Məhkəmə qərarları › İş №2-1(118)-6758/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-6758/2025

12.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6758/2025 12.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: doğumun qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “doğumun qeydə alınması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, iddiaçının doğum haqqında akt qeydində doğumunun qeydə alınmaqla soyadının Cümşüdova, adının Aişə, ata adının Seymur, doğum tarixinin xx xxxxx 2007- ci il, doğum yerinin Azərbaycan Respublikası Dəvəçi rayonu, valideynlər qrafasında ata adının X2, milliyyətinin azərbaycanlı, ana adının X1, milliyyətinin azərbaycanlı kimi qeyd edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, xx.xx.2007-ci il tarixdə Dəvəçi rayonunda, ev şəraitində doğulmuşdur. Bu barədə 23 noyabr 2007-ci il tarixdə doğum haqqında şəhadətnamə verilmişdir. Lakin, heç bir əsas olmadan doğum haqqında akt qeydində bu barədə qeyd aparılmamışdır. Bununla əlaqədar “doğumun qeyd edilmə faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə Şabran Rayon Məhkəməsinə müraciət edilsə də, Şabran rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-618/2023 saylı qərardadına əsasən “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə üzrə mülki iş üzrə icraata xitam verilmişdir. Şabran rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031 )- 618/2023 saylı qərardadında işə baxan hakim qeyd etmişdir ki, beləliklə məhkəmə xx xxxxx 2007-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş İddiaçı məxsus AZ İİ № 012600 saylı doğum haqqında şəhadətnaməsinin mövcud olduğunu və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Cavabdeh tərəfindən xx xxxxx 2007-ci il təvəllüdlü İddiaçı doğumunun qeydə alınmasından və ya bərpa olunmasından imtina edildiyini nəzərə alaraq hesab edir ki, hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir və ərizəsi tərəfindən ödənilmiş dövlət rüsumu onlara geri qaytarılmalıdır. Yenidən, doğum haqqında akt qeydində doğumun qeydə alınması üçün Cavabdehnə müraciət edilsə də, Cavabdeh xx.xx.2025-ci il tarixli 32 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatı qaydasının 2.5.3 və 2.5.4-cü bəndlərinə əsasən doğumun qeydə alınması doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin arayışına (feldşer sənədi) əsasən qeydə alınmalıdır. Lakin, Siz qeydiyyat şöbəsinə yuxarıda adları çəkilən sənədləri təqdim edə bilmədiyiniz üçün İddiaçı doğumunun qeydə alınması və ya bərpası tərəfimizdən mümkün deyildir. Bu səbəbdən Sizə təklif olunur ki, İddiaçı doğumunun qeydə alınması və ya doğumun bərpa edilməsi ilə əlaqədar məhkəməyə edəsiniz. Hesab edir ki, cavabdeh qurumun imtinası əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatı qaydasının 2.5.3 və 2.5.4-cü bəndlərinə əsasən doğumun qeydə alınması doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin arayışına (feldşer sənədi) əsasən qeydə alınmalıdır. Belə ki, doğumu barədə tibbi arayış mövcuddur, daha sonra isə ona doğum haqqında şəhadətnamə verilmişdir. Doğumu doğum haqqında akt qeydində qeydə alınmalıdır. Ona görə doğumun qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarına əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianı müdafiə etmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Cavabdehin 03 iyul 2025-ci il tarixli 32 saylı imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatı qaydasının 2.5.3 və 2.5.4- cü bəndlərinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təstiq edən tibb müəssəsinin arayışı (feldşer sənədi) əsasında qeydə alınmalıdır, lakin qeydiyyat şöbəsinə yuxarıda adları çəkilən sənədləri təqdim edə bilmədiyi üçün İddiaçı doğununun qeydə alınması və ya bərpası mümkün deyildir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: AZ İİ 012600 doğum haqqında şəhadətnamənin surəti, Şabran rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli tibbi arayışı məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı doğumu və digər vətəndaşlıq vəziyyəti akt qeydlərinə dair məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ilk dəfə xx.xx.2018-ci il tarixdə AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi almışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı doğumu haqqında məlumat aşkar edilmədi. Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılan doğum haqqında şəhadətnamələrin reyestr jurnalı nəzərdən keçirilərkən AZ-İİ seriyalı 012600 nömrəli doğum haqqında şəhadətnamə blankının Cavabdeh istifadəsinə verildiyi və həmin şöbə tərəfindən kənar şəxsin adına tərtib edildiyi müəyyən edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı doğum haqqında akt qeydində doğumunun qeydə alınmaqla soyadının Cümşüdova, adının Aişə, ata adının Seymur, doğum tarixinin xx xxxxx 2007- ci il, doğum yerinin Azərbaycan Respublikası Dəvəçi rayonu, valideynlər qrafasında ata adının X2, milliyyətinin azərbaycanlı, ana adının X1, milliyyətinin azərbaycanlı kimi qeyd edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatı qaydasının 2.5.3 və 2.5.4-cü bəndlərinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssəsinin arayışı (feldşer sənədi) əsasında qeydə alınmalıdır, lakin qeydiyyat şöbəsinə yuxarıda adları çəkilən sənədləri təqdim edə bilmədiyi üçün İddiaçı doğununun qeydə alınması və ya bərpası mümkün deyildir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı doğumu və digər vətəndaşlıq vəziyyəti akt qeydlərinə dair məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı doğumu haqqında məlumat aşkar edilmədi. Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılan doğum haqqında şəhadətnamələrin reyestr jurnalı nəzərdən keçirilərkən AZ-İİ seriyalı 012600 nömrəli doğum haqqında şəhadətnamə blankının Cavabdeh istifadəsinə verildiyi və həmin şöbə tərəfindən kənar şəxsin adına tərtib edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən: 2.5. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; Məhkəmə araşdırması zamanı iddiaçının doğumunu müəyyən edən mötəbər sənədlər, sübutlar müəyyən olunmamışdır. Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılan doğum haqqında şəhadətnamələrin reyestr jurnalında AZ-İİ seriyalı 012600 nömrəli doğum haqqında şəhadətnamənin iddiaçının adına deyil, digər şəxsin adına tərtib edilməsinin müəyyən edilməsi cavabdehin imtinasının əsaslı olmasına dəlalət edir. Belə ki, AZ-İİ seriyalı 012600 nömrəli doğum haqqında şəhadətnamənin mötəbərliyi məhkəmə araşdırması zamanı təsdiq edilməmişdir. Qeyd edilən hal iddianın təmin edilməməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğumu faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar