Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-686/2022 29.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (Xırdalan Şəhər Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X2 (2 saylı Ərazi Vergilər Baş İdarəsində hüquqşünas işləyən, Bakı şəhəri, Xətai prospekti, ev 33, mənzil 20-də yaşayan) iştirakı ilə, İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 06 dekabr 2021-ci il tarixli **********152242 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 06 dekabr 2021-ci il tarixli **********152242 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli qərara əsasən İddiaçı QSC-də səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi orqanının xx.xx.2021-ci il tarixli qərarı ilə mütəxəssis dəvət edilmiş və xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi xx.xx.2021-ci il tarixdə vergi ödəyicisinə göndərilmişdir. Yoxlama zamanı vergi orqanı guya vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə riayət edilməməsinə, həmçinin daşıma xidmətinə görə alınmış fakturaların ƏDV məbləğinin əvəzləşdirilməsinə görə 32493.81 manat ƏDV kənarlaşması, 49095,47 manat məbləğində maliyyə sanksiyasının hesablanması, bundan başqa səyyar vergi yoxlaması zamanı dəvət olunan mütəxəssisin rəyinə əsasən bəzi tikinti materiallarının (sement, metal kirəmit dam örtüyü, alcipan, kafel, keramoqranit, kərpic, odadavamlı kərpic, metal tor, aqlay, divar kağızı) bir hissəsinin tikinti işlərində istifadə olunmasa da, anbardan silindiyi məlum edildiyinə istinad etmişdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən artıq silinmiş 744190,77 manat mal-materiala görə 133954,34 manat ƏDV kənarlaşma aşkar edilmişdir. Vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edilmiş və Vergi Məcəlləsinin 67,15-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən sonuncu hesabat ayına hesablanmış, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 133954,34 manat vergi məbləğinin azaldılmasına görə 50% məbləğində, 66977,17 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı müəssisənin 2020-ci il mənfəət vergi bəyannaməsi yoxlama ilə əhatə edilmiş və yoxlama zamanı qeyd edilən il üzrə mənfəət vergisində kənarlaşma aşkar edilmişdir. Belə ki, yoxlama zamanı dəvət olunan mütəxəssisin xx.xx.2021-ci il tarixli rəydə müəssisənin yoxlanılan dövrdə görülən işlərə görə mal-material tutumu və əmək tutumu müəyyən olunduğu, həmçinin istifadə edilmiş bəzi tikinti materiallarının çeşid və miqdarları göstərilmişdir. Mütəxəssisin çeşidlər məlumatına əsasən müəyyən olunmuşdur ki, “SAPPHİRE CO" QSC tərəfindən bəzi tikinti materiallarının (sement, metal kirəmit dam örtüyü, alcipan, kafel, keramoqranit, kərpic, odadavamlı kərpic, metal tor, aqlay, divar kağızı) bir hissəsi tikinti işlərində istifadə olunmasa da, anbardan silinmişdir. Yoxlama ilə həmin materialların dəyəri, yəni 744190.77 manat müəssisənin mənfəət bəyannaməsində gəlir və xərcinə əlavə olunmuşdur. Mütəxəssisin rəyində göstərilən mal-material tutumu və əmək tutumuna əsasən mütəxəssisin görtilən işlərdə xərc olaraq göstərə biləcəyi mal-material dəyəri və əmək tutumu müəyyənləşdirilmişdir. Bundan başqa bank sənədləri və elektron qaimələr əsasında bəzi xərclərində (sosial sığorta haqları, rabitə xərcləri, əmək haqqı xərcləri, amortizasiya ayırmaları, nəqliyyat xərcləri və digər xərcləri) dəqiqləşdirmələr aparılmış və buna əsasən müəyyən kənarlaşmalar aşkarlanmışdır. Səyyar vergi yoxlaması zamanı dəvət olunan mütəxəssisin rəyinə əsasən bəzi mallar üzrə tələb olunan az miqdarda mal-material almışdır ki. bu da xərclərin düzgün rəsmiləşdirilmədiyini göstərdiyindən rəsmiləşdirilməyən xərclərə (armatur, mişar daşı, metal dirəklər, qum, çınqıl, taxta) görə Vergi Məcəlləsinin 58.8.3-ci maddəsinə əsasən 1293304,64 manat dəyərində olan malı 10% miqdarında, yəni 129330.46 manat maliyyə sanksiyası hesablanmışdır. Aparılan yoxlamanın mötəbərlıiyi şübhə doğurduğundan iddiaçı tərəfindən "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinə müraciət etmiş və aralarında bağlanmış müqaviləyə əsasən mütəxəssislər tərəfindən aparılmış işlərdə işçiliyin və malmaterial xərcinin bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmənin nəticəsi olaraq müəyyən edilmişdir ki, “SAPPHİRE CO" QSC tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində yerinə yetirilmiş 19849201,00 manatlıq tikinti-quraşdırma işlərin tərkibində sərf olunmuş materialların ümumi dəyəri 12368375,62 manat, əmək haqqı isə 5653408,27 manat təşkil edir. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası "X4"nin xx.xx.2021-ci il tarixli 571 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə iddiaçı "xxxx" QSC xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin tərkibində sərf olunmuş materialların həcminin ayrı-ayrılıqda müəyyən edilməsi üçün "X4”nə müraciət etmişdir. Müraciət əsasında İddiaçı QSC tərəfindən inşa edilmiş 2 otaqlı 8 və 9 ballıq, 3 otaqlı 8 və 9 ballıq fərdi yaşayış evləri üzrə tədqiqat aparılmışdır. Tədqiqatın nəticəsi olaraq “Sapphire CO" QSC tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin tərkibində sərf olunmuş materialların həcmi ayrı-ayrılıqda müəyyən edilmişdir. İddia ərizəsinə əlavə olunan hər iki rəy eynilik təşkil etdiyindən iddiaçı xx.xx.2021-ci il tarixli **********152242 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və ya sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarını tam əsassız və qanunsuz hesab edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul ediilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçı müəssisədə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr əhatə edilməklə səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlaması zamanı iddiaçı tərəfindən 2020-ci il üzrə əlavə dəyər vergisinin, mənfətt vergisinin, hesabatda göstərilən məbləğin, hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına yol verilmiş və Vergi Məcəlləsinin 175.1, 175.6, 159.1, 58.8.3, 108-ci və 58.6-cı maddələrinin tələblərinin pozulduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən alınmış malların çeşidlərinin, həcminin yerinə yetirilmiş tikinti işlərinin həcmi və sərfiyyatına dair uyğun olub-olmamasını, həmçinin görülmüş işlərdə əmək tutumunun müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən ortaya çıxan sualların araşdırılması zərurəti yaranmışdır ki, bu məqsədlə vergi orqanının xx.xx.2021-ci il tarixli qərarı iləı mütəxəssis dəvət edilmişdir. İddiaçı tərəfindən təqdim edilən bəyannamələrdə əvəzləşdirilən elektron qaimə fakturalar, bank və depozit hesab çıxarışları araşdırılarkən müəyyən edilmişdir ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin normanın tələblərinin pozulması, həmçinin daşıma xidmətinə görə alınmış fakturaların ƏDV məbləğinin əvəzləşdirilməsinə görə 32493.81 manat ƏDV kənarlaşması, 49095.47 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa mütəxəssisin çeşidlər üzrə məlumatına əsasən müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən bəzi tikinti materiallarının (sement, metal kirəmit dam örtüyü, alcipan, kafel, keramoqranit, kərpic, odadavamlı kərpic, metal tor, aqlay, divar kağızı) bir hissəsi tikinti işlərində istifadə olunmadığı halda anbardan silinmişdir. Yoxlama ilə həmin materialların dəyəri, yəni 744190,77 manat müəssisənin mənfəət bəyannaməsində gəlir və xərcinə əlavə olunmuşdur.Mütəxəssisin rəyində göstərilən mal-material tutumu və əmək tutumuna əsasən müəssisənin görülən işlərdə xərc olaraq göstərə biləcəyi malmaterial dəyəri və əmək tutumu müəyyənləşdirilmişdir. Bundan başqa, bank sənədləri və elektron qaimələr əsasında bəzi xərclərində (sosial sığorta haqları, rabitə xərcləri, əmək haqqı xərcləri, amortizasiya ayırmaları, nəqliyyat xərcləri və digər xərcləri) dəqiqləşdirmələr aparılmış və buna əsasən müəyyən kənarlaşmalar aşkarlanmışdır. Belə ki, 2020-ci il üzrə mənfəət bəyannaməsində vergi ödəyicisinin bəyan etdiyi gəlir 19849211,73 manat, xərclər 18720765,85 manat, vergiyə cəlb olunan mənfəət 1128445,88 olmuş, yoxlama ilə gəlirin 20593402,5 manat, xərclərin 15911558,10 manat, vergiyə cəlb olunan mənfəətin isə 4681844,4 manat olduğu aşkarlanmışdır. Nəticədə Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsində 3553398.52 (4681844,4-1128445,88) manat mənfəət az göstərilmiş, 710679,7 manat (3553398,52*20%) mənfəət kənarlaşması aşkarlanmışdır. Yoxlama zamanı 45412,5 manat ƏDV məbləğinin Vergi Məcəlləsinin 58.6-cı maddəsinin tələblərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş 45412,5 manat ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 22706,25 manat maliyyə sanksiyası hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı dəvət olunan mütəxəssisin rəyinə əsasən bəzi mallar üzrə tələb olunandan az miqdarda mal-material almışdır ki, bu da xərclərin düzgün rəsmiləşdirilmədiyini göstərdiyindən rəsmiləşdirilməyən xərclərə (armatur, mişar daşı, metal dirəklər, qum, çınqıl, taxta) görə Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən 1293304,64 manat dəyərində malın 10 faizi miqdarında, yəni 129330,46 manat maliyyə sanksiyası hesablanmışdır. İş materiallarına əlavə edilmiş : - 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********152242 saylı qərardan görünür ki, İddiaçı QSC üzrə 2020-ci il üçün 710679.20 manat mənfəət vergisi, 166448.15 manat əlavə dəyər vergisinin azaldılması, 65697,12 manat əlavə dəyər vergisinin artıq hesablanması müəyyən edilmiş, nəticədə cəmi 877.127,85 manat əlavə vergi borcu və 494118,74 manat maliyyə sankisyası hesablanmışdır. -2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı QSC-yə göndərilmiş **********769300 nömrəli tələbnamədən görünür ki, İddiaçı QSC-dən büdcəyə ödənilməli olan 1371246,59 manat vəsaitin 5 gün müddətində bank hesabına ödənilməsi tələb edilmişdir. -Vergi orqanının xx.xx.2021-ci il tarixli qərarı əsasında “Azərekspertiza” Birliyi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı QSC tərəfindən xx.xx.2008-ci il tarixdən xx.xx.2000-ci il tarixədək müxtəlif təmir-tikinti işlərinə görə görülmüş işlərdə əmək tutumunun və istifadə olunan mal-materialların real dəyərinin müəyyənləşdirilməsi ilə bağlı qoyulmuş suala cavab verilməsi üçün vergi müfəttişləri tərəfindən Forma-2 aktları, bağlanmış müqavilələr təqdim edilmişdir. Mütəxəssis təqdim edilmiş Forma-2 aktları əsasında yerinə yetriilmiş işlərin tərkibində sərf olunmuş mal-materialların çeşidi və miqdarlarını hesablayaraq həmin dövr üçün qiymətlər tətbiq edərək hesablamalar aparmışdır. Forma-2 aktları əsasında müəyyən edilmişdir ki, QSC podratçı qismində "xxxx" QSC, "xxxx" QSC və "xxxx" QSC-nin sifarişi əsasında respublikanın müxtəlif şəhər və rayonlarında şəhid və Qarabağ müharibəsi veteranlarının ailələri üçün eyni tipli 2 və 3 otaqlı olmaqla fərdi yaşayış evləri tikib təhvil verilmişdir. Müəyyən edilmişdir ki, fərdi yaşayış evlərinini tikintisində subpodrat təşkilatlar kimi cəlb edilmiş aşağıdakı təşkilatalr tərəfindən : "xxxx" MMC – 3115533.92 manat, "xxxx" MMC – 385470.0 manat, "xxxx" MMC – 424027,30 manat, "xxxx" MMC – 62176.0 manat, "xxxx" MMC – 116140.88 manat, "xxxx" ASC – 31164.10 manat, "xxxx" QSC - 141862.0 manat və "xxxx" MMC – 1531523.86 manatlıq işlər görülmüşdür. 2 və 3 otaqlı evlərin tikintisində istifadə edilmiş bəzi tikinti materiallarının çeşid və miqdarı 18 adda müəyyən edilmişdir. - X1 18 noyabr 2021-ci il tarixli 571 saylı mütəxəssis rəyindən görünür ki, 2020-ci il üzrə mənfəət vergisinə münasibətdə ümumi gəlirin 19849211,73 manat, ümumi xərcin 18171719,65 manat, vergiyə cəlb olunan mənfəətin 1677492,08 manat, mənfəət vergisinin isə 335498,41 manat məbləğində olduğu, dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin 110403,45 manat (335498,41- 225094,98 (bəyan edilmiş) məbləğində az hesablanması, müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan ƏDV-nin 32494,10 manat məbləğində olduğu müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində müvafiq rayon ərazilərində inşa olunmuş 2 və 3 otaqlı fərdi yaşayış evlərində yerinə yetirilmiş tikinti-təmir işlərinin dəyərinin ümumilikdə 19849211,73 manat məbləğində olduğu, sərf edilmiş materialların ümumi xərcinin 12368375,62 manat, əmək tutumu üzrə ümumi xərcinin 5653408,27 manat olduğu müəyyən edilmişdir - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli MB14-0298 nömrəli əmək tutumu və mal-material xərclərinin müəyyən edilməsi üzrə hesabatdan görünür ki, İddiaçı QSC tərəfindən xx.xx.1018-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövr ərzində yerinə yetirilmiş 19849201,00 manatlıq tikinti-quraşdırma işlərinin tərkibində sərf olunmuş materiallarının ümumi dəyəri 12368375,62 manat ,əmək haqqı isə 5653408,27 manat müəyyənləşmişdir. -İş üzrə təyin edilmiş 10/2536-9/2856 saylı xx.xx.2022-ci il tarixli məhkəmə-mühasibatlıq və tikinti–texniki ekspertizasının rəyindən görünür ki, İddiaçı QSC tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində Ağsrafa, Zərdab, Göyçay, Qəbələ, Gədəbəy, Daşkəsən, Naftalan, Lerik, Lənkaran, Tovuz, Xaçmaz, Göygöl, Qax, Şəmkir, Qazax, Yevlax, Zaqatala, Bərdə, Beyləqan, Tərtər, Ağcabədi, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Ağdaş, Uçar rayonlarında inşa olunmuş 2 və 3 otaqlı fərdi yaşayış evlərində yerinə yetirilmiş tikinti-təmir işlərinin dəyəri ümumilikdə 19.849.211,73 manat, məbləğində müəyyən edilir. Həmçinin qeyd edilir ki, yuxarıda göstərilən rayonlarda inşa edilmiş fərdi yaşayış evlərində aparılmış tikinti-quraşdırma işləri üzrə müəssisə tərəfindən sərf edilmiş mal-materialların ümumi xərci 12.368.375,62 manat, əmək tutumu üzrə ümumi xərci 5.653.408,27 manat müəyyən olunur. Rəyin tətqiqat hissəsində göstərilənlərə əsasən xx.xx.2021-ci il tarixli, **********144699 səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində İddiaçı QSC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan ƏDV-nin 32.494,10 manat məbləğində, mənfəət vergisinin isə 110403,45 manat məbləğində az hesablanması, bununla da İddiaçı QSC-yə vergi orqanının xx.xx.2021-ci il tarixli **********152242 nömrəli qərarı ilə əlavə hesablanmış mənfəət vergisinin və ƏDV-nin düzgünlüyü müəyyən olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsi : 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. .... 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. 38.5. İnventarizasiya səyyar vergi yoxlaması zamanı aşağıda göstərilən hallarda vergi orqanının əsaslandırılmış qərarı ilə aparılır: -38.5.1. vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması aşkar edildikdə; -38.5.2. vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq hesabat sənədlərinin aparılmaması aşkar edildikdə və bununla əlaqədar vergi orqanının xəbərdarlığından sonra yol verilmiş dəqiqsizliklər aradan qaldırılmadıqda və hesabat müəyyən edilmiş qaydalara uyğun olaraq aparılmadıqda; -38.5.3. vergi ödəyicisində səyyar vergi yoxlaması zamanı aksiz markaları ilə markalanmalı olan, ancaq markalanmamış, məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış mallar, habelə markalanmalı olan, lakin markalanmamış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və videomateriallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları aşkar edildikdə; 38.5.4. vergi ödəyicisində əmlak vergisinin hesablanmasının və ödənilməsinin düzgünlüyü yoxlanıldıqda. 38.6. Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə 45. Vergi yoxlamasının keçirilməsinə kömək göstərilməsi üçün mütəxəssisin dəvət edilməsi 45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. ... Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən dəvət edilmiş mütəxəssis vergi müfəttişləri tərəfindən təqdim olunan müqavilələr və Forma-2 Aktları əsasında rəy verib, vergi orqanı isə həmin rəyi mötəbər sübut kimi qiymətləndirərək iddiaçıya vergi hesablamışdır. Həmçinin, mütəxəssis rəyin verilməsinə əsas olmuş məlumatlar natamam məlumatlardan istifadə edilməklə verilmişdir. Belə ki, mütəxəssis öz rəyində 2 və 3 otaqlı evlərin tikintisinə istifadə olunan tikinti materialların sırasında yaknız 18 adda tikinti materialını sadalamışdır ki, bu hal əlavə araşdırma aparılmadan ağlabatan hesab edilə bilməz. Bundan başqa rəyi vergi orqanı tərəfindən əsas kimi götürülmüş mütəxəssis tikilən evlərə (binalara) yerində baxış keçirməmiş, hətta şəhər və rayonların adlarını belə sadalamadan “müxtəlif şəhərlərdə və rayonlarda” yazmaqla kifayətlənmişdir. Bundan başqa mütəxəssis rəyində göstərilən işlərin dəyərinin hansı normativlərlə müvafiq hesablanması göstərilməmişdir. Vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamışdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-texniki-tikinti və məhkəməmühasibatlıq ekspertizasının vəsatətlərinə əsasən vergi ödəyicisindən əlavə sənədlər tələb edilərək 17 qovluq şəklində ekspertizaya təqdim edilmişdir. Nəticədə təqdim olunmuş sənədlər əsasında hərtərəfli araşdırma aparılaraq rəy hazırlanmış və vergi orqanı tərəfindən iddiaçıya hesablanan ƏDV-nin və mənfəət vergisinini düzgün hesablanmadığını müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə : Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarına və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 06 dekabr 2021-ci il tarixli **********152242 saylı qərar ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı QSC barəsində cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 06 dekabr 2021-ci il tarixli **********152242 saylı qərar ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-686/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-686/2022
29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver