Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-690/2021 29.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SKZ, yataqxana 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddiaçının hərbi xidmət vəzifələrinin icrası zamanı əlil olmuş şəxs kimi növbədənkənar yaşayış sahəsi ilə təmin olunmaq vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının yaşayış yeri üzrə mövcüd olan mənzil növbəliliyinin hərbi xidmət əlilləri siyahısından növbədənkənar yaşayış sahəsi ilə təmin edilməli olan şəxslər siyahısına keçirilməsi və onun növbədənkənar mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçının hərbi xidmət vəzifələrinin icrası zamanı əlil olmuş şəxs kimi növbədənkənar yaşayış sahəsi ilə təmin olunmaq vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 23.04.2021-ci il tarixli 2-1(118)-690/2021 saylı qərardadı ilə Azərbaycan Respublikası ƏƏSMN üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, uzun illər müxtəlif ərazilərdə, hərbi hissələrdə hərbi xidmətdə olmuşdur. 25 sentyabr 2007ci ildən 16 mart 2008-ci il tarixə qədər də N saylı hərbi hissədə kəşfiyyat bölmə zabiti, bölmə rəisinin müavini vəzifəsində xidmət etmişdir. 16 mart 2008-ci il tarixdə hərbi xidmət vəzifələrinin yerinə yetirərkən əlil olmuş və buna görə də hərbi xidmətdən tərxis olunmuşdur. 31 may 2008-ci il tarixdən yaşayış yeri üzrə mövcud olan mənzil növbəliliyində hərbi xidmət əlili kimi uçota alınmışdır. Həmin ildən bəri o, mənzil növbəsində uçotda olsa da, ona mənzil verilməmişdir, illərdir ki, kirayələrdə yaşayır, işsizdir və kirayə pulunu ödəyə bilmir. Uçota alındığı mənzil növbəsini gözləyə bilmir. Mənzil uçotunda 1-ci növbədə mənzillə təmin olunmağına ehtiyac yaranmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının arayışından da görünür ki, onun travması hərbi xidmət vəzifələrini yerinə yetirərərkən alınmışdır. Hərbi xidmət vəzifələrinin icrası zamanı əlil olmuş hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hərbi xidmət vəzifələrinin icrası zamanı əlil olmuş hərbi qulluqçu kimi yaşayış sahəsi ilə növbədənkənar təmin olunmağa ehtiyacı vardır. Bununla bağlı iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 iddianı qəbul etməyərək izah etmişdir ki, İddiaçı 2-ci qrup hərbi xidmət əlili imtiyazı əsasında 31.05.2008-ci il tarixdən yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq vətəndaşlar imtiyazları əsasında yaşayış sahəsi ilə növbəlilik qaydasında təmin olunurlar. Hazırda cavabdehin iddiaçını növbədənkənar qaydada mənzillə təmin etmək imkanı olmadığı üçün iddia təmin edilməməlidir. Üçüncü şəxsin nümayəndəsi X3 iddianı qəbul etməyərək izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. İş materiallarına əlavə edilmiş : -Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Agentliyinin 15.12.2020-ci il tarixli, **********3 saylı məktubundan görünür ki, əlilliyin bərpa edilməsi ilə bağlı müraciətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aidiyyəti üzrə baxılmış, tibbi-ekspert sənədləri araşdırılmış və 27.05.2014-cü il tarixdən Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əsəbdən müddətsiz ikinci dərəcə əlillik hüququ təmin edilmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 16.09.2020-ci il tarixli S-128-068 saylı məktubdan görünür ki, İddiaçı 2-ci qrup hərbi xidmət əlili imtiyazı əsasında 31.05.2008-ci il tarixdən yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq vətəndaşlar imtiyazları əsasında yaşayış sahəsi ilə növbəlilik qaydasında təmin olunurlar. - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 07.10.2020-ci il tarixli S-128-068/2, S-128-068/3 saylı məktubdan görünür ki, mənzillə təmin olunma və hərbi xidmət əlil kimi iddiaçıya müəyyən edilmiş pensiyanın bərpa olunmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin və şəhər İcra Hakimiyyəti Başçısının ünvanına daxil olmuş müraciətlərə baxılmışdır. Müəyyən olunmuşdur ki, o, ehtiyata buraxılmış (xəstəliyə görə) zabit kimi 05.04.2008-ci il tarixdən Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsində hərbi qeydiyyata alınmışdır. Hərbi xidmət əlili kimi 31.05.2008-ci il tarixdən yaşayış yeri üzrə mənzil növbəsindədir. Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq vətəndaşlar yaşayış sahəsi ilə imtiyazlarına əsasən yalnız növbəlilik qaydasında təmin olunurlar. Qaldırılan digər məsələ ilə əlaqədar aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinə müraciət etməsi tövsiyə olunmuşdur. - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 17.03.2021-ci il tarixli 33 saylı məktubdan görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş sənədlər əsasında hərbi xidmət əlili kimi 31.05.2008-ci il tarixdən yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. İddiaçı tərəfindən mənzil tələbi ilə bağlı Sumqayıt şəhər icra Hakimiyyətinə daxil olmuş ərizəyə əsasən verilmiş S-128-068 saylı 16.09.2020-ci il tarixli cavab məktubunda mənzil uçotuna alınmış vətəndaşların yaşayış sahələri ilə AR Mənzil Məcəlləsinə tələblərinə uyğun olaraq imtiyazlarına əsasən yalnız növbəlilik qaydasında təmin edilmələri barədə izahat verilmişdir. Yaşayış yeri üzrə mənzil uçotuna alınmış imtiyazlı şəxslərin mənzil təminatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. - ƏƏSMN tərəfindən verilmiş SER TSE-01 № 411050 saylı arayışdan görünür ki, İddiaçı 2-ci qrup əlildir. - SHXÇDX tərəfindən vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışdan görünür ki, İddiaçı 27.07.1996-22.07.2000, 22.07.2000-16.03.2008 tarixlərdə həqiqi hərbi xidmət keçmişdir. Xəstəliyə görə Hərbi-Həkim Komsisyasının rəyinə əsasən ehtiyyata buraxılmışdır. -HZ № ******* hərbi biletdən görünür ki, İddiaçı 27.07.1996-22.07.2000, 22.07.2000- 16.03.2008 tarixlərdə həqiqi hərbi xidmət keçmişdir. -1224 saylı 06.05.2014-cü il tarixli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı barəsində Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəliklərin səbəb əlaqəsi kimi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” göstərilən 17.01.2008-ci il tarixli 400 saylı qərarı ləğv edilmiş və səbəb əlaqəsi kimi “ Hərbi travmadır, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrini) yerinə yetirərkən alınmışdır” müəyyən edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndinə əsasən hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Qeyd olunan maddi hüquq normasının məzmunundan da görünür ki, iddiaçının qanunda təbit olunan növbədən kənar yaşayış sahəsi ilə təmin olunma hüququnun reallaşdırılması vəzifəsi birbaşa olaraq cavabdehin üzərindədir. Məhkəmə cavabdeh Sumqayıtr şəhər İcra Hakimiyyətinin nümayəndəsinin mənzillərin yalnız növbəlilik qaydasında ayrılması fikrinə münasibət bildirərərk qeyd edir ki, iddiaçının hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş şəxs kimi növbədənkənar mənzillə təmin olunma hüququ qanunla birbaşa təsbit edilmişdir və başqa hallar onun bu hüququnu məhdudlaşdıra və vətəndaşın ziyanına təfsir oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcbuetmə haqqında iddialara) baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-nin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllnin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilən Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunmalı, iddiaçının hərbi xidmət vəzifələrinin icrası zamanı əlil olmuş şəxs kimi növbədənkənar yaşayış sahəsi ilə təmin olunmaq vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı hərbi xidmət vəzifələrinin icrası zamanı əlil olmuş şəxs kimi növbədənkənar yaşayış sahəsi ilə təmin olunmaq vəzifəsi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-690/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-690/2021
29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver