Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-7/2024 08.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Elşən oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon Goradil bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 04 saylı qərarı ilə ayrılmış 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Goradil kəndində yerləşən, ümumi sahəsi 0,08 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Abşeron rayon Goradil bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 04 saylı qərarı ilə ayrılmış 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Abşeron rayonu Goradil bələdiyyəsi tərəfindən 24 aprel 2006-cı il tarixdə 0,08 ha torpaq sahəsi ayrılmışdır. Torpağın verilməsi ilə bağlı 26 avqust 2008-ci il tarixli torpaq alqı-satqısına dair akt qəbul edilmiş, Abşeron rayon bələdiyyəsi tərəfindən yerquruluşu planından çıxarış verilmiş, Abşeron rayonu Goradil bələdiyyəsinin 04 may 2006-cı il tarixli fərdi ev tikintisi üçün 0,08 ha torpaq sahəsi ayrılınası barədə sərəncamından çıxarış verilmiş, Abşeron rayonu Goradil bələdiyyəsi tərəfindən verilmiş 17 oktyabr 2008-ci il tarixli 219 saylı arayışla mənə 0,08 ha torpaq sahəsi ayrılması barədə arayış verilmiş, DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən torpaq sahəsi ayrılması barədə xx.xx.2008-ci il tarixli, 7537 saylı rəy verilmiş, Abşeron rayon Goradil bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinə mülkiyyət hüququna dair sənəd verilməsinə etiraz etmədiklərinə dair 09 sentyabr 2008-ci il tarixli 200 saylı rəy verilmiş, Dövlət Torpaq və Xəritəçəmə Komitəsi tərəfindən 14 oktyabr 2008-ci il tarixli torpağın plan və ölçü sənədi verilmişdir. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən 28 noyabr 2008-ci il tarixli, 1336 saylı yaşayış evinin tikintisinə icazə barədə sərəncam verilmişdir. İddiaçı tərəfindən fərdi yaşayış evinin eskiz layhəsi alınmışdır. Həmin torpaq sahəsi ölçülərək iddiaçıya təhvil verilmiş və uzun müddətdir ki, istifadəsindədir. Bildirir ki, qeyd edilən torpaq sahəsi qanunun tələblərinə müvafiq olaraq iddiaçıya verilmişdir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Abşeron rayonu, Goradil kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasım xahiş etmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********83 saylı cavab məktubu ilə ərizənin icrasından imtina edilmişdir. İddiaçı cavabdehin verdiyi cavabı qanunsuz və əsassız hesab edir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsindən görünür ki, aparılan araşdırma zamanı Goradil bələdiyyəsi tərəfindən 0,08 ha torpaq sahəsinin iddiaçıya 04 may 2006-cı il tarixdə ayrılmasına baxmayaraq alqı-satqı aktının 26 sentyabr 2008-ci il tarixdə, ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin rəyinin 20 oktyabr 2008-ci ildə verildiyi, rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin iddiaçının ərizəsinə əlavə edilmədiyi aşkar edilmişdir. Gördündüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Baxış keçirilmiş ərazidə müvafiq icazə sənədləri alınmadan qeyri-yaşayış binasının inşa edildiyi aşkar edilmiş və sözügedən qeyri-yaşayış binası tipli hüquqmüəyyənedici və texniki sənədlərin iddiaçının ərizəsinə əlavə edilmədiyi aşkarlanmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə etmiş və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - Abşeron rayon Goradil bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı qərarından çıxarışdan görünür ki, Goradil bələdiyyə torpaqlarından İddiaçı 0,08 torpaq sahəsinin satılması və fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. - Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Abşeron rayon Goradil bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 saylı qərarına əsasən Abşeron rayon Goradil bələdiyyəsi İddiaçı 0,08 ha torpaq sahəsini satmışdır. - xx.xx.2006-cı il tarixli aktdan görünür ki, Abşeron rayon Goradil bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı qərarına əsasən Goradil kənd ərazisində fərdi yaşayış evinin tikintisi üçün satılmış həyətyanı torpaq sahəsindən İddiaçı təhvil verilmişdir. -xx.xx.2011-ci il tarixli aktdan görünür ki, İddiaçı tərəfindən iki mərtəbəli fərdi yaşayış evinin tikintisi fərdi layihəyə uyğun yerinə yetirilmişdir. - 17 mart 2006-cı il tarixli qəbzdən görünür ki, İddiaçı bələdiyyə hesabına 400 manat pul ödəmişdir. -DTXK-nin Abşeron rayon şöbəsinin xx.xx.2006-cı il tarixli rəyindən görünür ki, İddiaçı torpaq sahəsinin satılmasına etiraz etmir. - Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 1336 nömrəli qərarından görünür ki, İddiaçı Görədil bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı qərarı ilə ayrılmış Goradil kəndində yerləşən 0,08 ha torpaq sahəsində fədi yaşayış evinin tikintisinə icazə verilmişdir. - Torpaq sahəsinin plan və ölçüsü sənədində görünür ki, həmin sənəd İddiaçı Goradil bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 04 saylı qərarı ilə ayrılmış 800 kv m torpaq sahəsinə dair tərtib edilmişdir. - Abşeron rayon Goradil bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsinə dair tərtib edilmişdir. - Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, sorğuda qeyd olunan 6 kV-luq Rabitə Nazirliyi elektrik verilişi xətti 1992-cı ildə quraşdırılmış 2008-ci ildə isə 2 dövrəli xətlə əvəzlənərək "Rabıtə-2 xətti əlavə olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Abşeron rayon Goradil bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə satılmış 0,08 ha torpaq sahəsi və ləğv edilmiş DT və XK tərəfindən verilmiş plan və ölçüsündə göstərilən koordinatları daxilində yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır,lakin İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə ləğv edilmiş DT və XK tərəfindən verilmiş plan və ölçüsündə göstərilən koordinatlar üst-üstə düşür. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri sxemdə göstərilmişdir. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 0,0213 ha hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. - Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Abşeron rayon Goradil bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 saylı protokolunun təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması və ya alqı-satqı aktınını sonradan bağlanması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsinin iddiaçıya bələdiyyə tərəfindən satılması iş materialları ilə təsdiq edilir. Alqı-satqı aktının və DTXK-nin Abşeron rayon şöbəsinin rəyinin onradan tərtib edilməsi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin təqdim edilməməsi iddiaçının müraciətinin təmin olunmasından imtina üçün mötəbər dəlil hesab edilə bilməz. Həmin sənədlərin düzgün və qanunauyğun şəkildə tərtib edilməsi iddiaçının deyil, bələdiyyənin və müvafiq dövlət orqanlarının vəzifələrinə aid olmuşdur. Cavabdehin torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin altında yerləşməsinə münasibətdə məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 0,0213 ha hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 8-cu bəndinə görə elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr (qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların, kolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir. Qaydaların 12-ci bəndinə görə elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi.... Beləliklə, Qaydaların tələbindən göründüyü kimi mühafizə zolağına aid məhdudiyyətlər torpaq sahəsi ilə bağlı deyil, tikililərin aparılması və s.ilə bağlı olmuşdur. Torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, cavabdehin bu dəlili torpaq sahəsinə dair münasibətdə tətbiq edilməsi onun mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin bu dəlili də əsassız hesab edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayon Goradil bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 04 saylı qərarı ilə ayrılmış 0,08 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon Goradil bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 04 saylı qərarı ilə ayrılmış 0,08 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-7/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-7/2024
08.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver