Məhkəmə qərarları › İş №2-1(118)-683/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-683/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-683/2024 14.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib onun 01 yanvar 2006-ci il tarixinədək 18 ildən artıq ümumi iş stajı, 15 ildən artıq güzəştli şərtlərlə imtiyazlı iş stajı nəzərə alınmaqla 57 yaşı tamam olduğu xx.xx.2015-ci il tarixdən ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1976-cı il tarixindən xx.xx.2008ci il tarixədək Sumqayıt “Alüminium” zavodunda işləmiş, sonra “Alüminium” zavodun adı dəyşilərək, "xxxx" ASC kimi fəaliyyət göstərmişdi. Uzun müddət elektroliz, əritmə sexlərində metallaurgiya avadanlıqlarının təmiri ilə məşğul olan - Metal-emalı, Tökməemalı sexində çilingər kimi işləmişdir. İşi birbaşa Elektrolis əritmə, Alüminium buxarlandırıcıları istehsalı ilə məşğul olan sexlərdə cari və əsaslı təmir işləri aparmağ olub. 2015-ci ildə "xxxx" ASC rəhbərliyinə güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün “Arayış 01” almaq üçün müraciət etmişdir. Ona əmək kitabçası tam əks etməyən bir “Arayış 01” təqdim ediblər.Belə ki, əmək kitabçasının: 7-ci bənd: xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək - Metal emalı - Tökmə istehsalatı 4-cü dərəcəli Təmirçi çilingər; 8-ci: xx.xx.1982-ci il tarixi - həmin sexdə 6-cı dərəcə verilib; 9-cu: xx.xx.1984-cü il tarixi - həmin sexdə 5-ci dərəcəli çilingir verilib; 10-cu: xx.xx.1985-ci il tarixdə Metallaurgiya avadanlıqları təmiri sexin tabeçiliyinə həmin dərəcə və həmin peşə üzrə keçirilmişdir. Maraqlı fakt odur ki, metal emalı-tökmə istehsalatı sexində 4 dərəcə ilə işləyəndə iş stajı qeydiyyata alınır, lakin dərəcə artanda düşmür? Əmək kitabçısının 10-cu bəndini xx.xx.1985-ci il iş stajı heç tamamilə yazılmayıb.Bunun təsadüf olduğunu və ya texniki səhv olduğunu hesab etmir. Həmçinin onu da qeyd etmək istəyir ki Sumqayıt şəhəri o sənayedə işlədiyi vaxt dünyanın 7-ci ekoloji çirkli şəhərlərindən biri olub. Hazırda "xxxx" ASC fəaliyyəti tam dayandırılıb, müəssisə sökülüb. Sənədlər çeşidlənməyib. Müddət baxımından çox gecikmiş, artıq hər təqvim günü onun ziyanına işləyir. Yeddi ilə yaxındır ki, pensiya vaxtından keçib, heç bir yerdəndə gəlir yeri yoxdur. İddiaçı xx.xx.1958-ci ildə anadan olmuş, "xxxx" ASC 01 saylı arayışlarına əsasən xx.xx.1976-cı ildən xx.xx.2007-ci il tarixinədək "xxxx" ASC işlədiyim dövrlərdə 19 il 3 ay 26 gün imtiyazlı iş stajına malikdir. Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasından qeyd olunan məlumatlardan göründüyü kimi onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 18 ildən artıq ümumi iş stajına, güzəştli şərtlərlə on beş ildən artıq imtiyazlı iş stajına malikdir. Ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin, cavabdeh tərəfindən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, imtina qanunsuzdur və bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir.Belə ki, Mərkəzi Filiala təqdim ediimiş sənədlərdə qeyd olunanlara əsasən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 2 ay 5 gün (xx.xx.1976-xx.xx.1977-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1987-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-cİ il, xx.xx.1994-xx.xx.1999-cu il, xx.xx.1999-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olgraq bildirilir ki, iddiaçı tərəfindən təqdim edilmiş Sumqayıt “Alüminium” İstehsalat sahəsinin 12 yanvar 2016-cı il tarixli 01 nömrəli arayışında iddiaçının xx.xx.1999-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyil.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 3-17-1/2-M-82988/2023 nömrəli xx.xx.2023-cü il tarixli imtina məktubu, etiraz ərizəsi, HT-İ ******* nömrəli Əmək kitabçasının təsdiqlənmiş surəti, Hərbi biletin notarial qaydada təsdiqlənmiş surəti, Sumqayıt “Alüminium” İstehsalat sahəsinin 12 yanvar 2016-cı il tarixli 01 nömrəli arayışı, iddiaçının pensiya işinin surəti, cavabdehin 3- 17-1/3-İ-6545/2024 nömrəli xx.xx.2024-cü il tarixli xidməti məktubun surəti, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş **********656800 nömrəli, xx.xx.2023-cü il tarixli məktubun surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ güzəştli şərtlərlə əmək pensiyası yaşının tamam olması vaxtından yaranmış olur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xidmət göstərdiyi ərazinin sakinidir və güzəştli şərtlərlə əmək pensiyalarının vətəndaşlara verilməsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və cavabdehin 3-17-1/2-M-82988/2023 nömrəli xx.xx.2023-cü il tarixli imtina cavabını almışdır. Məhkəmə iddianın mümkünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1.İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; 2.İddiaçının azı 12 il 6 aydan çox güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahına uyğun olaraq ümumilikdə 12 il 6 aydan çox güzəştli iş stajına malikdir. Eyni zamanda onun əmək kitabçasında qeyd edilən müəssisələrdə işlədiyi ümumi əmək stajı 25 ildən çoxdur. Cavabdeh təşkilatının etirazına münasibətdə, yəni iddiaçının güzəştli stajının 12 il 6 aydan az olmasına münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçının əmək kitabçasında edilmiş qeydlərə əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək həmin sexdə 6-cı dərəcə, 5-ci dərəcəli çilingər vəsifəsinə təyin edilmişdir. İddiaçı həmin peşədə işləmiş yalnız dərəcəsi dəyişdirilmişdir. Belə olan halda iddiaçının 12 il 6 ay xüsusi iş stajı tamamlanmış olur. İddiaçının ümumi stajının tamamlanmasına münasibətdə bildirilir ki, cavabdehin 3-17- 1/3-İ-6545/2024 nömrəli xx.xx.2024-cü il tarixli xidməti məktubun surətindən görünür ki, onun 29 il 6 ay ümumi stajı vardır. Məhkəmə, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini aradan qaldıran sübut iş materiallarından müəyyən olunmur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 530 nömrəli, 13 may 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Yəni müvafiq qanun xx.xx.2022-ci ildə qanuni qüvvəyə mindiyinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunda edilmiş dəyişikliyə əsasən iddiaçı pensiya təminatı hüququnu həmin tarixdən qazanmış olur. Belə olan halda qanunvericilik normasının təhlilindən göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində hər hansı bir maneə mövcüd deyildir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar