Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-691/2022 24.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “********** qeydiyyat nömrəsi ilə 12.11.2020-ci il tarixdə qeydə alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Şabran rayonu, Uzun Boyad kəndində yerləşən 3,61 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun (kənd təsərrüfatı məhsullarının istehsalı sexi) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ********** qeydiyyat nömrəsi ilə 12.11.2020-ci il tarixdə qeydə alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Uzun Boyad kəndində yerləşən 3,61 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının (kənd təsərrüfatı məhsullarının istehsalı sexi) reyestrdə qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran rayonu, Uzun Boyad kəndində yerləşən 3.61 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Mülkiyyət hüququ 12.11.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi altında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi əvvəllər 2.2 ha olmuş, sonradan iddiaçı alqı-satqı yolu ilə qonşu sahələri alaraq torpaq sahəsini genişləndirmişdir. İlk gündən həmin torpaq sahəsində iddiaçı kənd təsərrüfatı - üzümçülüklə məşğul olmuşdur. Dəvəçi (hazırki Şabran) rayon İcra Hakimiyyəti Başçısının 08.02.2007-ci il tarixli, 54 saylı Sərəncamı ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı (üzüm emalı) sexi tikintisinə icazə verilmişdir. Bundan sonra həmin ərazidə Dəvəçi (hazırki Şabran) rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsi ilə razılaşdırılmış layihə əsasında qeyd edilən sexin tikintisinə başlanılmış, 28.09.2012-ci il tarixdə 16 saylı Aktla müvafiq komissiya tərəfindən qeyri-yaşayış obyekti istismara qəbul edilmişdir. Bu yaxınlarda qeyd edilən qeyri-yaşayış sahəsinə (kənd təsərrüfatı məhsullarının istehsalı sexi) dair hüquqlarının reyestrdə qeydə alınması ilə bağlı ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilsə də, İdarənin 29.11.2021-ci il tarixli məktubu ilə ərizənin təmin edilməsindən imtina olunmuşdur. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, guya qeyd edilən idarəyə müvafiq sərəncam və istismara qəbul aktı təqdim edilməmiş, həmçinin, torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı olduğundan, həmin torpaq sahəsində qeyri-yaşayış binasının inşa edilməsi qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, İddiaçı Şabran rayonu, Uzunboyad kəndində yerləşən qeyri-yaşayış binasının (kənd təsərrüfatı məhsullarının istehsalı sexinin) sənədləşməsinə köməklik göstərilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 25.11.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə 29.11.2021-ci il tarixli **********95 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, qeyd olunan qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlər tam təqdim edilməmişdir. Belə ki, qeyriyaşayış binasının tikintisinə icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı və ya istismara icazə sənədi təqdim edilməmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Ərizəyə əlavə edilmiş torpaq sahəsinə dair çıxarışın surətində torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğu müəyyən edilmişdir. Ərizəyə əlavə edilmiş sənədlərdən məlum olur ki, mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qeyri yaşayış binası inşa edilib. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Həmin məcəllənin 13.2-ci maddəsində göstərilir ki, kənd təsərrüfatı təyinatı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Göstərilənlərə əsasən bildirilir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində əsaslı tikinti işlərinin aparılması qanunvericiliyin tələblərinə ziddir. Həmin kateqoriyaya aid torpaq sahələrinin sahibkarlıq məqsədilə ayrılması və istifadə edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Mövcud qanunvericiliyə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Tikinti obyektinin istismarına icazədə nəzərdə tutulan məlumatlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 103-cü maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini və ondan təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 101.4-cü maddəsinə əsasən tikinti obyektinin istismarına icazənin vahid forması Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Tikinti obyektinin istismarına icazənin vahid forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2014-cü il tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini,başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ********** qeydiyyat nömrəsi ilə 12.11.2020-ci il tarixdə qeydə alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Şabran rayonu, Uzun Boyad kəndində yerləşən 3,61 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun (kənd təsərrüfatı məhsullarının istehsalı sexi) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi etirazla eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara daxildir: • İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 29.11.2021-ci il tarixli, **********95 nömrəli məktubla iddiaçının müraciətinə imtina cavabı verilmişdir. • Daşınmaz əmlakın dövlət reyestrindən 12.11.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şabran rayonu, Uzun Boyad kəndində yerləşən 3,61 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. • İş materiallarına AA №561853 saylı torpaq sahəsinin planı və ölçüsü əlavə edilmişdir ki, həmin sənədlərin tərtib olunmasına əsas 4Ə-394 nömrəli, 02.11.2011-ci il tarixli alqı-satqı müqaviləsi olmuşdur. • Dəvəçi (indiki Şabran) rayon İcra Hakimiyyəti başçısının 08.02.2007-ci il tarixli kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ayrılmış torpaq sahəsində tikintiyə icazə verilməsi barədə sərəncamına əsasən Dəvəçi rayon Uzunboyad kəndində iddiaçıya məxsus kənd təsərüfatı təyinatlı torpaq sahəsində rayon İH-nin Tikinti və Memarlıq bölməsi ilə razılaşdırılmış layihə əsasında kənd təsərrüfatı məhsullarının istehsalı (üzüm emalı) sexi tikintisinə icazə verilmişdir. • Tikintisi başa çatmış kənd təsərrüfatı məhsullarının istehsalı sexinin istismara buraxılması barədə 16 nömrəli, 28 sentyabr 2012-ci il tarixli akta əsasən Şabran rayon İcra Hakimiyyətinin 08.02.2007-ci il tarixli 54 saylı sərəncamına əsasən inşa olunan kənd təsərrüfatı məhsullarının istehsalı sexinin istismara buraxılmasından ötrü baxış keçirilmiş və tikinti sahəsi rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsi ilə razılaşdırılmış layihəsi əsasında tikilmişdir. • İş materiallarına Dəvəçi rayonu Xaçmaz-Dəvəçi şossesinin yanında Uzunboyad kəndində kənd təsərrüfatı məhsullarının istehsalatı sexinin eskiz layihəsi də əlavə edilmişdir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilkin olaraq iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: .....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd və.s. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 25.11.2021-ci ildə Şabran rayonu, Uzunboyad kəndində yerləşən qeyri-yaşayış binası (kənd təsərrüfatı məhsullarının istehsalı sexi) üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdeh orqana müraciət etmişdir. Həmin müraciət cavabdeh təşkilat tərəfindən qeydiyyata alınmışdır. Cavabdeh orqan qeyd olunan müraciətə qeyri-yaşayış binasına dair müvafiq sənədlərin əlavə edilmədiyini müəyyən etmişdir. Buna görə də inzibati orqan müraciətdə göstərilən və inşa edilmiş qeyri-yaşayış binasına dair mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, özü tərəfindən inşa edilmiş və Şabran rayonu, Uzunboyad kəndində yerləşən yerləşən qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdeh Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Şabran rayonu, Uzunboyad kəndində qeyri-yaşayış binasının inşa edilməsinə Dəvəçi (indiki Şabran) Rayon İcra Hakimiyyəti tərəfindən icazə verilmiş, həmin tikili inşa edildikdən sonra istismara qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Həmin Məcəllənin 14.2.2-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların əmələ gəlməsinə səbəb olur. Daha ətraflı formada qeyd etmək olar ki, cavabdeh təşkilatın etiraz ərizəsində qeyriyaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün gətirdiyi arqumentlər aşağıdakılardan ibarətdir: 1) Həmin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin tam təqdim edilməməsi (qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı və ya istismara icazə sənədi); 2) Kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qeyri-yaşayış binasının inşa etdirilməsi. Məhkəmə cavabdeh tərəfindən gətirilən imtinaları araşdıraraq hesab edir ki, tikilinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilatın gətirdiyi arqumentlər əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Cavabdeh tərəfindən irəli sürülən birinci imtina ilə bağlı məhkəmə aşağıdakıları müəyyən edir. Nəzərə alınmalıdır ki, İddiaçı iddia tələbi öhdəliyin icrası haqqındadır və İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əssasən müdaxilədən müdafiəyə dair iddialar üzrə müdaxiləni zəruri edən faktiki şərtlərinin mövcudluğunu sübut etmək yükü cavabdehin üzərinə düşür. Göründüyü kimi, Dəvəçi rayon İcra Hakimiyyətinin 08.02.2007ci il tarixli, 54 nömrəli sərəncamına əsasən Dəvəçi rayon Uzunboyad kəndində iddiaçıya məxsus kənd təsərrüfatı təyinatlı 2,2 ha torpaq sahəsində rayon İH-nin Tikinti və Memarlıq bölməsi ilə razılaşdırılmış layihə əsasında kənd təsərrüfatı məhsullarının istehsalı (üzüm emalı) sexi tikintisinə icazə verilmişdir. Sonradan alqı-satqı yolu ilə qonşu sahələr də artırılaraq torpağın sahəsi genişləndirilmiş və 3,61 ha sahəni əhatə etmişdir. Şabran Rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsi ilə razılaşdrılmış layihəsi əsasında qeyri-yaşayış obyekti tikintisi başa çatmış kənd təsərrüfatı məhsullarının istehsalı sexinin istismara buraxılması barədə 28 sentyabr 2012-ci il tarixli, 16 nömrəli akta əsasən tikilmiş və istismara buraxılmışdır. Lakin cavabdeh müvafiq qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlərin və müvafiq İcra Hakimiyyətinin razılıq aktının olmamasını bildirməsinə baxmayaraq, buna dair hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Halbuki İPM-in 14.2-ci maddəsinə əsasən cavabdeh təşkilat qeyri-yaşayış binasınının hüquqmüəyyənedici sənədlərinin olmaması ilə bağlı istinad etdiyi dəlillərini məhkəməyə təqdim etməli idi. Belə olduğu tədqirdə cavabdeh təşkilatın ilkin imtinası əsassız olur. Bundan əlavə, cavabdeh tərəfindən təqdim olunan ikinci imtina ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı daşınmaz əmlakın dövlət reyestrindən verilən 12.11.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən təyinatına uyğun istifadə edərək sərəncamda da qeyd olunduğu kimi kənd təsərrüfatı məhsullarının istehsalı - üzüm emalı ilə məşğul olur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Həmin məcəllənin 13.2-ci maddəsində göstərilir ki, kənd təsərrüfatı təyinatı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan və Şabran rayonu, Uzunboyad kəndində yerləşən qeyri-yaşayış binasının altındakı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Qeyd olunan qeyri-yaşayış binasının tikintisinə icazə və qeyri-yaşayış binası inşa edildikdən sonra istismara icazə Şabran Rayon İcra Hakimiyyəti tərəfindən verilmişdir. Göründüyü kimi, Şabran Rayon İcra Hakimiyyəti dövlət qurumu olmaqla xüsusi mülkiyyətdə olan torpaq sahəsinin üzərində qeyri-yaşayış binasının inşa edilməsinə etiraz etməmişdir. Bundan başqa o da nəzərə alınmalıdır ki, qeydiyyata alınması tələb edilən əmlak torpaq sahəsi deyil, həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasıdır. Cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui-istifadə qadağandır. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh təşkilatın hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə ziddir. Belə ki, Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Cavabdeh təşkilatın etirazda göstərdiyi imtina əsaslarını araşdıraraq məhkəmə hesab edir ki, qeyd olunan əsaslar iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün əsas hesab edilə bilməz. Məhkəmə hesab edir ki, qeyd olunan arqumenti əsas gətirərək, cavabdehin iddiaçının bütün tələblərə cavab verdiyi tikilinin qeydiyyatının aparılmasından imtinası yolverilməzdir. Əvvəla nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8-ci, 10-cu və 11-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə əsaslar, həmin hüquqların dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin siyahısı və təqdim edilən sənədlərə dair tələblər öz əksini tapmışdır. Qeyd olunan müddəalarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan qeydlərin olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyil. Nəzərə alınmalıdır ki, hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. ********** qeydiyyat nömrəsi ilə 12.11.2020-ci il tarixdə qeydə alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Şabran rayonu, Uzun Boyad kəndində yerləşən 3,61 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun (kənd təsərrüfatı məhsullarının istehsalı sexi) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-691/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-691/2022
24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver