Məhkəmə qərarları › İş №2-1(118)-6722/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-6722/2025

13.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6722/2025 13.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şamaxı Regional Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: akt qeydinə düzəlişin edilməsi) GİRİŞ HİSSƏ X4-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Şamaxı Regional Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 13 noyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şamaxı Regional Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1949-cu il tarixli, 155 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında soyadında düzəliş edilərək “Haciyeva”dan “Hacıyeva”ya, adının “Mələkə” (“Məlikə”)dən “Məleykə”yə, doğum tarixinin “xx.xx.1949-cu il”dən “xx.xx.1949-cu il” kimi qeyd edilməsi öhdəliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şamaxı Regional Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxx 1949-cu il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Həmin vaxt ona doğum haqqında şəhadətnamə verilmişdir. Bildirir ki, hal-hazırda Azərbaycan Respublikasının vətəndaşıdır və bu barədə şəxsiyyətini təsdiq edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. Hal-hazırda doğum şəhadətnamənin olmaması ona çətinliklər yaradır. Hesab edir ki, doğum haqqında şəhadətnamə Şamaxı şəhərindən Bakı şəhərinə gələrkən yolda itmişdir. Hal-hazırda doğum haqqında şəhadətnamənin olmaması ona problemlər yaradır. Belə ki, iddiaçının adına hər hansı bir sənədləşmə işi aparılarkən doğum haqqında şəhadətnamə tələb olunur, lakin doğum haqqında şəhadətnamə itdiyi üçün mən onu təqdim edə bilmir. Bununla bağlı ona məxsus doğum haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şamaxı Regional Cavabdehnə müraciət olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şamaxı Regional Cavabdeh 17 iyun 2025-ci il tarixli, 3-16-5/8-66-175/2025 saylı cavab məktubuna əsasən imtina cavabı verilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Cavabdeh orqanın imtinası ilə bağlı bildirir ki, ona məxsus olan bütün sənədlərdə adı “Məleykə”, soyadı “Hacıyeva” doğum tarixi isə xx.xx.1949-cu il kimi göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şamaxı Regional Cavabdeh tərəfindən tərtib edilmiş 17 iyun 1949-cu il tarixli 155 saylı doğum haqqında akt qeydinin digər sənədlərlə ziddiyyət təşkil etməsi vətəndaşın günahı ola bilməz və bu səbəblə dövlət orqanı tərəfindən vətəndaşın hüquqlarının pozulması qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda qeyd etdiyi və iddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, 155 saylı doğum haqqında akt qeydində düzəliş edilməsi üçün yetərli əsaslar mövcuddur.

3. Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-16-5/8-66-175/2025 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1949-cu il tarixli 155 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında soyadı “Haciyeva”dan “Hacıyeva”ya, adı “Mələkə”(“Məlikə”)dən “Məleykə”yə, doğulduğu tarixi “xx.xx.1949-cu ii”dən “xx.xx.1949-cu İl”ə dəyişiklik edilməsi barədə Şamaxı regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinə daxil olmuş müraciətinizə baxılmışdır. Sənədlər tərəfimizdən araşdırılarkən müəyyən edilmişdir ki, Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1949cu il tarixli 155 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında soyadı “Haciyeva”, adı “Mələkə” (Vətəndaşlıq vəziyyəti aklarının arxivində saxlanılan ikinci nüsxəsində “Məlikə”), doğulduğu tarix “xx.xx.1949-cu M” yazılmışdır. Lakin şəxsiyyət vəsiqəsində, Şamaxı rayon qeydiyyat şöbəs tərəfindən tərtib edilmiş xx.xx.1971-ci il tarixli 122 nömrəli nikah haqqında akt qeydində qadın haqqında məlumat qrafasında və övladlarının doğum haqqında akt qeydində ana haqqında məlumat qrafasında adı “Məleykə”, doğum tarixi “xx.xx.1949-cu il” qeyd olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1 və 161.2-ci maddələrinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti oranının müəyyən etdiyi orqanın (qurumun) akt qeydinə dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1949-cu il tarixli 155 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında soyadı “Haciyeva”dan “Hacıyeva”ya, adı “Mələkə” (“Məlikə”)dər “Məleykə”yə, doğulduğu tarixi “xx.xx.1949-cu il”dən “xx.xx.1949-cu il”ə dəyişiklik edilməsi Şamaxı regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən mümkün deyil. Şamaxı regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi Sizə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh məkməyə məktub ilə müraciət edərək, məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

6. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3cü maddəsinə uyğun olaraq, şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

7. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

8. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə Nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

10. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

11. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

12. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı soyadı “Hacıyeva”, adı “Məleykə”, doğum tarixi “xx.xx.1949” qeyd edilmişdir.

13. AZ-İ 109790 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, iddiaçının soyadı “Hacıyeva”, adı “Məleykə” qeyd olunmuşdur.

14. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şamaxı Regional Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı doğum və nikah haqqında akt qeydlərinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

15. xx.xx.1949-cu il tarixli, 155 nömrəli doğum akt qeydindən görünür ki, iddiaçının soyadı “Haciyeva”, adı “Mələkə”, doğulduğu tarix “xx.xx.1949-cu il” qeyd olunmuşdur.

16. xx.xx.1971-ci il tarixli, 122 nömrəli nikah haqqında akt qeydindən görünür ki, iddiaçının adı “Məleykə”, doğum tarixi “xx.xx.1949-cu il” qeyd olunmuşdur.

IV. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin: 1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bəndinə əsasən, aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; - qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ölənlər barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. 6-cı bəndinə əsasən, qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

19. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”:1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur.

IV. Məhkəmənin mövqeyi

21. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

22. İş materiallarında olan sənədlərə əsasən, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ona məxsus Şamaxı rayon qeydiyyat şöbəsində qeydə alınmış doğum haqqında akt qeydində soyadının “Haciyeva” “Hacıyeva”ya, adının “Mələkə" ("Məlikə")dən "Məleykə"yə, doğum tarixinin "xx.xx.1949-cu il" dən" “xx.xx.1949-cu il" kimi düzəliş edilməsini xahiş edir.

23. İddiaçının şəxsiyyət vəsiqəsi mövcuddur, şəxsiyyət vəsiqəsində soyadı “Hacıyeva”, adı “Məleykə”, doğum tarixi “xx.xx.1949” qeyd edilmişdir.

24. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, iddiaçıya məxsus nikah haqqında akt qeydində, nikahın pozulması haqqında şəhadətnamədə soyadı “Hacıyeva”, adı “Məleykə”, doğum tarixi “xx.xx.1949-cu il” olaraq qeyd olunmuşdur.

25. Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.1949-cu il tarixli, 155 saylı doğum akt qeydində iddiaçının soyadı “Haciyeva”, adı “Mələkə” ("Məlikə”), doğum tarixi “xx.xx.1949-cu il” qeyd olunmuşdur ki, məhkəmə bunu iddiaçının digər sənədlərinə əsasən düzgün olmayan hesab edir.

26. Qanunveriliyin yuxarıda qeyd olunan tələbindən də göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır.

27. Məhkəmə hesab edir ki, qeydiyyat orqanlarının hərəkəti nəticəsində doğum haqqında akt qeydində yol verilmiş yanlışlıqlar şəxsin hüquqlarının pozulmasına səbəb olmamalıdır. Buna görə də, məhkəmə iddiaçının soyadının “Hacıyeva”, adının “Məleykə”, doğum tarixinin “xx.xx.1949-cu il” olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının doğum haqqında akt qeydində düzəliş edilməli və onun soyadı “Hacıyeva”, adı “Məleykə”, doğum tarixi “xx.xx.1949-cu il” kimi göstərilməlidir.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

29. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, Qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.1949-cu il tarixində Şamaxı rayon qeydiyyat şöbəsində tərtib edilmiş 155 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında düzəliş edilərək, soyadının “Haciyeva”dan “Hacıyeva”ya, adının “Mələkə” (“Məlikə”)dən “Məleykə”yə, doğum tarixinin “xx.xx.1949-cu il”dən “xx.xx.1949-cu il”ə kimi yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi öhdəliyi cavabdeh Şamaxı Regional Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X4-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar