Məhkəmə qərarları › İş №2-1(118)-7018/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-7018/2025

23.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-7018/2025 23.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi, istinad və məsafələrin qeyd edilməsi” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon 1 nömrəli Zeytun Sovxozu direktorunun 03 may 1993-cü il tarixli, 41 nömrəli əmri və Güllü Astanəliyevaya fərdi yaşayış evi tikmək üçün ayrılmış Abşeron rayonu 1 nömrəli Zeytun Sovxozunda yerləşən 10 sot torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi, istinad və məsafələrin qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Aqrar-Sənaye Nazirliyinin 16 yanvar 1989-cu il tarixli 42 nömrəli qərarına, Bakı şəhəri XDS İcraiyyə Komitəsinin 04 may 1987-ci il tarixli 12/217 nömrəli qərarına əsasən sovxozda fərdi ev tikmək üçün 24 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayonu 1 nömrəli Zeytun Sovxozu direktorunun 03 may 1993-cü il tarixli 41 nömrəli əmrinə əsasən Güllü Astanəliyevaya 10 sot hesabı ilə torpaq sahəsi ayrılmış və ona fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Onun müraciətinə baxılaraq bildirilmişdir ki, təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, torpaq sahəsinin ayrılmasına dair Abşeron rayon 1 nömrəli Zeytun sovxozu direktorunun 41 nömrəli, xx.xx.1993-cü il tarixli əmrin əsli və sahənin yerləşmə mövqeyini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. Sözügedən torpaq sahəsinə dair təqdim edilən yerləşmə cizgisi ilə bağlı Cavabdehnə müraciət edilmiş, müraciətə baxılmış və qeyd olunmuşdur ki, “hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti icra hakimiyyətlərinin səlahiyyətlərinə aid deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi-plan, cizgi-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi “Torpaq sahəsinin yerquruluşu planı” adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə"nin 2-ci bəndinin tələbinə uyğun olaraq yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifariçi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 4-cü abzasının tələbinə uyğun olaraq dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin qanunun 10-cu maddəsinin tələbinə uyğun olaraq torpaq kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Başqa sözlə çöl planaalma işlərinin nəticələri kadastr fondu məlumatları ilə müqayisəli ekspertiza edildikdən sonra müvafiq sənədlər hazırlanır. Həmin qanunun 12- ci maddəsinin 2-ci abzasına uyğun olaraq Dövlət torpaq kadastr fondu müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olur. Yuxarıda qeyd olunanları nəzərə alaraq aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməyiniz tövsiyə olunur". Sözügedən torpaq sahəsi ilə bağlı əmr Dövlət Arxivinin Bakı Filialında da mövcuddur. Təqdim edilmiş yerləşmə cizgisinin olmaması iddiaçının iradəsindən asılı olmayan səbəbdir. Bu məsələlər müvafiq orqanların tərtib etdiyi sənədlər əsasında müəyyən olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin normalarının məzmunudan görünür ki, hazırkı iş üzrə cavabdeh dövlət mülkiyyətində olmaqla onun idarəçiliyində olan və ayrı-ayrı fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahəsinin naturada təyin edilməsini təsdiq edən sənədin, yəni torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi, istinad və məsafələrin qeyd edilməsi də həmin qurumun vəzifəsidir. Hal-hazırda İddiaçı və ailə üzvləri həmin torpaq sahəsindən istifadə edir. Hesab edirəm ki, imtina tamamila qanunsuz va əsassızdır, eyni zamanda iddiaçının qanunla qorunan hüquqlarım pozulmuşdur. istinad olunan normalardan görünür ki, cavabdehin xx.xx.2001-ci il tarixədək fiziki şəxslərə torpaq sahəsi ayrımaq hüququ olmuş, bu zaman torpaq sahəsinin ayrılması barədə qərara 1:10000 və ya 1:25000 miqyasında ayrılan sahənin planının əlavə edilməsi nəzərdə tutulmuşdur. “inzibati icraat haqqında” Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 22.1 -ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Göründüyü kimi, cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinası əsassız va qanunsuz olmaqla iddiaçının qanunla qorunan hüquqlarımı pozmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ X1 "xxxx" MMC tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-60/2-3971/2025 nömrəli məktubda qeyd edilmişdir ki, təqdim olunmuş koordinatlarda qeyd edilən torpaq sahəsi Bakı şəhərinin inzibati ərazi vahidliyində və Bakı şəhərinin idarəçiliyində olan ərazidə yerləşir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə iş materialarına əsasən belə nəticəyə gəlir ki, hazırkı iş üzrə mübahisə predmeti olan torpaq sahəsi Bakı şəhərində yerləşir. Belə olan halda məhkəmənin qənaətinə görə işə İPM-in 8.1.1-ci maddəsinin müddəası tətbiq edilməklə daşınmaz əmlakın olduğu yer üzrə inzibati məhkəmədə baxılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4, 80, 81.1-ci maddələrinə əsasən məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi, istinad və məsafələrin qeyd edilməsi” tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar