Məhkəmə qərarları › İş №2-1(118)-6757/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-6757/2025

09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6757/2025 09.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması nəticəsində əlil olmuş şəxsə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X3 və X2, iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması nəticəsində əlil olmuş şəxsə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, “iddiaçının xx.xx.1988-ci ildən xx.xx.1988-ci il tarixə kimi Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında əmək fəaliyyətinin və əmək haqqının nəzərə alınaraq ona təyin edilmiş pensiyanın yenidən hesablanaraq artırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, xx.xx.1965-ci ildə anadan olmuş, bir sıra müəssisələrdə işləmiş, işlədiyi Evtikmə Kombinatından göndəriş əsasında xx.xx.1988-ci ildən xx.xx.1988-ci il tarixə kimi 1986-cı ildə baş vermiş Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması ilə bağlı bir qrup şəxslə birlikdə həmin zonaya ezam olunmuş və şüalanmaya məruz qalmışdır, 2-ci dərəcəli Çernobıl əlilidir. Həmin müddətdə bu zonada olmaqla işləmiş və əmək haqqı almışdır. xx.xx.1992-ci ildə əlilliyə görə əmək pensiyası təyin edilmiş, pensiyanın yenidən hesablanması aparılmış və hazırda 393 manat pensiya alır. Pensiyaya çıxanda Ukraynada işləməyi nəzərə alınmamış, nəticədə onun kimi şüalanmaya məruz qalanlar və hətta ondan sonra bu ərazidə olan şəxslərdən az pensiya alır, aldığı pensiya maddi ehtiyaclarını ödəmir. Pensiya nəinki dava-dərmana, heç yeməyə belə çatmır, ağır və acınacaqlı bir vəziyyətdə yaşayır. Pensiyanın yenidən hesablanaraq artırılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqanın ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, pensiya hesablanarkən Çernobıl AES-da baş vermiş qəzanın aradan qaldırılmasında iştirak zamanı aldığı əmək haqqı məbləği də nəzərə alınmış, lakin pensiya məbləğində dəyişiklik olmamışdır. Göründüyü kimi cavabdeh orqan şüalanmaya məruz qaldığı və sağlamlığını itirdiyi zonada əmək fəaliyyətini və aldığı əmək haqqını nəzərə almamış və pensiyanı artırmamışdır, özü də bunu verdiyi cavab məktubunda etiraf etmişdir, nəticədə ona qarşı haqsızlığa yol verilmişdir. Hüquq münasibətləri yaranan vaxt qüvvədə olmuş «X1 haqqında» AR Qanununun 80-ci maddəsinə əsasən iş stajından asılı olmayaraq milli münaqişə zəminində öz daimi yaşayış yerlərini məcburi tərk edərkən, sərhəd rayonlarında, Qarabağın dağlıq hissəsində, 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı yaralanma, zədələnmə, kontuziya və digər bədən xəsarəti almaq nəticəsində əlil olmuş vətəndaşlar, həmin səbəblər üzündən başçısını ilirmiş əmək qabiliyyəti olmayan ailə üzvləri, eləcə də bu maddədə sadalanmış şəxslər sırasından olan əlillər vəfat etdikdə, onların ailələri iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar: Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslər, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər; köçürmə zonasında qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Çernobıl AES-in istismarında və digər işlərdə iştirak etmiş şəxslər (o cümlədən müvəqqəti göndərilənlər və ezamiyyətdə olanlar); köçürmə zonasında xidmət etmiş müddətli xidmət hərbi qulluqçuları: həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar xüsusi toplanışa çağırılmış və köçürmə zonasında işə cəlb edilmiş hərbi vəzifəlilər pensiya almaq hüququna malikdirlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddia tələbinin əsasları kimi qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuş, işlədiyi Evtikmə Kombinatından göndəriş əsasında xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək 1986-cı ildə baş vermiş Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması ilə bağlı həmin zonaya ezam olunmuş, şüalanmaya məruz qalaraq 2-ci dərəcəli Çernobıl əlili olmuşdur. Ona xx.xx.1992ci il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmiş, pensiyanın yenidən hesablanması aparılmış, hazırda isə ona 393 manat əmək pensiyası ödənilir. Ona əmək pensiyası hesablanarkən Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak zamanı aldığı əməkhaqqı nəzərə alınmamışdır. İddiaçı Ə.X5 müraciət edərək xx.xx.1988-ci ildən xx.xx.1988- ci il tarixə kimi Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında əmək fəaliyyətinin və əməkhaqqının nəzərə alınaraq ona təyin edilmiş pensiyanın yenidən hesablanaraq artırılmasını xahiş etmişdir. Mərkəzi Filialın 21 may 2025-ci il tarixli 3-17-1/2-M-119240/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, ona əlilliyə görə əmək pensiyası təyin edilərkən əməkhaqqı 4 qat miqdarda nəzərə alınmışdır. İnzibati icraat haqqında" Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi nzibati icraatın başlanılması üçün əsaslardan biridir. xx.xx.1993-cü il tarixdən xx.xx.2006cı il tarixədək qüvvədə olmuş “X1 haqqında” Azərbaycan Respublikası Qanununun 80-ci maddəsinə əsasən iş stajından asılı olmayaraq köçürmə zonasında qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Çernobıl AES-nin istismarında və digər işlərdə iştirak etmiş şəxslərin pensiya almaq hüququ vardır. Həmin Qanunun xx.xx.1995-ci il tarixinədək qüvvədə olan 83.2-ci maddəsinə əsasən 80- ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə - Çernobil AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğindən pensiya hesablana bilər. Vətəndaşların pensiyalarının hesablanması qaydası "X1 haqqında” Azərbaycan Respublikası Qanununun 80-83-cü maddələrində nəzərdə tutulmuşdur. Göstərilən vətəndaşlar kateqoriyasına daxil olan şəxslərə təyin olunan pensiyanın hesablanması zamanı aşağıdakı qaydalara riayət olunmalıdır: “X1 haqqında” Azərbaycan Respublikası Qanununun 83- cü maddəsinə əsasən həmin kateqoriyadan olan şəxslərə pensiyalar səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əməkhaqqından; minimum əməkhaqqının beşqat məbləğindən; Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğindən, yaxud Çernobil AES-də və Slavutiç şəhərində aldıqları əməkhaqqından hesablanır. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1993-cü il 10 sentyabr tarixli məktubunda əmək pensiyasının dördqat əməkhaqqı məbləğində müəyyən edilmiş mükafat əsasında hesablanmasının qeyri-mümkün olduğu və bu səlahiyyətin “X1 haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 5-ci bəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991 -ci il 21 dekabr tarixli 577 nömrəli qərarına əsasən əməkhaqqının dördqat məbləğində mükafat ödənilir və əməkhaqqından pensiya hesablanması ‘X1 haqqında Qanun”un 83-cü maddəsində nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləğ ÇAES günlərinin sayına bölünərək 25.4-ə vurulmalıdır. Alınan məbləğ pensiyanın orta aylıq əməkhaqqını təşkil edir. Dördqat məbləğ özü müasirləşdirilərək ödənildiyi üçün həmin əməkhaqqının müasirləşdirilməsinə yol verilmir. Yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 may 1993-cü il tarixli 255 nömrəli qərarına əsasən orta aylıq əməkhaqqının müasirləşdirilməsi mümkün deyildir. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “X1 haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü və 80-ci maddələrinə əsasən İddiaçı həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının ödənişi 393,33 manat məbləğində olmaqla davam etdirilir. İddiaçı məxsus pensiya işi qovluğunda olan sənədlərin surətlərinə əsasən Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar ona xx.xx.1988-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək hesablanmış əməkhaqqının 4 qatı və 1991-1992-ci illər üzrə əməkhaqqı əsasında əlilliyə görə əmək pensiyasının məbləği yenidən hesablanmış və pensiyasının məbləğində (393,33 manat) dəyişiklik olmamışdır. İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilərkən əməkhaqqı 4 qat miqdarda nəzərə alınmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndələri X6 və X4 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: 21 oktyabr 2025-ci il tarixdə verilmiş əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2003-cü il tarixdən Çenobıl AES-də qəzanın ləğvi ilə əlaqədar müddətsiz əlillik təyin edilmişdir. 21 oktyabr 2025-ci il tarixdə verilmiş pensiya haqqında arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1992-ci il tarixdən təyin edilməklə xx.xx.2022-ci il tarixdən 393.33 manat əlilliyə görə pensiya təyin edilmişdir. Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2025-ci il tarixli 3-17-1/3-1-76440/2025 saylı qərar əsasında yenidən hesablanmaqla 393 manat 33 qəpik müəyyən edilmişdir. Qeyd edilmişdir ki, əmək haqqının 4 qat miqdarında yenidən hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Vətəndaşın pensiyası 1992-ci ilin iyun ayının arayışı əsasında 4 qat miqdarda hesablansa da minimuma çatdırıldığı üçün məbləğ dəyişməmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müraciəti mahiyyəti üzrə cavablandırılmış və müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı xx.xx.1988-ci ildən xx.xx.1988-ci il tarixə kimi Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında əmək fəaliyyətinin və əmək haqqının nəzərə alınaraq ona təyin edilmiş pensiyanın yenidən hesablanaraq artırılmasıni istəyir. Cavabdeh isə qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1993-cü il 10 sentyabr tarixli məktubunda əmək pensiyasının dördqat əməkhaqqı məbləğində müəyyən edilmiş mükafat əsasında hesablanmasının qeyri-mümkün olduğu və bu səlahiyyətin “X1 haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 5-ci bəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991 -ci il 21 dekabr tarixli 577 nömrəli qərarına əsasən əməkhaqqının dördqat məbləğində mükafat ödənilir və əməkhaqqından pensiya hesablanması ‘X1 haqqında Qanun”un 83-cü maddəsində nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləğ ÇAES günlərinin sayına bölünərək 25.4-ə vurulmalıdır. Alınan məbləğ pensiyanın orta aylıq əməkhaqqını təşkil edir. Dördqat məbləğ özü müasirləşdirilərək ödənildiyi üçün həmin əməkhaqqının müasirləşdirilməsinə yol verilmir. Yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 may 1993-cü il tarixli 255 nömrəli qərarına əsasən orta aylıq əməkhaqqının müasirləşdirilməsi mümkün deyildir. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “X1 haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü və 80-ci maddələrinə əsasən İddiaçı həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının ödənişi 393,33 manat məbləğində olmaqla davam etdirilir. İddiaçı məxsus pensiya işi qovluğunda olan sənədlərin surətlərinə əsasən Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar ona xx.xx.1988-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək hesablanmış əməkhaqqının 4 qatı və 1991-1992-ci illər üzrə əməkhaqqı əsasında əlilliyə görə əmək pensiyasının məbləği yenidən hesablanmış və pensiyasının məbləğində (393,33 manat) dəyişiklik olmamışdır. İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilərkən əməkhaqqı 4 qat miqdarda nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlı olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “X1 haqqında” Azərbaycan Respublikası Qanunun (2007-ci il 6 mart tarixli, 260- İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 71-ci maddəsinə əsasən Pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Maddə 72. Orta aylıq əmək haqqının müəyyən edilməsi Orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. 80-ci maddəsinin 2-ci abzasına əsasən, iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar pensiya almaq hüququna malikdirlər; 81-ci maddəsinin 1-ci abzasına əsasən, bu Qanunun 80-ci maddəsində göstərilmiş vətəndaşlara əlilliyə görə pensiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq səhhətinə dəymiş zərər müqabilində təyin edilir; 83-cü maddəsinə əsasən, pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablana bilər: 80-ci maddənin beşinci bəndində göstərilmiş şəxslərə — minimum əmək haqqının beşqat məbləğindən; 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə — — Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğində, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından və ya minimum əmək haqqının beşqat məbləğindən. Maddə 99. Təyin olunmuş pensiyaların yenidən hesablanması müddətləri Təyin olunmuş pensiyalar aşağıdakı müddətlərdə yenidən hesablanır: pensiyanın artırılması hüququ yarandıqda, ərizə bütün lazımi sənədlərlə birlikdə ayın 15-dək verilmişdirsə - müraciət edilən ayın 1-dən, ayın 15-dən gec təqdim edilmişdirsə—növbəti ayın 1-dən; pensiyanın azaldılmasına səbəb olduqda—bu səbəbin baş verdiyi aydan sonrakı ayın 1-dən. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 1991-ci il tarixli 577 saylı qərarına əsasən Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması üçün çalışanlara əmək haqqının dördqat məbləğində mükafat ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1-18 saylı 10 sentyabr 1993-cü il tarixli “Vətəndaşların bəzi kateqoriyalarına pensiyaların hesablanması Qaydaları”na (2-ci bəndi) əsasən isə Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması üçün çalışanlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 1991-ci il tarixli 577 saylı qərarına əsasən əmək haqqının dördqat məbləğində mükafat ödənilmişdir. Həmin əmək haqqından pensiya hesablanması Qanunun 83-cü maddəsində nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləğ Çernobıl AES-də olduğu günlərin sayına bölünüb 25,4-ə vurulmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2025-ci il tarixli 3-17-1/3-1- 76440/2025 saylı qərar əsasında iddiaçının pensiyası yenidən hesablanmaqla 393 manat 33 qəpik müəyyən edilmişdir. Qərarda qeyd edilmişdir ki, əmək haqqının 4 qat miqdarında yenidən hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Vətəndaşın pensiyası 1992-ci ilin iyun ayının arayışı əsasında 4 qat miqdarda hesablansa da minimuma çatdırıldığı üçün məbləğ dəyişməmişdir. İddiaçının pensiya işi materiallarından müəyyən olunur ki, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixinədək hesablanmış əmək haqqının 4 qatı və 1991-1992-ci illər üzrə əmək haqqı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və əlilliyə görə əmək pensiyası təyin edilərkən əmək haqqının 4 qat miqdarı nəzərə alınmışdır. 1992-ci il tarixli əmək haqqı arayışının (6614 rubl məbləğində) surəti pensiya işi materiallarında mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar