Məhkəmə qərarları › İş №2-1(118)-696/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-696/2021

31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-696/2021 31.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçı (Laçın rayonu, H.Qorçuyev adına Səfiyan tam orta məktəbdə müəllimə işləyən, Abşeron rayon Nübar qəsəbəsində yaşayan) iştirakı ilə, İddiaçı Abşeron rayon qeydiyyat şöbəsinə qarşı doğum haqqında akt qeydində soyadının “Səfərova”, adının “Seminariya”, ata adı “Bulud”, cinsinin “qadın” qeyd edilərək müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Abşeron rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə iddiaçıya soyadın “Səfərova”, adının “Seminariya”, ata adı “Bulud”, cinsinin “qadın” yazilmaqla doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək doğum haqqında akt qeydində soyadının “Səfərova”, adının “Seminariya”, ata adı “Bulud”, cinsinin “qadın” qeyd edilərək müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı iddianı müdafiə etdi və izah etdi ki, o, xx.xx.1958-ci il tarixdə Laçın rayonunda doğulmuşdur. Məlum hadisələr zamanı 1992-ci ildə Laçından məcburi köçkün kimi Abşeron rayonu Xırdalan şəhərində məskunlaşmış, doğum haqqında şəhadətnaməsi Laçın rayonunda qalmışdır. O, Laçın rayonu H.Qorçuyev adına Səfiyan tam orta məktəbdə müəllimə işləyir. Onun əmək haqqından gəlir vergisi tutulduğu üçün, bu, onun maddi vəziyyətini çətinləşdirir.Ümumi qaydalara görə İİ Dünya Müharibəsi iştirakçısının ailə üzvləri gəlir vergisindən azad edilirlər. Atası müharibə veteranı olduğuna görə o, gəlir vergisindən azad edilməlidir. Lakin doğum akt qeydində soyadı “Səfərov", adı "Semdariyə", atasının adı "Bülüd", cinsi isə "kişi" göstərildiyi məlum olmuşdur. Həmin səhvlərin düzəldilməsi üçün Abşeron rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona imtina cavabı verilərək məhkəməyə müraciət etmək tövcsiyyə edilmişdir. Bununla bağlı iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazda göstərmişdir ki, İddiaçı təkrar doğum haqında şəhadətnamənin alınması ilə bağlı şöbəyə müraciət etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, doğum haqqında akt qeydində uşaq bəndində soyadı “Səfərov", adı “Semdarıyə”, atasının adı “Bülüd oğlu”, cinsi “kişi” yazılmışdır. Doğum haqqında şəhadətnamənin əsli təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Düzəliş üçün kifayət qədər əsaslar olmadığı üçün vətəndaşa aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi, məcburi köçkün vəsiqəsində və diplomunda iddiaçının adının “Seminariya”, soyadının “Səfərova”, ata adının “Bulud” kimi qeyd olunduğu müəyyən edildi. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı doğum haqqında akt qeydində soyadın “Səfərova”, adın “Seminariya”, ata adının “Bulud”, cinsin “qadın” yazilması və müvafiq şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh özünün 16.01.2021-ci il tarixli 05/Q-48/15 saylı məktubu ilə imtina cavabı verərək bildirmişdir ki, kifayət qədər əsas olmaması səbəbindən doğum haqqında akt qeydində düzəlişin aparılması mümkün deyil. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən» Əsas müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aklarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.5-ci maddəsinə görə fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı doğularkən ona “Seminariya” adı verilmiş, soyadı “Səfərova”, ata adı “Bulud” olmuş və hazıradək onun bütün sənədlərində adı “Seminariya”, soyadı “Səfərova” , ata adı isə “Bulud” kimi qeyd edilmişdir. Lakin ilkin doğum haqqında akt qeydində adı səhvən “Semdariyə”, soyadı “Səfərov”, ata adı “Bulud”, cinsi isə “kişi” kimi göstərilmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və gələcəkdə iddiaçının doğum haqqında akt qeydi və şəhadətnaməsi ilə digər şəxsi sənədləri arasında ziddiyyət yaranmadığı üçün doğum haqqında akt qeydində soyadı “Səfərova”, adı “Seminariya”, ata adı “Bulud”, cinsin “qadın” –a dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 34 saylı doğum haqqında akt qeydində adının “Seminariya”, soyadı “Səfərova”, ata adı “Bulud”, cinsi “qadın” kimi qeyd edilməklə ona müvafiq doğum haqqında şəhadətnaməsinin verilməsi öhdəliyi cavabdeh Abşeron rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar