Məhkəmə qərarları › İş №2-1(118)-69/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-69/2021

18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-69/2021 18.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “Sumqayıt şəhəri, X14, 3886 B nömrəli ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin müvafiq planı və ölçüsündə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqin aradan qaldırılaraq kadastr məlumat bazasındakı məlumatların sözügedən torpaq sahəsinin plan və ölçüsündə göstərilmiş koordinatlara uyğunlaşdırılması vəzifəsinin Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilməsinə” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Sumqayıt şəhəri, X14, 3886 B nömrəli ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin müvafiq planı və ölçüsündə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqin aradan qaldırılaraq kadastr məlumat bazasındakı məlumatların sözügedən torpaq sahəsinin plan və ölçüsündə göstərilmiş koordinatlara uyğunlaşdırılması vəzifəsinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbil edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı ərizəsini dəqiqləşdirərək iddia ərizəsində göstərilən əsl olmayan cavabdehin əsl cavabdeh –Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-395/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı X7-əsl cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə əvəz edilməsi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, X14, 3886 B nömrəli ünvanda yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və onun adına xx.xx.2007-ci il tarixdə torpaq sahəsinə dair müvafiq çıxarış, torpaq sahələrinin planı və ölçüsü verilmişdir. Həmin vaxtdan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. DƏDRX-in 2 saylı Ərazi İdarəsinin xx xxxx 2016-cı il tarixli arayışından müəyyən olunmuşdur ki: “... Keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən Sumqayıt şəhəri, X14 ünvanında yerləşən 3891 nömrəli 0,12 ha ölçüsündə olan bağ sahəsinə dair xx xxxxxx 2013-cü il tarixdə X5 adına verilmiş A ******* saylı torpaq sahəsinin planı və ölçüsü, eyni zamanda həmin ünvanda yerləşən B-3891 nömrəli 0,12 ha ölçüsündə olan bağ sahəsinə dair xx xxxxxx 2013- cii il tarixdə X6 adına verilmiş A 470556 saylı torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlar daşınmaz əmlakın dövlət reyestrində iddiaçıların adlarına qeydiyyata alınmış torpaq sahələrinin koordinatları ilə üst-üstə düşdüyündən Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhər şöbəsinə xx xxxxxx 2013-cü il tarixdə sorğu göndərilmişdir. Sorğuya əsasən keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin WGS-H4 şəbəkəsi üzrə koordinatları Ərazi idarəsinə göndərilmiş və idarə tərəfindən bu koordinatlar əsasında iddiaçılara məxsus torpaq sahəsinə dair idarənin istifadəsində olan kadastr xəritəsində müvafiq düzəlişlər aparılmışdır. Bundan sonra X11 və X6 torpaq sahələrinin koordinatlarına uyğun olaraq xx xxxx 2014-cü il tarixdə onlara çıxarışlar, torpaq sahəsinin planı və ölçüsü verilmişdir. ” Bu yaxınlarda iddiaçı özünə məxsus torpaq sahəsini satmaq istəyərkən ona məlum olmuşdur ki, ona məxsus torpaq sahəsinə dair verilmiş plan və ölçüdə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqlər vardır. Buna görə də iddiaçı torpaq sahəsini sata bilməmişdir. Bununla bağlı iddiaçı bazadakı həmin fərqlərin sənədlərə uyğun düzəldilməsi ilə bağlı AR ƏMDK yanında DƏDRX-in 2 saylı X10 müraciət etsə də, İdarə xx xxxxxx 2019cu il tarixli cavab məktubu ilə iddiaçının müraciətinin təmin edilmədiyini bildirmişdir. İddiaçıya məxsus torpaq sahəsinə dair verilmiş plan və ölçüdə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqlərin AR ƏMDK yanında DƏDRX-in 2 saylı X12 tərəfindən düzəldilməməsi iddiaçıya mülkiyyətində olan torpaq sahəsi ilə bağlı hər hansı hərəkətlər etməsinə mane olmaqla, onun mülkiyyət hüququnu pozur. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci bəndinə görə isə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən baxılır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, ilkin olaraq tələblərini digər orqana yönəltsələrdə, məhkəmə prosesi gedişində cavabdeh inzibati orqana müraciət etmişlər, lakin onların tələbi öz həllini tapmamışdır. Ona görədə iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Sumqayıt şəhəri, Saray Bağları massivində yerləşən 0.2350 ha 3886 saylı bağ torpaq sahəsi JN-1092B KOD 30800086 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında X3 məxsus olmuşdur. Torpaq sahəsinə mülkiyyət hüququna dair sənədlərdən göründüyü kimi həmin bağ torpaq sahəsi 2007-ci ildə bölünərək sahəsi 0,115 ha olmaqla 3886 nömrəli bağ torpaq sahəsi X1, sahəsi 0,06 ha olmaqla 3886 B nömrəli bağ torpaq sahəsi İddiaçı və sahəsi 0,06 ha olmaqla 3886 A nömrəli bağ torpaq sahəsi X2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlarla rəsmiləşdirilmiş və torpaq sahələrinin döngə nöqtələrinin koordinatları müəyyən olunaraq Torpaq sahəsinin planı və ölçüsü sənədlərində qeyd olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu”nun 2.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu”na uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli 516 nömrəli fərmanı ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.15-ci bəndinə uyğun olaraq hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək; 23-cü bəndinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; 29-cu bəndinə uyğun olaraq vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək; 31-ci bəndinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifələrinə aid edilmişdir. Bununla da bildirirlər ki, İddiaçı məxsus Sumqayıt şəhəri X14, 3886 B nömrəli ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququ rəsmiləşdirilərkən həmin torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş koordinatlarla kadastr məlumat bazasında yaranmış uyğunsuzluğun aradan qaldırılması Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin səlahiyyətlərinə daxil deyildir. Yuxarıda qeyd olunanları və iş üzrə cavabdehin düzgün müəyyən olunmadığını nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən İddiaçı tərəfindən cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı irəli sürülən Sumqayıt şəhəri, X14, 3886 B nömrəli ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin müvafiq planı və ölçüsündə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqin aradan qaldırılaraq kadastr məlumat bazasındakı məlumatların sözügedən torpaq sahəsinin plan və ölçüsündə göstərilmiş koordinatlara uyğunlaşdırılınası vəzifəsinin Daşınmaz Əmalkın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2007-ci il tarixli, **********76 reyestr nömrəli çıxarışdan və Torpaq sahəsinin Plan və Ölçüsündən görünür ki, Sumqayıt şəhər X14, 3886B nömrəli 0.06 ha bağ sahəsi İddiaçı mülkiyyətindədir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddiaçı digər bir orqana qarşı iddia qaldırsada, məhkəmə prosesi gedişində cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun tələbi təmin edilməmişdir. İddiaçının iddianı qaldırmaqda subyektiv hüququ olmuş, iddia iddiaya cavab verməli olan orqana qarşı qaldırılmışdır, iddianı mümkünsüz edən digər bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia həmdə əsaslıdır. Belə ki, iddiaçı qeyd edir ki, Sumqayıt şəhəri, X14, 3886 B nömrəli ünvanda yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və onun adına xx.xx.2007ci il tarixdə torpaq sahəsinə dair müvafiq çıxarış, torpaq sahələrinin planı və ölçüsü verilmişdir. Həmin vaxtdan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı özünə məxsus torpaq sahəsini satmaq istəyərkən ona məlum olmuşdur ki, ona məxsus torpaq sahəsinə dair verilmiş plan və ölçüdə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqlər vardır. Buna görə də iddiaçı torpaq sahəsini sata bilməmişdir. Bu səbəbdən də, iddiaçı Sumqayıt şəhəri, X14, 3886 B nömrəli ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin müvafiq planı və ölçüsündə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqin aradan qaldırılaraq kadastr məlumat bazasındakı məlumatların sözügedən torpaq sahəsinin plan və ölçüsündə göstərilmiş koordinatlara uyğunlaşdırılmasını istəyir. Cavabdeh isə qeyd edir ki, İddiaçı məxsus Sumqayıt şəhəri X14, 3886 B nömrəli ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququ rəsmiləşdirilərkən həmin torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş koordinatlarla kadastr məlumat bazasında yaranmış uyğunsuzluğun aradan qaldırılması Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin səlahiyyətlərinə daxil deyildir. Məhkəmə cavabdeh inzibati orqanın göstərdiyi dəlilləri əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti (bundan sonra — Xidmət) Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, ünvan reyestrinin, dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 2.0.1-ci bəndinə əsasən Xidmət Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının və onun tərkib hissəsi olan torpaq reyestrinin tərtib edilməsini və aparılmasını həyata keçirir. Həmin Əsasnamənin 2.0.7-ci bəndinə əsasən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaradır. Həmin Əsasnamənin 3.0.8, 3.0.9 və 3.0.11-ci bəndlərə əsasən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq və onlardan istifadəni təmin etmək, mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq, torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini təmin etmək Xidmətin vəzifələrinə aiddir. Göründüyü kimi cavabdeh inzibati orqan Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının və onun tərkib hissəsi olan torpaq reyestrinin tərtib edilməsini və aparılmasını həyata keçirən orqandır. İddiaçının tələbi isə onun mükiyyətində olan torpaq sahəsinin müvafiq planı və ölçüsündə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqin aradan qaldırılmasıdır. Bu fərqin olması özözlüyündə Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının və onun tərkib hissəsi olan torpaq reyestrinin tərtib edilməsini və aparılmasını həyata keçirən orqanların fəaliyyətinin çatışmamazlığıdır. Bu fərqin aradan qaldırılmasının məhkəmə mübahisəsinə çevrilməsi isə başadüşülən deyil. Məhkəmə qeyd edir ki, iddiaçının torpaq üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, ona xx.xx.2007-ci il tarixli, **********76 reyestr nömrəli çıxarış və Torpaq sahəsinin Plan və Ölçüsü verilmişdir. Bu sənəd verilən zaman kadastr məlumat bazasında müvafiq qeydiyyat aparılmalı idi. Həmin vaxt aparılan qeydiyyat düzgün aparılmadığı halda inzibati orqan tərəfindən müvafiq düzəliş edilə bilər. Hər bir halda iddiaçıya məxsus dövlət qeydiyyatına alınmış hüquqla bağlı səlahiyyətli orqan tərəfindən verilmiş, hazırda qüvvədə olan, ləğv edilməmiş sənədlə kadastr məlumat bazasında olan uyğunsuzluğun aradan qaldırılmasını tələb etmək iddiaçının konstitusion hüququdur. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir və iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sumqayıt şəhəri, X14, 3886 B nömrəli ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin müvafiq planı və ölçüsündə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqin aradan qaldırılaraq kadastr məlumat bazasındakı məlumatların sözügedən torpaq sahəsinin plan və ölçüsündə göstərilmiş koordinatlara uyğunlaşdırılması vəzifəsi Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar