Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-684/2024 27.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Kamal qızının katibliyi, İddiaçı və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı xx.xx.2002-xx.xx.2004-cü il tarixlərdə 6 saylı X4 İdarəsində və xx.xx.2005-xx.xx.2007-ci il tarixlərdə 5 saylı X4 İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə 13 aprel 2019-cu il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi barədə öhdəliyin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-xx.xx.2004-cü il tarixlərdə 6 saylı X4 İdarəsində və xx.xx.2005-xx.xx.2007-ci il tarixlərdə 5 saylı X4 İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. O, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək S.M.Kirov adına Maşınqayırma zavodunda işləmiş, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1979-cu il tarixdən xx.xx.1992-ci il tarixədək Bakı Baş Tikinti İdarəsi 11 saylı Trestin 15 saylı Tikinti İdarəsində bənna, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Elektromexanikləşdirmə trestinin “Atropatena” dövlət müəssisəsinin (sonradan Rayonlararası Tikinti-Quraşdırma İstehsalat müəssisəsi adlandırılmışdır) Bakı İnşaat İdarəsində 4-cü dərəcəli bənna, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Sabunçu rayonu Su xətlərinin istismarı üzrə İstehsalat zonasında mühasib, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək “Etibar” Tikinti Kommersiya İstehsalat firmasında mühasib, xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək 6 saylı X4 İdarəsində tikinti sahəsinə fəhlə, xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək 5 saylı X4 İdarəsində bənna işləmişdir. Beləliklə, iddiaçı 25 ildən çox sosial sığorta stajına malik olmuşdur. Buna baxmayaraq o, yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdeh idarəyə müraciət etdikdə ona imtina cavabı verilmişdir. Belə ki, cavabdeh onun xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək 6 saylı X4 İdarəsində tikinti sahəsində fəhlə və xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək 5 saylı X4 İdarəsində bənna işlədiyi dövrü onun sosial sığorta stajına qəbul etməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyini və əmək haqqı aldığını iddia edir. Lakin xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlərə münasibətdə əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün (işə daxil olma və işdən azad olunma haqqında qeydlər eyni qələmlə yazıldığına görə) və xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək 5 saylı X4 İdarəsində olan dövrün sığorta stajına daxil edilərək pensiya təyin edilməsi mümkün olmamışdır. İddiaçı təqdim etdiyi əmək kitabçasının, hərbi biletinin surətinə əsasən və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidməti nəzərə alınmaqla) 23 il 12 gün təşkil edir. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 21 il 6 ay 12 gün sığorta stajına uyğun olaraq 19943,28 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü İl tarixədək 1478,59 manat olmaqla, ümumilikdə 21421,87 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Bununla bağlı iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. X2 bildirdi ki, 1993-1997-ci illərdə Şirvanşahlar Sarayında 6 saylı Tikinti İdarəsinin tərkibində işləmiş, bir müddətlik iş dayanmışdır, daha sonra işləri bərpa edilmiş və o, 1998- 2003-cü illərdə iddiaçı ilə birlikdə işləmişdir. X1 göstərdi ki, 1994-cü ildə Şirvanşahlar Sarayında işə başlamışdır, o işə gələndə iddiaçı artıq həmin idarədə işləyirdi. İş materiallarında olan: - iddiaçıya məxsus AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1958-ci il təvəllüdlüdür. - НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1976-1978-ci illərdə hərbi xidmətdə olmuşdur. Məhkəmənin sorğusuna əsasən Milli Arxiv İdarəsi tərəfindən verilmiş cavab məktublarından görünür ki, sorğuda qeyd olunan 5 və 6 saylı X4 İdarələri haqqında tam məlumat olmadığına, tabeçiliyi göstərilmədiyinə, eləcə də vətəndaşın əmək kitabçasının surəti təqdim olunmadığına görə sorğunun icrası imkan xaricindədir. Məhkəmənin sorğusuna əsasən Dövlət Vergi Xidməti tərəfindən verilmiş cavab məktublarından görünür ki, dövlət reyestrində “6 saylı İnşaat İstehsalat İdarəsi” və “5 saylı İnşaat İstehsalat İdarəsi” adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Reyestrdə oxşar adlı 5 saylı X4 İdarəsinin (VÖEN: **********) xx.xx.1994-cü il tarixdə 19368 nömrə ilə dövlət qeydiyyatından keçməsi, fəaliyyətinin aktiv olması və 6 saylı X4 İdarəsinin (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə 17517 nömrə ilə dövlət qeydiyyatından keçməsi, fəaliyyətinin dayandırılması barədə məlumat mövcuddur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin normasından göründüyü kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün göstərilən yaşa çatmaq və azı 25 il sığorta stajına malik olmaq tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı əmək pensiyasının təyin edilməsi üçün müraciət etdikdə cavabdeh inzibati orqan onun əmək kitabçasında qeyd olunan iş stajını və hərbi xidmət müddətini hesablayaraq onun cəmi 23 il 12 gün sosial sığorta stajına malik olması qənaətinə gəlmişdir. Cavabdeh iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək 6 saylı X4 İdarəsində tikinti sahəsinə fəhlə və xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək 5 saylı X4 İdarəsində bənna işlədiyi müddətləri sosial sığorta stajına daxil etməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi dövrü əmək kitabçasında qeydlərin eyni qələmlə aparılması ilə bağlı onun sosial sığorta stajına daxil etməkdən imtina edir. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, bu hal iddiaçının həmin dövrdə göstərilən idarədə işləməsi faktını inkar etmir. Əvvəla, qələmin rənginin eyni olması qeydlərin eyni baxtda aparılmasına dəlalət etmir. Bundan başqa əmək kitabçasının doldurulmasına işçi deyil, işəgötürən cavabdehlik daşımışdır və bu onun məsuliyyət sferasına aid məsələ olmamışdır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Məhkəmə hesab edir ki, əmək kitabçasının düzgün doldurulması işəgötürənin vəzifələriə aid edildiyindən iddiaçı hər hansı pozuntuya görə cavabdehlik daşımamalı və buna görə onun sosial təminat hüququ pozulmamalıdır. Cavabdeh təşkilat tərəfindən iddiaçının əmək kitabçasında olan qeydlər həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən social sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Beləliklə, işin yuxarıda qeyd edilən hallarından aydın olur ki, cavabdeh tərəfindən mübahisələndirilən dövr də nəzərə alındıqda tələb olunan 25 ildən artıq sığorta stajı tamamlanır ki, bu da ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən pensiya (kişilərin yaşa görə əmək pensiyası) təyin edilməsinə əsas verir. Bundan başqa cavabdeh işəgötürən müəssisənin xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövr üçün məcburi sosial sığorta haqqının ödənilməməsin əsası ilə iddiaçının xx.xx.2005-ci il tarixdən həmin müəssisədə işlədiyi dövrü də onun sosial sığorta stajına daxil etməkdən imtina etmişdir ki, bu dəlili də məhkəmə ədalətsiz və əsassız hesab edir. İddiaçınnı mübahisələndirilən dövrlərlə qeyd edilən müəssisələrdə işləməsi onun əmək kitabçası, müəssisələrin vergi orqanı tərəfindən 1994-cü ildən qeydiyyata alınması və şahid ifadələri ilə təsdiq edilir. Bununla yanaşı məhkəmə müəssisə tərəfindən iddiaçı üçün xx.xx.2006-cı ildən xx.xx.2007-ci il tarixədək məcburi dövlət sosial sığorta haqqını ödəməməsini nəzərə alaraq iddia tələbinin həmin hissədə rədd edilməsini məqsədəuyğun hesab edir. Buna baxmayaraq məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək və xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövr nəzərə alındıqda onun 25 ildən artıq sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas verir. “İnizbati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 16.2-ci maddəsnə görə hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək 6 saylı X4 İdarəsində fəhlə, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 5 saylı X4 İdarəsində bənna işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.
Hakim Vəfa Əzizova