Məhkəmə qərarları › İş №2-1(118)-6899/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-6899/2025

25.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-6899/2025 25.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X2nə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evlərinə X4 tərəfindən alınmış çıxarışların ləğvi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 2005-ci ildə ailə qurmuşdur. Ailə qurduqdan sonra qardaşı X4, İddiaçı1 ilə birgə aldıqları ünvan 3 ünvanında yerləşən torpaq sahəsində İddiaçı2 ailəsi ilə birgə yaşamağı üçün fərdi yaşayış sahəsinin tikintisinə başlamışdır. Daha sonra qardaşı İddiaçı1 da həmin torpaq sahəsində fərdi yaşayış sahəsi tikmişdir. Artıq 20 ildir ki, həmin evlər də yaşasalar da, iddiaçı qismində çıxış edən qardaşı X1 evdən istifadə hüquqlarını kobud şəkildə pozur. X4 fərdi yaşayış sahələrinin sənədləşdirmək prosesinə, evlərin qazlaşdırılmasına və digər kommunal xidmətlərinin təşkilinə mane olaraq iddiaçıların evdə yaşamağını çətinləşdirir. Beləliklə, onların evdə yaşağını mümkünsüz hala gətirir. Üstəlik onların öz hesabına tikintisini həyata keçirdiyi evlərə öz adına iddiaçılardan xəbərsiz çıxarış almışdır. İddiaçılar öz hesablarına, əziyyətlə tikdiyi evdə yaşaya bilmirlər. X4 isə iddia edir ki, evi öz hesabına tikmişdir. Lakin buna dair heç bir sübutu yoxdur. Bu iddialar şər, böhtandır və tamamilə əsassızdır. Evlərin iddiaçılar tərəfindən tikildiyini təsdiq edəcək şahidlər də vardır. İddiaçılar dəfələrlə mübahisənin həlli üçün addım atsalar da, X4 mübahisənin həllində maraqlı deyil. Bu səbəbdən də məhkəməyə müraciət etmişdirlər. Cavahdeh iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, aparılan araşdırma zamanı, iddiaçıların Ərazi İdarəsinə müraciətinin aşkar olunmadığı müəyyən olunmuşdur. İddia ərizəsinə əsasən, qeydiyyat orqanı tərəfindən verilmiş çıxarışın ləğvi tələb olunmasına baxmayaraq, inzibati orqan tərəfindən verilmiş çıxarışın qanunsuz və əsassız verilməsi iddia ərizəsində əsaslandırılmamış, buna dair hər hansı mötəbər sübut işə əlavə olunmamışdır. Məhkəmənin 08 oktyabr 2025-ci il tarixli, 2-1(118)-6899/2025 nömrəli qərardadına əsasən X4 hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs etiraz edərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. İddiaçılar məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il, 5 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçılar tərəfindən hazırkı iddia tələbi ilə cavabdehə müraciət edilməmişdir. İşin hərtərəfli, tam və obyektiv araşdırılması və yol verilən formal xətaların aradan qaldırılması məqsədilə keçirilmiş məhkəmə iclasında iddiaçılar iştirak etməmişlər. X2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçılar tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı cavabdehə hər hansı müraciət daxil olmamışdır. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsindəki tələblə cavabdehə müraciət edilməsi halı müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar