Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-684/2021 03.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı “Onun 1992-2004-cü illərdə AR Tikinti Nazirliyinin 2 saylı Trestinin 24 saylı Tikinti İdarəsində işlədiyi iş dövrlərinin sosial sığorta stajı hesab edilərək 65 yaşı tamam olan tarixdən yəni, 18 dekabr 2020-ci ildən yaşa görə əmək pensiyası verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı 1992-2004-cü illərdə AR Tikinti Nazirliyinin 2 saylı Trestinin 24 saylı Tikinti İdarəsində işlədiyi iş dövrlərinin sosial sığorta stajı hesab edilərək 65 yaşı tamam olan tarixdən yəni, 18 dekabr 2020-ci ildən yaşa görə əmək pensiyası verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. cavabdeh tərəfindən iddiaçının müraciətini təmin edilməsindən imtina edilmişdir. İddiaçı razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1955-ci ildə anadan olmuşdur. 01.09.1973-31.07.1977-ci illərdə Sumqayıt Politexnik Texnikomunda təhsil almışdır. Əmək fəaliyyətinə 28 iyul 1975-ci ildə başlamışdır (Sumqayıt 1 saylı İEM-də). 03.12.1977- 06.03.1978-ci illərdə Sumqayıt Sintez Kauçuk zavodunda, 06.05.1978- 04.05.1981-ci illərdə Sumqayıt şəhər Daxili İşlər İdarəsinin Müəssisədənkənar Mühafizə İdarəsində və daha sonralar 17 saylı Texniki Peşə Məktəbində, 2 saylı Trestin 21 saylı Tikinti İdarəsində, 24 saylı Tikinti İdarəsində işləmişdir. 24 saylı Tikinti İdarəsində 02.01.2004-cü il tarixinə qədər işləmişdir. 12 noyabr 1974-16.06.1975-ci ilə qədər Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Ümumi iş stajı 31 ildir. 65 yaşı tamam olan tarixdə, yəni 18 dekabr 2020-ci ildə yaşa görə əmək pensiyası təyin edilməsi üçün sənədlərini AR-nın ƏƏSMN-i yanında DSMF-nin Sumqayıt şəhər Şöbəsinə təqdim etmişdir. Cavabdeh ayrı-ayrı vaxtlarda 3 dəfə müraciətindən imtina etmişdir. 09.07.2020-ci ildə **********3 saylı imtina məktubunda cavabdeh bildirmişdir ki, “əmək pensiyası təyini üçün tələb olunan 25 il sosial sığorta stajınıza qarşı 24 il 04 ay sığorta stajınız və tələb olunan sığorta kapitalınız 28800,00 manata qarşı fərdi hesabınızda 18037,19 manat olması səbəbindən müraciətinizdən imtina edilmişdir”. İkinci imtina 27.09.2020-ci ildə (**********2 saylı) verilmişdir. İmtinada göstərilir ki, “təqdim edilmiş əmək kitabçasında 1992-2004-cü illərin yoxlanması zəruriliyi yaranmış, sorğuya cavab gəldikdən sonra hüququnuza yenidən baxılacaqdır”. Üçüncü imtina 18.01.2021-ci ildə (№ **********8) verilmişdir. Həmin imtina məktubunda göstərilir ki, “Sizin 25 il sığorta stajınıza qarşı, 11 il 11 ay sığorta stajınız olduğundan pensiya təyini qanuna ziddir. Həmçinin bildirilir ki, 21.01.1987-ci il tarixdən 02.01.2004-cü il tarixədək əmək kitabçasında qeyd olunan sığorta stajının yoxlanması mümkün olmamışdır”. Beləliklə cavabdeh bir-birinə zidd olan imtina məktubları ilə iddiaçının yaşa görə əmək pensiyasına çıxmağına əsassız olaraq imkan verməmişdir. İddiaçı cavabdehin imtinasını aşağıda qeyd edilənlərə görə əsassız hesab edir. Beləki, yuxarıda qeyd etdiyi kimi iddiaçının 31 il əmək stajı var. Bunu iddiaçıya məxsus NT-İ № ******* saylı əmək kitabçaları təsdiq edir. 01.01.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” qanuna görə vətəndaşların təhsil dövrü (peşə məktəbi, texnikom, institut və s.) is stajı hesab edilir. Həmçinin AR-sı Dövlət Arxivinin Sumqayıt Filialının 22.10.2020-ci il tarixli 508 saylı arxiv arayışı ilə təsdiq edilir ki, mən 01,08.1973-cü il tarixli əmrlə Texnikoma qəbul edilmiş və 3 1.07.1977-ci ildə həmin məktəbi bitirmişdir. İddiaçıya məxsus H3 № ******* saylı hərbi biletə görə 12.11.1974-16.06.1975-ci illərdə hərbi xidmətdə olmuşdur. Cavabdehin imtina məktubunda qeyd etdiyi illərdə, yəni 1992-2004-cü illərdə o, Sumqayıt şəhərində fəaliyyət göstərən AR-nın Tikinti Nazirliyinin 2 saylı Trestinin 24 saylı Tikinti İdarəsində (suvaqçı-rəngsaz, üzləyici) işləmişdir. İşlədiyi 24 saylı Tikinti İdarəsi dövlət müəssisəsi kimi fəaliyyət göstərmişdir. AR ƏM-nin 87.1-ci maddəsinə görə “İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab olunur”. “Əmək pensiyaları haqqında ” qanuna əsasən “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması” Qaydalarının 3.1.1 -ci bəndinə görə “Əmək pensiyaları haqqında” qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin qaydaların 4.2.7-ci bəndinə görə “Pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 01.01.2006- cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanmasını həyata keçirir”. Qaydaların qeyd olunan bəndi yalnız qeyri-dövlət müəssisələrində çalışanlara şamil edilməlidir. İddiaçı isə yuxarıda qeyd edildiyi kimi dövlət müəssisəsində işləmişdir və bütün iş stajı dövlət müəssisələrinə aiddir. Hal-hazırda qüvvədə olan “Əməkpensiyaları haqqında” qanunun 7-ci maddəsinə görə “65 yaşına çatmış kişilərin və 62 yaşma çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır”. Beləliklə qanunun tələbinə görə onun 01.01.2006-cı il tarixinə qədər 25 ildən artıq sosial sığorta stajını olduğuna görə əmək pensiyaları haqqında qanunun 7-ci maddəsinin 2-ci hissəsinə görə 65 yaşı tamam olan tarixdə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddia tələbi üzrə iş materiallarından aydın olur ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə bağlı inzibati icraatı apardıqdan sonra, iddiaçının 1992-2004-cü illərdə işlədiyini iddia etdiyi müəssisələrlə bağlı arxiv sənədlərinin qarşılıqlı yoxlamasının, yəni iddiaçının işə girmə və çıxma əmrlərinin əmək kitabçasındakı qeydlərlə uyğunluğunun, iddiaçının əmək haqqı alıb-almaması və iddiaçının həmin müəssisələrdə faktiki işləyib-işləməməsi barədə məlumatların yoxlanılmasının mümkün olmaması səbəbindən, onun ərizəsinin təmin edilməsindən imtina etmişdir. Bundan sonra, İddiaçı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddiasında həmin illərə dair qeydlərin əmək kitabçasında mövcud olduğu üçün, sosial sığorta stajına əlavə edilməsini əsaslandırır. İddiaçı hesab edir ki, sözügedən iş üzrə iddia əsassızdır və təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027- ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin mətnindən aydın olur ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır: Vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı vəziyyətində isə, birinci əsasla bağlı qeyd olunmalıdır ki, o qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. İddiaçının pensiya almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq, 08.06.2020-ci ildə yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının mübahisələndirilməyən ümumi iş stajı 11 il 11 aydır. İddiaçının 1987-2004-cü illər arasında işlədiyini iddia etdiyi illər onun mübahisələndirilməyən ümumi iş stajına əlavə edildiyi təqdirdə, iddiaçının subyektiv hüquqi marağı - pensiya almaq hüququ yaranır. Lakin həmin illərin iddiaçının ümumi iş stajına əlavə edilə bilməz. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1 ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017- ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 32.1 -ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 31.2-1 -ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011 -ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1 -ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Fərdi qaydada sahibkarlıq, əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr barədə arayışa (3 nömrəli əlavə) əsasən müəyyən olunur. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, şəxsin 01.01.2006-cı ilə qədər işlədiyi dövrün öz təsdiqini tapması üçün əmək kitabçası ilə yanaşı dövlət arxivinin arayışları da mövcud olmalıdır. Bundan əlavə olaraq, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 67- ci maddəsinə görə, Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla, 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, məhkəmə prosesi gedişindədə tərəflərindən iddiaçının əmək kitabçasında qeyd edilən 1992-2004-cü illərdə işlədiyini iddia etdiyi müəssisələrlə bağlı əlavə sorğular edilmiş, hər hansı arxiv sənədləri müəyyən edilməmişdir. Məhkəmə iclasında şahid qismində X4 dindirilmiş, ifadəsində bildirmişdir ki, 1995-ci ildən Trestinin 24 saylı Tikinti İdarəsində baş mühasib vəzifəsində işləmişdir. Sonradan Müəssisə H.Qasımov tərəfindən özəlləşdirilib. İdarə “xxxx” ASC-yə çevrilmişdir. O vəfat edəndən sonra idarənin rəhbəri onun oğlu olmuşdur. 1991-ci ilə qədər olan sənədlər Arxivə təhvil verilmişdir. Əvvəlki dövrlərdə məhkəmə mübahisələri olanda DSMFnin nümayəndələri sənədləri yoxlamağa gəlirdi, sənədləri onlara göstərirdi. 2014-cü ildə Prokurorluqdan ona zəng edilmiş və sənədlər istənilmişdir. Həmin gün gedə bilməmiş, 2 gün sonra getmiş, aydın olmuşdur ki, qapı qırılaraq sənədlər götürülmüşdür.Təxminən 2014-cü ilin yanvar ayında. Bildiyinə görə 1991-ci ildən sonraya aid arxiv sənədləri artıq mövcud deyil. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 02.04.2021-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı cavab məktubunda bildirmişdir ki, “Tikinti Nazirliyinin 2 saylı Trestinin 24 saylı Tikinti İdarəsi”nin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilməmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 05.04.2021-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı cavab məktubunda bildirmişdir ki, “Sumqayıt Tikinti Quraşdırma ASCnin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı onun 1992-2004-cü illərdə AR Tikinti Nazirliyinin 2 saylı Trestinin 24 saylı Tikinti İdarəsində işlədiyi iş dövrlərinin sosial sığorta stajı hesab edilərək 65 yaşı tamam olan tarixdən yəni, 18 dekabr 2020-ci ildən yaşa görə əmək pensiyası verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istəyir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027- ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 31.2-1 -ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İşin araşdırılan hallarından görsənir ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən iddiaçıya yaşa görə əmək pensiya təyin edilməsi üçün 25 il sığorta stajı tələb olunur. İddiaçının əmək kitabçasında olan 1992-2004-cü illərdə qeyd edilən dövrlər nəzərə alınmadıqda isə qanunvericilikdə nəzərdə tutulmuş sığorta stajı yaranmır. Cavabdeh inzibati orqanın arxiv idarəsinə verdiyi sorğular və şahid ifadəsi ilə iddiaçının əmək kitabçasında qeyd edilən 1992-2004-cü illərdə işlədiyi müəssisələrin arxiv sənədlərinin olmadığı müəyyən olunur. İddiaçının əmək kitabçasında müvafiq qeydlər olsada, onun həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəməsi şərti ilə işləməsi arxiv sənədləri əsasında təsdiqi sübut olunmur. Bu isə inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-684/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-684/2021
03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver