Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-673/2025 06.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi, əlavə vergi məbləğinin silinməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə İddiaçı X3 (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi, əlavə vergi məbləğinin silinməsi” tələbinə dair iddiası üzrə inzibati işə 6 may 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında inzibati icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”-in 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. 6 yanvar 2022-ci il – 21 iyul 2022-ci il dövr üzrə alıcı "xxxx" MMC ilə satıcı X3 “Təhvil təslim akt”ları və elektron qaimələri.
2. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” 2 avqust 2023-cü il tarixli, **********041600 nömrəli qərarından görünür ki, 2022-ci il hesabat dövrü üzrə “bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı” 19.682,64 manat, “qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik” 5.099,51 manat məbləğində hesablanmışdır.
3. “Formal tələblərə cavab verməyən müraciətlərin araşdırılması barədə” Rəşad Hacıyevə göndərilmiş məktubundan görünür ki, fərdi sahibkar X7 (VÖEN: **********), X4 (VÖEN: **********) və X2 (VÖEN: **********) kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş 16 avqust 2023-cü il tarixli (AVİS qeydiyyatı: 16 avqust 2023-cü il tarixli, **********874800 nömrəli) müraciətinə inzibati şikayətlərə baxılması baş idarəsində baxılır. Tərəfindən təqdim olunmuş inzibati şikayətin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğu yoxlanılarkən, inzibati icraatdakı prosessual vəziyyətini müəyyən etmək mümkün olmamışdır. İnzibati şikayət bu maddədə nəzərdə tutulmuş formal tələblərə cavab vermədikdə, inzibati orqan şikayətin həmin tələblərə uyğun olaraq düzəldilməsi üçün qısa müddət təyin edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini şikayətçiyə izah edir. Qeyd olunanları nəzərə alaraq inzibati şikayətə baxılması üçün şikayətin imzalandığı tarixdə müraciətdə qeyd olunan şəxsin səlahiyyətli nümayəndəsi olmağını təsdiq edən sənəd (etibarnamə) 10 gün müddətində Dövlət Vergi Xidmətinə təqdim edilməlidir. Bu mümkün olmadıqda isə vergi ödəyicisi tərəfindən həmin şikayət üzrə Dövlət Vergi Xidmətinə yenidən müraciət olunmalıdır.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 27 dekabr 2023-cü il tarixli, **********855500 nömrəli məktubu ilə qoşma şəklində aşağıdakı sənəd göndərilmişdir: - “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”dan görünür ki, ********** nömrəli qərar X5 3 avqust 2023-cü il tarixdə göndərilmiş, 8 avqust 2023-cü il tarixdə oxunmuşdur.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 11 mart 2024-cü il tarixli, **********654600 nömrəli məktubu ilə qoşma şəklində aşağıdakı sənəd göndərilmişdir: - “Müraciətə baxılmanın nəticəsi barədə” Rəşad Hacıyevə göndərilmiş məktub. - 14 noyabr 2023-cü il tarixli, **********938600 nömrəli “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” qərardad görünür ki, fərdi sahibkar X1 vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə 16 avqust 2023-cü il tarixli inzibati şikayəti X8, X6 və X11 ilə bağlı hissədə baxılmamış saxlanılmışdır. - 14 noyabr 2023-cü il tarixli, **********935500 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərardan görünür ki, fərdi sahibkar X1 vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə 16 avqust 2023-cü il tarixli inzibati şikayəti təmin edilməmiş, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2 avqust 2023-cü il tarixli, **********041600 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 6 aprel 2024-cü il tarixli, **********9763600 nömrəli etirazı ilə qoşma şəklində aşağıdakı sənəd göndərilmişdir: - 2022-ci il vergi dövrü üzrə “Gəlir vergisinin bəyannaməsi”nə 1, 2 nömrəli əlavələr. - “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub”. - 2022-ci il vergi dövrü üzrə vergiödəyicisi X5 dair “Gəlir vergisinin bəyannaməsi”ndən görünür ki, ödənilməli gəlir vergisi 19.682,64 manat məbləğində göstərilmişdir. - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” 2 avqust 2023-cü il tarixli, **********041600 nömrəli qərarı (§1).
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
7. İddiaçı X9 (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 2 avqust 2023-cü il tarixli, **********041600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi, gəlir vergisi üzrə hesablanmış 19.682,64 manat əlavə vergi məbləğinin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi işin hallarına (§1-3) istinad edərək onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvlərilə birlikdə metal qırıntıları yığımı ilə məşğuldur. Sumqayıt şəhəri və ətrafdakı rayonlarıdan metal qırıntılarını toplayaraq, metal qəbulu ilə məşgul olan "xxxx" MMC-yə təhvil-təslim aktı və e-qaimə əsasında verilir. Metal qırıntıları toplamaqla ailəsini dolandırmağa çalışırlar. Buna baxmayaraq, cavabdeh tərəfindən barəsində 2 avqust 2023-cü il tarixli, **********041600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq, 2022-cü il üçün gəlir vergisi üzrə 19.682,64 manat əlavə vergi məbləği hesablanmışdır. Sözügedən kameral vergi yoxlamasının nəticəsi ilə razı olmadığından, tərəfindən cavabdehin 2 avqust 2023-cü il tarixli, **********041600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinə şikayət verilmişdir. Lakin bugünədək şikayəti əsasında hər hansı bir qərar qəbul edilməmişdir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hesab edir ki, cavabdehin 2 avqust 2023-cü il tarixli, **********041600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı təmamilə qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, mübahisləndirdiyi qərar belə əsaslandırılmışdır ki, gəlir vergisi bəyannaməsi və hesabatı təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən gəlir vergisi hesablanmışdır. Lakin cavabdeh gəldiyi qənaəti əsaslandırmamış, təmamilə əsassız olaraq mülahizələr əsasında əlavə vergi məbləği hesablamışdır.
9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 3.11, 36.2, 63.1, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə (bundan sonra – “İPM”) 32.1, 70.1-ci maddələrinə istinad olunmuşdur.
10. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
11. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
12. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək, onun təmin edilməməsini xahiş etmişdir.
13. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh vergi ödəyicisi kimi qeydiyyatda olan iddiaçıya kameral vergi yoxlaması ilə 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə 19.682,64 manat vergi məbləği hesablanmışdır. Qarşılıqlı əlaqələrin təhlili nəticəsində vergi ödəyicisinin 2022-ci il üzrə gəlir və (və ya) xərclərinin olmasına baxmayaraq, həmin dövr üzrə mənfəət (gəlir) vergisi bəyannaməsi təqdim edilmədiyi üçün kənarlaşma yaranmışdır ki, bu da vergidən yayınma riski kimi qiymətləndirilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 20 iyul 2023-cü il tarixli, **********260900 nömrəli AVİS-dən kənar uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən və müvafiq dövr üzrə bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlamasına əsasən 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə 19.682,64 manat vergi məbləği hesablanmış və vergi ödəyicisinə 2 avqust 2023-cü il tarixli, **********041600 nömrəli analoji hesablama barədə qərar göndərilmişdir.
14. Etirazın maddi hüquqi əsası kimi VM-in 16.1.3, 16.1.6, 16.1.7, 37.1, 37.3, 37.4, 37.5, 50.1.1, 67.1, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə (bundan sonra – “İPM”) 48.2-ci maddəsinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakları və izahatları:
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında təmsil edilməmişdirlər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
17. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
18. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPMin 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
19. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahat verərək, iddia tələbini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının gəlir (mənfəət) üzrə vergisi bəyannaməsinin hazırlanması üçün iclasın təxirə salınmasını xahiş etmişdir.
20. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi X10 etirazın dəlillərinə uyğun izahat vermiş, iddianın təmin edilməməsini xahiş etmişdir.
21. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
22. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
23. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
24. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
25. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir.
Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ.Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.”
27. VM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər (-) 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.”
Maddə 15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: ... 15.1.15-3. hesablanmış, yenidən hesablanmış, ödənilmiş və artıq ödənilmiş vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, fаizlər, maliyyə sanksiyaları və inzibati cərimələrlə bağlı vergi orqanlarından elektron və (və ya) kağız daşıyıcılarda üzləşmə aktı tələb etmək; ...
“Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; ... 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; ... 16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), mühasibat uçotu elektron formatda aparıldığı halda, vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək; 16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. ... 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər.
Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar.
28. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.”
“Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
Məhkəmənin mövqeyi
29. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
30. İddiaçı tərəf cavabeh tərəfindən qəbul edilmiş qərarı ilə razılaşmayaraq, həmin qərarda gəlir vergisi üzrə hesablanmış 19.682,64 manat əlavə vergi məbləğinin silinməsi tələbi ilə müraciət etmişdir.
31. Cavabdeh tərəfin mövqeyinə görə qarşılıqlı əlaqələrin təhlili nəticəsində vergi ödəyicisinin 2022-ci il üzrə gəlir və xərclərinin olmasına baxmayaraq, həmin dövr üzrə mənfəət (gəlir) vergisi bəyannaməsi təqdim edilmədiyi üçün kənarlaşma yaranmışdır ki, bu da vergidən yayınma riski kimi qiymətləndirilmişdir. İddiaçıya göndərilmiş uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən və müvafiq dövr üzrə bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlamasına əsasən 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə 19.682,64 manat vergi məbləği hesablanmış və analoji hesablama barədə qərar göndərilmişdir.
32. Yuxarıda istinad edilən vergi qanunvericiliyinin müvafiq müddəalarına əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.
33. Həmçinin, kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir.
34. İş materiallarında mövcud olan məlumatlara əsasən müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya 2022-ci il hesabat dövrü üzrə 19.682,64 manat məbləğində gəlir vergisi hesablanmış və bu barədə iddiaçıya münasibətdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” 2 avqust 2023-cü il tarixli, **********041600 nömrəli qərar qəbul edilmişdir. İddiaçı hazırkı iddia tələbini qaldıraraq, qeyd edilən qərar ilə razılaşmır və göstərilən borc məbləğinin silinməsini xahiş edir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 avqust 2024-cü il tarixli, 2-1(102)-1617/2024 saylı qərarında da qeyd olunduğu kimi, “... qeyd edilən halların araşdırılması və qiymətləndirilməsi məhkəmənin xidməti vəzifəsinə görə müstəqil qaydada toplayacağı sübutlarla yanaşı, həm də sübutetmə yükünün bölüşdürülməsi qaydasında tərəflərin hər birinin təqdim etməli olduğu sübutlardan da asılıdır.” (bənd 37)
36. İş materialı ilə müəyyən olunur ki, bəyannamə inzibati orqana təqdim olunmamışdır. Həmçinin, iddiaçının nümayəndəsi və vəkilinin verdiyi izahatlarından bəyannaməsinin olmaması mübahisələndirilməmişdir. Belə ki, məhkəmə iclası zamanı həmin bəyannaməsinin hazırlanıb təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınması xahiş edilmişdir.
37. Daha sonra iddiaçı tərəfindən gəlir (mənfəət) vergisi bəyannaməsi tərtib edilərək, cavabdeh orqana təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Həmin bəyannaməyə əsasən ümumi gəlir 108,798.96 manat, xərclər 10,385.76 manat olmaqla, vergiyə cəlb olunan gəlir 98,413.20 manat və ödənilməli gəlir vergisi 19.682,64 manat məbləğində hesablanmışdır.
38. Lakin Gəlir vergisinin bəyannaməsinə Əlavə №1,Əlavə №2, Əlavə №3 tamamilə boş vermişdir.
39. Göründüyü kimi, vergi ödəyicisinin 2022-ci il üzrə gəlir və (və ya) xərclərinin olmasına baxmayaraq, həmin dövr üzrə mənfəət (gəlir) vergisi bəyannaməsi təqdim edilmədiyi üçün kənarlaşma yaranmışdır.
40. Vergi orqanı tərəfindən yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 20 iyul 2023-cü il tarixli, **********60900 nömrəli AVİS-dən kənar uyğunsuzluq məktubu göndərilmişdir.
41. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən və müvafiq dövr üzrə bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlamasına əsasən 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə 19.682,64 manat vergi məbləği hesablanmış və vergi ödəyicisinə 2 avqust 2023-cü il tarixli, **********041600 nömrəli analoji hesablama barədə qərar göndərilmişdir.
42. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddiaçının cavabdehə qarşı “qərarın ləğv edilməsi, əlavə vergi məbləğinin silinməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin еdilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
43. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin 2 avqust 2023-cü il tarixli, **********041600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi, gəlir vergisi üzrə hesablanmış 19.682,64 manat əlavə vergi məbləğinin silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Könül Həbibova