Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-7/2022 04.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Abşeron rayon Saray Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə “Torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Abşeron rayon Saray Bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinə (sonradan ləğv edilmişdir) qarşı “Torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması” barədə iddia tələbi ilə xx.xx.2010-cu il tarixdə Sumqayıt Yerli İqtisad Məhkəməsinə muraciət etmişdir. Sumqayıt Yerli İqtisad Məhkəməsinin 2(85)-1327/2010 saylı, 28 dekabr 2010-cu il tarixli Qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmiş, qətnamə icra olunmuşdur. Sumqayıt Yerli İqtisad Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə qərarından X1 xx.xx.2018-ci ildə apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati–İqtisadi Kollegiyası xx.xx.2018-ci il tarixli qərardadı ilə şikayət edilən məhkəmə qərarının bu və ya digər formada X1, Haqverdiyev Saleh Əzizxan oğlu və X2 maraqlarına toxunduğu nəticəsinə gələrək, onları müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb etmiş və S.İsmayılovun apellyasiya şikayətini mümkün hesab edərək şikayəti apellyasiya icraatına qəbul etmişdir. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2018-ci il tarixli qərardadı ilə S.İsmayılovun apellyasiya şikayətini qismən təmin edərək, 1-ci instansiya məhkəməsinin qərarını ləğv etmiş və işə təkrar baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsini qərara almışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadından Haqverdiyev Saleh Əzizxan oğlu kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Haqverdiyev Saleh Əzizxan oğlunun kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ləğv edilmiş və X1 tərəfindən verilmiş inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməsinə dair ərizəyə mahiyyəti üzrə baxılması üçün iş Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə göndərilmişdir Sumqayıt İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(118)-7/2022 saylı qərardadı ilə Sumqayıt Yerli İqtisad Məhkəməsinin 2(85)-1327/2010 saylı, 28 dekabr 2010-cu il tarixli Qətnaməsi ləğv edilmiş , X1, X4, Haqverdiyev Saleh Əzizxan oğlu məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. 01 noyabr 2022-ci il tarixdə daxil olmuş ərizəsinə əsasən iddiaçı Abşeron rayon Saray Bələdiyyəsi iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər - iddiaçı və cavabdeh arasında hazırda heç bir mübahisə yoxdur. Belə ki, bələdiyyə məxsus torpaq sahəsinə dair çıxarışın verilməsi cavabdeh tərəfindən təmin edilmişdir. Eyni zamanda çıxarış verilmiş torpaq sahəsi sonradan fiziki şəxslərə satılmış, mübahisə də məhz həmin fiziki şəxslər, hazırki icraatdakı 3-cü şəxslər arasında olmuş, həmin mübahisə də 3-cü şəxslər tərəfindən barışıqla həll edilmişdir. Odur ki, hazırki iddia ərizəsinə baxılması öz əhəmiyyətini itirmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə görə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdirlər. Həmçinin iş üzrə Haqverdiyev Saleh Əzizxan oğlunun nümayəndəsi və vəkili Vəkil2 04 noyabr 2022-ci il tarixdə elektron kabinetindən daxil olmuş ərizəsinə əsasən iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında iddiaçı Abşeron rayon Saray Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinə (ləğv edilmişdir) qarşı “Torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair iş vardır. Həmin iş üzrə tərəflər arasında hazırda heç bir mübahisə yoxdur. Belə ki, bələdiyyəyə məxsus torpaq sahəsinə dair çıxarışın verilməsi cavabdeh tərəfindən təmin edilmişdir. Eyni zamanda həmin torpaq sahəsinin hazırki mülkiyətçiləri kimi 3-cü şəxslər arasında da mübahisə yoxdur, anlaşılmazlıq barışıqla həll edilmişdir. Həmçinin iş üzrə X1, X2 vəkili Vəkil1 04 noyabr 2022-ci il tarixdə elektron kabinetindən daxil olmuş ərizəsinə əsasən iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, üçüncü şəxslər arasında barışıq əldə edildiyini nəzərə alaraq iddiaçının iş üzrə icraata xitam verilməsinə dair ərizəsinin təmin olunmasına etiraz etmirlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İş materiallarından göründüyü kimi hazırkı iş üzrə mübahisənin yaranmasına səbəb iddiaçı ilə cavabdeh arasında olan hüquq münasibətləri deyil, iş üzrə icraata cəlb edilmiş üçüncü şəxslər arasında yaranan mübahisə olmuşdur. Məhkəməyə təqdim edilmiş ərizələrdəndə göründüyü kimi üçüncü şəxslər arasında razılıq əldə edildiyi üçün, iddiaçı məhkəməyə iddiadan imtina barədə ərizə təqdim etmişdir və işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Ona görədə məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırkı mübahisənin yaranmasına əsas olan hallar aradan qalxdığı üçün, hazırkı iş üzrə mübahisə predmeti olan torpaq sahələri üzərində üçüncü şəxslərin dövlət qeydiyyatına alınmış hüquqları öz qüvvəsini saxlayır və həmin hüquqlar üzərinə cavabdeh orqan tərəfindən hər hansı bir məhdudiyyət qoyulmamalıdır. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququnun təmin olunması qərara alınmışdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Abşeron rayon Saray Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması”na dair iddiası ilə bağlı iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-7/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-7/2022
04.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver