Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6777/2025 19.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2nə qarşı iş üzrə (Açar sözlər: məcburi köçkün statusu və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elsevər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X2nə qarşı “məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları
1. İddiaçı cavabdeh X2nə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona məcburi köçkün statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1542/2025 nömrəli qərardadına əsasən inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə xx.xx.1983-cü il tarixdə Kəlbəcər rayonu, Almalıq kəndində anadan olmuşdur. 1993-cü ildə Kəlbəcər rayonundan köçkün düşmüşdür. Məcburi köçkün vəsiqəsinin seriyası AA 293454, verilmə tarixi xx.xx.2013-cü ildir. xx.xx.2011-ci il tarixdə Bərdə rayonu, Zümrüxan kəndində qeydiyyatda olan X3 ilə rəsmi nikaha daxil olmuş, nikahları Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(043)-448/2013 nömrəli qətnaməsi ilə pozulmuşdur. Lakin o, nikah haqqında şəhadətnaməni xx.xx.2023-cü ildə almışdır. Birgə nikahdan 2 övladları var: xx.xx.2007-ci il təvəllüdlü İddiaçı və xx.xx.2010-cü il təvəllüdlü X2. xx.xx.2024-cü il tarixdə İddiaçı məcburi köçkün statusunun verilməsi üçün X2nə müraciət etmiş, ərizəsinin çatması barədə xəbərnamə gəlmişdir. Cavabdeh Azərbaycan Respublikasının “Vətəndaşları müraciəti haqqında” qanunun tələblərini pozaraq rəsmi müraciətlərinə 2 iki ay vaxt keçməsinə baxmayaraq heç bir cavab verməmişdir. Bunula da cavabdeh qeyd olunan qanunun tələblərinə əməl etməmişdir. Beləliklə, hazırkı mübahisəyə münasibətdə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı istinad olunan normalarda təsbit edilmiş dispozisiya şərtlərinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona məcburi köçkün statusu verilməsini tələb etməkdə haqlı sayılmalıdır. Odur ki, cavabdehin imtinası əsassız və qanunsuz olmuş və şəxsin hüququnun pozulması ilə nəticələnmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi “Qaçqınlar və məcburi köçkünlərin statusu haqqqında” Azərbaycan Respublikası qanununun 1, 9, 10, 12-ci, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 12.1, 34.1-ci maddələrinə istinad olunmuşdur.
5. Cavabdehin iddia ərizəsinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçının anası Qanuni nümayəndə "məcburi köçkün vəsiqəsinin verilməsi” barədə Komitəyə daxil olmuş müraciəti Komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Cavabdeh bildirir ki, xx.xx.2010-cu il təvəllüdlü İddiaçı atası X3 məcburi köçkün statusuna malik olmadığından övladına məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı atası X3 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir, X3 "Bərdə rayonu, Zümürxan kəndi” ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır, İddiaçı anası Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir, Qanuni nümayəndə "Kəlbəcər rayonu, Almalıq kəndi” ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı atası X3 məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olmadığından və yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından - "Bərdə rayonu” olduğundan, "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmiş, o uşaqlara məcburi köçkün statusu verilir ki, valideynlərindən atası “məcburi köçkün" statusuna malik olsun, Hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. İddiaçı münasibətdə yuxarıda sadalanan üç şərtdən ikisinin ödənilmədiyindən ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz.
b) Tərəflərin iştirakı və izahatları
6. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.
c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
9. Azərbaycan Respublikası Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının X7 ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-ci il tarixli, 86 nömrəli arayışında qeyd edilmişdir ki, Qanuni nümayəndə nümayəndəliyin daimi qeydiyyatında olmaqla müvəqqəti olaraq Abşeron rayon Xırdalan şəhər Yüngül konstruksiya zavodunun inzibati binasında yaşayır.
10. xx.xx.2011-ci il tarixli, AZ-İİ 791193 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı atası X3, anası isə Hüseynova (Əliyeva) Adilə Vaqif qızıdır.
11. İddiaçının anası Qanuni nümayəndə məxsus AA 293454 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən o, Kəlbəcər rayonundan məcburi köçkündür.
12. xx.xx.2023-cü il tarixli, AZ-İ 432770 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X3 və Qanuni nümayəndə arasında bağlanmış nikah xx.xx.2023-cü il tarixdə pozulmuşdur.
13. Məhkəmənin sorğusuna cavab olaraq Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubuna Qanuni nümayəndə övladları, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı və xx.xx.2010-cu il təvəllüdlü X1 məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi ilə bağlı Komitəyə daxil olmuş ərizə və ərizəyə verilmiş cavabın surəti əlavə olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ:
a) İddianın növü və mümkünlüyü
14. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.
15. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
16. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
b) Tətbiq edilən hüquq
17. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
18. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydalarının: Əsas anlayışlar: Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. Yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, qəyyumların və himayəçilərin yaşayış yeri sayılır. 4.1-ci bəndinə əsasən “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. 4.2-ci bəndinə əsasən “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə. 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
c) Məhkəmənin mövqeyi
20. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir.
21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ona məcburi köçkün statusu və vəsiqəsinin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş sonuncu məktubla müraciətin icrasından “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydalarının 4.1.6-cı bəndinə əsasən imtina etmişdir.
22. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda “məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)” anlayışı “Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs” olaraq müəyyən edilmişdir.
23. Hazırkı mübahisəyə münasibətdə məcburi köçkün statusunun və həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtinanın əsası kimi cavabdehin istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqəni almaq hüququna malik şəxslər olaraq müəyyən edilmişdir.
24. Qaydaların istinad edilən həmin bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun.
25. Hazırkı işdə iddiaçıya münasibətdə 3-cü şərtin ödənilməsi mübahisəsizdir. Cavabdeh də bunu mübahisələndirmir.
26. Cavabdeh tərəfindən verilmiş imtinanın əsas dəlili iddiaçıya münasibətdə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 1-ci və 2-ci şərtlərin ödənilməməsi ilə bağlıdır. Yəni, cavabdeh bildirir ki, iddiaçının atası Bərdə rayonunda qeydiyyatdadır, həmçinin məcburi köçkün statusuna malik deyil.
27. Məhkəmə hesab edir ki, hazırkı tələb üzrə məcburi köçkün statusunun verilməsindən imtina edilərkən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir. Belə ki, valideynlərindən yalnız atası məcburi köçkün statusuna malik olan uşaqlara məcburi köçkün statusunun veriləcəyinə dair Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulmuş müddəa Konstitusiyanın 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququnun pozuntusunu yaratmaqla, şəxslərə münasibətdə cinsi əlamətə görə qeyribərabər rəftara gətirib çıxarır.
28. Məhkəmə qeyd edir ki, iddiaçının anasının məcburi köçkün statusuna malik olması Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 1-ci şərtin ödənilməsini təmin edir.
29. Buna baxmayaraq, hazırkı iş üzrə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt, yəni hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair şərt ödənilməmişdir. Belə ki, iddiaçının atası Bərdə rayonunda qeydiyyatdadırlar.
30. Göründüyü kimi, iddiaçının atasının daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu Bərdə rayonu işğal olunmuş ərazi olmadığından Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt ödənilməmişdir.
31. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının iddia tələbi əsaslı sayıla bilməz.
32. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X2nə qarşı “məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
33. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh X2nə qarşı “məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qəşəm Məmmədli