Məhkəmə qərarları › İş №2-1(118)-707/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-707/2025

28.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-707/2025 28.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə (Açar sözlər: “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” qərarın ləğvi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə qərarın ləğvi” tələbinə dair iddiası üzrə inzibati işə 28 avqust 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında inzibati icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 15 fevral 2022-ci il tarixli müqavilədən görünür ki, icarəyəverən Quba rayonu Zərdabi bələdiyyəsi tərəfindən icarəçi "xxxx" MMC-yə 46,445 ha torpaq sahəsi icarəyə verilmişdir.

2. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1 oktyabr 2022-ci il tarixli müqavilədən görünür ki, icarəyəverən Quba rayonu Barlı bələdiyyəsi tərəfindən icarəçi "xxxx" MMC-yə 100 ha torpaq sahəsi icarəyə verilmişdir.

3. 10 oktyabr 2023-cü il tarixli, 8 nömrəli “İcarə müqaviləsi”ndən görünür ki, icarəyəverən X3 tərəfindən icarəçi "xxxx" MMC-yə Göyçay rayonu, Ulaşlı Şıxlı kəndində yerləşən 1,19 ha torpaq sahəsini icarəyə verilmişdir.

4. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1 noyabr 2023-cü il tarixli müqavilədən görünür ki, icarəyəverən Quba rayonu Barlı bələdiyyəsi tərəfindən icarəçi "xxxx" MMC-yə 100 ha torpaq sahəsi icarəyə verilmişdir.

5. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” 19 dekabr 2023-cü il tarixli, **********943100 nömrəli qərardan görünür ki, İddiaçı MMC-nin 2022-ci il hesabat dövrü üzrə mənfəət vergisi təqdim edilmiş bəyannamə, hesabat üzrə MMC tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 0 manat, vergi orqan tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 595.616,44 manat olaraq göstərilmişdir. Qeyd edilmişdir ki, təqdim edilmiş bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi (17.868.493,26 manat) bəyannamənin aid olduğu ilin müvafiq dövründə MMC tərəfindən idxal edilmiş, elektron-qaimə fakturalar və alış aktları əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan (0,00 manat) məbləğdən -17.868.493.26 manat fərqli olduğu üçün kənarlaşma yaranmışdır.

6. İddiaçı MMC-yə dair 1 yanvar 2023-cü il – 9 dekabr 2023-cü il tarixli dövr üçün “Şəxsi hesab vərəqəsi”.

7. 2022-ci ilin iyun – oktyabr ayları üzrə İddiaçı MMC-nin “Gömrük bəyyannamə”ləri.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

8. “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 5 iyun 2023-cü il və 11 dekabr 2023-cü il tarixli İddiaçı MMC-yə göndərilmiş məktublar.

9. 12 fevral 2024-cü il tarixli “Kameral vergi yoxlaması ilə hesablanmış vergilər, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqları üzrə tərtib edilmiş rəy”dən görünür ki, İddiaçı MMC-nin cinayət tərkibi yaradan cəmi borc məbləği 595.616,44 manat olaraq göstərilmişdir. Qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisinin təzə meyvə, tərəvəzin topdan satışı fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən 2022-ci il ərzində gömrük məlumatlarına əsasən 2022-ci il ərzində 17.868.493,26 manat dəyərində ixrac həyata keçirilmişdir. Lakin vergi ödəyicisinin alışında (elektron qaimə faktura, elektron alış aktı) ixrac edilən malların alışını təsdiq edən hər hansı bir məlumatlar olmamışdır. Həmçinin qeyd edilmişdir ki, 2022-ci il ərzində vergi ödəyicisi tərəfindən bağ sahəsi qeydiyyata qoyulmamışdır. Bundan da aydın olmuşdur ki, ixracedilən mallar qeyri-rəsmi şəkildə əldə edilmiş, vergi ödəyicisinin özü tərəfindən yetişdirilməmişdir. Nəticədə vergi ödəyicisinin əldə etdiyi malların alış dəyərini müəyyən etmək mümkün olmadığından ixracolunan malların dəyərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən rentabellik tətbiq edilərək xərc yaradılmış nəticədə 5.956.616,4 (17.868.493,26/6*20%) manat vergi hesablanmışdır.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin 5 aprel 2024-cü il tarixli, **********086100 nömrəli məktubundan görünür ki, İddiaçı MMC ilə bağlı 2-1(118)-2025/2024 nömrəli iş üzrə vergi ödəyicisinin borcu 2022-ci il üzrə analoji qaydada hesablanmış 595.616,4 manat mənfəət vergisindən və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən 2023-cü ilin 4 rübü üzrə hesablanmış (hər rüb üzrə 148.904,11 manat olmaqla) 595.616,4 manat cari vergidən ibarət olmaqla, 1.191.232,88 təşkil etmişdir. Eyni zamanda bildirilmişdir ki, 5 aprel 2024-cü il tarixə vergi ödəyicisinin dövlət büdcəsinə olan borcu 1.538.196,71 manat təşkil edir. Qoşma şəklində İddiaçı MMC-yə dair 1 yanvar 2023-cü il – 5 aprel 2024-cü il tarixli dövr üçün “Şəxsi hesab vərəqəsi” göndərilmişdir.

11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 10 aprel 2025-ci il tarixli, İddiaçı MMC-yə dair “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə” qərarı.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin 13 iyun 2025-ci il tarixli, 3-21-2-10/2-53851/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 10 aprel 2025-ci il tarixli, Q2500839 nömrəli qərarına əsasən İddiaçı MMC-nin xüsusilə külli miqdar təşkil edən, 1.608.060,63 manat məbləğində vergilərin, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 213.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

13. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq hesablanmış 595.616, 44 manat vergi borcuna dair qəbul edilmiş 19 dekabr 2023-cü il tarixli, **********943100 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı MMC uzun müddətdir ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar fəaliyyət göstərir, bütün vergi və sosial ödənişləri vaxtı-vaxtında ödənilmişdir. Yerli istehsalçı olaraq, bağ sahələri və təsərrüfatı mövcuddur, təzə meyvə, tərəvəzin topdan satışı ilə məşğuldur. Həmin malların gətirilməsi zamanı bütün rəsmi prosedurlardan keçmiş və gömrük və vergi qanunvericiliyinin bütün tələblərinə də əməl edilmişdir. Cavabdeh tərəfindən hesablanmış vergi məbləği kifayət qədər mübahisəlidir və həmin vergi borcunun necə yaranması barədə əsaslı bir sübut yoxdur. Belə ki, cavabdeh heç bir əsaslı səbəb olmadan, heç bir izahat və aydınlıq gətirmədən 28 noyabr 2023-cü il tarixə vergilər üzrə 893.406,61 manat, faizlər üzrə 154.709,85 manat, maliyyə sanksiyası üzrə 40 manat olmaqla, ümumilikdə 1.048.156,46 manat borc hesablamışdır. Vergi borcu hesablanarkən vergi idarəsi iddiaçının sahibkarlıq fəaliyyətinə analoji vergi nəzarəti əsasında baxış keçirmişdir, yəni bilavasitə iddiaçının fəaliyyətinə və ya sənədlərinə baxış keçirilməmişdir. 9 dekabr 2023-cü il tarixə vergi ödəyicisinin şəxsi hesab vərəqindən çıxarışa əsasən iddiaçının vergi orqanı qarşısında ödənilməmiş heç bir vergi və ya sosial sığorta borcu mövcud deyildir, vergi borcumun olması öz təsdiqini tapmamışdır. 28 noyabr 2023-cü il tarixdə cavabdeh Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş və iddiaçı MMC-nin direktorunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını tələb etmişdir. Həmin ərizədə iddiaçının vergi borcunun ümumilikdə 1.048.156,46 manat qeyd edilmişdir. Həmin vaxtdan bəri iddiaçı heç bir ödəniş etməmişdir. Lakin həmin ərizədən 11 gün sonra iddiaçının vergi borcu 0 manat olmuşdur. Belə olan təqdirdə, cavabdeh vəziyyəti öz xeyrinə dəyişmək üçün qanunsuz yollara əl ataraq, heç bir əsaslı səbəb olmadan kameral vergi yoxlaması açmış və 595.616,44 manat vergi borcu yaratmışdır.

15. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 15.2, 73, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 3.5, 3.8, 15.1.9, 53.3, 62.2, 64, prosessual hüquqi əsası kimi isə İPM-in 2.2.1, 14.1, 32.1, 38.1, 70.1-ci maddələrinə istinad olunmuşdur.

16. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

17. Məhkəmənin 25 aprel 2024-cü il tarixli, 2-1(118)-2686/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə qərarın ləğvi” tələbinə dair iş üzrə məhkəmə kompleks məhkəməmühasibatlıq və məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmişdir.

18. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

19. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək, onun təmin edilməməsini xahiş etmişdir.

20. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı iddiaçının təzə meyvə, tərəvəzin topdan satışı fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2022-ci il ərzində gömrük məlumatlarına əsasən 17.868.493,26 manat dəyərində ixrac həyata keçirilmişdir. Lakin iddiaçının alışında (elektron qaimə faktura, elektron alış aktı) ixrac edilən malların alışını təsdiq edən hər hansı bir məlumatlar olmamışdır. 2022-ci il ərzində vergi ödəyicisi tərəfindən bağ sahəsi qeydiyyata qoyulmamışdır. Bundan da aydın olur ki, ixrac edilən mallar qeyri-rəsmi şəkildə əldə edilmiş, vergi ödəyicisinin özü tərəfindən yetişdirilməmişdir. Nəticədə vergi ödəyicisinin əldə etdiyi malların alış dəyərini müəyyən etmək mümkün olmadığından ixrac olunan malların dəyərinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən rentabellik tətbiq edilərək xərc yaradılmış və nəticədə 595.616,4 (17.868.493,26/6*20%) manat vergi hesablanmışdır. İddiaçı tərəfindən 2022-ci il ərzində 17.868.493,26 manat dəyərində müxtəlif növdə (alma, armud, şaftalı, ərik, nektarin, gavalı, zoğal və s.) kənd təsərrüfatı məhsullarının ixrac edildiyi, elektron qaimə faktura üzrə malların əldə edilmədiyi (53.480,48 manat dəyərində xidmət alışının olduğu) müəyyən edilmişdir. Vergi orqanının baza məlumatlarında vergi ödəyicisinə məxsus 17,7 ha bağ sahəsinin olduğu müəyyən edilmişdir. Qeyd olunan bağ sahəsinin 4 noyabr 2022-ci il tarixdə icarəyə götürüldüyü müəyyən edilmişdir. 2 dekabr 2022-ci il tarixdə (**********084100) iddiaçının bağ sahəsinə baxış keçirilmiş, lakin qeyd olunan bağ sahəsinin yeni olduğu, məhsuldarlığının olmadığı müəyyən edilmişdir. Bu da iddiaçının müxtəlif şəxslərdən mal alaraq ixrac etməsinə əsas verir. 17.868.493,26 manat dəyərində təqdim edilmiş malların hansı qiymətə əldə edilməsi müəyyən edilmədiyindən, vergi ödəyicisinin fəaliyyət göstərdiyi ərazidə kənd təsərrüfatı məhsullarının alınıb satılması ilə məşğul olan analoji vergi ödəyicilərinin təqdim etdiyi malların alış qiyməti risk yaradılan vergi ödəyicisinin satdığı malların qiymətindən baha olduğundan anoloji vergi ödəyiciləri müəyyən edilməmişdir. Bu səbəbdən də 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən 17.868.493,26/6*20%=595.616,44 manat vergi məbləğinin hesablanması qanunamüvafiq hesab edilmişdir. Eyni zamanda, aparılan araşdırma zamanı uçot baza məlumatlarına əsasən 2022-ci il ərzində kənd təsərrüfatına yararlı torpaqları (həmçinin meyvə bağı) qeydiyyatda olmamış, yalnız **********-45001 nömrəli obyekti 4 noyabr 2022-ci il tarixli ərizəsinə əsasən 4 noyabr 2022-ci il tarixdə uçota alınmış və bu tarix meyvə sortlarına göstərilən aqrotexniki qulluq dövrünün artıq yekunlaşdığı dövrə təsadüf edir ki, yaz-yay aylarında icarəyə götürdüyü həmin torpaq sahəsinə tərəfindən heç bir aqrotexniki qulluq göstərilməsinə dair (pestisid və gübrələrin alışı, lazımı sayda işçinin olmaması, traktor və dərman səpənlərin və digər aqreqatların olmaması, intensiv bağçılıq olduqda suvarma sistemlərinin alışını təsdiq edən sənədlərin olmaması) hər hansı bir təsdiq edici sənədlər mövcud deyildir. 2022-ci ildə uçota alınmış **********-45001 nömrəli torpaq sahəsində hansı meyvə sortlarının olması haqqında heç bir məlumat qeyd olunmamış, torpağı icarəyə verən Quba rayonu Zərdabi bələdiyyəsi ilə aralarında məhsulun yetişdirilməsinə və yığılmasına görə hər hansı bir müqavilə və yaxud mallar üzərində mülkiyyət hüququna dair risklərin digər tərəfə keçməsini təsdiq edən sənəd vergi orqanına təqdim edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq bildirilmişdir ki, yuxarıda göstərilən hallar ixrac edilən məhsulların istehsal edilərək deyil, alınıb satılması halı kimi qiymətləndirilir, nəticədə 2022ci il üçün analoji qaydada hesablanmış vergi məbləğinin bərpa edilməsi məqsədəmüvafiq hesab edilmişdir.

21. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 16, 73, VM-in 16.1.1, 37.3, 37.4, 67.1.9, 67.6, 83.2.4-cü maddələrinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 1.1ci bəndinə, prosessual hüquqi əsası kimi isə İPM-in 47-ci maddəsinə istinad olunmuşdur. c) Tərəflərin iştirakları və izahatları:

22. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir, cavabdeh orqan iddiaçının 1 milyon manat borcu olduğunu, daha sonra isə borc məbləğinin olmadığını bildirmiş, belə olan təqdirdə, heç bir əsaslı səbəb olmadan iddiaçıya kameral vergi yoxlaması açmış və 595.616,44 manat vergi borcu yaratmış, iddiaçı tərəfə borcun məbləği məlum olmamışdır.

23. Məhkəmə iclasının iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etirazın dəlillərini müdafiə edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfin xeyli miqdarda vergilər, isizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının ödənilməkdən yayındırılması faktı üzrə CM-in 213.1-ci maddəsi ilə cinayət işi başlanmış və həmin qərar iki epizoddan ibarətdir. Təqdim edilən 11 avqust 2025-ci il tarixli ekspert rəyində iddiaçı qurum tərəfindən kənd təsərrüfatı mallarının ixrac edildiyi, elektron qaimə faktura üzrə malların əldə edilmədiyi, yəni 534.480,48 manat dəyərində xidmət alışının olduğu müəyyən edilmişdir. İddiaçı qurum tərəfindən dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin 1.608.060,63 manat məbləğində olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən 2022-ci il ərzində 17.868.493,26 manat dəyərində müxtəlif növdə, alma, armud, şaftalı, ərik, nektarin, gavalı, zoğal kimi kənd təsərrüfatı mallarının ixrac edildiyi, elektron qaimə faktura üzrə malların əldə edilmədiyi, yəni 53.480,48 manat dəyərində xidmət alışının olduğu müəyyən edilmişdir. Bu məbləğ əlaqəli məlumatlar, iddiaçının ixrac əməliyyatları, gömrük bəyannamələri əsasında normativ akt olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 55 nömrəli qərarına əsasən mütəxəssilər tərəfindən hesablanmışdır. Ekspertiza rəyi baza məlumatlar əsasında verilmişdir. Cinayət işi ilə bağlı istintaq davam edir. İddiaçının bağ sahələrinə 2022-ci ilin dekabr ayında mütəxəssis tərəfindən baxış keçirilərək müəyyən edilmişdir ki, mövcud olan ağaclar 2022-ci il tarixdə ting səviyyəsində olmuş və həmin ağacların bar verməsi mümkün olmamışdır. Hesablanmış vergi borcu kifayət qədər əsaslıdır.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

24. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

25. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

26. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

27. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir.

Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ.Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

29. VM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər (-) 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.

Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları (-) 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. (-) 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. (-)

Maddə 15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: (-) 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək; (-)

Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; (-) 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; (-) 16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), mühasibat uçotu elektron formatda aparıldığı halda, vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək; 16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;

Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.[ 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır.

Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları (-) 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. (-)

Maddə 62. Şikayət verilməsi qaydası (-) 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir.

Maddə 64. Məhkəməyə verilmiş şikayətlərə baxılma Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

30. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

Məhkəmənin mövqeyi

31. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını, iş materiallarını yuxarıda sadalanmış maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

32. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə, MMC-nin sahibkarlıq fəaliyyəti ilə, yerli istehsalçı olaraq, bağ sahələri və təsərrüfatı mövcuddur, təzə meyvə, tərəvəzin topdan satışı ilə məşğuldur, bununla əlaqədar bütün vergi və sosial ödənişləri vaxtlı-vaxtında ödənilmişdir.

33. Cavabdeh orqanın etirazının əsaslarına görə, ixrac edilən məhsulların istehsal edilərək deyil, alınıb satılması halı kimi qiymətləndirilir, nəticədə 2022-ci il üçün analoji qaydada hesablanmış vergi məbləğinin bərpa edilməsi məqsədəmüvafiq hesab edilmişdir.

34. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıya münasibətdə cavabdeh tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” 19 dekabr 2023-cü il tarixli qərar qəbul edilmiş və 2022-ci il hesabat dövrü üzrə vergi orqan tərəfindən aparılmış kameral yoxlama nəticəsində mənfəət vergisi 595.616,44 manat məbləğində müəyyən edilmişdir.

35. Məhkəmə araşdırması zamanı göndərilmiş sorğular nəticəsində təqdim edilən məlumatlara əsasən, iddiaçının təzə meyvə, tərəvəzin topdan satışı fəaliyyəti ilə məşğul olduğu, tərəfindən 2022-ci il ərzində gömrük məlumatlarına əsasən 2022-ci il ərzində 17.868.493,26 manat dəyərində ixrac həyata keçirildiyi, lakin vergi ödəyicisinin alışında (elektron qaimə faktura, elektron alış aktı) ixrac edilən malların alışını təsdiq edən hər hansı bir məlumatların olmadığı müəyyən edilmişdir.

36. Bundan əlavə, torpaq sahələrinə dair icarə müqavilələri 15 fevral 2022-ci il, 1 oktyabr 2022-ci il, 10 oktyabr 2023-cü il tarixli, 1 noyabr 2023-cü il tarixlidir.

37. Cavabdeh orqan bildirir ki, baza məlumatlarına əsasən iddiaçıya məxsus bağ sahəsinə səlahiyyətli qurumunun mütəxəssisləri tərəfindən 2 dekabr 2022-ci il tarixdə baxış keçirilmiş, lakin qeyd olunan sahənin yeni olduğu, məhsuldarlığının, heç bir aqrotexniki qulluq göstərilməsinə dair (pestisid və gübrələrin alışı, lazımı sayda işçinin, traktor və dərman səpənlərin və digər aqreqatlar, intensiv bağçılıq olduqda suvarma sistemlərinin alışı) hər hansı bir təsdiq edici sənədlərin omadığı müəyyən edilmişdir. Bu da iddiaçının müxtəlif şəxslərdən mal alaraq ixrac etməsinə əsas verir.

38. İddiaçı tərəfindən cavabdeh orqanın bildirdiyi qeyd olunan halları təkzib edən sübutlar təqdim edilməmişdir. 2022-ci ildə uçota alınmış **********-45001 reyestr nömrəli torpaq sahəsində hansı meyvə sortlarının olması haqqında heç bir məlumat mövcud deyildir, o cümlədən torpağı icarəyə verən Quba rayonu Zərdabi bələdiyyəsi ilə aralarında məhsulun yetişdirilməsinə və yığılmasına görə hər hansı bir müqavilə və yaxud mallar üzərində mülkiyyət hüququna dair risklərin digər tərəfə keçməsini təsdiq edən sənəd təqdim edilməmişdir. Bu səbəbdən də iş materialında olan sənədlərlə ixracedilən malların qeyri-rəsmi şəkildə əldə edilməməsi, vergi ödəyicisinin özü tərəfindən yetişdirilməsi nəticəsinə gəlmək mümkün olmur.

39. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən icarəyə götürülmüş bağ sahələrinin məhsuldarlığına dair təqdim edilmiş "xxxx" MMC Qiymətləndirmə Şirkətinin qiymətləndirmə hesabatı 23 may 2025-ci il tarixdə verilmiş, lakin hazırkı mübahisə predmeti olan vergi borcu 2022-ci il dövr üçün hesablanmışdır. Odur ki, iddiaçıya məxsus bağ sahələrin hazırkı vəziyyəti 2022-ci ildə mövcud olan vəziyyətini özündə əks etdirə və sübut qismində qiymətləndirilə bilməz.

40. Məhkəmə tərəfindən təyin edilmiş kompleks məhkəmə-mühasibatlıq və məhkəmətorpaqşünaslıq ekspertizası nəticəsində təqdim edilmiş 10 fevral 2025-ci il tarixli, 9/4282 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən (məhkəmə mühasibat ekspertizası üzrə vəsatət tam şəkildə təmin edilmədiyindən və məhkəmə mühasibat ekspertizası qarşısında qoyulan bir qism suallarla bağlılığı olan suallar üzrə tikinti-texniki ekspertizasının aparılmasından 24 iyul 2024-cü il tarixli məlumatla imtina edildiyindən) hazırkı suallar üzrə ekspertiza tədqiqatı aparmaq mümkün olmamışdır. İddiaçının alışında (elektron qaimə faktura, elektron alış aktı) ixrac edilən malların alışını təsdiq edən hər hansı bir məlumatlar olmadığı təqdirdə vergilər VMdə nəzərdə tutulan qaydada hesablanır. Yəni VM-in 67, 83.9-cu maddələrinə və s. əsasən (hansı qayda və üsullarla) hesablanır. Həmçinin qeyd edilmişdir ki, iddiaçının fəaliyyət göstərdiyi ərazidə kənd təsərrüfatı məhsullarının alınıb-satılması ilə məşğul olan analoji vergi ödəyicilərinə münasibətdə, 17.868.493,26 manat dəyərində olan mallara görə mənfəət vergisinin 2022-ci il üzrə nə qədər olmasının müəyyən edilməsi məhkəmə mühasibat ekspertizasının həll etdiyi məsələ deyildir. Belə ki, analoji vergi ödəyicisinin müəyyən edilməsi vergi orqanının səlahiyyətinə aiddir.

41. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 10 aprel 2025-ci il tarixli, Q2500839 nömrəli qərarına əsasən, iddiaçının xüsusilə külli miqdar təşkil edən, 1.608.060,63 manat məbləğində vergilərin, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının ödənilməkdən yayındırılması faktı üzrə CM-in 213.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Həmin cinayət işi ilə əlaqədar alınmış və iş materiallarına əlavə edilmiş 11 avqust 2025-ci il tarixli, 9/3592 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, iddiaçıda dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin 1.608.060,63 manat (cari bəyannamələr ilə hesablanmış, 2023-cü ilin 3-cü rübü üzrə 70,50 manat işsizlikdən sığorta haqları, həmin dövr üzrə 282 manat icbari tibbi sığorta haqları və 1.762,50 manat məcburi dövlət sosial sığorta haqları, eləcə də kameral vergi yoxlaması ilə hesablanmış, 2022-2023-cü illər üzrə 1.599.983,62 manat mənfəət vergisi, həmin ilin 2-ci, 4-cü, 2024-cü ilin 2-ci rübləri üzrə 198,74 manat işsizlikdən sığorta haqları, 794,94 manat icbari tibbi sığorta haqları və 4.968,33 manat məcburi dövlət sosial sığorta haqları olmaqla) məbləğində olması müəyyən edilmişdir.

42. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddiaçının cavabdehə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə qərarın ləğvi” tələbinə dair iddiası əsassız olduğundan təmin еdilməməlidir.

43. Bundan əlavə, İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) AzərbaycanRespublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 108. Prosessual xərclər 108.1. Prosessual xərclər məhkəmə xərclərindən hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 109. Prosessual xərclərin ödənilməsi Prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Maddə 110. Prosessual xərcləri ödəmək vəzifəsi 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Maddə 115. Prosessual xərclərə dair məhkəmə qərarının mübahisələndirilməsinin yolverilməzliyi 115.1. Mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. 115.2. Mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul edilmədiyi hallarda, prosessual xərclərə dair qərardadın mübahisələndirilməsinə yol verilmir.

44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında isə aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir.

45. Sadalanmış normaların məzmunundan görünür ki, prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir.

46. Belə ki, məhkəmənin qərardadı ilə təyin edilmiş ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspert rəyi ilə bərabər ekspertiza xərclərinə dair bildiriş məhkəməyə daxil olmuşdur.

47. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri məhkəmə tərəfindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.

NƏTİCƏVİ HİSSƏ

48. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. İş üzrə aparılmış məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100,00 (yüz) manat İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kod: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar