Məhkəmə qərarları › İş №2-1(118)-684/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-684/2025

28.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-684/2025 28.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri Novxanı bağ massivi 429 A ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Sumqayıt şəhəri Novxanı bağ massivi 429 A ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsini istəyir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən ünvanlanmış 17 avqust 2023-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, “Təqdim etdiyiniz 22.031971-ci il tarixli 0,025 ha torpaq sahəsinə dair bağlanmış “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” müqavilənin müddəti xx.xx.1981-ci il tarixdə bitmişdir. Lakin sonradan Sumqayıt XDS İK-nin 3.389 nömrəli xx.xx.1988-ci il tarixli qərarının tələblərini nəzərə alaraq torpaq sahəsinin maksimum 0.12 ha olmaqla ailə üzvləri və ya yaxın qohumlar arasında bölünməsi və yeni icarə müqaviləsinin bağlanması proseduru aparılmamışdır. Həmçinin, xx.xx.1971-ci il tarixli icarə müqaviləsinə sonradan əlavə edilmiş “4622A ' nömrəsi müvafiq qurum tərəfindən düzəliş və dəyişikliklə bağlı möhürlə təsdiq olunmamış və müqavilədə qeyd edilən “429A” nömrəsi isə qonşu torpaq sahələrinin nömrələri ilə ardıcıllığa uyğun olmadığı müəyyən olunmuşdur. Ərizəyə torpaq sahəsinin sərhəd ölçülərini və yerini müəyyən edən texniki sənəd (torpaq sahəsinin plan və ölçüsü, mövqe sxemi, ayrıc aktı və s.) əlavə edilmədyi üçün faktiki yerin sənəddə qeyd edilən koordinatlara uyğun olub-olmaması barədə rəy vermək mümkün deyil.” Bu imtinadan sonra Sumqayıt Bələdiyyəsinə sorğu verərək, müqavilədəki düzəlişə izah verlməsini və torpaq sahəsinin plan və ölçüsü, mövqe sxemi, ayrıc aktı və s. -i xahiş etsək də, Sumqayıt Bələdiyyəsi cavab olaraq bildirmişdir ki, Bağ təsərrüfatı sahəsinin arxiv sənədləri, o cümlədən sorğuda qeyd edilən bağ bağ sahəsinin arxiv sənədləri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in 2 saylı Sumqayıt Ərazi İdarəsinə təhvil verilmişdir. Bu da onu göstərir ki, cavabdeh qurumun imtinası yalnız süründürməçilik xarakteri daşıyır. Bundan əlavə müqavilə müddətinin uzadılmamasına gəldikdə isə bildirmək istəyir ki, tərəflərdən heç biri müqavilənin ləğvinə təşəbbüs göstərməmişdir, bu da müqavilənin hələ də qüvvədə olması deməkdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, xx.xx.1971-cı il tarixli 0.25 ha torpaq sahəsinə dair bağlanmış “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” müqavilənin müddəti xx.xx.1981-ci il tarixində bitmişdir. Lakin sonradan Sumqayıt XDS İK-nin 3.389 nömrəli xx.xx.1988-ci il tarixli qərarının tələblərini nəzərə alaraq torpaq sahəsinin maksimum 0.12 ha olmaqla ailə üzvləri və ya yaxın qohumlar arasında bölünməsi və yeni icarə müqaviləsinin bağlanması proseduru aparılmamışdır. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.1971-ci il tarixli icarə müqaviləsinə sonradan əlavə edilmiş “4622A" nömrəsi müvafiq qurum tərəfindən düzəliş və dəyişikliklə bağlı möhürlə təsdiq olunmamış və müqavilədə qeyd edilən “429A" nömrəsi isə qonşu torpaq sahələrinin nömrələri ilə ardıcıllığa uyğun olmadığı müəyyən olunmuşdur. Həmçinin torpaq sahəsinin sərhəd ölçülərini və yerini müəyyən edən texniki sənəd (torpaq sahəsinin planı və ölçüsü, mövqe sxemi, ayrıc aktı və s.) əlavə edilmədiyi üçün faktiki yerin sənəddə qeyd edilən koordinatlara uyğun olub-olmaması barədə rəy vermək mümkün deyil. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İş materiallarına əlavə edilmiş 22 mart 1971-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Novxanı qəsəbəsində 0.25 ha sahəsi olan bağ X5 icarəyə verilmiş, müqavilənin müddəti 22 mart 1971-ci il tarixindən 22 mart 1981-ci il tarixədək müəyyən edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1997/2023 saylı Qətnaməsi ilə xx.xx.1978-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Sumqayıt şəhəri, Novxanı ərazisi 429A saylı bağ sahəsinin miras əmlak kimi qəbulu müddətinin İddiaçı tərəfindən buraxılması üzrlü sayılmış və müddət uzadılmışdır. Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin 07 aprel 2024-cü il tarixli 729 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən xx.xx.1978-ci il tarixdə vəfat etmiş X4 vərəsəsidir və miras qalmış əmlakdan irs almalıdır. Miras qalmış əmlak Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən ümumi sahəsi 0.25 ha olan 4622A nömrəli torpaq sahəsindən ibarətdir. Sumqayıt bələdiyyəsinin 20 avqust 2024-cü il tarixli 3214 saylı məktubunda qeyd edilmişdir ki, Sumqayıt bələdiyyəsində Sumqayıt şəhəri, Novxanı bağları massivində yerləşən 429A saylı bağ sahəsinin nömrəsinin sonradan hansı hüquqi sənəd 4622A dəyişdirilməsi ilə bağlı hər hansı məlumat mövcud deyildir. Sumqayıt şəhəri ərazisində yerləşən bağ torpaq sahələri Sumqayıt şəhər İcra Hakimiyyətinn ləğv edilmiş bağ təsərrüfatı sahəsinin sərəncamında olmuş və bağ sahələrinin müvafiq qaydada nömrələnməsi səlahiyyəti də adı çəkilən quruma məxsus olmuşdur. Ehtimal olunur ki, bağlar təsərrüfatının ərazisi illər ərzində genişləndikdən sonra bağ sahələrinin yerləşmə yerinə görə (Corat, Saray, yaxud Novxanı bağları massivi) nömrələrinin ardıcıllığının təmin edilməsi məqsədilə ayrılmış bağ sahələrinin ilkin nömrələri dəyişdirilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 10 mart 2024-cü il tarixli, 1036/2024 saylı məktubu ilə ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsinin xüsusiləşdirilmiş yaşıllaşdırma quruculuğu idarəsi tərəfindən bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında xx.xx.1971-ci il tarixli icarə müqaviləsinin və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, Sumqayıt şəhəri Novxanı bağ massivi 429 A ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, xx.xx.1971-cı il tarixli 0.25 ha torpaq sahəsinə dair bağlanmış “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” müqavilənin müddəti xx.xx.1981-ci il tarixində bitmişdir. Lakin sonradan Sumqayıt XDS İKnin 3.389 nömrəli xx.xx.1988-ci il tarixli qərarının tələblərini nəzərə alaraq torpaq sahəsinin maksimum 0.12 ha olmaqla ailə üzvləri və ya yaxın qohumlar arasında bölünməsi və yeni icarə müqaviləsinin bağlanması proseduru aparılmamışdır. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.1971-ci il tarixli icarə müqaviləsinə sonradan əlavə edilmiş “4622A" nömrəsi müvafiq qurum tərəfindən düzəliş və dəyişikliklə bağlı möhürlə təsdiq olunmamış və müqavilədə qeyd edilən “429A" nömrəsi isə qonşu torpaq sahələrinin nömrələri ilə ardıcıllığa uyğun olmadığı müəyyən olunmuşdur. Həmçinin torpaq sahəsinin sərhəd ölçülərini və yerini müəyyən edən texniki sənəd (torpaq sahəsinin planı və ölçüsü, mövqe sxemi, ayrıc aktı və s.) əlavə edilmədiyi üçün faktiki yerin sənəddə qeyd edilən koordinatlara uyğun olubolmaması barədə rəy vermək mümkün deyil. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş 22 mart 1971-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Novxanı qəsəbəsində 0.25 ha sahəsi olan bağ X5 icarəyə verilmiş, müqavilənin müddəti 22 mart 1971-ci il tarixindən 22 mart 1981-ci il tarixədək müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd qismində iddia edilən icarə müqaviləsinin müddəti bitmiş və müddətin uzadılmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə cavabdehin etirazda qeyd etdiyi kimi, torpaq sahəsinin texniki sənədləri təqdim edilmədiyindən və icarə müqaviləsi ilkin olaraq “429A” nömrəsi ilə verildiyindən, sonra isə heç bir təsdiq olmadan “4622A” nömrəsi ilə əvəz edildiyindən faktiki və sənəd üzrə yerinin uyğunluğunu müəyyən etmək mümkün deyildir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununun 8-ci maddəsinə əsasən: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. İşin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olan hüquqmüəyyənedici heç bir lazımi sənəd təqdim edilməmişdir. Belə ki, iddiaçının daşınmaz əmlak üzərində hüququnun qeydə alınmasına əsas verən hər hansı hüquqmüəayyənedici sənədi mövcud deyildir. İddiaçının təqdim etdiyi Novxanı qəsəbəsində 0.25 ha sahəsi olan bağ sahəsinin 22 mart 1971-ci il tarixindən 22 mart 1981-ci il tarixinədək X5 icarəyə verilməsi barədə 22 mart 1971-ci il tarixli icarə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş sənədlərin siyahısına daxil deyil. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Həmin Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən iddia etdiyi bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsinə şərh edilərək, göstərilmişdir ki, “...Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim edilməsini tələb etməyə haqlı deyil” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Hazırki işdə də ilk növbədə iddiaçı özünnün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Aparılan araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməmiş, imtina əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar