Məhkəmə qərarları › İş №2-1(118)-6766/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-6766/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-6766/2025 20.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı Mövlüd oğlunun iştirakı ilə İddiaçı Mövlüd oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X2 və X4 adına verilmiş çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mövlüd oğlu yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli,05 saylı qərarına əsasən iddiaçıya fərdi evin tikintisi üçün Quba şəhəri, Dəvədabanlı yaşayış masivindən 0.50 hektar torpaq sahəsi və həmin torpaq sahəsinə mülkiyyət hüququmu təsdiq edən 12 may 2006-ci il tarixli. JN-4879A 30101004 kodla qeydə alınmış Şəhadətnamə verilmişdir. Maliyyə cəhətdən imkanları məhdud olduğundan qeyd edilmiş torpaq sahəsində ev inşa edə bilmədiyi üçün 0.25 hektar həyətyanı torpaq sahəsinə dair alqı-satqı müqaviləsini 23 fevral 2022-ci il tarixində Quba "Asan Xidməti” mərkəzində rəsmiləşdirərək X1. Həmin torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edildiyi üçünX8 tarpaq sahəsini almaqdan imtina etdiyi üçün ondan almış olduğu 4500 manatı ona geri qaytarmışdır. Cavabdehlər mülkiyyətində olan 0.05 hektar torpaq sahəsinin 0.025 hektar həyətyanı torpaq sahəsini zəbt edərək istifadə etdiyi üçün vəkil xidmətindən istifadə etmək qərarına gəlmişdir. 29 aprel 2022-ci il tarixli vəkil sorğusuna cavab olaraq 10 may 2022-ci il tarixli məktubla Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsi bildirmişdir ki, Quba regeonal Asan Xidməti” natariat ofisinin 23 fevral 2022-ci il tarixli,4Ə-415 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.025 hektar həyətyanı torpaq sahəsi X5 adına özgəninkiləşdirilmiş, lakin X8 həmin torpaq sahəsini hal hazıradək öz adına rəsmləşdirməmişdir. Zəbt olunmuş torpaqsahəsinin buraxılması ilə əlaqədar olaraq Quba rayon məhkəməsində iddia qaldırmışdır. Məhkəmə araşdırmalarında müəyyən olunmuşdur ki, mülkiyyətinə verilmiş torpaq sahəsinin zəbt olunmuş hissələrdə X3 və X4 adlarına mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlar verilmişdir. Quba rayon məhkəməsinin İş № 2(027)-85/2023 saylı qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 13 dekabr 2023-ci il tarixli,3-16-16/2- 10/8382 saylı rəyində qeyd edilir ki, İddiaçı Mövlüd oğlunun iddia etdiyi torpaq sahəsi cavabdehlər X3 və X9 tərəfindən hal-hazırda istifadə olunmur. Lakin İddiaçı Mövlüd oğluna məxsus olan JN-4879A KOD: 30301004 saylı Şəhadətnaməyə əsasən 0.05 ha torpaq sahəsinin 8 kv.metr hissisi **********6 nömrəli çıxarışa əsasən X2 mülkiyyətinə vereilmiş torpaq sahəsi ilə 30 kv.metr hissi isə **********4 nömrəli çıxarışa əsasən X4 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı Mövlüd oğluna məxsus olan JN- 4879A KOD: 30301004 saylı Şəhadətnaməyə əsasən 0.05 ha torpaq sahəsinin 89 kv.metr hissəsi isə şərq tərəfdən tərəfdən olan qonşu tərəfindən istifadə olunur. Sözü gedən rəyi aldıqdan sonra məlum olmuşdur ki, torpaq sahəsinin qeyd edilmiş torpaq sahəsi daxil olmaqla X3 və X4 adına mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlar verilmişdir. Alınmış rəydən sonra Quba rayon məhkəməsinin göstərişinə əsasən təkrar çıxarış almaq məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsinə edilən müraciətinə 10 iyun 2025-ci il tarixli məktubla bildirilmişdi ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi xx.xx.2022-ci il tarixli 4Ə-415 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 0.05 ha torpaq sahəsinin 0.025 ha hissədə bölünməsi nəticəsində yerdə qalan torpaq sahəsinə dövlət reyerstrindən digər şəxsin adına çıxarış verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Mövlüd oğlu iştirak etmiş, məhkəmə tərədindən hüquqi yardım edilərək mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarınının 1.1.-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı X2 və X4 adına verilmiş çıxarışların ləğv edilməsini istəyir. Məhkəmə araşdırması zamanı **********14 reyestr nömrəli və **********16 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, çıxarışların verilməsinə əsas olmuş Quba rayon Quba bələdiyyəsinin 17 iyul 2021-ci il tarixli 9 saylı iclas protoklunun 7 saylı qərarı qüvvədədir. Qeyd edilən qərarla iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması proseduruna başlanılmış, bundan sonra torpaq sahəsi digər şəxslərə satılmışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 4№li qərarında qeyd edilmişdir:

17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. İstinad edilən Plenum qərarındakı hüquqi mövqedən görünür ki, reyestrdə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış inzibati akt sayılmır və qeydin aparılması əsası kimi inzibati akt çıxış edirsə, həmin inzibati akt inzibati məhkəmə icraatı qaydasında, qeydin aparılmasına əsas mülki hüquqi əqddirsə, həmin əqdin əsaslılığı mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Hazırki tələbində isə iddiaçı qeydin aparılmasına əsas olmuş inzibati aktı deyil, qeydi mübahisələndirir ki, belə iddiaya baxılması mümkünlük şərtlərini ödəmir. İddiaçıya izah edilsin ki, mübahisələndirdiyi çıxarışların verilməsinə əsas olan ilkin inzibati aktı, bələdiyyə qərarını mübahisələndirmək hüququ vardır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar