Məhkəmə qərarları › İş №2-1(118)-6730/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-6730/2025

07.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6730/2025 07.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X12 Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayon Məlhəm Bələdiyyəsinin 17 aprel 2025-ci il tarixli iclas protoklu və 25 aprel tarixli qərarı ilə onun mülkiyyətinə verilmiş 8,47 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Şamaxı rayon Məlhəm Bələdiyyəsinin 14 mart 2006-cı il tarixli qərarı ilə 11,47 ha torpaq sahəsi satılmış ona Dövlət Aktı verilmişdir. Ona o zaman bildirilmişdir ki, ona məxsus torpaq sahəsinin yerində cənab Prezidentin İqamətgahı inşa edilir. Yerinə hər hektarı üçün 50000 (əlli min manat) və ya torpaq sahəsi əvəzləşdirilib veriləcəkdir. Əvəzləşdirmənin birinci mərhələsi olaraq onun ailə üzvlərinin və yaxınlarının adına hər biri 0,12 ha olmaqla 8 ədəd torpaq sahəsi ümumi sahəsi 0,96 ha torpaq sahəsi Bələdiyyənin rəsmi qərarları əsasında əvəzləşdirilib verildi. Həmin qərarları qeyd edir belə ki, Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin 04 aprel 2006-cı il tarixli 04 saylı qərarı ilə X3 adına 0,12 ha fərdi yaşayış evinin tikintisi iiçün, Şamaxı rayon Məlhəm Bələdiyyəsinin 16 may 2006-cı il tarixli 08 saylı qərarı ilə X4 adına 0,12 ha fərdi yaşayış evinin tikintisi üçün, Şamaxı rayon Məlhəm Bələdiyyəsinin 28 aprel 2006-cı il tarixli 07 saylı qərarı ilə X7 adına 0,12 ha fərdi yaşayış evinin tikintisi üçün, Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin 13 aprel 2006-cı il tarixli 05 saylı qərarı ilə İddiaçı adına 0,12 ha fərdi yaşayış evinin tikintisi üçün, Şamaxı rayon Məlhəm Bələdiyyəsinin 16 fevral 2006-cı il tarixli 04 saylı qərarı ilə X1 adma 0,12 ha fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri əvəzləşdirmənin birinci mərhələsi üzrə əvəzləşdirilmişdir. Daha sonra torpaq sahəsinə uyğun yəni 8,47 ha torpaq sahəsindən yerdə qalan 7,51 ha ərazi ona verilmədiyi üçün Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Hər üç instansiyada işləri olmuş və yekunda İddiaçı bələdiyyənin özəlləşdirilməsi mümkün olan ehtiyat fondu torpağından 8,47 ha verilməsi Şamaxı rayonunun Məlhəm Bələdiyyəsinə həvalə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi MİÜMK-mn 26 yanvar 2009-cu il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 may 2009-cu il tarixli 2(102)- 1307/09 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi MİÜMK-nın 26 yanvar 2009-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. 2009-cu ildə qərar qanuni qüvvəsini almış Ali Məhkəmənin qərarı icra olunmaq üçün göndərilməmişdir.Həmin qərar əsasında 15 ildən sonra zorla xx.xx.2008-ci il tarixli icra vərəqsini almış, icra vərəqsi icra olunmaq üçün Şamaxı rayon İcra Şöbəsi tərəfindən Şamaxı rayonunun Çuxuryurd Bələdiyyəsinə göndərilmişdir. Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin 17 aprel 2025-ci il tarixli iclas protoklu və 25 aprel tarixli qərarı əsasında Şamaxı rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli icra vərəqsində göstərilmiş qaydada Bələdiyyənin ehtiyyat fondundan Özəlləşdirməsi mümkün olan torpaqlardan İddiaçı 8.47 ha torpaq sahəsinin verilməsi barədə qərar qəbul edilmişdir. İcra sənədi Bələdiyyə tərəfindən tam icra olunmuşdur. Lakin İcra sənədi üzrə 3-cü şəxs kimi göstərilən və verilən əraziyə Çıxarışın verilməsi üzrə borclu olan DƏDRX-in 14 saylı Ərazi İdarəsi icra sənədinin icrasından yayınır. Hal-hazırda DƏDRX 24 iyun 2025-ci il tarixli, 3-21-3-41/2-C-0006-8/2025 saylı imtina məktubu vermiş və imtinasını onunla əsaslanıdırmışdır ki, Şamaxı rayonu Çuxuryurd kənd Bələdiyyəsi torpaq sahəsinin verilməsinə dair ilkin hiiquqmüəyyənedici sənədləri 15 mart 2002-ci il tarixli 274-İİQ nömrəli AR qanuni ilə təsdiq edilmiş Bələdiyyə Əsasnaməsinin tələblərinə uyğun hazırlanmamışdır.Cavabdehin imtinası qanunsuz və əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Məhkəməyə hazırkı iddia tələbi ilə birgə iddiaçı kimi Şamaxı rayon Məlhəm Bələdiyyəsi də iddia ərizəsini imzalanmışdır. Lakin, sonradan məhkəməyə teleqram vasitəsi ilə müraciət edən Şamaxı rayon Məlhəm Bələdiyyəsi iddiaçı qismində bələdiyyənin iştirakına xitam verilməsini xahiş etmişdir. Qeyd edilənləri məhkəmə nəzərə almışdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 14 saylı Şamaxı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, məhkəmə qərarı əsasında Şamaxı rayon Məlhəm bələdiyyəsi tərəfindən Şamaxı rayonu, Qaleybuğurd kəndi ərazisindən ayrılmış 8.47 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir.Araşdırma zamanı müəyyən olunmuşdur ki, Şamaxı rayon Çuxuryurd Bələdiyyəsi tərəfindən Şamaxı Rayon Məhkəməsində cavabdeh İddiaçı qarşı “Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin 14 may 2006-cı il tarixli alqı-satqı qərarlarının və Şamaxı notariat kontorunda qeydə alınmış 19 may 2006-cı il tarixli 42-35 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, onların əsasında verilmiş JN-196 saylı 41017018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktının və seriya MH ******* nömrəli mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi” tələbinə dair iddia qaldırılmışdır. Şamaxı Rayon Məhkəməsinin 2(074)-43/2008 saylı, 9 sentyabr 2008-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin olunmuşdur. Bundan əlavə İddiaçı qarşılıqlı iddia qaldırdığına görə, Şamaxı Rayon Məhkəməsi tərəfindən İddiaçı bələdiyyənin özəlləşdirilməsi mümkün olan ehtiyat fondu torpaqlarından 8,47 ha torpaq sahəsinin verilməsi Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin üzərinə öhdəlik qoyulmuşdur.Şamaxı rayon Məlhəm (Çuxuryurd) Bələdiyyəsi tərəfindən Şamaxı rayonu, Qaleybuğurd kəndi ərazisində ayrılmış 8,47 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi məhkəmə tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulmamışdır. Hal-hazırda Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şamaxı rayon (Çuxuryurd) Məlhəm bələdiyyəsinin 21 aprel 2025-ci il tarixli 03 saylı qərarı ilə İddiaçı Şamaxı rayon Qaleybuğurd kəndi ərazisindən 8,47 ha hektar torpaq sahəsi ayrılmışdır.Şamaxı rayon Qaleybuğurd kəndi ərazisindən ayrılmış 8.47 hektar torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlər 2002-ci il 15 mart tarixli, 274-İİQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin tələblərinə uyğun hazırlanmamışdır. Belə ki, Bələdiyyə tərəfindən ayrılan torpaq sahəsinə mülkiyyət hüququna dair sənədlər əldə edilmədən birbaşa vətəndaşa ayrılmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş torpaqayırma prosedurlarına uyğun olaraq, Bələdiyyə mülkiyyət hüququna dair sənəd əldə etdikdən sonra notarial qaydada bağlanmış müqavilə əsasında torpaq sahəsini özgəninkiləşdirə bilər. Qeyd olunanları nəzərə alaraq, sözügedən 8.47 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi X2 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 24 iyun 2025-ci il tarixli, 3-21-3-41/2-C-0006-8/2025 nömrəli imtina məktubu, etiraz ərizəsi, Şamaxı Rayon Məhkəməsinin 2-43 nömrəli, xx.xx.2008-ci il tarixli qətnaməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(105)-50/2009 nömrəli qətnaməsinin surəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(102)-1307/09 nömrəli qərarının surəti, Şamaxı rayon Məlhəm Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 03 saylı qərarının surəti, Məlhəm Bələdiyyəsinin torpaq sahəsinə dair yerquruluşu layihəsindən çıxarışın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması haqqında bələdiyyə qərarının verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 14 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 14 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 14 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 14 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 14 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 24 iyun 2025-ci il tarixli, 3-21- 3-41/2-C-0006-8/2025 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Şamaxı rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı Şamaxı Rayon Məhkəməsinin 2-43 nömrəli, xx.xx.2008-ci il tarixli qətnaməsi əsasında bələdiyyənin ehtiyyat fondundan alqı-satqı predmeti olan 8.47 ha torpaq sahəsinin ayrılması Çuxuryurd Bələdiyyəsinə həvalə olunmuşdur. Sğzügedən qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2009-ci il tarixli, 2(105)-50/2009 nömrəli qətnaməsinə asasən dəyişdirilmədən qüvvədə saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(102)-1307/09 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Şamaxı Rayon Məhkəməsinin 2-43 nömrəli, xx.xx.2008-ci il tarixli qətnaməsi Şamaxı rayon Məlhəm Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 03 saylı qərarı əsasında icra edilərək iddiaçıya təhvil verilmişdir. Lakin, cavabdeh orqan tərəfindən bələdiyyənin müvafiq qərarının mövcud qanunvericiliyə uyğun şəkildə ayrılmaması qeyd edilərək, iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasından imtina edilmişdir. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün gətirilən arqumentlər əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi 2008-ci ildən uzun surən məhkəmə çəkişmələri əsasında əldə edilmişdir. Məhkəmə qərarları müvafiq orqanlar tərəfindən gec icra edilməsi iddiaçının səhvinin ucbatından olmamışdır. Şamaxı rayon Məlhəm Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 03 saylı qərarına nəzər yetirdikdə məhz preyudisial əhəmiyyətə malik məhkəmə qətnaməsinin icrası əsas götrülərək, qəbul edilmişdir. Yəni iddiaçıya mübasibətdə cavabdehin nəzərdə tutuduğu prosedurlar nəzərə alınmamalıdır. Nəzərə almaq lazımdır ki, bələdiyyənin sözügedən qərarı qüvvədədir və o da pryedusiyal əhəmiyyətə malikdir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10, 15 və 16-cı bəndlərinə əsasən torpaq sahəsinin ayrılmasını tələb edən şəxsin müraciətini nəzərdən keçirərək həmin torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğunu müəyyən edir. Əgər həmin ərazi üzrə torpaq sahəsinin ayrılması məqsədə uyğun hesab edilərsə, o halda bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən torpağın hərrac və hərrac keçirilmədən ayrılması məsələsini həll edir. Həmin Qanunun 6.2ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “İnzibati İcraat” haqqında Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. “İnzibati İcraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Beləliklə də cavabdeh təşkilat tərəfindən iddiaçıya ayrılmış 8.47 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaması İddiaçı konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinasında və etirazında gətirdiyi bütün arqumentlər əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Şamaxı rayon Məlhəm Bələdiyyəsinin 17 aprel 2025-ci il tarixli iclas protoklu və 25 aprel tarixli qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 8,47 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar