Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-677/2021 21.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, cavabdeh təşkilatın nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 4 saylı Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi, ev 2/11-də yerləşən 3 saylı mənzilin dövlət reyestrində qeydə alınması və həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ barədə çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 4 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə” dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, ev 2/11-də yerləşən 3 saylı mənzildə ailəsi ilə birlikdə yaşayır və həmin mənzildə də qeydiyyatdadır. Belə ki, Azərbaycan Dəmiryolu İdarəsi Ələt-Körpü qəsəbəsi, Evlər İdarəsi tərəfindən mərhum əri X4 adına Ceyranbatan qəsəbəsi XDS 3/32 nömrəli, xx.xx.1983- cü il tarixli qərarına əsasən verilmiş 305 nömrəli, xx.xx.1983-cü il tarixli Order vardır. X7 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. O, vəfat etdikdən sonra övladlarının məsləhəti ilə mənzilin öz adına özəlləşdirilməsi üçün aidiyyəti qurumlara müraciət etmək qərarına gəldi. Hər iki oğlu X9 və X10 3 saylı mənzilin onun adına özəlləşdirilməsinə heç bir etirazının olmaması barədə notarial təsdiqli ərizə də vermişdirlər. İddiaçı mərhum ərinin ölüm haqqında şəhadətnaməsini, övladlarının razılıq ərizələrini, nikah şəhadətnaməsini və s. lazım olan gidər sənədlərlə birlikdə Cavabdehnə müraciət etdi. ƏMDK yanında DƏDRXin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçıya Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə **********34 nömrəli, xx.xx.2019cu il tarixli bildiriş verilmiş və həmin bildirişdə aparılan araşdırma zamanı, daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə baxışının keçirilməsinə guya onlar tərəfindən şərait yaradılmadığına görə ərizənin icrasının mükün olmadığı bildirilmişdir. Halbuki o həmin idarəyə ərizə ünvanladıqdan sonra həm mobil telefon vasitəsi ilə, həm də ki, inzibati binaya yaxınlaşaraq hər dəfə məlumat almaq istəyirdi. Ona sadəcə olaraq gözləməyini deyirdilər. Müəyyən vaxt keçdikdən sonra iddiaçını bəhanə edərək bu cavab verilmişdir. O, bir daha rəsmi şəkildə ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmək məcburiyyətində qaldı. Onun ərizəsinin nəzarətə götürülməsi barədə şifahi məlumat verdilər. Yenə də müəyyən vaxtdan sonra ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının dayandırılması barədə **********47 nömrəli, xx.xx.2019-cu il tarixli bildiriş göndərildi və həmin bildirişdə mənzil üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatının aparılmasına münasibət bildirilməsi barədə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən Abşeron rayon İcra hakimiyyətinə rəsmi sorğu göndərilərək ərizənin icrasının 1 (bir) ay müddətinə dayandırıldığı bildirilmişdir. 1 ay müddət keçdikdən sonra yəni, xx.xx.2020-ci il tarixdə ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ona yenidən bildiriş göndərilmiş və bildirişdə müraciət üzrə əlavə edilmiş sənədlərdə olan məlumatların dövlət reyestrinə daxil edilən məlumatlarla uyğunluğunun yoxlanılması məqsədi İlə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 14-cü maddəsinə əsasən Abşeron rayon İcra Hakimiyyətinə sorğu göndərilərək ərizənin icrası 1 (bir) ay müddətinə dayandırılmışdır. Lakin sorğu məktubuna Abşeron rayon İcra hakimiyyəti tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində cavab verilməmişdir. ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin **********18 nömrəli, xx.xx.2020-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmiş və həmin bildirişdə qeyd edilmişdir ki, aparılan araşdırma zamanı sözügedən mənzilə dair Ceyranbatan qəsəbəsi XDS 3/32 nömrəli, sentyabr 1983cü il tarixli qərarına əsasən verilmiş 305 nömrəli, xx.xx.2020-ci il tarixli orderin Azərbaycan Dəmiryolu İdarəsi Ələt-Körpü qəsəbəsi Evlər İdarəsi tərəfindən təsdiq edildiyi aşkar edilmişdir. Elə buna görə də "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmədiyi bildirilmişdir. ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi iddiaçının ərizələrinə müxtəlif bəhanələr gətirərək, imtina bildirişləri göndərmiş və xahişini nəzərə almadan, ciddi bir araşdırılma aparılmadan imtina edilmişdir. 1983-cü ildən 3 saylı mənzil iddiaçının istifadəsindədir və mübahisəli mənzil deyil. İddiaçı mənzili ailə üzvlərinin razılığı ilə öz adına özəlləşdirmək niyyətindədir. Lakin 4 saylı Abşeron Rayon Ərazi İdarəsi məsələni ciddi şəkildə araşdırmaq əvəzinə öz maraqlarına naminə imtina bildirişləri göndərmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçı iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsi Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-677/2021 nömrəli xx.xx.2021-ci ii tarixli Sərəncamına (hakim - Ceyhun Məmmədov) əsasən 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilmiş və iddiaya qarşı yazılı şəkildə münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddiaçının ünvan 1 ünvanında yerləşən 3 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx xxxxxxxx 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı sözügedən mənzilə dair Cevranbatan qəsəbə XDS 3/32 nömrəli, sentyabr 1983-cü il tarixli qərarına əsasən verilmiş 305 nömrəli, xx.xx.2020-cü il tarixli orderin Azərbaycan Dəmiryolu İdarəsi Ələt-Körpü qəsəbəsi Evlər idarəsi tərəfindən təsdiq edildiyi aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eləcə də, Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilənlərə əsasən cavabdeh təşkilatın nümayəndəsi iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli **********18 nömrəli imtina məktubu, xx.xx.2021-ci il tarixli **********17 nömrəli etirazı, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 288 saylı Sərəncamı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycan»a qarşı iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin mövcud olması, vətəndaşın mənzilin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə “sosial kirayə müqaviləsi” bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının “mülkiyyət”i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə də aidiyyəti dövlət orqanı tərəfindən mənzil ayrılarkən iddiaçının hüquqi gözləntisi mübahisəli mənzili xüsusi mülkiyyətinə keçirmək olmuşdur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Göstərilən Qanunun 9-cu maddəsinin 2-ci bəndinə əsasən həmin vətəndaş saxta sənədlər təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə iddiaçının sözügedən mənzilin qanuni əsaslarla sahibi (kirayəçisi) olmasını və mənzilin onun adına özəlləşdirilməsindən imtina edilməsi üçün «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 9-cu maddəsinin 2- ci bəndində, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Sumqayıt Ərazi İdarəsi iddiaçının qeyd olunan ünvanda yerləşən mənzilinin ilkin hüquqi qeydiyyata alınması ilə əlaqədar ərizəsindən imtina edərkən haqlı olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtina bildirişində mərhum X5 və onun ailə üzvlərinə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi, ev 2/11-də yerləşən 3 saylı mənzilə köçməsinə dair Ceyrabatan qəsəbə İcrayyə Komitəsinin Xalq Deputatlar Soveti tərəfindən verilmiş xx xxxxxxxx 1983-cü il tarixli orderin əslinin olmaması və təqdim edilmiş orderin surətində Dəmir Yolları İdarəsinin möhürünün olması səbəbindən iddiaçıya verdiyi imtinası əsassızdır. Nəzərə alınmalıdır ki, iddiaçı və onun övladları 1983-cü ildən etibarən həmin mənzildə yaşayırlar və 2009-cu ilə qədər qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına əsasən həmin mənzilə istifadə hüququ əldə ediblər. Hətta mənzilin keçmiş sahiblərindən biri olmuş X4 vəfatından sonra Abşeron rayon İcra Hakimiyyəti başçısının 288 saylı xx.xx.2013-cü il tarixli Sərəncamı əsasında həmin mənzilin şəxsi hesabı X2 adına dəyişdirilmişdir. Məhkəmə tərəfindən qeyd olunan orderin əslinin əldə edilməsi ilə bağlı cəhdləri öz müsbət nəticəsini verməmişdir. Bundan başqa oda nəzərə alınmalıdır ki, cavabdeh təşkilatın hazır ki, tələb ilə bağlı imtinası “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində qeyd olunmuş “Mötəbərlik prezumpsiyası” prinsipinə ziddidr. Belə ki, Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Göründüyü kimi iddiaçı özündə olan orderi inzibati orqana təqdim edərkən onun həqiqiliyini subut etmək yükünü daşımır. Qeyd olunan normalardam məlum olur ki, təqdim edilmiş sənədlərin saxtalığını müəyyən etmək mümkün deyilsə həmin sənədlər mötəbər hesab olunur. Bundan başqa oda nəzərə alınmalıdır ki, mənzildə istifadə hüququ olan digər sakinlərdə həmin mənzilin «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanununun tələblərinə əsasən İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmirlər. Ona görədə məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.Həmin Məcəllənin 146.4-cü maddəsinə əsasən dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi, ev 2/11-də yerləşən 3 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi, ev 2/11-də yerləşən 3 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-677/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-677/2021
21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver