Məhkəmə qərarları › İş №2-1(118)-6839/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-6839/2025

19.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6839/2025 19.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şamaxı Regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı iş üzrə (Açar sözlər: akt qeydinə düzəlişin edilməsi) GİRİŞ HİSSƏ X3-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Şamaxı Regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 sentyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı Regional “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin 20 iyun 2025-ci il tarixli 3-16-5/8-66-168/2025 saylı imtinasının əsassız hesab olunması, Şamaxı rayon Talışnuru kənd icra nümayəndəliyi tərəfindən 28 oktyabr 1953-cü il tarixdə 15 nömrə ilə qeydiyata alınmış doğum akt qeydində uşaq haqqında məlumat qrafasında soyadının “Tariverdiyev”dən “Tarverdiyev”ə, adının “Möhubət”dən “Məhəbbət”ə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxx 1953-cü il tarixdə Şamaxı rayonu, Talışnuru kəndində anadan olmuşdur. Həmin vaxtda onun doğum haqqında şəhadətnaməmdə soyadı Tarverdiyev, adı Məhəbbət olmuşdur. Orta məktəbi də bu adla oxumuşdur. Hərbi xidmətə də bu ad və soyadla getmişdir. İş yerində də bu adla və soyadla işləmişdir. Lakin sonradan şəxsiyyət vəsiqəsi alınan zaman bu sənədlərini Şamaxı rayon Polis şöbəsinə təqdim etmişdir. Şəxsiyyət vəsiqəsini alanda adının başqa adla Möhübət kimi yazıldığı və doğum şəhadətnaməmdə də əllə düzəliş edilib və düzəliş barədə möhür də vurulduğunu görmüşdür. Nə səbəbdən adının Möhübət yazılmasını soruşduqda bildirdilər ki, doğum akt qeydində adı belə yazılmışdır. Ona görə də, bu düzəlişi etmişdir. İddiaçı bunun sonradan problemlər yaradacağını bilmədiyindən həmin vaxt bu məsələ ilə bağlı hər hansı bir orqana müraciət etməmişdir. Hazırda onun sənədlərimdə olan uyğunsuzluqlar övladlarına münasibətdə müəyyən çətinliklər yaradır. Hər hansı bir əmlakını övladına bağılaya bilmir. Təqdim etdiyi sənədlərdən övladlarının atası olmağı görünmür. Bu uyğunsuzluğu aradan qaldırmaq üçün Şamaxı Regional Cavabdehiyyat şöbəsinə müraciət etmiş, doğum akt qeydində dəyişiklik olmasını xahiş etmişdir. Şamaxı Regional “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi 20 iyun 2025-ci il tarixli, 3-16-5/8-66- 168/2025 saylı məktubla doğum akt qeydində düzəkiş etməkdən imtina etmişdir. İddiaçı Şamaxı Regional “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi 20 iyun 2025-ci il tarixli, 3-16- 5/8-66-168/2025 saylı imtinasını əsassız hesab edir. Belə ki, doğum haqında şəhadətnaməyə baxış keçirilərkən aydın görünür ki, şəhadətnamədə adı ilkin olaraq “Məhəbbət” kimi, soyadı isə “Tarverdiyev” kimi yazılmışdır. Valideynləri də əllərindəki sənəddə qeydlərin düzgün olduğuna görə doğum akt qeydində səhv qeydiyyat aparılmasından şübhələnməmişlər və bu qayda ilə o, məktəbə getmiş, hərbi xidmətdə olmuş, sonra da işə düzəlmiş, evlənmiş, uşaqları dünyaya gəlmişdir. Uşaqlarına da bu adla yəni Məhəbbət adı və Tarverdiyev soyadı ilə doğum şəhadətnamələri yazılmışdır. Yalnız şəxsiyyət vəsiqələri verilən zamanda məlum olmuşdur ki, doğum akt qeydində soyadı “Tariverdiyev”, adı “Möhubət” kimi yazılmışdır. Belə ad haradan və necə yazılıb məlumatı yoxdur. Belə ad ümumiyyətlə adlar siyahısında mövcud deyil. 72 ili də başqa ad deyil, Məhəbbət adını daşımışdır. Belə hesab edir ki, hazırda müraciətini nəzərə alaraq Şamaxı Reqional “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi doğum akt qeydində dəyişiklik edə bilərdi, lakin cavabdeh əsassız olaraq bu dəyişikliyi etməkdən imtina etmişdir.

3. Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-16-5/8-66-168/2025 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Sənədlər tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, Şamaxı rayon Talışnuru KİN tərəfindən tərtib edilmiş xx.xx.1953-cü il tarixli 15 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında soyadı “Tariverdiyev”, adı “Möhubət” yazılmışdır. Lakin şəxsiyyət vəsiqəsində soyadı “Tarverdiyev”, adı “Möhübət”, Şamaxı rayon Qaleybuğurd KİN tərəfindən tərtib edilmiş xx.xx.1975-ci il tarixli 22 nömrəli nikah və övladlarının doğum haqqında akt qeydində isə soyadı “Tarverdiyev”, adı “Məhəbbət” yazılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1 və 161.2 maddəsinə əsasən “vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Müvafiq icra hakimiyyəti oranının müəyyən etdiyi orqanın (qurumun) akt qeydinə dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Yuxarıda göstərilənlərə əsasən Şamaxı rayon Talışnuru KİN tərəfindən tərtib edilmiş xx.xx.1953-cü il tarixli 15 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında soyadı “Tariverdiyev”dən “Tarverdiyev”ə, adı “Möhubət”dən “Məhəbbət”ə dəyişiklik edilməsi Şamaxı regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən mümkün deyil. Şamaxı regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi Sizə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edir.”

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh məkməyə məktub ilə müraciət edərək, məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

6. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3cü maddəsinə uyğun olaraq, şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

7. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

8. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə Nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

10. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

11. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

12. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı soyadı “Tarverdiyev”, adı “Möhübət” qeyd edilmişdir.

13. İddiaçıya məxsus AЗ 324058 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçının soyadı “Tariverdiyev”, adı “Möhubət” qeyd olunmuşdur.

14. İ-ЖГ 317993 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, iddiaçının soyadı “Tarverdiyev”, adı “Məhəbbət” qeyd edilmişdir.

15. İddiaçıya məxsus AИ 688163 nömrəli attestatdan görünür ki, iddiaçının soyadı “Tarverdiyev”, adı “Məhəbbət” qeyd edilmişdir.

16. İddiaçıya məxsus HЗ ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçının soyadı “Tarverdiyev”, adı “Məhəbbət” qeyd edilmişdir.

17. İddiaçıya məxsus ИT ******* iddiaçının soyadı “Tarverdiyev”, adı “Məhəbbət” qeyd edilmişdir.

18. İddiaçının övladlarına məxsus doğum haqqında şəhadətnamələrdən görünür ki, ata qrafasında X1 qeyd edilmişdir.

IV. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin: 1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bəndinə əsasən, aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; - qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ölənlər barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. 6-cı bəndinə əsasən, qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

21. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”:1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur.

IV. Məhkəmənin mövqeyi

23. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

24. İş materiallarında olan sənədlərə əsasən, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ona məxsus Şamaxı rayon Talışnuru kənd icra nümayəndəliyində qeydə alınmış doğum haqqında akt qeydində soyadının “Tariverdiyev” yerinə “Tarverdiyev", adının isə “Möhubət”dən “Məhəbbət”ə düzəliş edilməsini xahiş edir.

25. İddiaçının şəxsiyyət vəsiqəsi mövcuddur, şəxsiyyət vəsiqəsində soyad qrafasında şəxsin soyadı “Tarverdiyev”, “Möhübət” olaraq qeyd olunmuşdur.

26. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, iddiaçıya məxsus nikahın bağlanması haqqında şəhadətnamədə, attestatda, hərbi biletdə, əmək kitabçasında, iddiaçının övladlarına məxsus doğum haqqında şəhadətnamələrdə soyadı “Tarverdiyev”, adı “Məhəbbət” olaraq qeyd olunmuşdur.

27. Şamaxı rayon Talışnuru kənd icra nümayəndəliyi tərəfindən qeydə alınmış xx.xx.1953-cü il tarixli, 15 saylı doğum akt qeydində iddiaçının soyadı “Tariverdiyev”, adı “Möhubət” qeyd olunmuşdur ki, məhkəmə bunu iddiaçının digər sənədlərinə əsasən düzgün olmayan hesab edir.

28. Qanunveriliyin yuxarıda qeyd olunan tələbindən də göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır.

29. Məhkəmə hesab edir ki, qeydiyyat orqanlarının hərəkəti nəticəsində doğum haqqında akt qeydində yol verilmiş yanlışlıqlar şəxsin hüquqlarının pozulmasına səbəb olmamalıdır. Buna görə də, məhkəmə iddiaçının soyadının “Tarverdiyev” və adının “Məhəbbət” olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının doğum haqqında akt qeydində düzəliş edilməli və onun soyadı “Tarverdiyev”, adı “Məhəbbət” kimi göstərilməlidir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

31. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, Qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.1953-cü il tarixində Şamaxı rayon Talışnuru kənd icra nümayəndəliyində tərtib edilmiş 15 nömrəli doğum haqqında akt qeydində soyadının və adının “Tariverdiyev” qrafasında “Tarverdiyev”, “Möhubət” qrafasında “Məhəbbət” kimi yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi öhdəliyi cavabdeh Şamaxı Regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X3-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar