Məhkəmə qərarları › İş №2-1(118)-6852/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-6852/2024

27.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-6852/2024 27.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X5 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı ““torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət sənədlərinin (çıxarış, torpaq sahəsinin planı və ölçüsü) hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-Q-0170-8/2024 saylı imtina məktubu ilə Xaçmaz rayonu, Qıraqlı kəndində yerləşən 0.30 ha torpaq sahəsinə dair hazırlanmış Torpağın mülkiyyətə verilməsinə dair JN-057F, KOD 30213068 saylı şəhadətnamədən Qadaşov Sərdar Fəxrəddin oğlunun adının çıxarılması və X1 tam mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair ərizənin icrasının mümkün olmaması göstərilmişdir. Faktiki olaraq ərizənin icrasından imtina olunmuşdur. Cavabdehin məktubunda göstərilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanununun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Xaçmaz rayonu, Qıraqlı kəndində yerləşən 0.30 ha torpaq sahəsinə dair hazırlanmış JN-057F “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" də ümumi birgə mülkiyyət hüququ üzrə vətəndaş Qadaşov Sərdar Fəxrəddin oğlunun adının çıxarılması və X1 tam mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına verilmiş göstərişin icrası yalnız, məhkəmənin qərarı ilə mümkündür. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Aşağıda şərh olunanlara əsasən hesab edir ki, qeyd olunan imtina əsassızdır, bu səbəbdən də cavabdehin üzərinə Torpağın mülkiyyətə verilməsinə dair JN-057F, KOD 30213068 saylı şəhadətnamədən Qadaşov Sərdar Fəxrəddin oğlunun adının çıxarılması və X1 tam mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət sənədlərinin hazırlanıb verilməsi öhdəliyi qoyulmalıdır. Belə ki, nənəsi X3 07 fevral 2004-cü ildə Xaçmaz rayonun Qusarçay İƏV-də tərtib edilərək təsdiqlənmiş vəsiyyətnaməyə əsasən özünə məxsus bütün əmlakını ona vəsiyyət etmişdir. Nənəsi xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış yaşayış evi və həyətyanı torpaq sahəsi, habelə pay torpaq sahəsi tərəfimdən idarə olunur. Miras əmlakları adına rəsmiləşdirmək istəyərkən məlum olmuşdur ki, Xaçmaz rayonunun Qıraqlı kəndində yerləşən nənəsindən miras qalmış 0.30 ha həyətyanı torpaq sahəsinə işlənmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-057F saylı 30213068 kodlu şəhadətnamədə əmisi oğlu Qadaşov Sərdar Fəxrəddin oğlunun adı da göstərilmişdir. Qadaşov Sərdar Fəxrəddin oğlu Sumqayıt şəhər sakini olduğuna görə ona həyətyanı torpaq sahəsinin şəhadətnaməsinə adının yazılması əsassızdır. Xaçmaz rayon Dövlət Arxinin 17 iyul 2024cü il tarixli, N-3-48-18RA/2-Q345- 14/2024 saylı arxiv arayışında göstərilir ki. Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Qusarçay kənd inzibati ərazi vahidi nümayəndəliyinin 1996-2000-ci illərə aid Qıraqlı kəndi üzrə 01 saylı təsərrüfat başına kitabında mərhum X2 3133 saylı təsərrüfatın başçısı olub, xüsusi mülkiyətində yararlı sahəsi 0,25 olan tikili, cəmi torpaq hektarının yüzdə biri ilə 0,01 dəqiqliklə 0,30 ha qeyd olunmuşdur. Təsərrüfatın üzvləri aşağıdakılardır. X3, Qadaşov Sərdar Fəxrəddin oğlu Qeyd: Qadaşov Sərdar Fəxrəddin oğlunun üzərindən xətt çəkilmiş, təsərrüfatın tərkibindən tamamilə çıxan təsərrüfat üzvləri haqqında qeyd bölməsində Sumqayıt şəhəri qeyd olunmuşdur. Xaçmaz RİHB-nin Çinartala kənd İƏD-də nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 175 saylı arayışından da göründüyü kimi mərhum nənəm X1 ailə üzvləri sırasında Qadaşov Sərdar Fəxrəddin oğlunun adı yoxdur. Güman edir ki, əmisi oğlu Qadaşov Sərdar Fəxrəddin oğlu uşaq vaxtı, yəni torpaq islahatı aparılan ərəfələrdə bir müddəi bizim evdə qaldığına görə müvafiq orqanlar səhvən onu da ailə üzvümüz hesab edərək şəhadətnaməyə qeyd etmişlər. Göründüyü kimi şəhadətnamədə əsassız olaraq Qadaşov Sərdar Fəxrəddin oğlunun adı qeyd edilmişdir. Ona görə də onun adı çıxarılmaqla nənəmdən miras qalmış 0.30 ha torpaq sahəsinə X1 adma yeni mülkiyyət sənədi- çıxarış və torpaq sahəsinin planı və ölçüsünün hazırlanıb verilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarınının 1.1.-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı Xaçmaz rayonunun Qıraqlı kəndi ərazisində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-057F, KOD 30213068 saylı şəhadətnamədən Qadaşov Sərdar Fəxrəddin oğlunun adının çıxarılması və X1 tam mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət sənədlərinin hazırlanmasından cavabdehin imtinasını əsassız hesab etməklə, qeyd olunan 0.30 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət sənədlərinin (çıxarış, torpaq sahəsinin planı və ölçüsü) hazırlanıb verilməsini istəyir. Lakin iddiaçı tərəfindən onun mərhum X1 vərəsəsi olmasını sübut edən sənəd məhkəməyə təqdim edilməmişdir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ yoxdur. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Məhkəmə qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, onun mərhum X1 vərəsəsi olmasını sübut edən sənədlərin əldə edilməsindən sonra yenidən iddia qaldırmaq hüququ istina edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar