Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-670/2022 05.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 23 noyabr 2021-ci il tarixdə **********4 saylı imtinasının əsassız hesab olunması və ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 23 noyabr 2021-ci il tarixli, **********4 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının 65 yaşı var. O, yaşa görə əmək pensiyası təyin olunması üçün sənədlərini toplayıb DSMF-nun 1 1 saylı Reqional Ərazi İdarəsinə təqdim etmişdir. Ərazi idarəsi ərizəni baxılmaq üçün DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına göndərmişdir. Filial iddiaçının 28 ilə yaxın sığorta stajı olmasına baxmayaraq əmək kitabçasının olmaması səbədindən 23 noyabr 2021-ci il tarixdə **********4 saylı məktubla ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. İddiaçı belə hesab edir ki, DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının iddiaçıya yaşa görə əmək pensiyası təyin etməkdən imtina etməsi əsassızdır İddiaçı xx.xx.1956-cı il tarixdə Şamaxı rayonu Göylər kəndində anadan olmuşdur. 1972-ci ildə Engels adına kolxoza üzv qəbul olunmuş və 1975-ci ilə kimi orada işləmişdir. 14 dekabr 1975-ci ildən 30 noyabr 1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur . Hərbi xidmətdən qayıdandan sonra 1978-1986-cı illərdə Göylər kənd Engels adına sovxozda, 1986-1992-ci illərdə “Tinglik “ sovxozunda 1993-1995-ci illərdə “Göylər” kolxozunda, 1996- 1997-cı ildə isə Göylər üzüm istehsalı və emalı müəsisəsində,1998-1999-cu illərdə isə Çöl Göylər camışçılıq dövlət damazlıq təsərrüfatında işləmişdir, Adlarında dəyişiklik olsa da iddiaçı həmişə eyni təsərrüfatda işləmişdir. Əmək kitabçası da idarədə olmuşdur. Özündə olmamışdır. Damazlıq təsərrüfatı dağılandan sonra da ona əmək kitabçası verilməmişdir. Lakin əmək kitabçasının olmaması o demək deyil ki, əmək fəaliyyətini əks etdirən digər sənədlərə əsasən ona pensiya təyin oluna bilməz. Aldığı arxiv arayışlarından da görünür ki ,1972-1999-cu illərdə iddiaçı yuxarıda qeyd olunan təsərrüfatlarda işləmişdir, hərbi xidmətdə olmuşdur. Bu illərdə iddiaçı əmək haqqı almışdır, sosial sığorta haqlarını ödəmişdir. Bu əsasdan iddiaçıya pensiya təyin olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məkhəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan xüsusatlara görə məhkəmə tərəfindən təmin edilməməlidir: İddiaçı yaşa görə pensiyanın təyin edilməsi tələbi ilə 18.10.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. Vətəndaşın müraciətinə cavabdeh orqan tərəfindən baxılmış və 23.11.2021-ci il tarixdə cavablandırılmışdır. Cavabdeh orqanın **********94 nömrəli imtina məktubuna əsasən İddiaçı 1972-1975 və 1978-1986-cı illərdə “Göylər kənd Engels” adına kolxozda, 1993-1995-ci illərdə “Göylər” kolxozunda 1996-1997-ci illərdə “Göylər üzüm istehsalı və emalı müəssəsi”ndə və 1998-1999-cu illərdə “Çöl Göylər camışçıhq dövlət damazlıq təsərrüfatı”nda işləməsinə dair sosial sığorta stajının yoxlanılması mümkün olmadığından və həmin illər əmək kitabçasında təsbit olunmadığından həmin dövrlərin pensiya hesablanmasında nəzərə alınması qanuna ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. Yuxarıda qeyd olunan qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. İddiaçı 1972-1975 və 1978-1986-cı illərdə “Göylər kənd Engels” adına kolxozda, 1993-1995-ci illərdə “Göylər” kolxozunda 1996-1997-ci illərdə “Göylər üzüm istehsalı və emalı müəssəsi”ndə və 1998-1999-cu illərdə “Çöl Göylər camışçıhq dövlət damazlıq təsərrüfatı”nda işlədiyini iddia edir. Qeyd etmək lazımdır ki, iddiaçının işlədiyini iddia etdiyi illərə və müəssisənin mövcudluğuna dair məlumatları dəqiqləşdirmək üçün cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X6 04.02.2022-ci il tarixdə **********6 və **********7 nömrəli sorğular göndərilmişdir. Sorğulara gələn 11.11.2022-ci il tarixli 42 nömrəli və 11.11.2022-ci il tarixli 43 nömrəli cavab məktublarında İddiaçı 1972-1975-ci il tarixlərin də illərdə “Göylər kənd Engels” adına kolxozda işləməsinə dair heç bir sənəd təqdim olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun həm 7-ci maddənin hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə (65 yaş) çatmışdır.Lakin yuxarıda qeyd olunan qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq vətəndaşın əmək kitabçasında mövcud olan sığorta stajı uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. iddia tələbinin təmin edilməsini mümkünsüz edən həm də, bu növ münasibətləri tənzimləyən maddi huquq normalarıdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmdən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, iddia ərizəsinə etiraza uyğun izahat vermiş, məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilmədiyinə görə arxiv arayışı nəzərə alınmamışdır. Arxiv arayışları və iddiaçının hərbi xidmətdə olduğu dövr də nəzərə alındıqda 27 il 5 ay stajı və pensiya hüququ yaranır. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia iddia mümkün iddia olmaqla bərabər həm də əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. Belə ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. İddiaçı qeyd edir ki, 1972-ci ildə Engels adına kolxoza üzv qəbul olunmuş və 1975ci ilə kimi orada işləmişdir. 14 dekabr 1975-ci ildən 30 noyabr 1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur . Hərbi xidmətdən qayıdandan sonra 1978-1986-cı illərdə Göylər kənd Engels adına sovxozda, 1986-1992-ci illərdə “Tinglik “ sovxozunda 1993-1995-ci illərdə “Göylər” kolxozunda, 1996-1997-cı ildə isə Göylər üzüm istehsalı və emalı müəsisəsində,1998-1999-cu illərdə isə Çöl Göylər camışçılıq dövlət damazlıq təsərrüfatında işləmişdir, Adlarında dəyişiklik olsa da iddiaçı həmişə eyni təsərrüfatda işləmişdir. Əmək kitabçası da idarədə olmuşdur. Özündə olmamışdır. Damazlıq təsərrüfatı dağılandan sonra da ona əmək kitabçası verilməmişdir. Lakin əmək kitabçasının olmaması o demək deyil ki, əmək fəaliyyətini əks etdirən digər sənədlərə əsasən ona pensiya təyin oluna bilməz. Aldığı arxiv arayışlarından da görünür ki ,1972-1999-cu illərdə iddiaçı yuxarıda qeyd olunan təsərrüfatlarda işləmişdir,hərbi xidmətdə olmuşdur. Bu illərdə iddiaçı əmək haqqı almışdır, sosial sığorta haqlarını ödəmişdir. Bu əsasdan iddiaçıya pensiya təyin olunmalıdır. Cavabdeh isə qeyd edir ki, İddiaçı 1972-1975 və 1978-1986-cı illərdə “Göylər kənd Engels” adına kolxozda, 1993-1995-ci illərdə “Göylər” kolxozunda 1996-1997-ci illərdə “Göylər üzüm istehsalı və emalı müəssəsi”ndə və 1998-1999-cu illərdə “Çöl Göylər camışçıhq dövlət damazlıq təsərrüfatı”nda işləməsinə dair sosial sığorta stajının yoxlanılması mümkün olmadığından və həmin illər əmək kitabçasında təsbit olunmadığından həmin dövrlərin pensiya hesablanmasında nəzərə alınması qanuna ziddir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iş stajının əmək kitabçasına əsasən hesablanmalı olmasını səbəb gətirərək Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X5 11 oktyabr 2021-ci il tarixli, 366 saylı arayışında qeyd olunan dövrləri nəzərə almaması qanuna uyğun deyildir. Belə ki, həmin arayışda iddiaçının 1972-1975-ci, 1978-1985-ci illərdə Şamaxı rayonu Göylər kənd Engels adına kolxozda, 1986-1992-cı illərdə Tinglik sovxozunda, 1993-1995-ci illərdə “Göylər” kolxozunda, 1996-1997-cı ildə isə Göylər üzüm istehsalı və emalı müəsisəsində, 1998-1999-cu illərdə isə Çöl Göylər camışçılıq dövlət damazlıq təsərrüfatında işləməsi öz təsdiqini tapmışdır. Vətəndaşın iş stajının müəyyən olunmasında müvafiq arayışın nəzərə alınmamasını məhkəmə yuxarıda qeyd olunan konstitusion hüququn pozulması kimi qiymətləndirir və bu qənaətə gəlir ki, həmin arayışda qeyd olunan dövrlər iddiaçıya yaşa görə əmək pensiyasının hesablanması zamanı sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Bundan əlavə “X1 haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İş materiallarından görsənir ki, arxiv arayışında qeyd edilən dövrlər, habelə hərbi xidmət dövrü nəzərə alındıqda iddiaçının 25 ildən artıq sosial sığorta stajı yaranır. Eyni zamanda iddiaçı pensiya yaşına çatdığına görə məhkəmə hesab edir ki, ona pensiya təyin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-670/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-670/2022
05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver