Məhkəmə qərarları › İş №2-1(118)-691/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-691/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-691/2021 26.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehrəli qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı “ona təyin edilmiş pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdeh AR ƏƏSMN Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulması, həmçinin pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi 40 (qırx) manat xərcin cavabdeh tərəfindən ona ödənilməsi tələbinə dair inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı 17.08.2019-cu ildə iddia ərizəsi ilə cavabdehə müraciət edərək, ona təyin edilmiş pensiyanın yenidən hesablanması ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Qeyd olunan iddia tələbi Sumqayıt İnzibati Məhkəməsinin Sumqayıt İnzibati Məhkəməsinin 06.10.2020-ci il tarixli 2(118)-397/2020 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-462/2020 saylı qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 06.10.2020-ci il tarixli 2(118)-397/2020 saylı qərardadı ləğv edilərək, yenidən baxılması üçün məhkəməyə geri qaytarılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 06.10.2020-ci il tarixli 2(118)-397/2020 saylı qərardadının ləğv edilməsinə əsas kimi mübahisənin predmetinin iddiaçıya təyin edilmiş “pensiyanın yenidən hesablanması” ilə bağlı olduğu tədqirdə, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni ətraflı araşdırmadan yekun nəticəyə gələrək iş üzrə icraata xitam vermişdir. Ona görədə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən inzibati iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 20.07.1950-ci il təvəllüdlüdür, 06.08.2013-cü il tarixdən qanunvericiliyə uyğun olaraq pensiya hüququm yarandığından ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Təyin edilən pensiyanın məbləği 242.45 manatdır. Pensiya təyin olunan gündən hazırkı vaxta qədər rəsmi olaraq işləməyə davam edir. Yaşa görə pensiyaya çıxdığı vaxtdan etibarən 06.08.2019-cu ildə 6 il sığorta stajı tamamlandığından qanuna müvafiq olaraq pensiyanın yenidən hesablanması üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Cavabdeh 17.09.2019-cu il tarixli məktubu ilə pensiyanın yenidən hesablanmasından imtina etmişdir. Əsas kimi onu göstərmiş ki, onun sosial sığorta stajı 04 il 06 ay təşkil edir. Halbuki, sığorta stajının müddəti 6 ildir. Bununla bağlı cavabdehə müvafiq arayışı təqdim etsə də, əsassız olaraq onun pensiyasının yenidən hesablanılmasından imtina edilmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun tələbindən də göründüyü kimi 06 il stajının olması pensiyanın yenidən hesablanması üçün əsasdır. Lakin, cavabdeh onun bu hüququna zidd olaraq, əsassız bir səbəb kimi 04 il 06 ay sığorta stajımın olduğunu göstərərək pensiyanın yenidən hesablanmasından imtina etmişdir. Halbuki iş materiallarına əlavə etdiyi sənədlərdən də göründüyü kimi onun sığorta stajı 06 il təşkil edir. O cavabdehin qanunsuz hərəkətlərini mübahisələndirmək, məhkəməyə müraciət etmək üçün vəkilə müraciət etməli, ərizənin tərtib olunması üçün xərc çəkməli olmuşdur. Cavabdehə israrla 6 il sığorta stajının olduğunu və qanunla pensiyanın yenidən hesablanmalı olduğunu bildirsə də, cavabdeh ona görə ən asan yolu seçmiş, "məhkəməyə müraciət edə bilərsiz" deməklə kifayətlənmişdir. Halbuki müraciət etdiyi məsələ mübahisəli və həll olunması sual altında olan məsələ deyil. Dövlət orqanı kimi hüquqa uyğun davranış sərgiləməkdənsə, onu əsassız get-gəllərə salmış, məhkəmə yolu ilə vaxtı uzadaraq süründürməçiliyə gətirib çıxarmışdır. Məhkəməyə müraciət etmək, ərizə tərtib olunması üçün ödəniş etmək imkanı olmasa da, cavabdehin qanunsuz imtinası səbəbindən pul tapıb ərizə yazdırmalı olmuş, halbuki cavabdeh vaxtında qanuna uyğun olaraq üzərinə düşən öhdəliyi icra etsəydi qeyd etdiyi əlavə xərc də olmayacaqdı. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Əmək pensiyalarının hesablanması Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Əmək Pensiyaları haqqında Azərbaycan Respublikasının 54-İİİQ saylı qanununun Vİİ -ci fəsli, ..Əmək pensiyasının yenidən hesablanması ..bölməsinin 26-cı Maddəsində 2017-ci il yanvarın 1-nədək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulur. Qanunun həmin bölməsinin 27-ci Maddəsində Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qeyd olunub. 27.1 Maddəsində ….Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçıların 2006 -cı il 1 yanvar tarixindən 2017-ci il liyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır… DSMF onun pensiyasının yenidən hesablanmasına dair müraciətində qanunun bu maddələrini nəzərə almayıb. Nəticədə onun yığım kapitalımın xeyli (onun hesabatına əsasən təxminən 5657.67 manat) hissəsi hesabatdan kənarda qalıb. Qanunun ....Əmək pensiyasının təyin edilməsi ....(Vİİİ fəsil) bölməsinin 37-ci Maddəsinin ...Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları.. maddəsinin, 37.3.1 bəndinə uyğun olaraq ....yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Ona ilkin olaraq 01 Avqust 2013 -cü il tarixində pensiya təyin edilərkən 01 yanvar 2006-cı ildən 01 iyul 2013 cü il tarixinə olan sığorta kapitalından 2693.78 manat pensiya hesabatına daxil edilmişdir. Halbuki DSMF-nin sənədinə uyğun olaraq 01 yanvar 2006 cı il tarixindən 01 iyul 2013 cü il tarixinə onun sığorta kapitalı 9143.93 manat təşkil edir. Pensiya hesablanarkən bu məbləğin (9143.93 man ) 50 %-i (9143.93 x50%)=4571.96 manat hesabata daxil olmalı idi. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidın hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 5-ci Maddəsinin (2017-ci il iyulun 1-nədək təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması qaydaları) 5.3. ....Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir.və.s....bəndinin misallarında (Misal 47 və Misal 48 -də əmək pensiyalarının yenidən hesablanması) nümunələri göstərilmişdir. Onun da pensiyası bunlara uyğun olaraq hesablanmalı idi. Beləliklə onun yığım kapitalı ona təyin edilən pensiyanın tərkibində tam olaraq öz əksini tapmamışdır və ona ödənilən pensiya məbləği onun yığım kapitalına uyğun deyil. Ona görə də qanunun tələblərini əsas tutaraq 01 yanvar 2006-cı il tarixindən 01 iyul 2019 -ci il tarixinədək olan dövr üzrə onun yığım kapitalında qeyd olunan məbləği nəzərə alaraq pensiyanın yenidən hesablanması öhdəliyini cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı regional ərazi filialının üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək, bildirmişdir ki, İddiaçı tələbi üzrə cavabdeh tərəfindən onun pensiyası yenidən hesablanaraq, pensiya məbləği 282.69 manat məbləğdən 438.87 manata çatdırılmışdır. Belə ki, iddiaçı T.S. Orucov “təyin edilmiş pensiyanın yenidən hesablanması öhdəliyinin cavadeh AR ƏƏSMN Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulması” tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etsə də, məhkəmə icraatı zamanı ərizə təqdim edərək hesablanmış pensiyanın düzgün olmadığını bildirmişdir. İddiaçı pensiyanın yenidən hesablanması zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı və 27.1 -ci maddələrinin tələblərinə cavabdeh tərəfindən əməl olunmadığı bildirilmişdir. Halbuki, iddiaçı pensiyanın yenidən hesablanmsı üçün DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət edərkən, “Əmək pensiyaları haqqında” AR-nın Qanununun 37.3.1 -ci maddəsində nəzərdə tutulan, yəni işləyən əmək pensiyaçılarının pensiyanın yenidən hesablanması üçün müraciət etmişdir. İddiaçı ona pensiya təyin edilərkən 50% pensiya kapitalı və 80% artırılma hesabatdan kənarda qalığını bildirmişdir. Ona görə də Qanunun qeyd olunan tələblərini əsas tutaraq 01,01.2006-cı il tarixdən 01.07.2019-cu il tarixədək olan dövr üzrə yığım kapitalında qeyd olunan məbləği nəzərə alaraq pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsində 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması qeyd edilmişdir. Belə ki, həmin Qanunda aşağıdakılar qeyd edilir: - 26.1.2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. - 26.2. 2017-ci İİ iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. Eyni zamanda Qanunun 27.1 -ci maddəsində bildirilir ki, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla. 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanım 2.9-cu maddəsinə əsasən məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-nin 217.2-ci maddəsində qeyd olunduğu kimi iddiaçının pensiya hüququ yarandığı zaman qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Belə ki, iddiaçıya pensiya təyin olunan zaman, yəni 06.08.2013-cü il tarixdə qüvvədə olan qanunvericiliyin tələbinə görə, ödədiyi məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onun fərdi hesabının sığorta hissəsində qeydə alınmışdır. Göründüyü kimi mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına əsasən 50 faizindən artıq məbləğində ödədiyi məcburi dövlət sosial sığorta haqlarının fərdi hesablarının sığorta hissəsin qeydə alınmasına yol verilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan respublikası Qanununa 01.07.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən əmək pensiyasının baza hissəsi ləğv olunmuş, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin fərdi hesabın sığorta hissəsində qeydə alınması nəzərdə tutulmuşdur. Bu səbəbdən də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsində 2006-cı il 1 yanvar tarixdən 2017-ci il 1 iyul tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış məcburi dövlət sosial sığorta haqlarının 50 faizi, 80% artırılmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınır. Burada əsas şərt vətəndaşların həmin pensiya kapitalında istifadə etməmiş, yəni vətəndaşlara 2017-ci il 1 iyul tarixədək pensiya təyin edilməmiş olsun. Hazırkı iş üzrə isə İddiaçı 06.08.2013-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə olan halda iddiaçının 2006-cı il 1 yanvar tarixdən 2017-ci il 1 iyul tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının artırılması qanunvericiliyin tələbinə ziddir. Çünki vətəndaşa pensiya təyin olunarkən qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən əmək pensiyasının baza hissəsi mövcud olmuş və vətəndaşın qazanmış olduğu pensiya kapitalı gözlənilən pensiya ödənişi aylarının sayına bölünüb əmək pensiyasının baza hissəsinin üzərinə əlavə edilərək iddiaçıya ödənilmişdir. Qanunun 27.1-ci maddəsində nəzərdə tutulmuş 80% artırılma əmək pensiyasının baza hissəsi ləğv olunması ilə əlaqədar qəbul edilmişdir.Qeyd olunanlar əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: DSMF-nin Sumqayıt şəhər şöbəsinin 17.09.2019-cu il tarixli, **********2 nömrəli imtina məktubu, 29.04.2021-ci il tarixli **********0 nömrəli etiraz ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilmədiyindən iddia mümkün iddiadır.İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının tələbi hal-hazırda işlədiyi halda ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ona ödənilməsindən ibarətdir. İddiaçı hesab edir ki, 01 yanvar 2006-cı il tarixindən 01 iyul 2019 -ci il tarixinədək olan dövr üzrə onun yığım kapitalında qeyd olunan məbləği nəzərə alaraq pensiyasını məbləği artıtılmalıdır. Cavabdeh isə ərizənin təmin edilməməsinin əsası kimi iddiaçının əmək pensiyası məbləği hesablanarkən qanunvericiliyin tələbinə uyğun olaraq təyin edilməsini bildirir. İş materialları araşdırılarkən, müəyyən edilmişdir ki, İddiaçı 06.08.2013-cü il tarixdə yaşa görə əmək təyin edilmişdir və iddiaçı eyni zamanda əmək fəlaiyyətini də davam etdirmişdir. İddiaçı 2019-cu ildə işləyən əmək pensiyaçısı kimi pensiyasının məbləğinin artırılması üçün cavabdeh təşkilata müraciət etmiş və məhkəmə prosesi gedişatında onun pensiyasının məbləği artırılmışdır. Lakin, iddiaçı artırılmış məbləğin az olmasını əsas gətirərək, işləyən əmək pensiyaçısı kimi yenidən pensiyasının artırılmasını tələb edir. Cavabdeh isə İddiaçı tələbini əsassız sayaraq qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanmasının düzgün təyin olunduğunu bildirir. Qeyd olunan mübahisə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının məbləği 2006-cı ilin 1 yanvar tarixinədək olan dövr üçün şəxslərin sosial stajına əsasən formalaşan kapitala və 2006-cı ilin 1 yanvar tarixindən sonrakı dövr uçun isə fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir. Həmin qanunun 1.0.8-ci maddəsinə əsasən əmək pensiyasının sığota hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların 2006-cı il; yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayma mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq sığortaolunanların pensiya hüququ qazandığı tarixədək illər üzrə indeksləşdirilir. Nəzərə alınmalıdır ki, pensiyanın yenidən hesablanması qaydası "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 26, 27 və 37.3-cü maddələrində öz əksini tapmışdır. Belə ki, qeyd olunan Qanunun 26-cı maddəsi 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını, 37.3-cü maddəsi isə işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydasını özündə əks elətdirilir. Hazırki, iddia tələbi üzrə iddiaçıya 06.08.2013-cü ildən yaşa görə əmək pensiyası təyin edilmiş və o, həmin pensiyadan istifadə etmişdir. 2017-ci ilin 1 iyul tarixindən sonra məcburi dövlət haqları 50 %-dən 90 % qaldırılmışdır. Bundan başqa 01 iyul 2017-ci ildə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 27.1ci madəsinə edilmiş dəyişikliyə əsasən fərdi hesabın sığorta hissəsinə toplanmış və istifadə olunmamış pensiya kapitalının artırılması nəzərdə tutulmuşdur. Lakin, məhkəmə araşdırması zamanı İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etməsi və həmin müraciətin əsasında ona 06.08.2013-cü ildə yaşa görə əmək pensiyasının təyin edilməsi müəyyən edilmişdir. Bununla da İddiaçı onun fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalından istifadə etmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı qeyd olunan Məcəllənin 27.1-ci maddəsində nəzərdə tutulmuş pensiya kapitalının 80% artırılması da mümkün deyil. Qeyd olunan Qanunun 37.3-cü maddəsinin tələblərinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı yaşa görə aldığı pensiya məbləği yenidən hesablanaraq 282.69 manatdan 438.87 manata çatdırılmışdır. Bununlada cavabdeh təşkilat Qanunun 37.3-cü maddəsində nəzərdə tutulmuş vəzifəsini yerinə yetirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin tələbləri baxımından İddiaçı əmək pensiyasının yenidən hesablanıb və ona ödənilməmiş vəsaitin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması mümkün deyil. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı regional ərazi filialına qarşı qanunun tələblərini əsas tutaraq 01 yanvar 2006-cı il tarixindən 01 iyul 2019-ci il tarixinədək olan dövr üzrə onun yığım kapitalında qeyd olunan məbləği nəzərə alaraq pensiyasının yenidən hesablanması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar