Məhkəmə qərarları › İş №2-1(118)-700/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-700/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-700/2022 28.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə Abşeron rayonu, Fatmayı bələdiyyəsinin 10 iyul 2006-cı il tarixli 55/07 saylı qərarı ilə ona ayrılmış və “Torpağın alqı-satqısına dair müqavilə” ilə satılmış 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması vəzifəsinin qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Abşeron rayonu, Fatmayı bələdiyyəsinin 10 iyul 2006-cı il tarixli 55/07 saylı qərarı ilə ona ayrılmış və “Torpağın alqı-satqısına dair müqavilə” ilə satılmış 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 24 noyabr 2021-ci il tarixli, **********57 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Abşeron rayon Fatmayı Bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ) 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Fatmayı bələdiyyəsinin 10 iyul 2006-cı il tarixli, 55/07 saylı qərarı ilə ona ayrılmış və “Torpağın alqı-satqısına dair müqavilə” ilə satılmış 0,08 ha tortpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasından imtina edilmiş və bu barədə ona xx.xx.2021-ci il tarixli, **********57 nömrəli, “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə Bildiriş” verilmişdir. Bildiriş ona rəsmi qaydada 15 dekabr 2021-ci il tarixdə təqdim edilmişdir. Bildirişdə imtinanın “əsası” kimi göstərilmişdir ki, “Abşeron rayonu, Fatmayı bələdiyyəsi tərəfindən İddiaçı 0,08 ha torpaq sahəsininin xx.xx.2006-cı il tarixdə, 55/07 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktına dair müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin 03 noyabr 2021-ci il tarixdə verildiyi müəyyən edilmişdir”. Qərarda həmçinin göstərilir ki, “Abşeron rayonu, Fatmayı bələdiyyəsinin yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin) möhürü ilə təsdiq edilmədiyi müəyyən edilmişdir”. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Döxləl Reyestri Xidmətinin (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ) 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən qəbul edilmiş bu imtina qərarı qanunsuz olduğundan ləğv edilməli, cavabdehin üzərinə Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində onun hüquqlarımın qeyyyata alınması vəzifəsi qoyulmalıdır: İşin faktik halları: Abşeron rayonu, Fatmayı bələdiyyəsinin 10 iyul 2006-cı il tarixli, 55/07 saylı qərarı ilə ona həmin kənddə 0,08 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və “Torpağın alqı-satqısına dair müqavilə” ilə satılmışdır. Torpaq sahəsinin normativ dəyəri olan 400 (dörd yüz) manat tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. Abşeron rayon Bələdiyyəsi torpaq sahəsinin ayrılması barədə qərar qəbul etməzdən əvvəl o zamankı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinə müraciət etmiş, həmin şöbənin xx.xx.20006-cı il tarixli, 190 nömrəli rəyi ilə mənə və digər şəxslərə müvafiq torpaq sahələrinin ayrılmasına etiraz edilmədiyi göstərilmişdir. İddiaçı tərəfindən torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması üçün DƏDRX- nin 4 saylı Abşeron ərazi idarəsinə müraciət edildikdən sonra həmin idarə tərəfindən Fatmayı bələdiyyəsinə müraciət edilmiş, Bələdiyyənin xx.xx.2021-ci il tarixli, 259 saylı məktubu ilə müvafiq torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilərək dövlət reyestrindən çıxarışın verilməsinə etiraz edilmədiyi bildirilmişdir. Eyni zamanda, cavabdeh təşkilatın tələbi ilə Fatmayı Bələdiyyəsi iddiaçıya məlum olmayan səbəblərdən bir daha Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə müraciət etmiş, həmin şöbənin 03.1 1.2021-ci il tarixli, 6/X/1750 saylı rəyi ilə torpaq sahəsinə vizual baxış keçirildiyi, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına etiraz edilmədiyi bildirilmişdir. Əlavə olaraq, ona torpaq sahəsinin ayrılmasına dair qərara Abşeron rayonu, Fatmayı bələdiyyəsinin yerquruluşu planından çıxarış əlavə edilmiş, həmin yerquruluşu planından çıxarış bələdiyyənin və Abşeron rayon İcra Hakimiyyətinin möhürü, bələdiyyə sədrinin və Abşeron rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdirinin imzalan ilə təsdiq edilmişdir. İddianın dəlilləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndində göstərilir ki, “Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər.'’. Məcəllənin həmin maddəsinin 5-ci bəndində göstərilir ki, “Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir”. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanunun 4.0.2-ci maddəsinə əsasən, bələdiyyələrin müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək səlahiyyətləri vardır. Həmin qanunun 5.1-ci maddəsinə əsasən, “Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur”. Qanunun 6.2-ci maddəsində göstərilir ki, “Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur”. Bu qanunun 7.1-ci (7.1.1.) maddəsinə əsasən, “Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqları xüsusi mülkiyyətə verilə bilər” Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-1İQ №li qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin İV hissəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanının mətnlərindən gömdüyü kimi, Əsasnamə və fərmanda dəyişikiklər edilənə - yəni 23 noyabr 20007-ci il tarixədək ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilməsi, torpaq sahəsinin normativ qiyməti barədə sənədin təqdim edilməsi səlahiyyətlərini “müvafiq icra hakimiyyəti orqanı” qismində Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həyala keçirmişdir. Bu da o deməkdir ki, cavabdeh orqanın torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyini qəbul etməməsi tamamilə qanunsuz və əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsindən göründüyü kimi, “qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar” daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Bundan əlavə, qeyd edilməlidir ki, imtina məktubunda sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (dinc) torpaqlara aid edildiyi barədə göstərilənlərin də heç bir əsası yoxdur, belə ki, cavabdeh orqan tərəfindən həmin ərazidə bələdiyyənin eyni vaxtda qəbul edilmiş qərarı əsasında ayrılmış torpaq sahələri (o cümlədən, sözügedən torpaq sahəsi ilə qonşu olan torpaq sahələri) üzərində hüquqlar qeydə alınmış, cavabdeh orqan tərəfindən verilmiş reyestrdın çıxarışlarda həmin ərazinin bələdiyyənin ehtiyat fonduna aid olduğu göstərilmişdir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, cavabdeh dövlət orqanının Abşeron rayonu, Fatmayı bələdiyyəsinin 10 iyul 2006-cı il tarixli, 55/07 saylı qərarı ilə iddiaçıya ayrılmış və “Torpağın alqı-satqısına dair müqavilə” ilə satılmış 0,08 ha torpaq sahəsi üzərində iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtinası qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinin tələblərinə əsasən, “Mübahisələndİrmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndİrmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər”. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən, “Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər”. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının nümayəndəsi tərəfindən 4 saylı Abşeron Ərazi İdarəsinə 23 noyabr 2021-ci il tarixli, ********** daxilolma nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Fatmayı Bələdiyyəsi tərəfindən İddiaçı 0.08 ha torpaq sahəsinin 10 iyul 2006-cı il tarixdə, 55/07 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 22 oktyabr 2021-ci il, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin 03 noyabr 2021-ci il tarixdə verildiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (dinc) torpaqlara aid edildiyi qeyd edilmişdir. Həmçinin müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Fatmayı bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə əsasən Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və torpaq şöbələri həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 18-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. O zaman Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na Əlavədə Torpaqların alqı-satqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin, “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə Torpaqların alqı-satqısı Qaydaları”na Əlavədən - “Torpaqların alqı-satqısına dair Akt” çıxarılmışdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir sözü ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Məcəllənin 13-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istsfadə edilir; kənd təsərrüfatı torpaqlarında kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Məcəllənin 13-cü maddəsinin 3-cü bəndinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi onların müvafiq icra hakimiyyəti orqanının (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli 176 saylı Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) qərarı ilə Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada bir kateqoriyadan digər kateqoriyaya keçirildikdən sonra mümkündür. Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etməyə borcludurlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir. Həmin Məcəlləsinin 67 və 68-ci maddələrinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında'” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdınlmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Abşeron rayonu, Fatmayı bələdiyyəsinin 10 iyul 2006-cı il tarixli 55/07 saylı qərarı ilə ona ayrılmış və “Torpağın alqı-satqısına dair müqavilə” ilə satılmış 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istəyir. Cavabdeh isə etirazında qeyd edir ki, Aparılan araşdırma zamanı Fatmayı Bələdiyyəsi tərəfindən İddiaçı 0.08 ha torpaq sahəsinin 10 iyul 2006-cı il tarixdə, 55/07 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 22 oktyabr 2021-ci il, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin 03 noyabr 2021-ci il tarixdə verildiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (dinc) torpaqlara aid edildiyi qeyd edilmişdir. Həmçinin müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Fatmayı bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın dəlillərini iddianın təmin edilməməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin 26 may 2006-cı il tarixli, 190 saylı rəyi ilə Fatmayı bələdiyyəsinin perspektiv inkişaf fondundan X1 0.08 ha torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. Abşeron rayon Fatmayı Bələdiyyəsinin 10 iyul 2006-cı il tarixli, 55/07 saylı Qərarı ilə Azərbaycan Respublikası DTKX-sı Abşeron rayon şöbəsinin rəyi nəzərə alınmaqla Fatmayı bələdiyyəsinin hüdudları daxilində təhkim aktına əsasən 800 kv.m torpaq sahəsi İddiaçı fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu ilə satılmışdır. Torpağın alqı-satqısına dair müqavilə xx.xx.2021-ci il tarixdə tərtib və təsdiq edilmişdir. 13 iyun 2006-cı il tarixli, 27 saylı ödəniş qəbzindən görünür ki, torpaq sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. İş materillarına əlavə edilmiş Abşeron rayon İcra Hakimiyyətinin 6/X/1750 saylı, xx.xx.2021-ci il tarixli rəyində qeyd edilir ki, Fatmayı bələdiyyəsinin müraciət məktubu əsasında kəndin sənədləşdirilməsi nəzərdə tutulan 0.08 ha torpaq sahəsinə yerində baxış keçirilmişdir. Vizual baxış zamanı torpaq sahəsinin yaşayış məntəqəsi hüdudları daxilində yerləşdiyi və sahədə hər hansı mühəndis-kommunikasiya xəttinin olmadığı aşkar edilmişdir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması haqqında ” Əsasnamənin 10-cu maddəsinin tələbinə uyğun olaraq təqdim olunmuş yerquruluşu planına əsasən sahəsi 0.08 ha olan torpaq sahəsinin ayrılması məqsədilə mülkiyyət hüququnun qeydiyyata alınmasına aşağıdakı şərtlər daxilində etiraz edilməmişdir: - Sənədləşdirilməsi nəzərdə tutulan torpaq sahəsində mühəndis kommunikasiya xətlərinin keçib-keçməməsinin dəqiqləşdirilməsi məqsədilə planda göstərilən torpaq sahəsi aidiyyəti təşkilatlarla razılaşdırılsın; -Qanunvericiliklə nəzərdə tutulmuş qaydada torpaq sahəsinin ayrılmasına dair Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəyi alınsın; -Sənədləşdirilən torpaq sahəsində kommunikasiya xətti keçərsə və mövcud xəttin sahədən çıxarılması zərurəti yaranarsa həmin xətt Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırıldıqdan sonar sifarişçinin vəsaiti hesabına sahədən kənarlaşdırılsın. Abşeron rayon Fatmayı bələdiyyəsinin 22 oktyabr 2021-ci il tarixli, 259 saylı məktubunda qeyd edilior ki, İddiaçı Fatmayı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 55/07 saylı qərarı ilə fərdi ev tikintisi üçün 0.08 ha torpaq sahəsi ayrılmışdır. Ayrılmış 0.08 ha torpaq sahəsinə qanunvericiliyin tələbləri çərçivəsində dövlət reyestrindən çıxarışın verilməsinə Fatmayı bələdiyyəsi heç bir etiraz etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri iddianın əsassız hesab olması və təmin edilməməsi üçün əsas təşkil edə bilməz. Məhkəmə hesab edir ki, Fatmayı Bələdiyyəsi tərəfindən İddiaçı 0.08 ha torpaq sahəsinin 10 iyul 2006-cı il tarixdə, 55/07 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 22 oktyabr 2021-ci il, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin 03 noyabr 2021-ci il tarixdə verilməməsi səbəbilə cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi əsaslı hesab edilə bilməz. Torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının istifadəsinə verilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Torpaq sahəsinə bələdiyyə tərəfindən hər hansı bir iddia irəli sürülməmiş, iddiaçıya verilən sənədlər mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Cavabdeh inzibati orqanın imtina üçün digər bir dəlili ondan ibarətdir ki, Abşeron rayonu Fatmayı bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan Abşeron rayonu Fatmayı bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilmədiyini qeyd etsə də, bu qanunamüvafiqliyin tənzimləmə mexanizmini, hansı normalara uyğunsuzluğunu göstərməmişdir. Bu halda qeyd edilən halın uyğunsuzluq kimi qiymətləndirilməsi əsaslı hesab edilə bilməz. Cavabdehin digər dəlili torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması ilə bağlıdır. Məhkəmənin 2-1(118)-700/2022 saylı, 02 iyun 2022-ci il tarixli qərardadı ilə mütəxəssis rəyi alınması qərara alınmış, mütəxəssis qarşısında aşaıdakı suallar qoyulmuşdur: - Abşeron rayonu, Fatmayı kəndində yerləşən İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsinin hazırda təyinatı və kateqoriyası uqodiyası, yararlılığı nədən ibarətdir? - Fatmayı bələdiyyəsi tərəfindən 0.08 ha torpaq sahəsinin 10 iyul 2006-cı il tarixdə, 55/07 nömrəli qərarla ayrıldığı zaman torpaq sahəsinin təyinatı və kateqoriyası, uqodiyası, yararlılığını müəyyən etmək mümkündürmu? Mümkün olduğu halda 10 iyul 2006-cı il tarixdə, 55/07 nömrəli qərarla ayrıldığı zaman torpaq sahəsinin təyinatı və kateqoriyası, uqodiyası, yararlılığını müəyyən edilsin. Beləliklə məhkəmə araşdrımasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsi əvvəllər elektron kadastr məlumat bazasında kənd təsərrüfatı kateqoriyalı ərazidə yerləşməsi göstərilmiş, hal-hazırda həmin torpaq sahəsi elektron kadastr məlumat bazasında yaşayış məntəqələri (K.P.İ) üçün nəzərdə tutulan ərazidə yerləşməsi müəyyən edilmişdir. (mütəxəssis rəyi) Göründüyü kimi torpaq sahəsində hüquqların dövlət qeydiyyatına alınmasını mümkünsüz edən bir əsas yoxdur. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçıya səlahiyyətli orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayonu, Fatmayı bələdiyyəsinin 10 iyul 2006-cı il tarixli 55/07 saylı qərarı ilə İddiaçı ayrılmış və “Torpağın alqı-satqısına dair müqavilə” ilə satılmış 0,08 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar