Məhkəmə qərarları › İş №2-1(118)-705/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-705/2022

16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-705/2022 16.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Qubadlı rayon polis şöbəsinə qarşı “cavabdehin üzərinə İddiaçı Qubadlı rayon Qubadlı şəhərinə yaşayış yeri üzrə qeydiyyata almaq öhdəliyinin qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Qubadlı rayon polis şöbəsinə qarşı iddia qaldıraraq “cavabdehin üzərinə İddiaçı Qubadlı rayon Qubadlı şəhərinə yaşayış yeri üzrə qeydiyyata almaq öhdəliyinin qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı Nizamı qızı 14.09.1979-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. Sumqayıt şəhərində qeydiyyatda olduğu üçün onun məcburi köçkün statusu yoxdur. O, 27.09.2004-cü il tarixdə Qubadlı rayonundan məcburi köçkün olan həmkəndlisi X2 rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. X12 22.05.1976-cı ildə Qubadlı rayonu Qubadlı şəhərində anadan olmuşdur, hazırda həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmaqla məcburi köçkün statusuna malikdir. Birgə nikahlarından 06.09.2005-ci il təvəllüdlü X7, 07.07.2008-ci il təvəllüdlü X4 və 09.1 1.2013-cü il təvəllüdlü X5 doğulmuşdur. Hazırda ailəsi ilə birlikdə Sumqayıt şəhərində yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Həyat yoldaşı X12, 06.09.2005-ci il təvəllüdlü X7 və 09.1 1.2013-cü il təvəllüdlü oğlu X1 rayonu Qubadlı şəhərində, o və 07.07.2008-ci il təvəllüdlü oğlu X4 isə ünvan 7də qeydiyyatdadırlar. Hal hazırkı vaxta kimi həyat yoldaşı və övladları qanunla müəyyən edilmiş qaydada məcburi köçkünlərə şamil edilən güzəşt və imtiyazlardan istifadə edir, məcburi köçkünlərə dövlət büdcəsindən verilən aylıq yemək xərci müavinətini alırlar. Hazırda onun və oğlu Nihadın Sumqayıt şəhərində qeydiyyatda olmağı məcburi köçkün kimi özünün və ailə üzvlərinin bəzi hüquqlarının həyata keçirilməsində onlara əngəl yaradır. Belə ki, 06.09.2005-ci il təvəllüdlü qızı X3 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə etdiyi müraciətə Komitə tərəfindən 2021-ci il tarixli 01\6379 nömrəli məktubla cavab verilərək, müraciətinin təmin olunmasından imtina edilmişdir. Həmin məktubda göstərilmişdir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələbinə əsasən, valideynlərindən atası məcburi köçkün statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. Gələcəkdə bu kimi problemlərlə üzləşməmək üçün qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun yaşayış yeri üzrə qeydiyyatının işğaldan azad olunmuş Qubadlı rayonunda olmamasını əsas gətirərək, məcburi köçkün statusunun verilməsindən imtina edilmişdir. Halbuki hazırkı şəraitdə işğaldan azad olunmuş rayonlara qeydiyyata alınma müvəqqəti dayandırıldığından o, həmin rayona daimi qeydiyyata düşə bilmir. Həyat yoldaşı X6 qetydiyyatda olduğu Qubadlı rayonunun Qubadlı şəhərində qeydiyyata alıması ilə bağlı Qubadlı rayon Polis idarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat, Miqrasiya İdarəsinə ünvanladığı müraciətinə baxılaraq, Respublikanın digər ərazi vahidlərində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin işğaldan yeni azad olunmuş ərazi vahidlərinə, o cümlədən Qubadlı rayonuna qeydiyyata alınmaları müvəqqəti dayandırıldığını əsas gətirilərək müraciətlərinin təmin olunmasından imtina edilmişdir. Yuxarıda qeyd olunan normaların tələblərinə əsasə, qeyd olunan norma bir vətəndaş olaraq onun hüquqlarını məhdudlaşdırdığından tətbiq oluna bilməz. Belə ki, artıq rayon işğaldan azad olunmuşdur. Necə ola bilər ki, onun həyat yoldaşı və digər ailə üzvləri bir yerdə, o isə başqa bir yaşayış yeri üzrə qeydiyyatda olsun. Bu gələcəkdə onun hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilər. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, o, İsmayılova X9 rayonu Qubadlı şəhərinə yaşayış yeri üzrə qeydiyyata alınmalıdır. Məhkəmə iclasında İddiaçı iştirak etmiş və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Qubadlı rayon polis şöbəsinin iddiaçıya ünvanladığı 10.12.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı Qubadlı rayonuna qeydiyyata alınmasına dair müraciəti təmin edilməmişdir. - Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər sektorunun 02.12.2021-ci il tarixli arayışından və AA seriyalı 309721 saylı Məcburi köçkün vəsiqəsindən görünür ki, X12 məcburi köçkün statusuna malikdir. - AZ-İ №000812 saylı Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X2 X11 arasında 27.09.2004-cü il tarixdə nikah qeydə alınmışdır. İddiaçı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edillir ki, ünvan 7 ünvanında qeydiyyatdadır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı Qubadlı rayon Qubadlı şəhərinə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun adından göründüyü kimi, bu Qanunun tənzimlədiyi məsələlər vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının aparılması ilə bağlıdır. Qanunun müddəalarına əsasən qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizəanketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas nəzərdə tutulmuşdur: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, bu təhlilin nəticəsi olaraq müəyyən edilmişdir ki, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşin hallarına görə, iddiaçı yaşayış yeri üzrə qeydiyyatı istinad edilmiş Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərdən heç birini təqdim etməmişdir. Yəni iddiaçı qeydiyyata alınmaq istədiyi sahə ilə hüququnu təsdiq edən sənədi və yaxud həmin mənzilə hüququ olan şəxsin ərizəsini təqdim etməmişdir. Bu əsasla cavabdeh inzibati orqan düzgün olaraq iddiaçının müraciətini təmin etməmişdir. Qanunvericiliyin yuxarıda aparılmış təhlilindən göründüyü kimi, yaşayış yeri üzrə qeydiyyatın əsasını həmin yaşayış yerinə dair hüququnun mövcudluğu təşkil edir. Yaşayış yerinə hüquq isə mülkiyyət, icarə və ya istifadə hüququndan ibarətdir. Bu hüquqi yanaşma həmçinin “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 noyabr 2018-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyindən də irəli gəlmişdir. Həmin qərarda özbaşına tikiliyə şəxsin köçürülməsinə dair məhkəmə qərarına qiymət verilərkən göstərilmişdir ki, mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğısatqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Qubadlı rayon polis şöbəsinə qarşı “cavabdehin üzərinə onu Qubadlı rayon Qubadlı şəhərinə yaşayış yeri üzrə qeydiyyata almaq öhdəliyinin qoyulması”na dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qubadlı rayon polis şöbəsinə qarşı cavabdehin üzərinə İddiaçı Qubadlı rayon Qubadlı şəhərinə yaşayış yeri üzrə qeydiyyata almaq öhdəliyinin qoyulmasına dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar