Məhkəmə qərarları › İş №2-1(118)-699/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-699/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-699/2021 07.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı (Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 29, mənzil 7-də yaşayan) İddiaçı Cavabdeh qeydiyyat şöbəsinə qarşı soyadının “Mirzəyev” soyadından “Harəzmşah” soyadına dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh qeydiyyat şöbəsinə qarşı soyadının “Mirzəyev” soyadından “Harəzmşah” soyadına dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddianı müdafiə etdi və izah etdi ki, o, xx.xx.1976-cı il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Ailəlidir, iki övladı var. O, soyadının “Harəzmşah” soyadına dəyişdirilməsi məqsədi ilə Cavabdeh qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin onun müraciətinin təmin olunmasından əsassız olaraq imtina edilmişdir. O, iki il müddətində soyadının kökünün axtarışı ilə məşğul olmuş və babasının “Mirzəyev” soyadı ilə hər hansı bağlılığının olmamasını müəyyən etmişdir. O, ata-baba yurdunda mövcud olmuş Harəzm dövlətinin hökmranlıq etdiyi barədə tarixi oxumuş bvə bununla bağlı etnik milli mənsubiyyətinə uyğun olaraq “Harəzmşah” soyadını daşımaq arzusundadır. Bununla bağlı iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş : - iddiaçıya məxsus AA ******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1976cı il təvəllüdlüdür. -Azərbaycan SSR Masallı rayon Yeddioymaq kənd Soveti tərəfindən verilmiş İV ЖГ- 348069 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Ata qrafasında X3, ana qrafasında isə X2 qeyd olunmuşdur. -xx.xx.2021-ci il tarixli sorğuya cavab olaraq Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2021ci il tarixli 123-4906-1221 saylı məktubundan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı DİNin məlumat portalında axtarışda olması və məhkum olması barədə məlumat əldə olunmamışdır. -xx.xx.2021-ci il tarixli sorğuya cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli 16/689 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1976-cı il təvəllüdlü İddiaçı dövlət sərhədindən rəsmi hərəkəti, həmçinin onun hər hansı xarici ölkədən çıxarılması barədə “Girişçıxış və qeydiyyat” X1 Axtarış Sistemində məlumat mövcud deyildir. -Cavabdeh qeydiyyat şöbəsinin 05/9-1949-76 saylı, xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 79 saylı Qərarı ilə təsdiq olunmuş “ Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmədiyi, göstərilənlərə əsasən “Mirzəyev” soyadının “Harəzmşah” soyadına dəyişdirilməsi mənafeyə gətirə biləcəyi üçün müraciətin təmin edilməsi imkan xaricində olduğunu və bu səbəbdən də iddiaçının yaşayış yeri üzrə məhkəməyə müraciət etməsi təklif edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan respublikası Mülki Məcəlləsinin 26.1-ci və 26.4-cü maddələrinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququq vardır. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 79 saylı Qərarı ilə təsdiq olunmuş “ Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Cavabdehin istinad etdiyi bu normanın tələbindən göründüyü kimi üç halda, yəni 1) uşağın mənafeyinə xələl gətirə biləcəyi, 2) şəxsin cinsinə uyğun gəlməyən və ya 3) gülünc adın verilməsinə yol verilmir. Əvvəla məhkəmə qeyd edir ki, sadalanan bu hallar soyadın deyil, adın dəyişdirilməsi üçün məhdudiyyətləri nəzərdə tutur. Bundan başqa “Harəzmşah” soyadı mənafeyə xələl gətirə biləcək, gülünc səslənə biləcək və ya iddiaçının cinsinə uyğun gəlməyən soyad deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nomrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.5-ci bəndində soyadın dəyişdirilməsi üçün müəyyən məhdudiyyətlər nəzərdə tutulmuşdur. Belə ki, həmin normaya görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Lakin hazırki işdə iddiacının soyadının dəyişilməsi ucun həmin məhdudiyytlərdən hər hansı birinin movcudluğu müəyyən olunmadı. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə sözügedən məsələdə qanunvericilikdə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunverivcilikdən irəli gələn konkret hallarda adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların müddəalarına istinadla əsaslandırılmalıdırlar. Qeyd olunanlara əsasın məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və imtinanın əsaslandırdığı hallar qanunçuluğun tələblərinə cavab vermir, cavabdeh tərəfindən iddiaçının soyad dəyişdirmə hüququna gətirilmiş məhdudiyyət qanunda konret göstərilmiş kegitim məqsıdlərə nail olmağa yönəlik deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia təlbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbli əsaslı olduğundan təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı soyadının “Mirzəyev” soyadından “Harəzmşah” soyadına dəyişdirilməsi öhdəliyi Cavabdeh qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar