Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-706/2023 30.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məsləhətçi Quliyeva Aytəkin Ramiz qızının katibliyi, İddiaçı Məmmədov Şamxal Burcalı oğlunun (Şamaxı rayonu, Quşçu kəndində yaşayan), Cavabdehin nümayəndəsi İsayeva Səbinə Samir qızının (DSMF publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında aparıcı mütəxəssis işləyən, Bakı şəhəri, Mətbuat prospekti, ev 35B, mənzil 18 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı Məmmədov Şamxal Burcalı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 1974-cü ilin yanvar ayından 25.05.1976-cı il tarixədək və 04.12.1978-ci il tarixdən 1980-ci ilin yanvar ayınadək Şamaxı rayon Xəqani adına sovxozda işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Məmmədov Şamxal Burcalı oğlu cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialının 31 avqust 2022-ci il tarixli 22632050970 saylı imtinasının əsassız hesab olunması və ona yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərziə verərək 1974-cü ilin yanvar ayından 25.05.1976-cı il tarixədək və 04.12.1978-ci il tarixdən 1980-ci ilin yanvar ayınadək Şamaxı rayon Xəqani adına sovxozda işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulnması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 01.07.1957-cı il tarixdə Şamaxı rayonu Quşçu kəndində anadan olmuşdur. 1972-ci ilin iyun ayından Şamaxı rayonu Quşçu kənd “Xaqani“ adına sovxozda əmək fəaliyyətinə başlamışdır. 11.11.1976-cı ildən 03.11.1978-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıdandan sonra yenə həmin sovxozda işə qəbul olunmuş, 02 yanvar 1997-ci ildə islahatla bağlı işdən azad olunmuşdur, 1979-cu ildə sovxozun idarə binasında yanğın baş verdiyindən əmək kitabçaları da, 1974-1979-cu illərə dair əmək haqqı cədvəlləri də yanmış, bu səbəbdən də arxivə təhvil verilməmişdir. Lakin bu onun günahı deyildir. İşdə olan əmrdən çıxarışlara dair arxiv arayışından da görünür ki, iddiaçı 1974-1976 və 1978-1979-cu illərdə həqiqətən də Şamaxı rayonu Quşçu kənd "Xaqani“ adına sovxozda işləmişəm. Ona görə də, bu dövrlər onun sığorta stajı kimi hesablanmalıdır. Belə olduğu halda onun sığorta stajım 26 ildən də çox olur. Bu isə əsas verir ki, ona yaşa görə əmək pensiyası hesablanmalıdır. Ona əmək pensiyası təyin olunması üçün sənədlərini toplayıb DSMF-nun 11 saylı Reqional Ərazi İdarəsinə təqdim etmişdir. Ərazi idarəsi ərizəyə baxılmaq üçün DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına göndərmişdir. Əmək kitabçası olmadığından və 1974-1979-cu illərdə Şamaxı rayonu Quşçu kənd "Xaqani” adına sovxozda işlədiyi dövrlərə dair əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyindən həmin dövr onun sığorta stajına hesablanmamış, bu əsasdan da 31 avqust 2022-ci il tarixli 22632050970 saylı məktubla mənə yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi S.İsayeva iddianı qəbul etmədi və izah etdi ki, cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı 31.08.2022-ci il tarixli 22632050970 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət qədər sosial sığorta stajının mövcud olmadığı bildirilmişdir. Həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır.1. İddiaçının sosial sığorta stajının və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının kifayət qədər olmaması.İddiaçının əmək pensiyasının təyin olunması ilə bağlı müraciəti araşdırılarkən onun təqdim etdiyi hərbi biletin surətinə və arxiv arayışına əsasən 22 il 11 ay sosial sığorta stajının olduğu aşkar olunmuşdur.Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Şamaxı filialının 05.08.2022-ci il tarixli № 313 saylı arayışına əsasən Şamaxı rayonu “Xəqani” adına sovxozun arxivdə saxlanılan əmr kitablarına əsasən iddiaçı 14.06.1972-ci il tarixdə işə qəbul edilmiş, 25.05.1976-cı il tarixdə ordu sıralarına getdiyi üçün işdən azad edilmiş, 04.12.1978-ci il tarixdə yenidən işə qəbul olunmuş və 02.01.1997-ci il tarixdə islahatla bağlı işdən azad olunmuşdur.İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus 3374882 nömrəli hərbi biletə əsasən o, 11.11.1976-cı il tarixdən 14.11.1978-ci il tarixədək (1 il 11 av 24 gün) Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.Həmin arxiv arayışına əsasən iddiaçı Şamaxı rayonu “Xəqani” adına sovxozda 1972-ci ildə 7 ay, 1973-cü ildə 11 ay, 1982-ci ildə 11 ay, 1988-ci ildə 11 ay və 1989-cu ildə 11 ay işləməklə 1972-1973, 1980- 1996-cı illərdə ümumilikdə 14 il 4 av 3 gün işləmişdir.Sözügedən arxiv arayışına əsasən iddiaçının işlədiyi Şamaxı rayonu “Xəqani” sovxozunun 1974-1979-cu il tarixlərdə olan əməkhaqqı cədvəlləri və əmr kitabları Dövlət Arxivi Şamaxı filialına təhvil verilmədiyi üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.Qeyd olunmuş arxiv arayışına əsasən iddiaçı 1997-cı ilin aprel ayından 1999-cu ilin sonunadək (2 il 9 ay) Quşçu kənd icra nümayəndəliyində (orta məktəbdə) işləmişdir. Həmçinin, Pensiya AltSistemindən çıxarışa əsasən iddiaçı 2020-ci ildə 4 ay, 2021-ci ildə 4 ay və 2022-ci ildə 4 ay (ümumilikdə 1 il) əmək fəaliyyəti ilə məşğul olaraq məcburi dövlət sosial sığorta haqlarını ödədiyi müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, bəzi aylarda (2020-ci ilin iyul və dekabr, 2021-ci ilin iyul-avqust ayları və 2022- ci ilin may-iyun aylarında) iddiaçı əmək haqqı alsa da, onun tərəfindən məcburi dövlət sosial sığorta haqqları ödənilməmişdir.Odur ki, iddiaçıya məxsus hərbi biletin surətinə, Azərbaycan Respublikası Dövlət Arxivinin Şamaxı filialının 05.08.2022-ci il tarixli № 313 saylı arayışına və Pensiya Alt Sistemindən çıxarışa əsasən iddiaçının ümumilikdə 22 il 11 av sosial siqorta stajı mövcuddur.Eyni zamanda iddiaçının 01.01.2006-cı il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 21 il 11 ay sığorta stajına uyğun olaraq 17861,75 manat, 01.08.2020-ci il tarixdən 01.05.2022-ci il tarixədək 679,56 manat olmaqla, ümumilikdə 18541,31 manat təşkil edir ki. bu da müvafiq ilə münasibətdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir.Həmçinin, 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının 01.01.2006cı il tarixdən 01.07.2018-ci il tarixədəl fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İş materiallarında olan: - iddiaçıya məxsus AZE 09675819 seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, 01.07.1957-ci il təvəllüdlüdür. -Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş 05.08.2022-ci il tarixli 313 saylı arxiv arayışından və əmək haqqı cədvəllərindən görünür ki, Məmmədov Şamxal Burcalı oğlu 14.06.1972-02.01.1997-ci il tarixlərdə Xəqani adına sovxozda işləmiş və əmək haqqı almışdır. - Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş 05.08.2022-ci il tarixli 313 saylı arzxiv arayışından görünür ki, 1974-1979-cu illərin əmək haqqı cədvəlləri və şəxsi hesab kitabları filiala təhvil verilməmişdir. - Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş 05.08.2022-ci il tarixli 313 saylı arxiv arayışından və əmək haqqı cədvəllərindən görünür ki, Məmmədov Şamxal Burcalı oğlu aprel 1997-1999-cu illərdə Şamaxı rayonu Quşu kənd İcra nümayəndəliyində (orta məktəbdə) işləmiş və əmək haqqı almışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının 1974-cü ilin yanvar ayından 25.05.1976-cı il tarixədək və 04.12.1978-ci il tarixdən 1980-ci ilin yanvar ayınadək Xəqani adına sovxozda işlədiyi dövr mübahisələndirilir. Belə ki, cavabdeh həmin dövrə aid əmək haqqı cədvəllərinin və mərlərin arxivdə aşkar edilməməsinə istinad edir. Bununla bağlı məhkəmə hesab edir ki, həmin müddət iddiaçının sosial sığorta stajına qəbul edilməlidir. Belə ki. inzibati icraat materiallarına əlavə edilmiş 21.11.2022-ci il tarixdə Dövlət Arxivinin Şamaxı filialının mütəxəssisləri tərəfindən tərtib edilmiş və Dövlət Sosial Müdafiə Fondunun Daşlıq Şirvan Regional Filialının direktoru tərəfindən təsdiq edilmiş aktdan da görünür ki, iddiaçının 1972-1997-ci illərdə işləməsi faktı yoxlanarkən onun 14.06.1972-ci ildə Xəqani adına sovxoza işə qəbul edildiyi və 25.05.1976-cı ildə Ordu sıralarına getməsi ilə bağlı azad edilməsi barədə əmrlər aşkar edilmişdir. Daha sonra onun 04.12.1978-ci il tarixdə sovxozun avtoparkına işə qəbul edilməsi və 02.01.1997-ci ildə işdən azad edilməsi barədə əmrlər vardır. 1972-1996-cı illərdə işlədiyi dövr üzrə aldığı əmək haqları, mükafat, 13-cü əmək haqqı, məzuniyytətlərin düzgünlüyü təsdiq olunmuşdur. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Beləliklə, işin yuxarıda qeyd edilən hallarından aydın olur ki, cavabdeh tərəfindən mübahisələndirilən dövr də nəzərə alındıqda tələb olunan 25 ildən artıq sığorta stajı tamamlanır ki, bu da ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən pensiya (kişilərin yaşa görə əmək pensiyası) təyin edilməsinə əsas verir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Məmmədov Şamxal Burcalı oğlunun 1974-cü ilin yanvar ayından 25.05.1976-cı il tarixədək və 04.12.1978-ci il tarixdən 1980-ci ilin yanvar ayınadək Şamaxı rayon Xəqani adına sovxozda işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.
Hakim Vəfa Əzizova