Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-694/2025 23.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X9 Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş 30 dekabr 2005-ci il tarixli 4-Ə-1674 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 və onun və ailə üzvlərinin JN-182 KOD 30313088 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilmiş 1,95 ha torpağın satın aldığı 7451,00 m2 hissəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Quba rayonu Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 30 dekabr 2005-ci il tarixli 4-Ə-1674 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu Hacıqayıb kənd sakinləri X2 və onun ailə üzvlərindən JN-182 KOD 30313088 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən ona məxsus 1,95 ha torpağın 7451,00 ha hissəsini satın almış və həmin vaxtdan indiyə kimi torpağa sahiblik edərək istifadə edir. İddiaçı hüquqmüəyyənedici sənəd toplayaraq öz adına çıxarış almaq üçün cavabdeh təşkilata təqdim etmiş, cavabdeh təşkilatın xx.xx.2023-cü il tarixli cavab məktubu ilə ona çıxarışın verilməsinə imtina edilib. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən İddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Mustafayev X8 rayonu, Hacıqayıb kəndində yerləşən 1.651 torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir.Müraciətə xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-M-0660-8/2024 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Bildiririk ki, müraciətiniz araşdırılmış və müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsi Quba rayonu notariat kontorunun xx.xx.2005-ci il tarixli 4Ə-2041, 4Ə- 1674, 4Ə- 354, 4Ə-1675 reyestr nömrəli alqı-satqı müqavilələri əsasında əldə edilmişdir.Araşdırma zamanı müəyyən edilmişdir ki, ərizənizə əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət notariat arxivinin xx.xx.2023-cü il tarixli 3-16- 5/6- 13-M-196/23 nömrəli arxiv arayışında Quba rayonu notariat kontorunda xx.xx.2005-ci il tarixli 4Ə-2041, 4Ə-1674, 4Ə-1354, 4Ə-1675 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilələrin və onların qeydə alındığı reyestr kitablarının arxivə təhvil verilmədiyi göstərilmişdir.Bildiririk ki, müqavilənin qüvvədə olub-olmaması qeyri müəyyən olduğu üçün ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.”Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanları nəzərə alaraq iddia iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-M-0660-8/2024 nömrəli imtina məktubu, JN–1288F, KOD 30304018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surəti, Quba rayon Alekseyevka Bələdiyyəsinin 188 nömrəli, xx.xx.2024-cü il tarixli arayışı, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 3-16-5/6-11-291/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu, 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəldiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-21-3- 34/2-M-0660-8/2024 nömrəli imtina məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Quba rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 3-16-5/6-11-291/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əsasən arxiv məlumatlarında iddiaçının adına verilmiş Quba rayonu Dövlət Notariat Konturunda xx.xx.2005-ci il tarixli 4Ə-1674 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin və onun qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. Həmçinin, təqdim edilən mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadəsinə olan torpaq sahələrinin ölçüləri 0.7451 ha təşkil edir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0.5767 ha hissəsi JN-182 kod 30313088 saylı dövlət aktında 182Z planşetində göstərilən torpaq sahəsinə uyğunluq təşkil edir, qalan hissəsi isə həmin nömrəli dövlət aktından kənarda yerləşir. İddiaçının faktiki istifadəsində oian torpaq sahəsinin 0.5767 ha hissəsi məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən JN-182 nömrəli Dövlət Aktının 182Z planşetində göstərilən torpaq sahəsi ilə, qalan hissəsi isə JN-156 nömrəli Dövlət Aktının 156Z planşetində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. DBF siyahısına əsasən 156 nömrə X3 və ailə üzvlərinin adında göstərilmişdir. Yəni, iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının bir hissəsi digər şəxsin mülkiyyət sənədləri ilə üst-üstə düşür. Belə olan halda iddiaçının tələbi təmin edilə bilməz. Göründüyü kimi məhkəmə araşdırması nəticəsində iddiaçının iddia etdiyi torpaq sahəsinin qanunauyğun qaydada verilməməsi öz təsdiqini tapmışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: -9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; -9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; -9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; -9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmiş, yəni arxivlərdə müvafiq dövlət aktına əsas olmuş sənədlər aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş 30 dekabr 2005-ci il tarixli 4-Ə-1674 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 və onun və ailə üzvlərinin JN-182 KOD 30313088 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilmiş 1,95 ha torpağın satın aldığı 7451,00 m2 hissəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №2-1(118)-694/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-694/2025
23.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver