Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-708/2021 15.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Corat qəsəbəsi, 475 ünvanında yerləşən, mərhum X2 miras qalmış fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Corat qəsəbəsi, 475 ünvanında yerləşən, mərhum X2 miras qalmış fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Corat qəsəbəsi, ev 475 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 11 sot torpaq sahəsi qayınanası X4 məxsus olmuşdur. Reyhan Cavadova xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Onun həyat yoldaşı, iddiaçının qaynatası X7 xx.xx.1974-cü il tarixdə vəfat etmişdir. İddiaçının həyat yoldaşı X5 24.1 1.2011-ci il tarixdə vəfat etmişdir. Mərhum qayınanasına məxsus fərdi yaşayış evi və torpaq sahəsinə dair 1986-cı ilin dekabrında Sumqayıt şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş texniki pasport mövcuddur. Həmin dövrdə fərdi evlərə və torpaq sahələrinə dair mülkiyyət sənədlərini məhz həmin texniki pasportlar təsdiq edirdi və həmin sənəd əsasında vətəndaşlar evlərini satır, bağışlayır və ya vəsiyyət edirdilər. Hazırda həmin ev və torpağa dair mülkiyyət hüquqlarını təsdiq edən sənəd cavabdeh tərəfindən verilən çıxarışlardır. Məhz bu məqsədlə iddiaçı ev və torpağa dair vərəsəlik hüquqlarını qeydə aldırmaq üçün cavabdehə müraciət edərək qayınanası adına mülkiyyət sənədi verməsini xahiş etmişdir. Lakin cavabdeh ona imtina edərək bildirmişdir ki, guya o mülkiyyət hüququna dair hüquqmüyyənedici sənədləri təqdim etməmiş və dövlət rüsumu ödəməmişdir. Cavabdehin imtinasını əsassız hesab edir, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 475 ünvanında yerləşən, mərhum X2 miras qalmış fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar xx xxx 2019-cu il tarixli ərizə ilə DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı, qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyət hüququna dair hüquqmüəyyənedici sənədlər, o cümlədən dövlət rüsumunun ödənilməsi barədə qəbz DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətinə qanunla müəyyən edilmiş qaydada baxılacağı bildirilmiş və bu barədə ona xx xxx 2021-ci il tarixli **********91 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir.Yuxarıda göstərilənlərə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmaması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarından müəyyən olmuşdur ki, mərhum X3 adına vərəsəlik işinin açılmamış və ondan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Qanunvericiliyin tələləri baxımından torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış almadan X4 öldüyünə görə mübahisə predmeti olan torpaq sahəsinin ona məxsus olması haqqında mərhumun qanun və ya vəsiyyət üzrə vərəsəsinə cavabdeh təşkilatdan arayışın verilməsi zəruridir. Məhkəmə hesab edir ki, iddiaçının hazır ki, iddia tələbi ilə məhkəmədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Yuxarıda sadalanan hüquq normasından görünür ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən arayış verilə bilər. İşdən görünür ki, iddiaçı mərhumun miras əmlakına dair vərəsəlik şəhadətnaməsinə malik olmadığı üçün, vəfat etmişə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun öz adına dövlət qeydiyyatına alınması üçün əvvəlcə sözügedən arayışın verilməsindən ötrü cavabdehə müraciət etməli olduğu halda bunu etməmişdir. Digər tərəfdən, o, yalnız bu arayış, ondan sonra vərəsəlik şəhadətnaməsini əldə etdikdən sonra və hər bir halda, hüquqların ölmüş şəxsin deyil, məhz öz adına qeydiyyata alınmasını cavabdehdən tələb edə bilərdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 475 ünvanında yerləşən, mərhum X2 miras qalmış fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-708/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-708/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver