Məhkəmə qərarları › İş №2-1(118)-67/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-67/2024

19.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-67/2024 19.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********47 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Quba şəhəri, 31-ci məhəllə ünvanında yerləşən 1079 reyestr nömrəli qeydiyyat vəsiqəsinə, texniki pasporta əsasən yeni tipli çıxarışın və texniki pasportun hazırlanması vəzifəsinin cavabdeh orqanın vəzifəli şəxslərinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, Quba rayonu XDS-i rəyasət heyətinin 30 mart 1995ci il tarixli qərarı ilə Quba şəhərinin 31-ci məhəlləsində rayon Sovetinin xüsusi torpaq sahəsindən ət bazarının tikintisi məqsədilə 0.19 ha torpaq sahəsi ayrılmışdır. AR Tikinti və Şəhərsalma Məcəlləsinin tələblərinə uyğun ət bazarını tikərək tələb edilən sənədləri təqdim etməklə AR Nazirlər Kabineti yanınada Mənzil Kommunal Təsərrüfatı Komitəsinə təqdim etmiş və adına Qeydiyyat Vəsiqəsi və texniki pasport hazırlanmışdır. Reyestr kitabında 1079 nömrə ilə qeydiyyata alınmış 23 may 1997-ci il tarixdə işlənilən Qeydiyyat Vəsiqəsinə əsasən ət bazarının ümumi tikinti sahəsi 126.6 kv.m., ticarət sahəsi isə 100.4 kv.m-dir. 2008-ci il tarixdə Quba rayon İH-nin Quba şəhərində yenidən qurma işləri ilə əlaqədar İHB-nın tapşırığına əsasən obyektinin yol kənarında yerləşməsi səbəbindən təhlükəsizlik tədbirlərinin təmin olunması məqsədilə obyektin hasarını sökərək yenidən inşa etmişdir. Nəticədə 7000 (yeddi min) manat əlavə vəsit xərcləmişdir, həmçinin istifadəsində olan tikintialtı torpaq sahəsinin həcmi 422.9 kv.m. 470.6 kv.m çatdırılaraq XDS-nin qərarına əsasən ayrılan 0.19 ha torpaq sahəsinin sərhədləri içərisindədir. Obyektinin yeni tipli çıxarışla təmin olunması üçün cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin bilməməzliyindən sənədlərini obyektinin qeydiyyat vəsiqəsi və texniki pasportu olmasına baxmayaraq ilkin qeydiyyat kimi təqdim etmişdir. Cavabdeh orqan onun mülkiyyəti olan ət bazarının dövlət qeydiyatında olmasına baxmayaraq ərizəni ilkin sənəd kimi qəbul edərək xx.xx.2022-ci il tarixli **********47 nömrəli məktubuna əsasən icrasından imtina etmişdir. Həmin imtinanı aşağıdakı əsaslara görə əsassız və qanunsuz hesab edir : İlk növbədə qeyd edir ki, onun mülkiyyətində olan ət bazarı qanunvericiliyə əsasən dövlət qeydiyyatına alınmışdır, cavabdeh orqan isə bu halı nəzərə almadan qanunsuz imtina vermişdir. Belə ki, onun mülkiyyəti dövlət qeydiyyatına alınan zaman müvafiq tələb olunan sənədlər təqdim olunmuşdur. Yenidən imtinaya səbəb olan sənədlərin tələb olunması qanunsuzdur. Bundan başqa, imtinaya səbəb kimi göstərilən qeyri-yaşayış binasının istismara qəbul edilməsi haqqında qəbul Komissiyasının aktında Ekologiya və Təbii sərvətlər Nazirliyinə və X3 Xidmətinə müraciətlərinə əsasən verilən 09 iyul 2020-ci il tarixli 201301 24618 nömrəli cavabda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli 309 nömrəli qərarı ilə təsdiq edilmiş "tikintisi icazə tələb edilən tikinti sənədlərinin siyahısın"da X3 Xidməti tərəfindən razılıq sənədinin veriləsi nəzərdə tutulmamışdır; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərrvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 iyun 2020-ci il tarixli 1057 nömrəli cavab məktubunda "Quba rayon XDS İK-nin 30 mart 1995-ci il tarixli 52 saylı qərarı ilə ət satışı bazarının tikintisi üçün torpaq sahəsinin ayrılaraq tikintisinə icazə verilməsinə görə və 2008-ci il tarixli istismara qəbul edilmiş ət satışı bazarının mövcud vəziyyətində istismar aktının təsdiq edilməsi 5 saylı Regional Ekologiya və Təbii sərvətlər İdarəsinin səlahiyyətləri xaricindədir" Göründüyü kimi imtinaya səbəb kimi göstərilən əsaslar qanunsuzdur. Bundan başqa bildirməlidir ki, obyekti hələ 1997-ci il tarixdə qanuni əsaslarla dövlət qeydiyyatına alınmış və qeydiyyat vəsiqəsi, texniki pasport hazırlanmışdır, əgər təqdim etdiyi sənədlər "Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun tələblərinə uyğun olmasaydı dövlət qeydiyyatına alınmazdı. İddiaçı ərizə ilə yalnız yeni tipli çıxarış və texniki pasport almaq məqsədilə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsiən uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, zərurət olarsa lahiyədən əlavə tikililəri sökə bilər. Cavabdeh iddiaya etiraz edərək qeyd edir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş qeyri-yaşayış binasına dair ərizəyə əlavə olunmuş layihədə göstərilən tikililər layihədən fərqli inşa edilmişdir. Bildirirlər ki, qeyriyaşayış binasının sənəd üzrə ümumi sahəsi 422.9 kv.m ölçüdə göstərilməsinə baxmayaraq qeyri-yaşayış binasının naturada faktiki ümumi sahəsi 470.5 kv.m ölçüdə öz əksini tapmışdır. Bundan əlavə, qeyri-yaşayış binasının istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktında Ekologiya və X2 iştirakı təmin edilməmişdir. AZDTN 1.6-1. Tikinti işlərinin təşkili, aparılması və tikinti başa çatmış obyektlərin istismara qəbulu qaydalarının 6.8-ci bəndinə əsasən “Dövlət qəbul və qəbul komissiyalarına sifarişçinin, podratçının, subpodratçının layihəçinin, istismarçının, yerli icra hakimiyyətinin, bələdiyyənin, sanitar, yanğın təhlükəsizliyi, ekologiya, memarlıq-tikinti nəzarəti orqan və xidmətlərinin və X2 (istehsalat, sosial-məişət və iaşə təyinatlı obyektlər üzrə) nümayəndələri mütləq daxil edilməlidir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı qismən əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaya cavab verməli olan orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən qismən əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Quba rayonu XDS rəyasət heyətinin 30 mart 1995-ci il tarixli qərarı ilə Quba şəhərinin 31-ci məhəlləsində rayon Sovetinin xüsusi torpaq sahəsindən ət satışı bazarının tikintisi məqsədilə iddiaçıya 0.19 ha torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam əsasında iddiaçı qeyri yaşayış sahəsi inşa etmiş, mülkiyyət həmin dövrün qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınmışdır. Qeydiyyat Vəsiqəsi və texniki pasport iş materiallarına əlavə edilmişdir. Reyestr kitabında 1079 nömrə ilə qeydiyyata alınmış 23 may 1997-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən ət bazarının ümumi sahəsi 126.6 kv.m., ticarət sahəsi isə 100.4 kv.m-dir. İddiaçı qeyd edir ki, 2008-ci il tarixdə Quba rayon İH-nin Quba şəhərində yenidən qurma işləri ilə əlaqədar İHB-nın tapşırığına əsasən obyektinin yol kənarında yerləməsi səbəbindən təhlükəsizlik tədbirlərinin təmin olunması məqsədilə obyektin hasarını sökərək yenidən inşa etmişdir. İddiaçı hazırda Quba şəhəri, 31-ci məhəllə ünvanında yerləşən 1079 reyestr nömrəli qeydiyyat vəsiqəsinə, texniki pasporta əsasən yeni tipli çıxarışın və texniki pasportun hazırlanmasını istəyir. Cavabdeh isə qeyd edir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş qeyri-yaşayış binasına dair ərizəyə əlavə olunmuş layihədə göstərilən tikililər layihədən fərqli inşa edilmişdir. Bildirirlər ki, qeyri-yaşayış binasının sənəd üzrə ümumi sahəsi 422.9 kv.m ölçüdə göstərilməsinə baxmayaraq qeyri-yaşayış binasının naturada faktiki ümumi sahəsi 470.5 kv.m ölçüdə öz əksini tapmışdır. Bundan əlavə, qeyriyaşayış binasının istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktında Ekologiya və X2 iştirakı təmin edilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə ilkin olaraq qeyd edir ki, Reyestr kitabında 1079 nömrə ilə qeydiyyata alınmış 23 may 1997-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən iddiaçının ümumi sahəsi 126.6 kv.m., ticarət sahəsi isə 100.4 kv.m qeyri yaşayış sahəsi üzərində mülkiyyət hüququ həmin dövrün qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi iddiaçının 126.6 kv.m qeyri yaşayış sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır və yuxarıda istinad edilən hüquq normaları isə onun mülkiyyət hüuququnun yeni qaydalara uyğun təkrar dövlət qeydiyyatına alınması üçün əsas verir. Məhkəmə araşdırması zamanı müəyyən olunduki, iddiaçı dövlət qeydiyyatına alınmış qeyri yaşayış sahəsindən əlavə tikililər inşa etmiş, eyni zamanda tikililərin istismara qəbul edilməsi ilə bağlı qəbul komissiyasının aktı mövcuddur. Eyni zamanda həmin tikililər iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində tikilmişdir. Məhkəmə hesab edir ki, hazırda qüvvədə olan qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçının istismara qəbul edilən əlavə sahələr üzərindədə mülkiyyət hüququ yaranmış olur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının səlahiyyətli inzibati orqan tərəfindən istismara qəbul edilmiş tikinti sahəsi ilə mövcud sahə arasında uyğunsuzluq vardır, hansıki bu uyğunsuzluğu cavabdeh inzibati orqanda imtinasında və iddiaya etirazındada qeyd etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2- 1(118)-1597/2022 saylı Qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Quba şəhəri, 31-ci məhəllə ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış obyektinin faktiki ölçüləri nə qədərdir? 2. Quba şəhəri, 31-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış obyektinin ölçüləri Layihəyə uyğundurmu? 3. Qeyri-yaşayış obyektinin ölçüləri layihəyə uyğun deyilsə hansı ölçülərdə uyğun deyil? (ölçülər və konkret artıq olan sahələr göstərilməklə) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2022-ci il tarixli, 10/6407 saylı məktubu ilə 28 dekabr 2022-ci il tarixli, 10/6407 saylı ekspert rəyi məhkəməyə təqdim edilmiş, rəydə tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, qərardadın birinci sualı üzrə: Baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, Quba şəhəri, 31-ci məhəllə ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış obyektinin faktiki sahəsinin 467.24 kv.m olduğu müəyyən edilmişdir; qərardadın ikinci-üçüncü sualları üzrə: Quba şəhəri, 31-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış obyektinin faktiki ölçülərinin (sahəsinin) “Daşınmaz Əmlakın Texniki Pasport”una uyğun olmadığı, belə ki faktiki vəziyyətdə sahəsi 23.7 kv.m olan E literli tövlə tikilisinin söküldüyü, A və В literli tikililər arasındakı boşluğun arxa tərəfdən hasar ilə hörüldüyü, tavanına lambir vurulduğu (h= 3 metr), ön hissəyə isə dəmir darvazanın quraşdırıldığı və yaranmış sahəsinin 45.24 kv.m olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçı 45.24 kv.m tikilinin əsaslı tikinti olmadığını bildirmişdir. Buna görə də məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(118)-212/2023 saylı Qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 dekabr 2022-ci il tarixli, 10/6407 saylı ekspert rəyində(X4) qeyd edilmiş Layihədən artıq 45.24 kv.m tikili əsaslı tikili hesab olunurmu? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2023-cü il tarixli, 10/4470 saylı məktubu ilə 03 noyabr 2023-cü il tarixli, 10/4470 saylı ekspert rəyi məhkəməyə təqdim edilmiş, rəydə tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, cavabdeh tərəfindən görülən işlərin sökülüb-yığılan yüngül konstruksiyalardan quraşdırılmadığı və əsaslı tikintilər qrupuna aid olduğu müəyyən edilmişdir. Göründüyü kimi iddiaçıya məxsus qeyri-yaşayış obyektinin faktiki sahəsinin 467.24 kv.m olduğu müəyyən edilmişdir ki, buda təqdim edilən lahiyəyə və istismara qəbul aktına uyğun deyildir. Bu isə əlavə tikililərlə bağlı hüquqların dövlət qeydiyyatını istisna edir. Lakin iddiaçı tələbi 1079 reyestr nömrəli qeydiyyat vəsiqəsinə, texniki pasporta əsasən yeni tipli çıxarışın və texniki pasportun hazırlanmasından ibarətdir. Yuxarıda qeyd edildiyi kimi iddiaçının 126.6 kv.m., kv m sahə üzərində mülkiyyət hüququ əvvəllər dövlət qeydiyyatına alındığı üçün, həmin sahə üzərində mülkiyyət hüququ yeni qaydalara uyğun olaraqda təkrar dövlət qeydiyyatına alınmalıdır. İddiaçı eyni zamanda yeni texniki pasportun verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, yuxarıdada qeyd edildiyi kimi iddiaçı əlavə tikililər inşa etmişdir. Məhkəmə hesab edir ki, əlavə tikililər dövlət qeydiyytına alınan zaman yeni texniki sənəd verilə bilər. İddiaçıya izah edilsin ki, tikililərin mövcud vəziyyətinə uyğun yeni istimar aktı ala bilər və ya mövcud tikililəri lahiyəyə və istismar aktına uyğunlaşdıraraq faktiki vəziyyətə uyğun tikililərin dövlət qeydiyyatını tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Quba şəhəri, 31-ci məhəllə ünvanında yerləşən qeyri yaşayış sahəsi üzərində əlavə tikililər nəzərə alınmadan (ümumi tikinti sahəsi 126.6 kv.m., ticarət sahəsi 100.4 kv.m), 1079 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Quba şəhəri, 31-ci məhəllə ünvanında yerləşən qeyri yaşayış sahəsi üzərində əlavə tikililər nəzərə alınmadan (ümumi tikinti sahəsi 126.6 kv.m., ticarət sahəsi 100.4 kv.m), 1079 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar