması ilə bağlı olduğu üçün məhkəmə iddianı mümkün hesab etmiş, hazırkı iddianı iki inzibati orqan arasında olan mübahisə kimi qiymətləndirməmişdir. İddiaçıya izah edilsin ki, xəritə baza məlumatlarında aparılmış qeydiyyatlardan narazıdırsa, qanunvericiliyə uyğun olaraq səlahiyyətli yuxarı inzibati orqana müraciət etməsi istisna edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar