Məhkəmə qərarları › İş №2-1(118)-70/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-70/2022

21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-70/2022 21.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X18 oğlunun, Cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinin nümayəndəsi X3, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə, İddiaçılar İddiaçı və X2 cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə qarşı “mərhum X7 şəhid statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi, X5 şəhid hesab edilməsinin tanınması və şəhidlik statusunun bərpası vəzifəsinin cavabdeh idarənin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 inzibati məhkəmə icraatına prosessual həmiştirakçı kimi cəlb edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi filialı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra İddiaçı nümayəndəsi X18 oğlu iddia tələbini dəqiqləşdirərək mərhum X7 şəhid statusunun verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum qardaşı X12 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 06.08.1992-ci ildə şəhid olmuşdur. Bununla əlaqədar mərhumun anasına X10 şəhid anası kimi şəhidlik statusu vəsiqəsi əvvəllər verilmişdir. Hazırda yeni şəhidlik vəsiqələrinin verilməsi ilə əlaqədar şəhidlik vəsiqəsi alınması zəruridir. Lakin cavabdeh orqan ona şəhidin adına olan statusun olması barədə arayışı verməkdən imtina edir. İmtinası onunla əsaslandırılır ki, Müdafiə Nazirliyinin 10.02.2020-ci il tarixli 9/2 -1933 nömrəli arayışında və Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsindən Xidmətin Aparatına təqdim edilmiş “1997-ci il avqustun 2dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqadar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısında 01.05.1992-ci il tarixdə Sumqayıt şəhər hərbi komisarlığından çağırılmış X5 N saylı hərbi hissəyə müqavilə əsasında qəbul edilməsi və 02.07.1992-ci il tarixdə həlak olması barədə məlumatlar olsa da, həlak olmasının səbəbi və şəraiti qeyd olunmamışdır. Əlavə olaraq 06.08.1992-ci il tarixli ölüm haqqında şəhadətnamədə ölüm səbəbi “bədən səthinin çox hissəsinin İİİ-İV dərəcəli yanığı” göstərilmiş, lakin şəraiti qeyd edilməmişdir. Bu səbəbdən X5 şəhid hesab edilməsi və adının Azərbaycan Respublikası Prezidentinin 19.04.2018-ci il tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar müvafiq siyahıya əlavə edilməsi hazırda mümkün hesab edilməmişdir. Həlak olma səbəbi və şəraiti barədə arayış və ya məhkəmə qərarı olduğu təqdirdə qeyd olunan məsələyə yenidən baxıla bilər. Bunun əksinə olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxiv idarəsinin arayışı ilə qardaşının şəhid olması təsdiqini tapmışdır. Əvvəllər də onun anasına bu barədə şəhidlik statusu verilmişdir. Bu barədə də ona aid sənədlər arxivdə saxlanılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxiv idarəsinin arayışında göstərilir ki, verilir, Rüstəmova (Quliyeva) Çimnaz İbrahim qızına ondan ötrü ki, N №-hərbi hissə komandirinin 10.03.1992-ci il tarixli 51 №-li əmrilə (əsas: səh.2, sıra 58, 1 X1 ibarət motoatıcı bölüyün tərkibinə daxil edilmişdir. N №-li hərbi hissə komandirinin 01.03.1992-ci il tarixli 53 №-li əmrilə (əsas: səh.3, 2, sıra 79, əmrə soyadı “Quliyev” yazılmışdır) X12 döyüş tapşırığın yerinə yetirmək üçün ezam edilmişdir. N №-li hərbi hissə komandirinin 01.04.1992-ci il tarixli 67 №-li əmrilə (əsas: səh.3, 2, sıra 73, əmrə soyadı “Quliyev” yazılmışdır) sıravi X12 ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin 03.04.1992-ci il tarixli 69 №-li əmrilə (əsas: səh.2, 3, sıra 49,əmrə soyadı “Quliyev” yazılmışdır) könüllü sıravi X12 şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq tutduğu vəzifədən azad edilmişdir. N () №-li hərbi hissə komandirinin 01.05.1992-ci il tarixli 125 №-li əmrilə (əsas: səh.28, əmrə soyadı “Quliyev” yazılmışdır) könüllü X12 müqavilə əsasında hərbi hissəyə xidmətə qəbul edilmişdir. Təşkilat Səfərbərlik İdarəsindən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş 07.03.1992-28.12.1993-cü il tarixli “Qayıtmaz İtkinlərin siyahıları” qovluğunda (əsas: səh.305, məlumatda soyadı “Quliyev” yazılmışdır) döyüş əməliyyatları başladığı gündən 703№-li hərbi hissənin qayıtmaz itginlərinin siyahısında 1968-ci ildə Gədəbəy rayonunda anadan olmuş, 01.05.1992-ci il tarixdə Sumqayıt RHK-dan çağırılmış, kəşfiyyatçı sıravi X5 02.07.1992-ci il tarixində həlak olması barədə məlumat vardır. 703(733) №-li hərbi hissə komandirinin iyul 1992-ci il tarixli nizam hissə üzrə əmrlərində X6 həlak olması barədə məlumat aşkar edilməmişdir. Bütün bu göstərilənlər onu qeyd etməyə əsas verir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinin şəhidlik statusunu verməkdən imtina etməsi formal mülahizələrə əsaslanır. Ona görə də imtinası qanunsuz hesab edilməli və şəhidlik statusunun bərpa olunması və tanınması cavabdeh idarəyə həvalə edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X18 oğlu iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya etirazında qeyd edilmişdir ki, İddiaçı Sumqayıt lnzibati Məhkəməsində iddia qaldıraraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə qarşı "imtinanın qanunsuz hesab edilməsi, şəhid hesab edilməsinin tanınması və şəhid statusunun bərpa edilməsi öhdəliyinin qoyulması" barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nаzirlər Kabinetinin 1994-сü iİ 15 уаnvar tarixli 10 saylı qərarı ilə şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin təbiqi qaydaları" təsdiq edilmişdir. Bu Qaydalar Аzərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericilikdə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir. Həmin qərarın 1.1-ci bəndinə əsasən “Şəhid” Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin qərarın 1.2.6-cı bəndinə əsasən “Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya Daxili İşlər, Milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər” şəhid hesab edilən şəxslərdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən daxil olmuş arxiv arayışında və Təşkilat-Səfərbərlik İdarəsindən Xidmətin aparatına təqdim edilmiş “1997-ci ilin avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatla əlaqədar itkin düşmüş əsgər və çavuşların siyahısı”nda 1968-ci il təvəllüdlü X12 02.07.1992-ci ildə həlak olduğu yazılsa da, hansı səbəb və şəraitdə həlak oması qeyd edilməmişdir. 06.08.1992-ci il tarixli ölüm haqqında şəhadətnamədə ölüm səbəbi “bədən səthinin çox hissəsinin İİİ-İV dərəcəli yanığı göstərilmiş, lakin şərait qeyd edilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan 2-1(118)-70/2022 nömrəli inzibati iş üzrə üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Qazax-Tovuz regional filialına (keçmiş 19 saylı regional ərazi filialı) qarşı İddiaçı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi, X5 şəhid hesab edilməsinin tanınması və şəhid statusunun bərpası barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi əsassız və qanunsuzdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçının mərhum qardaşı X12 02.07.1992-ci il tarixdə həlak olmuşdur. Həlak olmuş şəxsin şəhid olması Müdafiə Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin müvafiq məktubları ilə öz təsdiqini tapmamışdır. İddiaçı həmçinin iddia edir ki, anası mərhum X10 şəhid anası kimi şəhidlik statusu vəsiqəsi verilmişdir. Bu səbəbdən də ailə üzvü kimi digər tələblərlə yanaşı şəhid statusunun bərpası tələbini də irəli sürmüşdür. İş materiallarından görünür ki, ona şəhid statusunun verilməsi və ya dayandırılması ilə bağlı hər hansı inzibati akt qəbul edilməmiş, şəhid ailəsi kimi müavinət yaxud təqaüd almasına dair heç bir hüquqi sənəd aşkar edilməmişdir. Eyni zamanda Fondun keçmiş 19 saylı regional ərazi filialı tərəfindən məhkəməyə təqdim edilmiş 07.05.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, vətəndaş X8 adına həmin dövrdə Fondun Gədəbəy şöbəsi tərəfindən verilən 003046 nömrəli 13.05.1996-cı il tarixli vəsiqənin verilməsinə əsas olmuş arxiv sənədlərini əldə etmək mümkün olmamışdır. Həmçinin Gədəbəy rayon Dövlət Arxiv idarəsinin məhkəməyə təqdim olunmuş 04.06.2021-ci il tarixli məktubunda sözügedən sənədlərə dair arxiv məlumatların aşkar olunmadığı qeyd edilmişdir. Bütün yuxarıda qeyd edilənlərin qarşılıqlı təhlilindən müəyyən olunur ki, iddiaçının hazırkı iddia tələbi əsassızdır, hesab edirik ki, İddiaçı iddia tələbinin heç bir hüquqi əsası olmadığından məhkəmə tərəfindən təmin edilməməlidir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Qazax –Tovuz regional ərazi filialının nümayəndəsi Nümayəndə iddiaya yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməsin məhkəmədən xahiş etdi. Digər üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaya yazılı münaisbətində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1-ci bəndində şəhid anlayışı verilmişdir. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2.6.-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Sözügedən normanın dispozisiyasında “Şəhid" statusunun verilməsi üçün zəruri şərt döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı şəxsin həlak olması, itkin düşməsi və məhkəmənin qərarına əsasən ölmüş elan edilməsi əks edilmişdir. Döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrin icrası zamanı həlak olmuş şəxslər “şəhid’’ hesab edilir. Yəni, xidməti vəzifələrin icrası döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmalıdır. Döyüş təminatının anlayışı “Quru Qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş Təlimatrnın 8.2-ci maddəsinə əsasən Döyüş təminatı-briqadanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, ona verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin silah və hərbi texnikasının) və vaxtında yerinə yetirilməsi məqsədi ilə keçirilən kompleks tədbirlərdir. Növləri: -Kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometeoroloji (meteoroloji) təminatı. İddia tələbinin faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş 07 mart 1992- 28 dekabr 1993-cü il tarixli “Qayıtmaz itkilərin siyahıları” qovluğunda döyüş əməliyyatları başladığı gündən N nömrəli hərbi hissənin qayıtmaz itkilərinin siyahısında 1968-ci ildə Gədəbəy rayonunda anadan olmuş, 01 may 1992-ci il tarixdə Sumqayıt RHK-dan çağırılmış, kəşfiyyatçı sıravi X5 02 iyul 1992-ci il tarixində həlak olması barədə məlumat vardır. N () nömrəli hərbi hissə komandirinin iyul 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində X5 həlak olması barədə məlumat aşkar edilməmişdir. İnzibati iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 21 iyun 2021-ci il tarixli məktubunda “1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər(matros) və çavuşların siyahısında X5 N nömrəli hərbi hissəyə müqavilə əsasında qəbul edilməsi və 02 iyul 1992-cı il tarixdə həlak olması barədə məlumat olsa da həlak olmasının səbəb və şəraiti qeyd edilmədiyindən mərhum X5 adının müvafiq siyahıya daxil edilməsinin mümkün olmadığı bildirilmişdir. Digər iddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, mərhumu 1991-ci ildən tanıyır. Kəlbəcərdə döyüş əməliyyatlarında bir yerdə iştirak etmişlər. 3 iyun 1992-ci ildə Ağdərə əməliyyatları başlamış, Ağdərənin mərkəzinə 1 km qalmış əməliyyatın başlanması üçün gözləmişlər. O maşında yatırdı. Quliyev Vəli ilə birlikdə maşında idilər. O Tankın gurultusuna ayıldı, maşından düşəndən sonra düşmən tankı onların maşınını vurdu və maşın alışdı. Elə orada Vəli digər yoldaşlarla şəhid oldu. X15 dəfn etdilər. Məhkəmə iclasında dindirilmiş digər şahid X13 ifadəsində bildirdi ki, Müslümov Vəli ilə 1991-ci ildə tanış olmuşlar. 1992-ci ilin yaz aylarında Batalyondan könüllüləri tərxis etmişlər. Lakin, onlar könüllü Bərdəyə getmişlər. Onlar kəşfiyyat bölüyündə idilər. Ağdərə əməliyyatları həmin ilin iyun ayından başladı. Ağdərə əməliyyatı zamanı köhnə Kəlbəcər yolu var idi, onlar orada dayanmışdılar. Xüsusi Təyinatlı Qüvvələr hücuma keçdilər. Lakin, əməliyyat uğursuz alındı. Dedilər ki, tanklar ilə hücuma keçəcəyik, gözləyin. Onlar elə həmin yolda gözləyirdilər ki, arxadan tankların gəldiyini gördülər. Ancaq, gələn tanklar düşmən tankları idi. Onlar birinci atəşlə yanacaq doldurma maşınını, ikinci atəşlə isə Müslümov Vəlinin olduğu hərbi maşını vurdular. Maşında Vəli ilə bərabər başqa yoldaşlar da var idi. Onlar birlikdə orada şəhid oldular. Maşındakı şəhid olmuş digər şəxslərə şəhidlik statusu verilib. Amma təzə eşidib ki, Vəliyə şəhidlik statusu verilməmişdir. Vəli də digər şəhidlər kimi Şəhidlər Xiyabanında basdırılmışdır. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Müafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi arxivinin 10.02.2020-ci il tarixli 9/2-1933 saylı arxiv arayışında qeyd edilmişdir ki, Təşkilat Səfərbərlik İdarəsindən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş 07.03.1992- 28.12.1993-cü il tarixli “Qayıtmaz İtkinlərin siyahıları” qovluğunda döyüş əməliyyatları başladığı gündən N nömrəli hərbi hissənin qayıtmaz itginlərin siyahısında 1986-cı ildə Gədəbəy rayonunda anadan olmuş, 01.05.1992-ci il tarixdə Sumqayıt RHK-dan çağırılmış, kəşfiyyatçı sıravi X5 02.07.1992-ci il tarixində həlak olması barədə məlumat vardır. - Azərbayacn Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinin 18 noyabr 2020-ci il tarixli 1990 saylı məktubundan görünür ki, iddiaçının “şəhid statusunun verilməsi və adının Azərnaycan Respublikası Prezidentinin 19.04.2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş hərbi qulluqçuların siyahısına daxil edilməsi” barədə müraciətinin təmin edilməsindən imtina edilmişdir. - İV-ЖГ 376306 saylı, 06 avqust 1992-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçı X12 03 iyul 1992-ci il “Bədən səthinin çox hissəsinin İİİ-İV dərəcəli yanığı” səbəbindən vəfat etmişdir. - 003046 saylı, 13 may 1996-cı il tarixli vəsiqədən görünür ki, X8 adına Gədəbəy rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən şəhid ailələrinə güzəşt və imtiyazlardan istifadə etmək hüququ verən vəsiqə verilmişdir. - Məhkəməyə sorğu əsasında daxil omuş azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 19 saylı regional ərazi filialının Gədəbəy rayon qəbul şöbəsinin **********4 saylı, 07.05.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, araşdırma zamanı vətəndaş X8 adına həmin dövrdə Gədəbəy rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilən 003046 nömrəli, 13 may 1996-cı il tarixli vəsiqənin verilməsinə əsas olmuş arxiv sənədlərini əldə etmək mümkün olmamışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 02 iyun 2021-ci il tarixli məktubunda Təşkilat Səfərbərlik İdarəsindən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş 07.03.1992-28.12.1993-cü il tarixli “Qayıtmaz İtkinlərin siyahıları” qovluğunda döyüş əməliyyatları başladığı gündən N nömrəli hərbi hissənin qayıtmaz itginlərinin siyahısında 1968-ci ildə Gədəbəy rayonunda anadan olmuş, 01.05.1992-ci il tarixdə Sumqayıt RHK-dan çağrılmış, kəşfiyyatçı sıravi X5 02.07.1992-ci il tarixində həlak olması barədə məlumat vardır. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Gədəbəy rayon İcra Hakimiyyəti Gədəbəy rayon Dövlət Arxivinin 35 saylı, 04 iyun 2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan arxiv sənədlərinin fond siyahısında Gədəbəy rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin fəaliyyəti dövründə yaranmış arxiv sənədləri aşkar olunmadı. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materiallarına mərhum X5 anası X8 adına Gədəbəy rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş şəhid ailəsi vəsiqəsi əlavə edilmişdir. İddiaçılar qardaşları X5 şəhidlik statusunun bərpası ilə bağlı tələbi ilə məhkəməyə müraciət etmişlər. Lakin məhkəmə tərəfindən verilmiş sorğular əsasında ona şəhidlik statusunun verilməsi, şəhidlik statusunun dayandırılması ilə bağlı hər hansı inzibati aktın qəbul edildiyi, şəhid ailəsi kimi müavinət alması müəyyən edilməmişdir. Həmin vəsiqəni verən müvafiq orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi filialı və Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşlar, lakin buna baxmayaraq mərhum X7 şəhidlik statusunun və onun ailə üzvlərinə şəhid ailəsi statusu verilməsi müəyyən olunmamışdır. İddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq yardım edilərək tələbin dəqiqləşdirilməsi təklif olunmuş və iddiaçının nümayəndəsi X18 oğlu iddia tələbini dəqiqləşdirərək “X7 şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddaçıya şəhidlik statusunun verilməsindən imtinası əsaslı olmamışdır. Belə ki, cavabdeh öz imtinasında iddiaçıya şəhidlik statusunun verilməməsini, X5 N saylı hərbi hissəyə müqavilə əsasında qəbul edilməsi və 02.07.1992ci il tarixdə həlak olması barədə məlumatlar olsa da, həlak olmasının səbəbi və şəraitinin qeyd olunmaması ilə əsslandırmışdır. Məhkəmə qeyd edir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Şəxsin şəhid hesab olunması üçün o, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmalı və ya itkin düşməli, yaxud da Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmalı, itkin düşməli və yaxud məhkəmənin qərarına əsasən ölmüş hesab edilməlidir. Hazırki işdə məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 02 iyun 2021-ci il tarixli məktubundan görünür ki, Təşkilat Səfərbərlik İdarəsindən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş 07.03.1992-28.12.1993-cü il tarixli “Qayıtmaz İtkinlərin siyahıları” qovluğunda döyüş əməliyyatları başladığı gündən N nömrəli hərbi hissənin qayıtmaz itginlərinin siyahısında 1968-ci ildə Gədəbəy rayonunda anadan olmuş, 01.05.1992-ci il tarixdə Sumqayıt RHK-dan çağrılmış, kəşfiyyatçı sıravi X5 02.07.1992-ci il tarixində həlak olması barədə məlumat vardır. Eyni zamanda iş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədə mərhum X5 ölümünün səbəbi kimi 03 iyul 1992-ci il “Bədən səthinin çox hissəsinin İİİ-İV dərəcəli yanığı” göstərilmişdir. Məhkəmə hesab edirki, iddiaçıların mərhum qardaşının şəhid hesab edilməsinə münasibətdə onun həlak olduğu şərait, həlak olmaya səbəb olan hallar, eləcə də döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması nəzərə alınmalıdır. X5 ölümünə səbəb olan hadisənin döyüş şəraitində olan hərbi hissədə və xidməti vəzifəsini yerinə yetirərkən baş verdiyinə dair işin mübahisəsiz hallarından çıxış etmək haqqına malik olan iddiaçının tələbinə qarşı cavabdeh inzibati orqan X5 həlak olmasının (ölümünün) “səbəb və şəraitinin qeyd edilməməsini” əsas göstərirsə, onda məhz cavabdeh sübut etməlidir ki döyüş şəraitində olan hərbi hissədə xidmət edən X12 ölümündən bilavasitə əvvəl, hadisənin baş verdiyi anda məhz hansı “şəraitdə” xidməti vəzifəsini icra edirdi. Beləliklə qeyd edilən sənədlərlə X5 döyüş şəraitində olan hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən vəfat etməsini, adının “Qayıtmaz itkinlərin siyahısı”nda olması və bədən səthinin çox hissəsinin İİİ-İV dərəcəli yanığı səbəbindən vəfat etməsi təsdiq edir. Eyni zamanda məhkəmə iclasında şahidlərdə ifadələrin də onun düşmənin hücumu zamanı olduğu maşının yandırılması nəticəsində həlak olduğu bildirmişlər. X5 şəhid olmasına dəlalət edən əsaslardan biri də onun şəhidlər xiyabanında dəfn edilməsidir. Beləliklə məhkəmə araşdırması zamanı X5 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olması öz təsdiqini tapmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçıların iddiası əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıya şəhidlik statusunun verilməsi ilə bağlı mənəvi dəyərlər məhkəmənin araşdırma predmetinə aid olmasa da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəxslərə dövlət dəstəyinin davamı kimi həmin dəyərlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı nəzərə alınmalıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçılar mərhum qardaşlarının “şəhid” hesab olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X7 şəhid statusunun verilməsi öhdəliyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X7 şəhid statusunun verilməsi öhdəliyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar