Məhkəmə qərarları › İş №2-1(118)-697/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-697/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-697/2024 29.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsə qarşı “Muğanlı-İsmayıllı yolunun yenidən qurulması layihəsi çərçivəsində yol tikintisinin altında qalan, iddiaçının mülkiyyətində olan Şamaxı rayon Muğanlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 12.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X2rşı “Muğanlı- İsmayıllı yolunun yenidən qurulması layihəsi çərçivəsində yol tikintisinin altında qalan, Şamaxı rayon Muğanlı bələdiyyəsinin 14 sentyabr 2007- ci il tarixli qərarı ilə aldığı 0, 12 ha torpaq sahəsinin əvəzində ona ədalətli kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, “Muğanlı-İsmayıllı yolunun yenidən qurulması layihəsi çərçivəsində yol tikintisinin altında qalan, iddiaçının mülkiyyətində olan Şamaxı rayon Muğanlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 12.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2036/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Daha sonra həmin qərardadan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-306/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2036/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu Muğanlı Bələdiyyəsinin 14 sentyabr 2007-ci il tarixli qərarı ilə 0, 12 ha torpaq sahəsi almış, aldığı torpaq sahəsində Şamaxı Muğanlı-İsmayıllı yolunun yenidən qurulması layihəsi çərçivəsində Azəravtoyol tərəfindən ağır texnikalarla yol tikintisi aparılaraq torpaq sahəsi tamamilə dağıdılmışdır. Azərbaycan Respublikasının Prezidentinə müraciət edərək Azəravtoyol tərəfindən ona heç bir kompensasiya ödənilmədiyini bildirmiş, müraciətinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin göndərdiyi 11 oktyabr 2021-ci il tarixli cavabda həmin torpaq sahəsi üzərində hüquqları təsdiq edən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş hüquq müəyyənedici sənədləri Dövlət Agentliyinə təqdim etdikdən sonra kompensasiya tələbinə baxılacağı bildirilmişdir. İddiaçı doğulduğu və hazırda yaşadığı kəndin ərazisindən bələdiyyənin qərarı ilə torpaq sahəsi almış, hüquqi dövlətin vətəndaşı olduğu üçün də hüququn aliliyinə, dövlətin qanunlarına güvənərək, bələdiyyənin qərarına etibar edərək çıxarış almağa tələsməmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə torpaq sahəni tamamilə dağıtdıqdan sonra ondan reyestrdə qeydiyyatdan keçmiş sənədləri istəyib. Bəs Agentlik torpaq sahəsi üzərində hüquqları təsdiq edən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş hüquq müəyyənedici sənədlərə malik olmadan həmin ərazini niyə darmadağın edib? Hesab edir ki, agentliyin hərəkətləri tamamilə qanunsuzdur və ən azından ona ədalətli kompensasiya ödənilməlidir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri İş üzrə təyin edilmiş əvvəlki şifahi məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi” 31 iyul 2020-ci il tarixli, 2193 saylı Sərəncamı əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tərəfindən inşa edilmişdir. “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun” işləri ilə bağlı layihə tam yekunlaşdıqdan sonra, yəni 2021-cu ildə İddiaçı, ona məxsus torpaq sahəsinin Agentlik tərəfindən həyata keçirilən Muğanlı-İsmayıllı avtomobil yolunun tikinti altına düşdüyünə görə kompensasiyanın alınması ilə bağlı Agentliyə müraciət etmişdir. Ona verilmiş rəsmi cavabda göstərilmişdir ki, müraciətdə qeyd etdiyi məsələyə aydınlıq gətirilməsi üçün sözügedən torpaq sahəsi üzərində hüquqları təsdiq edən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərini Agentliyinə təqdim etməyini xahiş edilmişdir. Eyni zamanda “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun” layihəsi tikintisi altına düşən vətəndaşların torpaq sahələrinin, əkililərin və tikintilərinin siyahıya almaq məqsədilə müxtəlif icra orqanlarının nümayəndəlilərindən (o cümlədən icra hakimiyyəti, bələdiyyə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, ƏMDK, "xxxx" MMC, notarius, və s.) ibarət olan komissiya tərtib olunmuşdur. Komissiya işçiləri tərəfindən ərazidə daşınmaz əmlaka (tikililərə, sahələrə, əkililərə) baxış keçirərək fotoşəkillər hazırlanmış və mövcud olan hər hansı əmlak qeydə alınmışdır. Lakin siyahıyaalma zamanı hazırda iddiada göstərilən torpaq sahəsi ilə bağlı heç bir məlumat aşkar olunmamışdır. Agentlik tərəfindən yolun həmin hissəsində yol tikinti işləri aparıldığı zaman iddiaçı tərəfindən heç bir sənəd və sübut təqdim olunmamışdır. Bundan əlavə “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun” layihəsi” tikintisi altina düşən vətəndaşların torpaq sahələrinin, əkililərin və tikintilərinin siyahını dəqiqləşdirmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilmişdir. Alınmış cavabda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Muğanlı-İsmayıllı. avtomobil yolunun” altına düşən maneələrin siyahısında İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə, İddiaçı topraq sahəsinə dair mülkiyyət hüququnu, onun yerləşdiyi koordinatların, qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtında dövlət reyestr xidmətində dövlət qeydiyyatına almadığından, torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı mülkiyyətçilərin siyahıyaalması zamanı iddiaçı alınmanın təsirinə məruz qalan şəxs kimi müəyyən edilməmişdir. Bu səbəbdən iddiaçının iddiada torpaq sahəsinin Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatda olmadığından Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu torpaq üçün kompensasiya hesablanmamış, Maliyyə Nazirliyi tərəfindən aidiyyəti üzrə vəsait ayrılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Əlavə olaraq bildirirəm ki, Torpaq Məcəlləsinin 66-ct maddəsinin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq, dövlət torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına təminat vermir. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrində nəzərdə tutulur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən maddi hüquq normalarının mahiyyətinə görə, zərərin əvəzinin ödənilməsini tələb edən şəxs məhkəməyə müraciət edərkən, əvvəla mülki hüquq pozuntusunun baş verməsini sübut etməli, mülki hüquq pozuntusunun baş verməsi sübuta yetirildikdən sonra zərər vuranın deliktin törədilməsində təqsirliliyi və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olması sübut yetirilməlidir Mülki hüquq pozuntusunun baş verməsi sübuta yetirildikdən sonra iddiaçı zərər vuranın deliktin törədilməsində təqsirliliyini və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olmasını sübut etməlidir. Hazırkı halda iddiaçı ona vurulan zərərin məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsinə dair, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işçilərin təqsirli hərəkətləri nəticəsində yəni iddiaçının iddiada qeyd edilən sahəsində ağacların, dəmir məftildən toxunmuş torla hasarın, sahəni pilta ilə döşəyib meydançanın, inşa edilmiş dəmir konstruksiyadan çətirin və s., məhv olması ilə əlaqədar və ona maddi ziyanın vurulması barədə, hətta məhv edilmiş ağacların və tikililərin olub-olmamağı barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin iddiada göstərdiyi torpaq sahəsinə müdaxiləsini və hamin sahədə tikinti işlərin aparılmasını iddiaçılar tərəfindən heç bir sübut təqdim olunmayıb, halbuki mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən iddiaçıya qarşı hər hansı mülki deliktin törətməsi ilə bağlı faktlar və deliktin mövcud olması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər və ya tutarlı sübut növləri təqdim etməmişdir. Beləliklə iddiaçının iddiasında göstərilən torpaq sahəsi bağlı kompensasiya tələbi əsassızdır və iddia tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcud olduğunu təsdiq edən sübutlar iş materiallarında müəyyən edilmir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, F-3/16-4788 nömrəli, xx.xx.2021-ci il tarixli, ********** nömrəli imtina məktubları; Şamaxı rayonu Muğanlı Bələdiyyəsinin 09 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı; Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş rəy; torpağın alğı-satqısına dair Akt; Bələdiyyə büdcəsinə ödənilmiş ödəniş qəbzi; Şamaxı rayonu Muğanlı Bələdiyyəsinin 22-15 nömrəli, xx.xx.2022-ci il tarixli Arayış; Şamaxı Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 2942 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7n 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 31 oktyabr 2023-cü il tarixli mütəxəsis rəyi və digər sənədlər daxildir.

4. İddianın növü və mümkünlüyü

İddianın növü İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. İddianın mümkünlüyünü istisna edən şərt yoxdur. İddia mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şamaxı rayonu, Muğanlı kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi Şamaxı rayon, Muğanlı bələdiyyəsinin 14 sentyabr 2007-ci il tarixli, 09 saylı qərarı ilə İddiaçı ayrılması qərara alınmışdır. İddiaçı tərəfindən əvvəlcədən, torpaq sahəsinin ona satılması müqabilində 12000 manat məbləğində pul Muğanlı bələdiyyəsinin hesabına ödənilmişdir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan və yuxarıda sadalanan torpaq sahəsinin satılması barədə qərar, o cümlədən ödəniş qəbzi ilə də təsdiq edilir. Cavabdeh tərəfindən “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti işlərinin aparılması zamanı qeyd edilən torpaq sahəsi üzərində söküntü işləri aparılmış və nəticədə iddiaçının torpaq sahəsi yararsız hala düşmüşdür. İddiaçı ona dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X4 müraciətini təmin etməmişdir. İddiaçı hal-hazırda ona kompensasiya ödənişinin edilməsi iə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya dəymiş zərərin ödənilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Məhkəmə cavabdeh orqanın imtinanın əsası kimi göstərdiyi dəlilinə münasibətdə bildirir ki, İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, mübahisə predmeti olan Şamaxı rayon, Muğanlı kənd ərazisində yerləşən 0.12 ha torpaq sahəsi Şamaxı rayon, Muğanlı bələdiyyəsinin 14 sentyabr 2007-ci il tarixli, 09 saylı qərarı ilə ona satılmışdır. İddiaçıya torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, eyni zamanda iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına 12000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Muğanlı bələdiyyəsinin 14 sentyabr 2007-ci il tarixli, 09 saylı qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. İddiaçıya torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın və alqı-satqının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət ehtiyacları üçün geri alınan ona məxsus torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçıya ünvanladığı məktubunda kompensasiyanın ödənilməməsinə əsas kimi sözügedən torpaq sahəsi ilə bağlı rəsmi sənədlərin təqdim edilməməsi ilə bağlıdır. Halbuki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlər olan, Şamaxı rayonu Muğanlı Bələdiyyəsinin 09 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş rəy, torpağın alqı-satqısına dair Akt və eyni zamanda Şamaxı rayonu Muğanlı Bələdiyyəsinin 22-15 nömrəli, xx.xx.2022-ci il tarixli Arayışı ilə həmin qərarın qüvvədə olmasını təsdiq edən faktdır, cavabdeh tərəfindən torpaq sahəsinə edilən müdaxilə iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda iddiaçıya torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlərin arxiv nüsxəsinin mövcud olub-olmadığını araşdırmaq məqsədilə müvafiq sorğular ünvanlamış, məhkəmə sorğusuna cavab olaraq yuxarıda qeyd edilən sənədlərin arxiv nüsxəsi məhkəməyə təqdim edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Məcəllənin 203.3-cü maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi, sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya, müsadirə. Həmin Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikasıü Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Mülki Məcəllənin 210-cu maddəsinə əsasən mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əməlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Məcəllənin 246.3-cü maddəyə əsasən torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Məcəllənin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. Məcəllənin 246.7-ci maddəsinə görə torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Məcəllənin 1100-cü maddəsində qeyd edilmişdir ki, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Qanunun 2.1-ci maddəsinə əsasən torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Torpaq Məcəlləsindən, Mülki Məcəllədən, Mənzil Məcəlləsindən, bu Qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Qanunun 3.1-ci maddəsinə əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması. Qanunun 3.2-ci maddəsinə görə torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Qanunun 4.2-ci maddəsinə görə Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Qanunun 5.1-ci maddəsinə görə istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; 5.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlar. 5.2-ci maddəyə əsasən dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. Qanunun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Qanunun 7.2-ci maddəsinə görə alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən edilmiş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və mərhumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdirlər. Qanun 73-cü maddəsinə görə bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: 7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; 7.3.2. siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz); 7.3.3. ikinci əldən icarəyə verən qismində icarəçi, üçüncü şəxslərə istifadəyə verən qismində istifadəçi və ya istifadəçi ilə şifahi və ya yazılı həqiqi sübutla təsdiq edilən razılaşma əsasında torpağı qısa müddətli istifadə edən şəxslər; 7.3.4. torpağa hüququnun yaranmasına səbəb olan, qanun tərəfindən tanınan uzun müddətli istifadə əsasında torpaqda yaşayan şəxslər; 7.3.5. yaşadıqları torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər. Qanunun 23-cü maddəsinə əsasən Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.2. alınan torpağın və onunla yanaşı yerləşən torpağın, həmin torpaqlarda olan tikililərin və daşınar əmlakın bərpa qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiya ilə bağlı danışıqlarda köməklik göstərir; 23.1.4. alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; 23.1.6. zəruri hesab etdiyi hallarda bu Qanunun 75.8-ci maddəsinə uyğun olaraq təqdim edilmiş nəzarət orqanının təklifləri əsasında alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləğində dəyişikliklər edilməsi barədə qərar qəbul edir; 23.1.7. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın məbləği barədə qərarını alan orqana göndərir. Qeyd edilən Qanunun 54.1-ci maddəsinə görə alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2-ci maddəsinə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Qanunun 55.1-ci maddəsinə görə bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. Qanunun 55.2-ci maddəsinə əsasən Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir. İnzibati işin tam və hərtərəfli araşdırılmasının təmin edilərək, Şamaxı rayon, Muğanlı bələdiyyəsinin 14 sentyabr 2007-ci il tarixli, 09 saylı qərarı iddiaçıya ayrılmış Şamaxı rayon, Muğanlı kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin “Muğanlı-İsmayıllı- Qəbələ avtomobil yolunun tikintisi layihəsi çərçivəsində həqiqətən tikinti altına düşübdüşməməsi, düşərsə hansı hissədə düşməsinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7nin 14 saylı Şamaxı Ərazisinə mütəxəssis rəyinin verilməsi ilə bağlı məktub ünvanlanmışdır. Qeyd edilən İdarənin 31 oktyabr 2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, naturada ölçülmüş 0.12 ha torpaq sahəsi ilkin yerquruluşu sxemində göstərilən torpaq sahəsi ilə eyni çərçivədə yerləşir; naturada iddia olunan və ölçülmüş 0.12 ha torpaq sahəsi bütünlüklə “Muğanlı-İsmayıllı-Qəbələ” yolunun tikintisi altına düşür. Göründüyü kimi iddiaçıya ayrılmış torpaq sahəsinin “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisi” layihəsi çərçivəsinə tam şəkildə düşməsi mütəxəssis rəyi ilə təsdiq olunur. Məhkəmə qeyd edilən torpaq sahəsinə görə ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya ayrılmış torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermişdir. Çünki, geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun (“Muğanlı-İsmayıllı-Qəbələ” yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir. Qanunvericinin iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Vurulmuş ziyanın müəyyən edilməsinin əsas meyarlardan biri kimi inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə iddiaçıya dəymiş zərərə görə ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı qeyd edir ki, məhkəmə icraatı zamanı cavabdeh orqanın özü tərəfindən məhkəməyə sorğu əsasında daxil olmuş 14 noyabr 2022-ci il tarixli, 07557 saylı məktubuda mübahisəli torpaq sahəsinin 1 sotu 4800 manat kimi qiymətləndirilmişdir. Hər şeydən əvvəl qeyd edilməlidir ki, iddiaçının daşınmaz əmlakının geri alınmasının qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmədən aparılmasına baxmayaraq, ona ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Həmin Qanunun 1.1.7-ci maddəsinə görə siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Göründüyü kimi, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə satılması və alınması ehtimal olunan qiyməti deməkdir. Torpağın siyahıya alınma tarixi isə köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Məhkəmə qeyd edir ki, torpaq və onun üstündə olan daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri-onun geri alındığı vaxt deyil, siyahıya alınma tarixinə olan qiymət götürülməlidir. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşdırdığı məhkəmə təcrübəsinə əsasən, torpağın siyahıya alınma tarixini müəyyən etməyin mümkün olmadığı halda, torpağın və üstündə olan daşınmaz əmlakın bazar qiyməti torpaq sahəsinin geri alındığı (daşınmaz əmlakın söküldüyü) zaman mövcud olan bazar qiyməti əsasında müəyyən olunmalıdır. Bu zaman, məhkəmələr əmlakın bazar qiymətini müəyyən etmək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparmalıdırlar. Belə ki, mübahisəli torpaq sahəsinin bazar qiymətinin müəyyənləşdirilməsinə dair qoyulan məsələ ilə bağlı məhkəmə tərəfindən Şamaxı Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə sorğu göndərilmiş və notariat ofisinin 2942 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş alqı-satqı müqavilələrindən müəyyən olunur ki, xx.xx.2022-cü il tarixli, AN-İ N ******* saylı alqısatqı müqaviləsinə əsasən Şamaxı rayonu Muğanlı kəndində 0.05 ha torpaq sahəsi 5.000 manata satılmış, xx.xx.2022-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən Şamaxı rayonu Muğanlı kəndində 0.07 ha torpaq sahəsi 5.000 manata satılmış, xx.xx.2022-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən Şamaxı rayonu Muğanlı kəndində 0.04 ha torpaq sahəsi 4.950 manata satılmış, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Şamaxı rayonu Muğanlı kəndində 0.03 ha torpaq sahəsi 4.500 manata satılmışdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş alqı-satqı müqavilələrindən 3-nü seçməklə, o cümlədən xx.xx.2022-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən Şamaxı rayonu Muğanlı kəndində 0.05 ha torpaq sahəsi 5.000 manata, xx.xx.2022-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən Şamaxı rayonu Muğanlı kəndində 0.04 ha torpaq sahəsi 4.950 manata, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Şamaxı rayonu Muğanlı kəndində 0.03 ha torpaq sahəsi 4.500 manata satılmış alqı-satqı müqavilələri üzrə bir sotunun qiymətini müəyyən etməklə, yəni 1-ci – 5 sot 5000 manat, 2-ci – 4 sot 4.950 manat, 3-cü – 3 sot 4.500 manat olmaqla, 1 sotun orta qiyməti təqribən 1000 manatdan çox edir. İddiaçının mülkiyətində olan torpaq sahəsinin 12 sot olduğunu nəzərə alaraq torpaq sahəsinin qiyməti 12000 manatdan çox təşkil edəcəkdir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, iddiaçı ona ayrılmış torpaq sahəsinin dövlət ehtiyacları ilə əlaqədar alınması üçün ona dəymiş maddi ziyan 12.000 manat məbləğindədir . İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Göründüyü kimi Avropa Məhkəməsi mülkiyyət hüququndan istifadə edilməsində məhdudiyyətlər yaranmasını Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “Muğanlı-İsmayıllı yolu”nun yenidən qurulması layihəsi çərçivəsində yol tikintisinin altında qalan, iddiaçıya məxsus olan Şamaxı rayon Muğanlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 12.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. “Muğanlı-İsmayıllı yolu” nun yenidən qurulması layihəsi çərçivəsində yol tikintisinin altında qalan, iddiaçıya məxsus olan Şamaxı rayon Muğanlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 12.000 manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar