Məhkəmə qərarları › İş №2-1(118)-706/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-706/2021

24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-706/2021 24.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Quba Bələdiyyəsinə qarşı “cavabdeh vəzifəli şəxslərin hüquqazidd hərəkətlərinin (hərəkətsizliyinin) aradan qaldırılması, 28 noyabr 2020-ci il tarixli Quba Bələdiyyəsinin 0.0335 ha torpaq sahəsini X2 barədə qərarının etibarsız hesab edilməsi və həmin istifadəsində olan həyətyanı torpaq sahəsinin ona satılması öhdəliyinin cavabdeh Quba Bələdiyyəsinin vəzifəli şəxslərinin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən reyestr kitabında 802a ilə qeydiyyatda olan 22 oktyabr 1994-cü il tarixli qeydiyyat vəsiqəsin əsasən 400 kv/m torpaq sahəsi üzərindəki ev onun mülkiyyətindədir. Yaşadığı evin cənub hissəsində, evinin giriş-çıxış qapısının qarşısında istifadəsiz boş torpaq sahəsi qonşularımız, küçədən keçən şəxslər tərəfindən atılan zibillərin nəticəsində yaranan antisanitariya vəziyyəti nəzərə alınaraq həmin torpaq sahəsinidən telekommunikasiya xətlərinin keçməsinə və telefon ATS qurğusu yerləşməsi səbəbindən başqa şəxslərin istifadəsinə verilməsi mümkün olmadığından 1998-ci il tarixdə Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəliyinə dəvət olunmuş bu antisanitariya vəziyyətinin aradan qaldırılması, həmin torpaq sahəsinin istifadəsinə verilməsi təklif olunmuşdur. Beləliklə Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəsinin 13.10.1998-ci il tarixli 94 nömrəli sərəncamı ilə istifadəsinə verilmiş tikinti işləri aparılmamaqla sahəsi (12X28= 336) üç yüz otuz altı kv/m olan torpaq sahəsinin evinin texniki pasportunda (torpaq sahəsini plan-cizgisində) dəyişiklik edilməsi üçün DƏDRX-ə müraciət edilməsi tapşırılmışdır. 1998ci ildə ərazidəki zibilliyi təmizləmiş, on beş (15) ədəd ağaclar əkmiş , meşə torpağı gətirib torpaq sahəsini yararlı hala salmışdır. 1998-cı idən torpaq sahəsi onun istifadəsindədir, 23 ildir ki, həmin torpaq sahəsindən etirazsız və falisəsiz istifadə edir. Eyni zamanda həmin tarixdən cavabdeh Quba Bələdiyyəsinə müraciətlər edərək istifadəsində olan torpaq sahəsinin ona satılmasını xahiş etmişdir.Torpaq Məcələsinin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları ilə həyata keçirilir. O da Quba RİHB-nın şəhər üzrə nümayəndəsinin sərəncamı ilə torpaq sahəsini istifadə edir. Əgər istifadə etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə keçibsə Bələdiyyələr haqqında Qanunun tələbinə görə sonuncu- hərrac qiymətinə ona təklif edilməlidir. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Əgər satılan topaq sahəsi başqa şəxsə satılması mümkün olmadıqda həmin torpaq istifadə edən şəxsə hərracdan kənar satılmalıdır. Belə ki, torpaq sahəsində hər hansı tikinti aparılması kommunikasiya xətləri keçməsi səbəbindən qanunun tələbinə görə ancaq ona təklif olunmalı və satılmalıdır. Göründüyü kimi cavabdeh Quba Bələdiyyəsi istifadəsində olan torpaq sahəsini ona təklif etmədən 28 noyabr 2020-ci il tarixli Quba Bələdiyyəsinin qərarı ilə X5 adına rəsmiləşdirmiş və bundan sonra istifadəsində olan torpaq sahəsinə gələrək hasarını sökərək istifadəsində olan həyətə açılan qapılarını , evinin bir hissəsini sökməyi və 22 il qulluq edib yetişdirdiyi 15 ədəd ağacları kəsib aparmasını tələb edərək çıxıb getmişdir. Cavabdeh orqanın sədrinin bu qanunsuz hərəkətlərindən aidiyyatı üzrə Ədliyyə Nazirliyinə, Baş Prokurorluğa və sair orqanlara şikayət ərizələri ilə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizələrinə verilən Quba rayon Prokurorunun 16 dekabr 2020ci il tarixli cavabında bildirilir ki, AR Torpaq Məcəlləsinin 84.3-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin , istifadəçilərinin hüquqları qanunverilciliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqlarının pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmçinin torpaq sahəsinin Quba şəhər sakini X2 barədə Quba Bələdiyyəsinin 28 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsinə dair iddia ərizəsi ilə inzibati qaydada aidiyyatı üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması bildirirdir. Ona görə də 21.12.2020-ci il tarixli sifarişli məktubla Bələdiyyə sədrinə müraciət edərək məhkəməyə təqdim olunması üçün 28 noyabr 2020-ci il tarixli qərarının (iclas protokolunun ) təsdiq edilən surətinin verilməsi üçün müraciət etmiş. Əvəzində Bələdiyyə sədri ona torpaq sahəsindən heç bir icarə və ya istifadə hüquqununuz olmadan Quba Bələdiyyəsinə məxsus torpaq sahəsini özbaşına zəbt etmək istəməyi ... və daha sonra barənizdə Quba Bələdiyyəsinin əməkdaşları tərəfindən ərazidə hasarlama işləri aparan ustaların iştirakları ilə akt tərtib olunması , həmçinin 1998-ci il 13 oktyabr tarixli 94 nömrəli sərəncamən arxiv surətinin aşkarlanmması barədə cavab vermişdir. Həmçinin göstərilir ki, torpaq sahəsindən Dövlət əhəmiyyətli telekommunikasiya xətlərinin keçməsi tam əsassızdır. Həmin cavabla birlikdə iştirakı olmadan tərtib edilən akt və arxiv arayışı ona göndərilsə də qərar qəsdən verilməmişdir. Bundan başqa Bələdiyyə sədri növbəlik qaydasında satılmalı olan torpaq sahələrini, həmçinin bələdiyyə mülkiyyətində olan ümumi istifədədə olan dövlət torpaqlarını da qanunsuz çıxarışlar əldə hərraclara çıxartmaqla , hərrac qaydalarını pozaraq satışını təşkil edir. Belə ki, Quba şəhəri 22-ci məhəlləsində Beşmərtəbəli binanın qarşısındakı vətəndaşların istirahəti üçün nəzərədə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahəsinə çıxarış əldə edərək vətəndaşa satmış tikinti aparılmasına şərait yaratmış lakin sonradan vətəndaşların şikayətlərindən sonra həmin tikili sökülərək istirahət üçün müvafiq işlər görülmüşdür. Əvvəlçdən Quba sakinləri olmayan şəxslərə torpaq sahələrini satıb tikintilər aparılmasını təşkil edərək sonradan həmin torpaq sahələrini növbədə olan şəxslərə satmaq əvəzinə hərraca çıxararaq satır. Bu fakt ilə əlaqədar məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Quba şəhər sakini X7 14 yanvar 2021-ci il tarixli cavabından görünür ki, Bələdiyyə sədri " hərraca çıxarılan torpaq sahələri arasında qeyri şəhər sakinlərinin də uzun müddət istifadəsində olan torpaq sahələri var.., həmin torpaq sahələrinin qanunla müəyyən edilən qaydada deyil hərrac vasitəsilə satılmasını məqsədə uyğun hesab edir. Lakin onun 22-illik zəhmət çəkib istifadəsində olan, üzərində 15 ədəd ağacları olduğu halda onun istifadə etdiyi torpaq sahəsini ona satmağı məqsədəuyğun hesab etməyərək öz rəfiqəsinin adına özü üçün rəsmiləşdirir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə prosesində eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh təşkilat iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki,ona qarşı irəli sürmüş iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı tərəfindən mübahisə olunan torpaq sahəsinə bələdiyyənin adına ********** qeydiyyat nömrəli 06 noyabr 2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Bundan sonra həmin torpaq sahəsini bələdiyyə ərazisində yaşayan X3 Regional ASAN Xidmət mərkəzinin notariat ofisində 30 noyabr 2020-ci il tarixli 4-Ə 2593 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən almışdır. Göründüyü kimi iddiaçı tərəfindən mübahisə olunan torpaq sahəsi hazırda başqa şəxsin mülkiyyətindədir. İddia ərizəsində iddiaçı qeyd olunan torpaq sahəsinin Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəliyinin 13.10.1998-ci il tarixli 94 nömrəli sərəncamı ilə yaşadığı evin cənub hissəsində 336 kv.m torpaq sahəsinin onun istifadəyə verilməsini qeyd etmişdir. Bununla bağlı qeyd edirlər ki, bələdiyyə mülkiyyət hüququ ilə özünə məxsus torpaq sahəsini qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı qaydasında digər şəxsə satdıqdan sonra iddiaçı tərəfindən bələdiyyə edilmiş müraciətdə həmin torpaq sahəsinin ona satılmalı olmasını və həmin torpaq sahəsinin nümayəndəliyin 13.10.1998-ci il tarixli 94 nömrəli sərəncamı ilə onun istifadəsinə verildiyini bildirmişdir. İddiaçının müraciətdən sonra həmin sərəncamın olub-olmaması barədə Azərbaycan Respublikası X11 filialına sorğu verilmiş, sorğuya verilmiş 24 dekabr 2020-ci il tarixli 1565 saylı məktubda həmin sərəncamın arxivdə aşkar edilməməsi bildirilmişdir. Həmin torpaq sahəsinin harada yerləşməsi sərhədləri barədə heç bir məlumat yoxdur. Beləliklə iddia ərizəsində həmin torpaq sahəsinin 13.10.1998-ci il tarixdə ona verilməsi barədə iddia tələbində qeyd edilənlər əsassızdır. Ona görə ki, əgər Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəliyi vətəndaşlara daimi istifadə üçün torpaq sahəsini vermək səlahiyyəti var idisə bunun üçün həmin torpaq sahəsinin Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəliyinə məxsus olması barədə müvafiq sənəd (qərar, akt, xəritə və digər hüquqmüəyyənedici sənədlər) olmalı, bundan sonra həmin sərəncama əsasən verilən torpaq sahəsinin xəritəsi təsdiq edilməli, həmin xəritəni o vaxt mövcud olmuş inventarlaşdırma bürosu tərəfindən təsdiq edilməli idi. bundan sonra həmin sənədlər iddiaçının adına qeydə alınması üçün inventarlaşdırma bürosunda qeydə alınmalı idi. Bələdiyyə öz mülkiyyətində olan torpaq sahələrini qanunvericiliklə müəyyən edilmiş qaydada alqı-satqı və ya hərrac yolu ilə istənilən şəxsə satmasında sərbəstdir. Eyni zamanda iddiaçı iddia ərizəsində bələdiyyənin guya onlara məxsus evin-giriş qapısının tutduğunu, iddiaçının giriş-çıxışlarının tutduğunu, satılan torpaq sahəsinin onlara maneə yaratdığını bildirmişlər. Lakin, iddiaçılar məhkəməyə yanlış məlumat verməklə, məhkəmədə başqa təsürat yaratmağa çalışmışlar. Halbuki, iddiaçının yaşadığı və satılan torpaq sahəsinin müayinəsi zamanın iddiaçıların iki küçəyə çıxışlarının olduğunu, iddiaçılar arxa küçəyə çıxışlarının bağlaraq qonşu hazırda mübahisələndirdikləri torpaq sahəsinə çıxış açmaqla suni mübahisə yaratmaq istədikləri aydın olmuşdur. Bununla bağlı xəritədən çıxarışları məhkəməyə təqdim edirilir. Qeyd edilənlərə əsasən, İddiaçı 28 noyabr 2020-ci il tarixli Quba Bələdiyyəsinin 0.0335 ha torpaq sahəsini X2 barədə qərarının etibarsız hesab edilməsi və həmin istifadəsində olan həyətyanı torpaq sahəsinin ona satılması öhdəliyinin cavabdeh Quba Bələdiyyəsinin vəzifəli şəxslərinin üzərinə qoyulması barədə iddiasının əsassız olduğu üçün rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edilmişdir. Məhkəmənin ötən iclasında iştirak edən Quba bələdiyyəsinin nümayəndə və vəkili X9 etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda gələcək məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazır ki, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 05.01.2021-ci il tarixli, 01 nömrəli imtina məktubu, etiraz ərizəsi, Qeydiyyat vəsiqəsinin surəti, DƏDRX tərəfindən verilmiş 06.11.2020-ci il tarixli, **********89 reyestr nömrəli çıxarışın surəti, X11 filialının 31 mart 2021-ci il tarixli, 12 saylı arxiv arayışı və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 2.2.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı onun həyətyanı torpaq sahəsinə bitişik, Quba bələdiyyəsinin mülkiyyətində olmuş 0.0335 ha torpaq sahəsinin ona hərrac yolu ilə satılmasını cavabdehdən xahiş etmiş, lakin cavabdeh orqan həmin torpaq sahəsinin başqa şəxsə qanunvericiliyin tələblərinə uyğun alğı-satqı yolu ilə satıldığını əsas gətirərək iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Həmçinin iddiaçı iddia tələbinin əsası kimi onu da göstərmişdir ki, həmin torpaq sahəsini Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəliyinin 13.10.1998-ci il tarixli 94 nömrəli sərəncamı ilə onun istifadəsinə verilməsidir. Lakin, məhkəmə araşdırması zamanı Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəliyinin müvafiq sərəncamını aşkar etmək mümkün olmamışdır. Belə ki, məhkəmə tərəfindən Quba arxiv idarəsinə və rayon icra hakimiyyətinə müvafiq sorğunun göndərilməsinə baxmayaraq, həmin sərəncamın mövcud olması öz təsdiqni tapmamışdır. Məhkəmə işin faktiki hallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. ........Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər......Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. İlk öncə nəzərə alınmalıdır ki, bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrinin "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəalarına əsasən nəzərdən keçirərək ona müraciət edən şəxsə ayrılmasının məqsədə uyğunluğunu müəyyən edir. Əgər həmin ərazi üzrə torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilərsə, o halda bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən torpağın hərrac və hərrac keçirilmədən ayrılması məsələsini həll edir. Yəni qeyd olunan normaları müqayisə edərkən müəyyən edilir ki, qeyd olunan Qanunun 9.1-ci maddəsi torpaq sahələri ayrılarkən prosedurun ikinci mərhələsinə aiddir. Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verməkdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. Həmin Qanunun 5.4-cü maddəsinə müvafiq icra hakimiyyəti orqanları, torpaq istifadəçiləri, icarəçiləri və qeyri-hökumət təşkilatları bələdiyyə torpaqlarına dair münasibətlərdə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara verilmiş səlahiyyətlər daxilində iştirak edə bilərlər. Bundan başqa nəzərə alınmalıdır ki, Quba Bələdiyyəsi inzibati orqan olmaqla yanaşı “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından diskression səlahiyyətlərə malikdir. İnzibati orqana verilən bu səlahiyyətə görə onun torpaq sahəsinin ayrılması məqsədə uyğun olmadığı tədqirdə həmin torpaq sahəsinin ayrılmasından imtina etmək hüququ var. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, istər beynalxalq qanunvericiliyin tələbləri baxımından istərsə də Azərbaycan Respublikası Konstitusiyası və digər hissəvi qanunvericilik aktlarına əsasən mülkiyyət hüququ toxunulmazdır və heç kim mülkiyyətindən əsassız yerə məhrum edilə bilməz. Hesab edilir ki, bələdiyyə özünə məxsus olan torpaq sahəsinin ayrılmasında xüsusi hüquqa malikdir və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununda göstərilmiş torpaq sahəsinin ayrılmasına zamanı imperativ xarakterli normaları yalnız bələdiyələr tərəfindən "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəaları ilə torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu müəyyən edildikdən sonra məcburi xarakter daşıyır. İşin araşdırılan hallarından o da məlum olmuşdur ki, Quba şəhər sakini X3 bələdiyyəsinə müraciət edərək, Quba bələdiyyəsinin inzibati ərazisindən ona torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Quba bələdiyyəsi də öz növbəsində DƏDRX-də özünün hüququnu rəsmiləşdirilən Quba .əhəri ərazisində yerləşən 0.0335 ha torpaq sahəsini alğı-satqı yolu ilə Validə Akimovaya satılmışdır. Beləliklə, mübahisələndirilən torpaq sahəsi hüquqi cəhətdən yüklü olduğundan iddia tələbi əsassızdır və bu fakt iş materialları ilə öz təsdiqini tapmışdır. İddia tələbi məcburetmə haqqında iddia tələbinə aid olmadığına görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi İddiaçı üzərinə düşür. Cavabdeh Quba bələdiyyəsi isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu mümkün olmamasını torpaq sahəsi ilə bağlı özünün sübyektiv hüququnun olması ilə sübut edir. Beləliklə, Quba bələdiyyəsi özünün diskression səlahiyyətlərindən irəli gələn hüququndan istifadə edərək 28 noyabr 2021-ci il tarixli qərarını qəbul etmiş və müvafiq torpaq sahəsini qanunvericiliyə uyğun olaraq alğı-satqı yolu X1. Cavabdeh Quba bələdiyyəsi qəbul etdiyi 28 noyabr 2020-ci il tarixli qərarına əsasən qanun pozuntusuna yol verməmişdir. Buna görədə məhkəmə mübahisə edilən qərarın ləğv edilməsini məqsədəmüvafiq hesab etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmiun Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır.Həmin Qanunun 14.3.-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçıının tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Quba Bələdiyyəsinə qarşı “cavabdeh vəzifəli şəxslərin hüquqazidd hərəkətlərinin (hərəkətsizliyinin) aradan qaldırılması, 28 noyabr 2020-ci il tarixli Quba Bələdiyyəsinin 0.0335 ha torpaq sahəsini X2 barədə qərarının etibarsız hesab edilməsi və həmin istifadəsində olan həyətyanı torpaq sahəsinin ona satılması öhdəliyinin cavabdeh Quba Bələdiyyəsinin vəzifəli şəxslərinin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar