Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-675/2021 27.01.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı XXX İddiaçı1 XXX oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “birgə nikahdan olan qızları Aytən Aydın qızının, soyadı “Aydınlı”, adı “Aytən”, ata adı “Aydın” qızı kimi olmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Sumqayıt şəhər İcra Hakimiyyətinə həvalə edilməsinə” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar XXX İddiaçı1 XXX oğlu və İddiaçı2 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq birgə nikahdan olan qızları Aytən Aydın qızının, soyadı “Aydınlı”, adı “Aytən”, ata adı “Aydın” qızı kimi olmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Sumqayıt şəhər İcra Hakimiyyətinə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 1991-ci ildə ata adından və soyadından imtina etdiyi üçün ona yeni şəxsiyyət vəsiqəsi verilmişdir. Bu şəxsiyyət vəsiqəsində “soyadı” və “ata adı” yerləri boşdur. “Adı” yerində isə İddiaçı1 kimi göstərilir. Həyat yoldaşı İddiaçı2 ilə (N/Ş Vİİ-)ЖГ № 440393 №-li, xx xxxxxx 2001-ci il tarixli), birgə nigahlarından olan, qızları xx.xx.2004-cü il doğum təvəllüdlü (D/Ş AZ-İ № 442905 №-li, xx xxxxxx 2004-cü il tarixli) Aytənə şəxsiyyət vəsiqəsi verildikdə, onun şəxsiyyət vəsiqəsində “soy adı” yerində XXX, “adı” yerində Aytən, “ata adı” yerlərində isə XXX Aydın yazılmışdır. Bu səbəbdən qızı Aytən Aydın qızının soyadı “Aydınlı”, adı “Aytən”, ata adı “Aydın” qızı kimi olmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Sumqayıt şəhər icra hakimiyyətinə müraciət etmişdirlər. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən müraciətlərinə C-91-164 saylı, xx.xx.2020 ci il tarixli məktubla cavab olaraq, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1 -ci maddəsi əsas gətirilərək bildirilmişdir ki, Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verilə bilər. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189 -cu maddəsinə istinad edətrək, AR vətəndaşının öz adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verildiyi bildirilmişdir. Sumqayıt şəhər İcra hakimiyyətinin verdiyi cavab iddiaçıları qane etmir. Belə ki, özlərinin istinad etdiyi kimi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1 -ci maddəsinin tələbinə əsasən hər iki valideynin və eləcə 10 yaşından yuxarı, 18 yaşma çatmayan vətəndaşların ad və soyadlarını dəyişməsi bu şəxslərin (Həm valideynlərin, həmdə uşağın) müraciəti zamanı müvafiq icra hakimiyyətinin üzərinə düşən vəzifədir. Amma İcra Hakimmiyəti bu vəzifəni icra etməkdən imtina etmişdir. Azərbaycan Respublikası konstitusiyasının 60-maddəsinin tələbinə əsasən, Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmə müdafiəsinə təminat verilir. Odur ki, iddiaçılar öz konstitusion hüquqlarından istifadə etməklə, İnzibati məhkəməyə müraciət etmək qərarına gəlmişdirlər. Hesab edirlər ki, övladlarının soyadının dəyişdirilməsi bir valideyn olaraq həm onların, həmdə övladlarının hüququdur və heç kim bunu məhdudlaşdıra və ya bu hüququ əllərindən ala bilməz. Sumqayıt şəhər İcra Hakimiyyətinin bu imtinası onların vətəndaş olaraq konstitusion hüquq və azadlıqlarını pozur. Əslində müraciətlərinin imtina olunması iddiaçılara bir o qədər də aydın deyil. İlk növbədə övladlarının soyadının dəyişdirilməsi ilə müraciətlərinə cavabdeh tərəfindən qərar formasında inzibati akt qəbul edilməli idi (Qaydaların 1.5 və 6.18-ci bəndləri). Müraciətləri əsasında yazılı formada inzibati aktın qəbul edilməli olması həm də “İnzibati icraat haqqında” Qanunun tələblərindən irəli gəlir. Həmin Qanunun müddəalarına görə: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin qanunun 57.1 -ci bəndinin tələbinə əsasən başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Lakin göründüyü kimi, cavabdeh müraciətimiz əsasında belə bir inzibati akt qəbul etməmiş və yalnız məktubla cavab vermişdir. Cavabdeh həmçinin “İnzibati icraat haqqında” Qanunun 61 -ci maddəsinin tələblərinə riayət etməyərək qəbul etməli olduğu inzibati aktın əsaslandırılmasını da həyata keçirməmişdir. Azərbaycan Respublikası İinzibati Prosessual Məcəlləsinin 33.1 -ci maddəsinin tələbinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin məcəllənin 33.2-ci madəsinin tələbinə əsasən, Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası İinzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə əsasən, İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.2-ci maddəsinin tələbinə görə, İddaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1 -ci maddəsinin tələbinə əsasən, Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Bu məcəllənin 26.2- ci maddəsinə uyğun olaeaq, Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 191.2-ci maddəsinə görə, Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşma çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşma çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Eyni zamanda həmin Məcəllənin 192-ci maddəsinin tələbinə əsasən, adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçılar imtina məktubunu xx.xx.2020-ci il tarixində əldə etmişdirlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. İddiaçılara hüquqi yardım edilməsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasında XXX İddiaçı1 XXX oğlu iştirak etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin normaya uyğun olaraq iddiaçı tərəfin tələbi aydınlaşdırılmış, iddiaçıya hüquqi yardım edilmiş, hüquqi müdafiyə imkanları izah edilmişdir. İddiaçıya izah edilmişdir ki, mövcud qanunvericiliyə əsasən Sumqayıt şəhər İcra Hakimiyyətinin doğum haqqında şəhadətnamə vermək səlahiyyəti movcud deyil. İzah edilmişdir ki, hüquqi müdafiyə vasitəsi olaraq XXX İddiaçı1 XXX oğlu öz adı, soyadı və ata adı ilə bağlı müvafiq dəyişikliklər tələb edə bilər və buna uyğun olaraqda uşağın soyadında və ata adında müvafiq dəyişikliklər edilə bilər, hansıki bu uşağında mənafeyinə uyğundur. Və ya müvafiq razılıq olarsa uşağın anasının soyadını daşıması imkanı qanunvericiliyə əsasən mümkündür. Uşaq yetkinlik yaşına çatdıqdan sonra isə, özü istədiyi ad, soyad, ata adı seçə bilər. İddiaçı XXX İddiaçı1 XXX oğlu iddiaya baxılmasını və müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçılar birgə nikahdan olan qızları Aytən Aydın qızının, soyadı “Aydınlı”, adı “Aytən”, ata adı “Aydın” qızı kimi olmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Sumqayıt şəhər İcra Hakimiyyətinə həvalə edilməsini məhkəmədən xahiş edir. Ailə Məcəlləsinin 54-cü maddəsi uşağın adının və soyadının dəyişdirilməsi əsaslarını müəyyən edir. Sözügedən məcəllənin 54.1-ci məddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin x xxxx 2000-ci il tarixli, № 297 saylı Fərmanının 2-ci bəndinə əsasən həmin Məcəllənin 54.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Yuxarıda qeyd olunan normadan göründüyü kimi yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən uşaq 18 yaşına çatana qədər onun soyadının digər valideynin soyadına dəyişdirilməsinə icazə verilə bilər. Soyadın dəyişdirilməsinin həyata keçirilməsi isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin səlahiyyətinə aiddir. Göründüyü kimi qanunverici müvafiq icra hakimiyyəti orqanının uşağın adının dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə biləcəyini müəyyən etmişdir. Lakin soyadın dəyişdirilməsinə isə yalnız digər valideynin soyadı ilə əvəz olunması halında icazə verilə biləcəyini birmənalı olaraq müəyyən etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, nəinki Sumqayıt şəhər İcra Hakimiyyəti, həmçinin soyadın dəyişdirilməsinə səlahiyyətli orqan olan qeydiyyat şöbələri tərəfindən də yetkinlik yaşına çatmayan şəxslərin soyadının başqa soyadına dəyişdirilməsi səlahiyyəti verilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq birgə nikahdan olan qızları Aytən Aydın qızının, soyadı “Aydınlı”, adı “Aytən”, ata adı “Aydın” qızı kimi olmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Sumqayıt şəhər İcra Hakimiyyətinə həvalə edilməsinə dair iddiası mümkün hesab edilməməlidir. İdiaçılara izah edilsinki, yuxarıda qeyd edilən hüquqi müdafiyə vasitələrindən istifadə edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-675/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-675/2021
27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver