Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-677/2020 07.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, ünvan 1 6-cı məhəllə ünvanında qeydiyyatda olan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X1 (Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdiri işləyən, Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 40/5, mənzil 15-də yaşayan ) iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi öhdəliyinini cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı cavabdeh tərəfindən mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi öhdəliyinini cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, 2014-cü il tarixdən 2017-ci il tarixə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində çavuş hərbi rütbəsində xidmət etmişdir. Həmin müddət ərzində onun xidməti ilə bağlı heç bir qanun və daxili nizam-intizam pozuntusu olmamış, dəfələrlə qüsursuz xidmətə görə komandanlıq tərəfindən təşəkkürlər almışdır. Xidmət müddətində fiziki sağlamlığında ciddi problem yarandığından o, hərbi həkim komissiyasının qərarına əsasən xəstəliklə bağlı hərbidən tərxis olunmuşdur. Tərxis olduqdan sonra ailəsi ilə birgə kirayədə qalmış, lakin kirayə pulunu verə bilmədiyinə görə evdən çıxmalı olmuş, hal-hazırda pensiya almır, işləyə bilmir, iş qabiliyyətini itirmişdir. Uşağının biri anadan gəlmə xəstədir, onun müalicəsini etməyə maddi imkanı yoxdur. Hal-hazırda müvəqqəti olaraq qohum evinə sığınmışdır. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq mənzil növbəsinə götürülməsi və mənzil kirayə haqqınını ödənilməsini xahş etsə də, Sumqayıt şəhər İcra hakimiyyəti müraciətinə rədd cavabı vermişdir. Bununla əlaqədar olaraq iddiaçı iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və izah etdi ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2ci bəndinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Göstərilən qanun normasına əsasən ehtiyata buraxılmış çavuşlara yaşayış sahəsinin verilməsi və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi nəzərdə tutulmamışdır. Bununla bağlı iddiaçınını müraciətinə imtina cavabı verilmişdir. İş materiallarında olan : - İddiaçı aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1985-ci il təvəllüdlüdür. - AO № ******* saylı hərbi biletdən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək müddətli hərbi xidmətdə olmuş, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində çavuş rütbəsində xidmət keçmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli məktublardan görünür ki, ehtiyyata buraxılmış çavuşlara yaşayış sahəsinin verilməsi və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından iddiaçıya imtina cavabı verilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə kompensasiya ödənilir. İşin faktiki hallarından müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində çavuş rütbəsində həqiqi hərbi xidmətdə olmuş, həmin tarixdə xəstəliyə görə ehtiyata buraxılmışdır. Hərbi qulluqçu kimi o, yaşayış sahəsi və ya torpaq sahəsi ilə təmin edilməmiş və hazıradək müvafiq mənzil növbəsinə götürülməmişdir. Məhkəmə qeyd edir ki, sadalanan qanunvericilik normaların mənasından göründüyü kimi yerli icra hakimiyyəti orqanı tərəfindən mənzil növbəsinə götürülməsi üçün hərbi qulluqçunun azı 15 təqvim ili xidmət etməsi tələb olunur. Bundan başqa yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu zabit, gizir və ya miçman olmalıdır, yəni xəstəliyə görə ehtiyata buraxlmış çavuşların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmamışdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafıq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafıəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçı mənzil növbəsinə götürülməsi və mənzil kirayə haqqını ödənilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədi. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-677/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-677/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver