Məhkəmə qərarları › İş №2-1(118)-707/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-707/2023

19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-707/2023 19.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi İddiaçı Cavabdehnə qarşı “ona və övladı xx.xx.2010-cu il təvəllüdlü X3 məcburi köçkünlər üçün nəzərdə tutulan dövlət tərəfindən verilən aylıq yemək xərci pulunun bərpa olunması, dayandırıldığı vaxtdan hazırkı vaxta qədər ödənilməmiş aylıq yemək xərci pulunun hesablanaraq ona və övladına ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq“ ona və övladı xx.xx.2010-cu il təvəllüdlü X3 məcburi köçkünlər üçün nəzərdə tutulan dövlət tərəfindən verilən aylıq yemək xərci pulunun bərpa olunması, dayandırıldığı vaxtdan hazırkı vaxta qədər ödənilməmiş aylıq yemək xərci pulunun hesablanaraq ona və övladına ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, Sülh pr-ti-5, 3 saylı Sumqayıt Peşə Liseyinin tədris korpusunda Zəngilan Rayonundan məcburi köçkün kimi məskunlaşmışdır. O, məcburi köçkünlər üçün nəzərdə tutuluş bütün imtiyazlardan, o cümlədən məcburi köçkünlər üçün nəzərdə tutulan yemək xərçi almışdır. Bütün bu imtiyazlardan istifadə etməyinə baxmayaraq onun məcburi köçkünlər üçün nəzərdə tutulan yemək xərci kəsilmişdir. Onun və ailəsinin hər birinin qaçqın statusları var. Azərbaycan Respublikası Qaçqınlar və X4 Üzrə Dövlət Komitəsi müraciət etdikdə ona bildirilmişdir ki, Cavabdeh başçısının Yenikənd kənd İƏD üzrə nümayəndəliyinə müraciət etməlidir. İddiaçı Cavabdeh başçısının Yenikənd kənd İƏD üzrə nümayəndəliyinə müraciət etdikdə ona 11 yanvar 2022-ci il tarixli arayış verərək bildirmişlər ki, ona və oğlu X3 verilən vahid aylıq müavinət Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2021 ci il tarixli 11 nömrəli qərarına və xx.xx.2021 ci il tarixli 244 nömrəli əlavəyə əsasən (maddə 2.4- məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nigahla və ya nigaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlar: maddə 2.6-valideynlərindən biri ‘‘məcburi köçün" statusuna malik olmayan uşaqlara) 2021-ci ilin iyul ayından dayandırılmışdır. Bildirir ki, iddiaçı bu məsələ ilə bağlı Cavabdehnə də müraciət etmişdir. Lakin ona bildirilmişdir ki, bununla bağlı cavab Sumqayıt İnzibati məhkəməsinə göndərilmişdir və bununla əlaqədar bir də cavab verə bilmirlər və ona məktubun göndərilməsi barədə də qəbz verilmişdir. İddiaçı həmin qəbzi iddia ərizəsinə əlavə etmişdir. Aylıq yemək xərci pulu dayandırılmış, səbəbini öyrənəndə məlum olmuşdur ki, o, yerli sakinlə ailə həyatı qurmuşdur.Əslində isə ailə həyatı qurmamışdır və nikaha da daxil olmamışdır. İddiaçının rəsmi olaraq nikaha daxil olmağı (rəsmi və ya qeyri-rəsmi) təsdiqlənmədiyindən və yemək xərci üçün aylıq müavinəti almaq hüququnu əvvəlki qanunvericiliyə əsasən əldə etdiyindən hesab edir ki, iddiası əsaslıdır. Həmçinin uşağın da yanında yaşaması təsdiq olunduğundan hesab edir ki, onun da yemək xərcinin verilməsi təsdiqlənməlidir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasinətində qeyd edir ki, İddiaçı Əpış qızına və oğlu X3 verilən vahid aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarına, xx.xx.2017-ci il tarixli 244 nömrəli əlavəsinə əsasən (maddə 2.4 məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş nikahla və ya nikaha daxil olmadan, həmçinin sonradan boşanmış qadınlar, maddə 2.6 valideyinlərindən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlar) dayandırılmışdır. X1 aylıq müavinəti 2021-ci il aprel ayından, İddiaçı aylıq müavinəti 2021 -ci ilin iyul ayından dayandırılmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı, ona və övladı xx.xx.2010-cu il təvəllüdlü X3 məcburi köçkünlər üçün nəzərdə tutulan dövlət tərəfindən verilən aylıq yemək xərci pulunun bərpa olunması, dayandırıldığı vaxtdan hazırkı vaxta qədər ödənilməmiş aylıq yemək xərci pulunun hesablanaraq ona və övladına ödənilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, İddiaçı Əpış qızına və oğlu X3 verilən vahid aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarına, xx.xx.2017-ci il tarixli 244 nömrəli əlavəsinə əsasən (maddə 2.4 məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş nikahla və ya nikaha daxil olmadan, həmçinin sonradan boşanmış qadınlar, maddə 2.6 valideyinlərindən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlar) dayandırılmışdır. X1 aylıq müavinəti 2021-ci il aprel ayından, İddiaçı aylıq müavinəti 2021 -ci ilin iyul ayından dayandırılmışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın mövqeyi əsaslı olmamışdır. Belə ki, işin hallarından görünür ki, Zəngilan rayon Məhkəməsinin 2(034)-671/2018 saylı, 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə 10 iyul 2010-cu ildə anadan olmuş X1 anası İddiaçı öhdəsində olması faktı müəyyən olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir. Cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarına, xx.xx.2017-ci il tarixli 244 nömrəli əlavəsinə əsalanır. Bununla bağlı məhkəmə qeyd edir ki, aşağıda qeyd edilən normalar hazırkı mübahisənin həlli ilə bağlı nəzərə alınmalıdır. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Qanuna əsasən: Maddə 6. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri. Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq vəs. Azərbaycan Respublikası Konstitusiyasına əsasən: Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 №-li əmri ilə təsdiq edilmiş Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimata əsasən: İV. Yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.2. Valideynlərindən hər ikisi "məcburi köçkün" statusuna malik olan uşaqlara; 4.3. Valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olan uşaqlara; 4.6. Faktiki nikahdan doğulmuş, "məcburi köçkün" statusuna malik olan şəxsin (kişi və ya qadının) himayəsində olan uşaqlara (onlara digər müavinətlər verilmədikdə); Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2010-cu il 10 dekabr tarixli, 127-li əmri Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimata əsasən: İV. Yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.2. Hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara; 4.3. “Məcburi köçkün” statusuna malik olan valideynlərindən birini və ya hər ikisini itirmiş, həmin valideynlər arasında nikah pozulduğu halda onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olmuş uşaqlara (belə uşaqların adından yalnız himayəsində olduqları valideyn, onların qəyyumları və ya himayəçiləri çıxış edirlər). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydasına əsasən:

1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); 1.2. hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara; 1.3. “məcburi köçkün” statusuna malik olan valideynlərindən birini və ya hər ikisini itirmiş, həmin valideynlər arasında nikah pozulduğu halda onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olmuş uşaqlara (belə uşaqların adından yalnız himayəsində olduqları valideyn, onların qəyyumları və ya himayəçiləri çıxış edirlər); 1.4. məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin işğal zamanı əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan, sonradan ərazisi işğal olunmuş rayonda ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara.

2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.4. məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara 2.5. “məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” statusu olan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan) qadınlara; 2.6. valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara və s. Uşaq hüquqları haqqında Konvensiyanın 3-cü maddəsinə əsasən:

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.

2. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən: Maddə 5. Uşaq mənafelərinin üstünlüyü. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Maddə 6. Uşaqların hüquq bərabərliyi. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə mə ruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məs uliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Maddə 29. Uşaqlara sosial yardımlar. Dövlət uşaqlara birdəfəlik ödəmələr, aylıq müavinətlər, kompensasiyalar formasında sosial yardımlar verir. Ehtiyacı olan uşaqlara müvafiq icra hakimiyyəti orqanları əlavə yardım və imtiyazlar tətbiq edə bilər. Sosial yardımlar uşaqların mənafelərinə uyğun sərf olunmalıdır. İddiaçının məcburi köçkün statusuna malik olması, əvvəllər buna görə aylıq müavinət almış olması, uşağın doğulduğu gündən ananın himayəsində olması, uşağın da ana ilə birlikdə əvvəllər aylıq müavinət almış olması işin mübahisə olunmayan hallarındandır. X1 aylıq müavinəti 2021-ci il aprel ayından, İddiaçı aylıq müavinəti 2021-ci ilin iyul ayından dayandırılmışdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisənin həlli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarının hazırkı mübahisəyə tətbiq edilib-edilməməsi ilə bağlıdır. İlkin olaraq formalaşmış məhkəmə təcrübəsinə istinad edərək qeyd etmək lazımdır ki, sözügedən Qaydaların 2.4-cü bəndində yalnız məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınların aylıq müavinət almaq hüququ məhdudlaşdırılmışdır. Məcburi köşkün düşdükdən sonra məcburi köşkün olmayan şəxslə ailə münasibəti qurmuş kişilərin aylıq müavinət almaq hüququ məhdudlaşdırılmamışdır ki, bu da eyni vəziyyətdə olan şəxslər barəsində cinsi fərqliliyə görə ayrı-seçkilik hesab olunmalıdır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-616/2023 saylı, 11 aprel 2023-cü il tarixli Qərarı) Eyni statusda olan şəxslərə münasibətdə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verilmişdir ki, bu da Azərbaycan Respublikasın Konstitusiyasının 25-ci maddəsinə ziddir. Uşağa münasibətdə cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarının 2.6-cı bəndinə istinad olunmasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh orqanın mövqeyi Uşaq hüquqları haqqında Konvensiyanın tələblərinə zidd olmaqla, onun qanunla qorunan mənafeyini pozmuşdur. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçının övladı xx.xx.2010-cu il təvəllüdlü X6 əvvəldən yemək xərci almasına baxmayaraq 2017-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən aylıq müavinətdən məhrum edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı və övladı xx.xx.2010-cu il təvəllüdlü X3 məcburi köçkünlər üçün nəzərdə tutulan dövlət tərəfindən verilən aylıq yemək xərci pulunun bərpa olunması, dayandırıldığı vaxtdan hazırkı vaxta qədər ödənilməmiş aylıq yemək xərci pulunun hesablanaraq ona və övladına ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar