Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-691/2025 01.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X11 Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Gödəldi kəndi ərazisində yerləşən 1.18 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsini planı və ölçüsünün hazırlanmasından cavabdehin imtinasını əsassız hesab etməklə, qeyd olunan 1.18 ha torpaq sahəsi üzərində (0.72 ha hissədə və 0.46 ha hissədə) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış, torpaq sahəsinin planı və ölçüsü hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-Ş- 0183-8/2023 saylı imtina məktubu ilə Xaçmaz rayonu, Gödəldi kəndi ərazisində yerləşən mərhum valideynləri X3 və X2 məxsus 1.18 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün xx.xx.2023-cü il tarixli müraciəti əsasında mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina olunmuşdur.Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən mərhum X3 və mərhumə X2 məxsus 1.18 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-Ş-0183-8/2023 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Bildiririk ki, sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət uyğunsuzluqlar mövcuddur. Belə ki, ərizənizə əlavə olunmuş JN-0091 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında torpaq sahəsinin ölçüsü 1.18 ha kimi göstərilsə də ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyat kitablarında 0.72 ha ölçüdə öz əksini tapmışdır. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə, əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından imtina olunur”.Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanları nəzərə alaraq iddia iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-Ş-0183-8/2023 nömrəli imtina məktubu, JN-0091 kod 30204028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surəti, Xaçmaz rayon Notariat ofisinin 1462 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu, Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv çıxarşları, 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması vaxtdan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinin tələbləri baxımından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-21-3- 34/2-Ş-0183-8/2023 nömrəli imtina məktubları ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Xaçmaz rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Ədalətli məhkəmə araşdırması aparılması məqsədilə mübahisəli torpaq sahəsinin müayinə edilməsi üçün məhkəmə tərəfindən mütəxəssis rəyi alınmışdır. DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “JN-0091 saylı, KOD 30204028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Xaçmaz rayon Aqrar islahat komissiyasının 24 iyun 1998-ci il tarixli 08 nömrəli qərri ilə İddiaçı və X2 1.18 ha torpaq sahəsinə baxış keçirilmiş və CPS aparatı vasitəsi ilə faktiki istifadə vəziyyətinə uyğun (koordinatlar müəyyən edilməklə) çöl-ölçmə işləri aparılmışdır. Kameral şəraitdə faktiki istifadə vəziyyətinə uyğun müəyyən edilmiş koordinatlara əsasən elektron baza məlumatlarından, arxiv sənədlərindən və torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sistemində olan məlumatlarından istifadə edilməklə araşdırıldı. Məlum oldu ki “Torpağa mülkiyyət hüququna dair” JN-0091 saylı, KOD 30204028 saylı dövlət aktına əsasən iki planşetdən ibarətdir JN-0091 planşetdə 0.48 ha və JN-0091 C planşetdə isə 0.72 ha torpaq sahəsi kimi göstərilməsinə baxmayaraq, torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sistemində olan məlumatlarında və faktiki naturada istifadəsi JN-0091 planşetdə olan hissədə 0.35 ha, JN-0091 C planşetdə olan hissədə isə 0.70 ha torpaq sahəsi təşkil edir. Elektron baza məlumatlarına əsasən qonşu JN-159C nömrəli (X1) və JN-0090C (X5 və ailə üzvlərinin) fiziki şəxslərin mülkiyyətində olan torpaq, sahələri ilə bir hissəsi üst-üstə düşür”.Yəni, iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının bir hissəsi digər şəxslərin mülkiyyət sənədləri ilə üst-üstə düşür. Belə olan halda iddiaçının tələbi təmin edilə bilməz. Göründüyü kimi mübahisəli torpaq sahəsinin bir hissəsi digər şəxslərin mülkiyyət sənədləri ilə üst-üstə düşür. İddiaçıya ayrılmış torpaq sahəsi hal-hazırda hüquqi cəhətdən yüklü olduğundan, iddiaçının tələbinin təmin edilməsi qanunvericiliyin müəyyən etdiyi hədlərdə təmin etmək mümkün deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: -9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; -9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; -9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; -9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmiş, yəni arxivlərdə müvafiq dövlət aktına əsas olmuş sənədlər aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Gödəldi kəndi ərazisində yerləşən 1.18 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsini planı və ölçüsünün hazırlanmasından cavabdehin imtinasını əsassız hesab etməklə, qeyd olunan 1.18 ha torpaq sahəsi üzərində (0.72 ha hissədə və 0.46 ha hissədə) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış, torpaq sahəsinin planı və ölçüsü hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X12
Məhkəmə qərarları › İş №2-1(118)-691/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-691/2025
01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver