Məhkəmə qərarları › İş №2-1(118)-7124/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-7124/2024

20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-7124/2024 20.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mahmudlu-Abbaszadə Mehriban Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Quliyeva Aytəkin Ramiz qızının katibliyi, İddiaçı, tərcüməçi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “iddiaçının ehtiyatda olan hərbçi və müharibə veteranı kimi yaşayış yeri üzrə mənzillə təmin olunması üçün güzəştli mənzil növbəsinə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Cavabdehnə qarşı “iddiaçının ehtiyatda olan hərbçi və müharibə veteranı kimi yaşayış yeri üzrə mənzillə təmin olunması üçün güzəştli mənzil növbəsinə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı müharibə veteranıdır. Torpaqlarımızın düşmən əsarətində olması ilə barışa bilməmiş, müharibə zamanı ilk sıralarda yer almışdır. Müharibədən sonra isə ehtiyatda olan hərbi qulluqçu olmuşdur. İddiaçı Cavabdeh başçısının 31.10 2003-cü il tarixli, 256 saylı sərəncamı ilə güzəştli mənzil növbəsinə götürülmüşdür. Həmin sərəncamın çıxarışından da göründüyü kimi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanununun 12-ci maddəsinə əsasən, Qobu qəsəbə hərbi şəhərciyində yaşayan, ehtiyatda olan kapitan İddiaçı Dmitriveviçin Cavabdehndə güzəştli mənzil növbəsinə (özü, həyat yoldaşı və iki qızı) götürülməsi və ehtiyatda olan kapitan X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 187 saylı Qərarının İ bəndinə uyğun olaraq mənzil kirayə xərclərinin qanunauyğun ödənilməsi RİH-nin mühasibatlığına (İ.Mirzəbəvova) tapşırılması qərara alınmışdır. Sözügedən sərəncam icra olunmadığından və nəticədə, iddiaçı mənzillə təmin olunmadığından tərəfindən dəfələrlə Cavabdehnə və Müdafiə Nazirliyinə müraciət edilmiş, lakin müraciətlərinin təmin olunmasından imtina edilmişdir. Sonuncu 5-29/2-V-47- 068/2023 saylı imtina məktubunda isə Rayon İcra Hakimiyyətinin sərbəst mənzil fondu olmadığından müraciətimin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. Onu da vurğulayır ki, sözügedən sərəncamdan irəli gələn göstərişlərə baxmayaraq iddiaçı bugünədək mənzillə təmin olunmamışdır. Halbuki “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanununun 12.1-ci maddəsinə əsasan, hərbi qulluqçunun (müddətli, həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyət başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Eyni zamanda, iddiaçı güzəştli mənzil növbəsinə götürüldüyü zaman qüvvədə olan “Yaşa, xəstəliyə, ştatların ixtisarına (azı 5 təqvim ili xidmət etmiş), ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına (15 təqvim ili və daha çox xidmət etmiş) müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, yaşa, xəstəliyə, ştatların ixtisarına (azı 5 təqvim ili xidmət etmiş), ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyətlərində mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına (15 təqvim ili və daha çox xidmət etmiş) seçilmiş yaşayış verinə gəldikləri günün 3 aylığından mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərcləri Bakı şəhərində - 1 sutka üçün 1700 manat, başqa şəhər və rayon mərkəzlərində - 1 sutka üçün 1200 manat, digər yaşayış məntəqələrində - 1 sutka ücün 1000 manat müəyyən edilsin. Göstərilən şəxslərlə birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda pöstərilən müvafiq mənzil kirayəsi xərcinin 25 faizi həcmində əlavə kompensasiya ödənilir. İddiaçı məhkəmənin nəzərinə çatdırır ki, onun güzəştli mənzilə ehtiyacı vardır. Beləliklə, cavabdehin məhz bu əsasla iddiaçının müraciətinə dair müsbət qərar qəbul etməməsi onun qanunla qorunan hüquqlarına toxunur. Odur ki, bu səbəbdən də iddiaçının ehtiyatda olan hərbi qulluqçu və müharibə veteranı kimi yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınmağı öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına dair müvafiq qərar qəbul edilməlidir.

3. Cavabdeh tərəfindən xx.xx.2018-ci ildə iddiaçıya ünvanlanan məktubda müraciətləri dəfələrlə RİH-də iddiaçının iştirakı ilə araşdırılmış və RİH-in sərbəst mənzil fondunun olmadığı izah olunaraq, gələcəkdə sərbəst mənzil fondu olacağı təqdirdə mənzillə təmin olunacağı bildirilmişdir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir.

6. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

II. İddianın mümkünlüyü

7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qala bilər. Eyni zamanda, ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırmamalıdır.

8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

10. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

11. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi cavabdeh kimi Cavabdehnə qarşı yönəlmişdir.

12. İddia tələbinin predmetini iddiaçının ehtiyatda olan hərbçi və müharibə veteranı kimi yaşayış yeri üzrə mənzillə təmin olunması üçün güzəştli mənzil növbəsinə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması təşkil edir.

13. Hazırkı iş üzrə cavabdehin iddiaya cavab verməli olan orqan olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən, həmçinin iddiaçının çatmaq istədiyi nəticəyə və onun hüquqi marağına uyğun iddianın qaldırılmamasından dolayı mümkün sayılmaması nəticəsinə gəlinmişdir. Belə ki, artıq İddiaçı Cavabdeh başçısının 31.10 2003-cü il tarixli, 256 saylı sərəncamı ilə güzəştli mənzil növbəsinə götürülmüşdür. Yəni onun müraciəti təmin olunub və o, artıq güzəştli mənzil növbəsinə alınıb. Cavabdeh qəbul etmiş olduğu sərəncam isə normativ xarakterli akt hesab olunur. Hazırkı iş üzrə cavabdehin vermiş olduğu imtina məktublarından da aydın olur ki, o, hər hansı bir hərəkətsizlik nümayiş etdirməmişdir.

14. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13-cü və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.

15. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

16. İşin hərtərəfli, tam və obyektiv araşdırılması, iddiaçının hüquqi maraqlarına uyğun yeni iddia tələbi ilə və həmçinin iddiaya cavab verməli olan inzibati orqanın (Azərbaycan Respublikası Sosial Xidmətlər Agentliyi) qeyd edilərək məhkəməyə müraciət etməsi, eyni zamanda həmin cavabdeh orqana müvafiq tələb ilə müraciətin və müraciətin çatmasını təsdiq edən sənədin və ya imtina məktubunun məhkəməyə təqdim edilməli olması ilə bağlı yardım edilmişdir.

17. Göstərilənlərə əsasən işin hallarına qiymət verərək məhkəmə hesab edir ki, iddia lazımi qaydada qaldırılmadığından - iddiaçı tərəfindən verilmiş iddia ərizəsində iddia tələbinə cavab verməli orqan və ona müraciət edilməsi halı mövcud olmaması səbəbindən iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

X3-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar