Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-678/2025 28.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “üzvü olduğu Şabran rayonu “Gülüstan” kolxoz bazarı kooperativinin ərazisində (Şabran rayonu Babək küçəsi) inşa etdirdiyi ümumi sahəsi 120 kv.m olan mağaza üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, üzvü olduğu Şabran rayonu “Gülüstan” kolxoz bazarı kooperativinin ərazisində (Şabran rayonu Babək küçəsi) inşa etdirdiyi ümumi sahəsi 120 kv.m olan mağaza üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsini istəyir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Şabran (keçmiş Dəvəçi) rayon XDS İK tərəfindən Dəvəçi rayonunun ərazisində yaradılan müstəqil “Gülüstan” kolxoz bazarı kooperativinin açılması barədə 1990-cı ildə qərar qəbul edilmişdir. Sözügedən kooperativ üçün 0.81 ha torpaq sahəsi ayrılmış və aktla təsdiq edilmişdir. O, həmin kooperativin üzvü olmuş və və kooperativə təhkim edilmiş ərazidə özünə sahəsi 120 kv.m ölçüdə mağaza inşa etdirmişdir. Mağazanın tikinti layihəsi 2017-ci ildə "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. Kooperativin fəaliyyəti dayandırıldıqdan sonra həmin mağaza onun özünə verilmişdir. O, mağaza üzrənidə mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh idarəyə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, “təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ərizənizə əlavə olunmuş qeyri-yaşayış binasına dair sənədlərə qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, istismara hazırlıq (istismara icazə sənədi) və razılaşdırılmış lahiyə əlavə olunmamışdır. Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. İddia ərizəsində göstərilən tikilinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququna malik deyildilər. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçrilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir, həmin daşınmaz əmlakın digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst- üstə düşübdüşməməsi müəyyən edilməmişdir. İddia ərizəsində mübahisələndirilən qeyri-yaşayış binasına dair “Daşınmaz emlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: “Gülüstan” kolxoz bazarı kooperativinə bazar tikintisi üçün 0,81 ha torpaq sahəsi ayrılması barədə Şabran (Dəvəçi) rayonu XDS İK-nin dekabr 1990-cı il tarixli 396 saylı qərarının surəti iş materiallarına əlavə edilmişdir. Kooperativin üzvü İddiaçı kooperativin ərazisindən 120 kv.m torpaq sahəsinin birdəfəlik ayrılaraq verilməsi və həmin sahədə inşa edilmiş 120 kv.m ölçüdə qeyri-yaşayış binasının da pay haqqı olaraq İddiaçı verilməsinin məqsədəuyğun hesab edilməsi barədə Kooperativin ümumi yığıncağının 10 fevral 2012-ci il tarixli 01 saylı protokolunun surəti iş materiallarına əlavə edilmişdir. Şabran rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 48 saylı məktubu ilə Dəvəçi rayonu XDS İK-nin 29 dekabr 1990-cı il tarixli Müstəqil “Gülüstan” kolxoz bazarı kooperativinin açılması barədə qərarının arxiv surəti məhkəməyə təqdim edilmişdir. 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli məlumatın təqdim edilməsi haqqında məktubunda qeyd edilmişdir ki, “Gülüstan” Kolxoz Bazarı Kooperativi dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Şabran rayon İcra Hakimiyyətinin 21 iyun 2025ci il tarixli məktubunda saxlama müddəti bitdiyi üçün sənədlərin Şabran rayon Dövlət Arxivinə təhvil verildiyi qeyd edilmiş, sərəncam, tikintiyə icazə sənədinin və digər sənədlərin əldə edilməsi üçün Şabran rayon Dövlət Arxivinə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X1 5 saylı Xaçmaz Ərazi İdarəsinin 21 iyun 2025 -ci il tarixli, 3-21-3-34/2-7986/2025 saylı məktubunda qeyd edilmişdir ki, ”Gülüstan” kolxoz bazarı kooperativinin balanssaxlayıcısı və torpaq sahəsinin kimin mülkiyyətində olması barədə hər hansı məlumat aşkar edilməmişdir. Şabran rayon Dövlət Arxivinin 16 iyul 2025-ci il tarixli, 38 saylı məktubunda qeyd edilmişdir ki, Arxivə baxış zamanı iddiaçının adına heç bir qərar təsadüf edilməmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı üzvü olduğu Şabran rayonu “Gülüstan” kolxoz bazarı kooperativinin ərazisində (Şabran rayonu Babək küçəsi) inşa etdirdiyi ümumi sahəsi 120 kv.m olan mağaza üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,”Gülüstan” kolxoz bazarı kooperativinin balanssaxlayıcısı və torpaq sahəsinin kimin mülkiyyətində olması barədə hər hansı məlumat aşkar edilməmişdir. Arxivə baxış zamanı iddiaçının adına heç bir qərar təsadüf edilməmişdir. İddiaçının “Gülüstan” kolxoz bazarı kooperativinin üzvü olması olması barədə müvafiq sənədlər, qeyri-yaşayış sahəsinin (mağazanın) nə vaxtdan iddiaçının faktiki istifadəsində olması barədə məlumat və sübutlar iddiaçı və onun nümayəndəsindən tələb edilsə də qeyd edilən məlumatlar məhkəməyə təqdim edilməmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Göründüyü kimi, iddiaçı mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericilikdə göstərilən mötəbər hüquqmüəyyənedici sənədə malik deyil. Belə olan halda cavabdehin bu barədə imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-678/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-678/2025
28.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver