Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6756/2025 25.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ X1-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 25 sentyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövrlərin ümumi Sığorta (Əmək) stajına daxil etməklə ona təyin edilmiş yaşa görə əmək pensiyasını yenidən hesablamaq və bu yeni hesablamaya görə 10 fevral 2025-ci il tarixdən pensiya fərqi nəzərə alınmaqla ödəniş etmək vəzifəsi Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir.
2. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işlədiyi xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.2006-cı il tarixədək olan dövrlərin ümumi sığorta stajına daxil edilməklə xx.xx.2025-ci il tarixdən pensiya fərqi nəzərə alınmaqla ödəniş etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1960-cı ildə Gədəbəy rayonunda anadan olmuşdur. Fevral 2025-ci il tarixdə 65 yaşı tamam olduğu üçün yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Cavabdehin səhvinə görə, iddiaçıya fevral 2025-ci il tarixdə yaşa görə 220 manat sosial müavinət təyin edilmişdir. Ümumi sığorta stajı əyani təhsil almağı, hərbi xidmətdə olmağı və tam əmək stajı nəzərə alınmaqla 31 il, 7 ay, 16 gün müəyyən olunmalıdır. Bununla razılaşmayıb ərazi üzrə ƏƏSMN tabeliyində DOST Agentliyinin Abşeron DOST Mərkəzinə ərizə ilə müraciət etmişdir. Ərizəyə aidiyyəti üzrə DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmışdır. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əsassız səbəb olaraq bildirir ki, nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və tərtibi qaydaları”na əsasən, əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu (işdən azadolma qeydi SSRİ möhürü ilə təsdiqləndiyindən) sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.1997-ci il tarixdən xx.xx.2006cı il tarixədək "xxxx" ASC-də əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Fondun Abşeron-Xızı regional filialının "xxxx" ASC ilə birgə tərtib etdiyi akta əsasən, sözügedən müəssisənin arxiv sənədləri aşkarlanmadığından həmin müəssisədə əmək haqqı alıb-almadığınızı müəyyənləşdirmək mümkün olmayıb. Eyni zamanda, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından sözügedən dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödəniiib-ödənilməməsi haqqında araşdırmanın aparılması üçün Fondun müvafiq sturuktur bölməsinə sorğu göndərilmişdir. Sözügedən sorğuya cavab olaraq, Mərkəzi Filiala daxil olmuş məktuba əsasən, "xxxx" ASC-nin rekvizitləri (SUN və ya VÖEN) əlavə edilmədiyindən sözügedən təşkilat barədə məlumatların (məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş) Nazirliyin məlumat uçot bazasında araşdtniması mümkün olmamışdır. Bu səbəbdən, qeyd olunan dövr sığorta stajınıza daxil edilməyib. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümümi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh ona 18 il, 1 ay, 9 gün sığorta stajı müəyyən etmiş, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Bu barədə mənə xx.xx.2025-ci il tarixli №03-17-1/2-A-103358/2025 saylı “Yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olunması haqqında” cavab məktubu göndərmişdir. Məktub Abşeron DOST Mərkəzində xx.xx.2025-ci il tarixdə Təhvil-Təslim Aktı ilə təqdim edilmişdir. İddiaçı cavabdehin qərarı ilə razı deyil. Heç bir hüquqi əsası yoxdur. Belə ki, “İşçilərin əmək kitabçasının forması və tərtibi qaydaları”na əsasən, əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu (işdən azadolma qeydi SSRİ möhürü ilə təsdiqləndiyindən) sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir.” fikri ağılasığmazdır. Azərbaycan Respublikası SSRİ tərkibindən ayrılaraq müstəqillik qazansa da, 1995-ci il tarixədək kargüzarlıq sənədləri, Dövlət nümunəli blanklar və vəsiqələr kiril əlifbası ilə tərtib edilirdi, bir çox orqanlarda möhürlər belə SSRİ möhürü saxlanılmışdır. Sübut olaraq bildilir ki, 3-cü qrup əlillik vəsiqəsi o vaxtki DSMF xx.xx.1993-cü il tarixdə SSRİ möhürü ilə təsdiqlənib. İddiaçıya verilən xx.xx.1997-ci il tarixli Vergi Şəhadətnaməsi də kiril hərfləri ilə tərtib edilib. Digər göstərdiyi “Fondun Abşeron-Xızı regional filialının "xxxx" ASC ilə birgə tərtib etdiyi akta əsasən, sözügedən müəssisənin arxiv sənədləri aşkarlanmadığından həmin müəssisədə əmək haqqı alıb-almadığınızı müəyyənləşdirmək mümkün olmayıb.” fikri ağılasığmazdır. Sənədlərin arxivləşdirilməsi hər hansı bir işçinin deyil, müəssisənin vəzifəsidir. Əmək haqqı fikrinə gəlincə isə bildirir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubundan aydın görünür ki, burada işlədiyi 9 il 11 ay 24 gün müddətində 80 manat vergi ödəmişdir. Bu məktubu Abşeron DOST mərkəzinə təqdim etmiş, lakin cavabdeh bu faktı nəzərə almayıb. Xüsusi ilə qeyd edir ki, cavabdeh imtina məktubunda əsassız qeyd edərək bildirir ki, “Eyni zamanda, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından sözügedən dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi haqqında araşdırmanın aparılması üçün Fondun müvafiq sturuktur bölməsinə sorğu göndərilmişdir. Sözügedən sorğuya cavab olaraq Mərkəzi Filiala daxil olmuş məktuba əsasən "xxxx" ASC-nin rekvizitləri (SUN və ya VÖEN) əlavə edilmədiyindən sözügedən təşkilat barədə məlumatların (məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş) Nazirliyin məlumat uçot bazasında araşdırılması mümkün olmamışdır. Bu səbəbdən, qeyd olunan dövr sığorta stajınıza daxil edilməyib.” fikri absurddur. Belə ki, müraciəti əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli № 3-21-2-9-/2-A-3xxxx/2025 saylı cavab məktubunda qeyd ediblər ki, VÖEN hesabında 80 manat məbləğ var. 80 manat məbləğ xx.xx.2006-cı il tarixdən elektron sistemə keçdikdən sonra ödənilən məbləğdir ki, bu da elektron vergi sistemində var. Bu məbləğ bəs edir ki, yaşa görə əmək pensiyası təyin edilsin. Bu faktı təsdiq edən əmək kitabçası, vergi orqanının məktubu və s. sənədlərdə və onunla birgə həmin müəssisədə işləmiş və hazırda əmək pensiyası alan şəhidlər sübut edir, lakin cavabdeh əsassız olaraq işlədiyi müddəti ümumi sığorta stajına daxil etməyib.
4. Cavabdeh tərəfindən təqdim edilən iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Bildiririk ki, İddiaçı tərəfindən təqdim olunmuş sənədlərin surətlərinə və aparılan inzibati araşdırma nəticəsində əldə olunmuş məlumatlara əsasən, xx.xx.1975-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək əyani təhsil aldığı illər, xx.xx.1979-cu il tarixindən xx.xx.1985-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla iddiaçının cəmi sığorta stajının 18 il 1 ay 9 gün təşkil etdiyi müəyyən edilmişdir. Eyni zamanda, iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 16 il 4 ay 9 gün sığorta stajına uyğun olaraq, 16846,27 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2023cü il tarixinədək 6528,59 manat olmaqla, ümumilikdə, 23374,86 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ hazırda qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təminatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Bundan əlavə, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1990-cı il tarixindən xx.xx.1993cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğundan (işdənçıxma qeydi SSRİ möhürü ilə təsdiqlənmişdir) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Eyni zamanda, əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1993-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək 2 №-li trestin Avtonəqliyyat müəssisəsində və xx.xx.1997-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" ASC-də əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2025-ci il tarixli məktubuna əsasən, 2 №-li trestin Avtonəqliyyat müəssisəsində 1995-ci il tarixində 1 ay, 1996-cı il tarixində 3 ay iddiaçının adına əməkhaqqı hesablanmadığından həmin dövrlər sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Fondun Abşeron-Xızı regional filialının "xxxx" ASC ilə birgə tərtib etdiyi akta əsasən, sözügedən müəssisənin arxiv sənədləri aşkarlanmadığından iddiaçının həmin müəssisədə əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmayıb. Qeyd olunanlardan əlavə, xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından sözügedən dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi haqqında araşdırmanın aparılması üçün Fondun müvafiq struktur bölməsinə sorğu göndərilmişdir. Sözügedən sorğuya cavab olaraq Mərkəzi Filiala daxil olmuş məktuba əsasən "xxxx" ASC-nin rekvizitləri (SUN və ya VÖEN) əlavə edilməyindən sözügedən təşkilat barədə məlumatların (məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş) Nazirliyin məlumat uçot bazasında araşdırılması mümkün olmamışdır. Bu səbəbdən, qeyd olunan dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən, əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən, iddiaçıya xx.xx.2025-ci il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımından İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qovulması” tələbinə dair iddiası təmin edilməməlidir.
5. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
6. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verən cavabdehin nümayəndəsi E.Hüseynov iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
10. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
11. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:
12. БТ 594725 nömrəli diplomdan görünür ki, İddiaçı 1975-1979-cu il tarixlərdə Bakı Rabitə Elektro Texnikumunda televiziya mexanikası və rabitərele rabitəsi ixtisasi üzrə təhsil almışdır.
13. Azərbaycan Respublikası Səfərbərlk və Hərbi Xidmətə Çağırış Xidmətinin Sumqayıt şəhər Baş idarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 102 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1985-cü il tarixədək Sovet ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. Ehtiyatda olmağın son yaş həddinə çatması ilə əlaqədar xx.xx.2010-cu il tarixdə hərbi qeydiyyatdan silinmişdir.
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək tərəfindən 80,0 manat vergi üzrə ödənilmiş məbləğ müəyyən olunmuşdur.
IV. Tətbiq edilən hüquq
15. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
16. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
17. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə görə, 1992-ci ilin yanvarın 1- dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən, əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
19. Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir.
20. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyən etməlidir.
21. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
V. Məhkəmənin mövqeyi
22. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
23. Yuxarıda sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.
24. İddiaçı xx xxxxxx 1960-cı ildə Gədəbəy rayonunda anadan olmuşdur. Fevral 2025-ci il tarixdə 65 yaşı tamam olduğu üçün yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçıya fevral 2025-ci il tarixdə yaşa görə 220 manat sosial müavinət təyin edilmişdir. İddiaçı hesab edir ki, ümumi sığorta stajı əyani təhsil almağı, hərbi xidmətdə olmağı və tam əmək stajı nəzərə alınmaqla 31 il, 7 ay, 16 gün müəyyən olunmalıdır.
25. Məhkəmə hesab edir ki, əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1990-cı il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrün doldurulma qaydasının (işdənçıxma qeydi SSRİ möhürü ilə təsdiqlənmişdir) pozulması həmin dövrün sosial sığorta stajına daxil edilməsindən imtina üçün əsaslı dəlil deyildir. Belə ki, əmək kitabçasının düzgün və qanunverciliyə uyğun şəkildə doldurulması işçinin deyil, işəgötürənin vəzifələrinə aiddir və bu səbəbdən işçinin sosial təminat hüququ pozulmamalıdır.
26. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1997-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" ASC-də əmək fəaliyyəti dövrlərinin arxiv sənədlərinin aşkar edilməməsi əmək kitabçasında aparılan qeydlərin mötəbərliyini şübhə altına alması üçün əsas hesab edilməməlidir.
27. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür.
28. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.
29. Göründüyü kimi, mövcud “Qaydalar” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir.
30. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
32. Məhkəmə hesab edir ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq, ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır.
33. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.
34. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir.
35. İş stajını sübut edən əsas sənəd də əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
36. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
37. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövr üzrə (xx.xx.2006-cı ilədək olan dövr nəzərdə tutulur) işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin qurumun mövcudluğu hər hansı şübhə doğurmur. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan və araşdırma nəticəsində iddiaçının "xxxx" ASC-də işlədiyi fəaliyyət göstərməsi öz əksini tapdığından iddiaçının həmin illərdə (xx.xx.1997-ci il tarixindən xx.xx.2006-cı il tarixədək) sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair dəlilini məhkəmə əsassız hesab edir. Qeyd edilən dövr nəzərə alındığı təqdirdə iddiaçının ən azı 25 il stajı vardır.
38. Qeyd edilənlərə əsasən, məhkəmə iddiaçının yaşa görə pensiya hüququnun olduğunu müəyyən edir. Odur ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir.
39. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
40. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı onun əmək kitabçasında əksini tapmış xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1997-ci il tarixindən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə 65 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X1-Abbaszadə