Məhkəmə qərarları › İş №2-1(118)-672/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-672/2021

16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-672/2021 16.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Yataqoba Bələdiyyəsi tərəfindən ona verilmiş 0.07 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının cavabdeh təşkilatın öhdəsinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Xaçmaz rayonu, Yataqoba Bələdiyyəsi tərəfindən ona verilmiş 0.07 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx xxxx 2020-ci il tarixli, **********17 saylı imtina məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuş, imtinanın əsası kimi qeyd edilmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar İddiaçı müraciət etdiyi 0.07 ha torpaq sahəsi Xaçmaz rayonu, Yataqoba bələdiyyəsinin 17.01,2008-ci il tarixli 1 saylı qərarı ilə verilmişdir. Həmin dövrdə xx.xx.2007-ci il tarixli 466- 1İİQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətinə həyətyanı torpaq sahəsi verilməsi barədə Xaçmaz rayon Yataqoba bələdiyyəsinə 2007-ci il 24 yanvar tarixli müraciətinə əsasən bələdiyyənin xx xxxxxx 2008-cı il tarixli 1 saylı qərarı ilə ona, Krasnoxuzor kəndinin ərazisindən 0, 07 ha həyətyanı torpaq sahəsi satılmasına icazə verilməsi qərara alınmışdır. Xaçmaz DT və XK-si Xaçmaz rayon şöbəsi tərəfindən həmin sahənin Yataqoba bələdiyyəsinin torpaq sahəsinə aid olduğu barədə x xxxxxx 2007-ci il tarixli rəyi veriləndən sonra iddiaçı, "Torpaqların alqı satqısı" qaydalarına əsasən mülkiyyətinə verilən sahənin dəyərini həmin tarixdə 18 saylı qəbzlə bələdiyyənin xüsusi hesabına köçürmüşdür. Bu barədə torpağın alqı-satqısına dair akt da tərtib olunmuş və akt Dövlət Torpaq və XK-nin Xaçmaz rayon şöbəsində xx xxxxxx 2008-ci il tarixli 187 say nömrəsi ilə qeydə alınmışdır. Həmin sahənin Yataqoba bələdiyyəsi xəritəsindən çıxarışı da vardır. Həmin sahə artıq faktiki olaraq 13 ildir iddiaçının istifadə və sahibliyindədir. O, sahəyə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün mart 2020-ci il tarixində cavabdeh təşkilata ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh təşkilat xx xxxx 2020-ci il tarixli məktubla onun tələbini rədd etmiş, göstərmişdir ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" AR Qanunun 9.1ci maddəsinə əsasən 1.12.2007-ci il tarixdən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və müsabiqələri vasitəsilə əldə edilə bilər. Lakin, cavabdeh təşkilatın mənim tələbimi rədd etməsi əsassızdır.Belə ki, iddiaçı, mülkiyyətinə torpaq verilməsi barədə müraciəti Qanuna qeyd olunan dəyişiklikdən 11 ay əvvəl, xx xxxxxx 2007-ci il tarixində etmiş, bələdiyyənin rəyi də x xxxxxx 2007-ci il tarixində verilib və sahənin pulunu da həmin tarixdə ödəmişdir. Qanuni əsaslarla həmin sahənin pulunu ödəmişdir və sahə də iddiaçıya təhvil verilibsə cavabdeh təşkilatın hərrac bəhanəsi ilə ərizəsini rədd etməsi tamamilə qanunsuzdur. Axı həmin sahə artıq iddiaçıya çoxdan satılmışdır. Bundan başqa, iddiaçı Qarabağ müharibəsi veteranıdır və və bu cür biganə münasibətə layiq deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Torpaq Məcəlləsinin normaları daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və dövlət reyestrindən çıxarışın verilməsi əsaslarını göstərir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması da bu əsaslardan biridir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Vətəndaş İddiaçı Xaçmaz rayonu, Yataqoba kəndi ərazisində yerləşən 0.07 ha torpaq sahəsinin dövlət reyestrində rəsmiləşdirilərək çıxarış alınmasına köməlik göstərilməsi ilə əlaqədar xx.xx.2020-ci tarixdə ********** nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə xx.xx.2020-ci il tarixli **********17 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, iddiaçının xx.xx.2020-ci tarixdə ********** nömrəli müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən baxılmışdır. Təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar iddiaçının müraciət etdiyi 0.07 ha torpaq sahəsi Xaçmaz rayonu, Yataqoba bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 01 saylı qərarı ilə verilmişdir. Bildirirlər ki, həmin dövrdə xx.xx.2007-ci il tarixli 466-1İİQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Qeyd edilən səbəblərdən ərizənizin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun” 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bildirirlər ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçrilməmiş və ərizəsinə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası cavabdehin nüamyəndəsinin iştirakı olmadan keçirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iş materiallarından görsənir ki, Xaçmaz rayonu, Yataqoba bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 01 saylı qərarı ilə Yataqoba bələdiyyəsi ərazisində 0.07 ha torpaq sahəsi İddiaçı satılmış, torpaqların alqı-satqısına dair akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin müdiri X2 iştirakı ilə xx xxxxxx 2008-ci il tarixdə tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. Lakin bələdiyyə tərəfindən torpaq sahəsi satılarkən qanunvericiliyin tələbləri nəzərə alınmamışdır. Belə ki, Belə ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Beləliklə müəyyən edilmişdir ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə riayət olunmamışdır. Həmin qaydaya riayət olunmaması hüquqların dövlət qeydiyyatından imtina üçün əsas təşkil etmişdir. Məhkəmə hesab edir ki, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bildiyi halda, bu qayda pozulduğundan iddiaçının öz ərizəsində göstərdiyi dəlillər hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilə bilməz. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Yataqoba Bələdiyyəsi tərəfindən ona verilmiş 0.07 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının cavabdeh təşkilatın öhdəsinə qoyulmasına” dair iddiası əsassızdır və rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar